Məhkəmə qərarları › İş №2(105)-777/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-777/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-777/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X17, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3612/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3612/2020 saylı qətnaməsi ilə (hakim E.M.Kazımov) İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat, xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X3 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat və xx xxxx 2019-cu il təvəllüdlü X4 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat miqdarında alimentin İddiaçı xeyrinə tutulması, xx xxxx 2019-cu il tarixdə anadan olmuş X8 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 40 (qırx) manat alimentin tutulması, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il təvəllüdlü X12 hissəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması və qətnamənin həmin hissədə dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3612/2020 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxxxxxx 2010-cu il tarixdə Abşeron rayon İHB-ın Qobu qəsəbə nümayəndəliyində 52 saylı nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından 4 övladları xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 dünyaya gəlmişdir.Oğlu Hüseyn ürək qüsurludur və dovşan dodaqdır. Cavabdehin məsuliyyətsizliyi səbəbindən oğlu müayinə və müalicə oluna bilmir. Sonuncu dəfə oğlunu 6 aylıq olan zaman həkimə aparmışdır. Həkim oğlunun hələ çox körpə olduğunu, 8 aylıq olan zaman yenidən müayinəyə gətirməsini və müayinə zamanı əməliyyat üçün dəqiq söz deyə biləcəyini bildirmişdir. Artıq oğlunun 1 yaşı vardır, cavabdeh övladının qayğısına qalmır və bir ata kimi çox məsuliyyətsizdir.Oğlu ana südü ilə qidalanır və dovşan dodaq olduğu üçün çox əziyyət çəkir. Oğlunun hazırki vəziyyətdə olmasının səbəbi cavabdehdir. Çünki, o, hamilə olduğu zaman dəfələrlə sonuncu tərəfindən şiddətə məruz qalmış və vəhşicəsinə döyülmüşdür. Buna görə də oğlu ürək qüsurlu və dovşan dodaq kimi dünyaya gəlmişdir. O, dörd övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır və övladlarının bütün təminatını valideynləri ödəyir. Ona görə də, birgə nikahlarından anadan olmuş xx xxxxx 2012-ci il təvəllüdlü X5, xx xxxxxx 2014-cü il təvəllüdlü X6, xx xxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxx 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 170 manat miqdarında alimentin, X8 üç yaşına çatana qədər maddi ehtiyaclarını qarşılaması üçün hər ay 200 manat miqdarında maddi yardım olmaqla, cəmi 880 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1, 78.1, 78.2, 84.1, 84.2, və 84.2.2-ci maddələrinin tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, 2-ci qrup gözdən əlildir, əmək qabiliyyəti məhduddur. Bu xəstəliyinə görə ona aylıq 230 manat əlillik müavinəti verilir. Birinci instansiya məhkəməsi tərəfindən bu mühüm əhəmiyyət kəsb edən hallara diqqət edilməli, yekdil nəticəyə gələrkən bütün bu halları araşdırmalı və mübahisəyə düzgün qiymət verilməli idi. Birinci instansiya məhkəməsi işin həllində mühüm əhəmiyyət daşıyan bu halları araşdırmadan açıq-aydın hüquq pozuntusu törətmiş, bu hallardan yan keçməklə ədalətsiz qətnamə çıxarmışdır. Aylıq 230 manat pensiya alan şəxsin aylıq 460 manat sabit pul məbləğində aliment ödəməsi qeyri-realdır. Daim müayinə və müalicə alır, dərman və pereparatlarına, müayinə və müalicələrinə xərcləri çıxır. Bununla birlikdə əlavə olaraq bu qədər böyük bir məbləği ödəməyə məcbur edilməyim sözsüz ki, qətnamənin icrasını qeyri-mümkün edəcəkdir. Bundan başqa, xx xxxx 2019-cu il tarixdə anadan olmuş X12 3 yaşına çatanadək ondan İddiaçı xeyrinə hər ay 40 manat aliment tutulması da qanuna uyğun deyildir. Qanunverciliyin tələbinə əsasən ər və arvadına bir birinə maddi köməklik göstərməsi, birindən digərinə aliment tutulması üçün əsas aliment tutulacaq şəxsin bunun üçün zəruri vəsaitə, yəni, qazanca və gəlirə malik olmasıdır. İndiki halda onun yeganə qazanc yeri aldığı əlillik pensiyasıdır ki, həmin pensiyanın məbləği uşaqlar üçün tutulan alimentin ödənilməsinə kifayət etmir. Bundan başqa övladı Hüseynin ürək əməliyyatını etdirmək üçün bankdan 35 ay müddətinə, illik 26.9 faizlə 4300 manat məbləğində kredit götürmüşdür. Hazırda qrafik üzrə banka hər ay 178 manat ödəməlidir. Bu hal da nəzərə alınmalıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən alimentin miqdarı olduqca yüksəkdir və forma olaraq sabit pul məbləğində aliment tutulması düzgün deyildir. İş materiallarından görünür ki, hər ay 230 manat məbləğində pensiya alır, bu o deməkdir ki, onun daimi gəliri vardır. Məhkəmə həmin gəlirdən 4 uşağa görə 1/2 hissəni tutmaq yerinə alimenti tamamilə sabit pul məbləğində tutmuşdur. Bu maddi hüquq normasının tələbinin aşkar pozulması deməkdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X13 xx xxxxxxx 2010-cu il tarixdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbə nümayəndəliyində rəsmi qaydada nikah bağlamaqla evlənmiş, ərə Hacıəliyev, arvada Hacıəliyeva soyadı verilmişdir. Şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, tərəflərin birgə nikahından xx xxxxx 2012-ci il tarixdə X9, xx xxxxxx 2014-cü il tarixdə X10 və xx xxxxx 2017-ci il tarixdə X11 doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxx 2019-cu il tarixdə X12 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-999/2019 saylı qətnaməsi ilə Cavabdeh xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat və xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X3 üçün İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 60 (altmış) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin tutulması, xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X11 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 30 manat alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, xx xxxxx 2012-ci il təvəllüdlü Ərkinazın saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat, xx xxxxxx 2014-cü il təvəllüdlü Nərminin saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat, xx xxxxx 2017-ci il təvəllüdlü Səmayənin saxlanılması üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat və xx xxxx 2019-cu il təvəllüdlü Hüseynin saxlanılması üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat məbləğində aliment təyin edilərkən yetkinlik yaşına çatmayan uşaların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikah münasibətlərindən doğulmuş azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ümumilikdə 420 manat sabit pul məbləğində alimentin təyin etməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir. İddia tələbindən göründüyü kimi İddiaçı xx xxxx 2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək saxlanmsı üçün hər ay 200 (iki yüz) manat alimentin tutulmasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi bu məbləği 40 manat həcmində təyin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2 və 84.2.2-ci maddələrində təsbit edilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən normalarda müəyyən olunmuş alimentin tutulması üçün aliment tutulmalı olan tərəf zəruri vəsaitə malik olmalı, digər tərəfin aliment tələbi aliment tələb olunanı ağır vəziyyətə salmamalı və aliment tələb edən arvadın qazancı olmamalı və maddi cəhətdən köməyə ehtiyacı olmalıdır. Cavabdehin tələbi mübahisələndirilən hissədə bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşaqlara münasibətdə ədalətli və ağlabatandır. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3612/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar