Məhkəmə qərarları › İş №2(105)-778/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-778/2025

08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-778/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh X6 qarşı uşaq və aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(012)-315/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı uşaq və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci il avqust ayından etibarən hər ay 193 manat olmaqla, 2023-cü il tarix üçün 220 manat, 2024-cü ildən etibarən isə 235 manat olmaqla sabit pul məbləğində alimentin təyin edilərək cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X7 himayəsinin atası olaraq İddiaçı verilməsi və 2022-ci il avqust ayından etibarən hər ay 193 manat olmaqla, 2023-cü il tarix üçün 220 manat, 2024-cü ildən etibarən isə 235 manat olmaqla sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(012)-315/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X6 qarşı uşaq tələbinə dair hissədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Həmçinin Abşeron Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(012)-315/2025 nömrəli digər qərardadı ilə İddiaçı cavabdeh X6 qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki iş üzrə alimentlə bağlı hissədə işin icraatına xitam verilməsi qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). İddiaçı Abşeron Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(012)-315/2025 nömrəli alimentlə bağlı işin icraatına xitam verilməsinə dair qərardadından şikayəti verərək qərardadın ləğv edilərək iddia tələbinə baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki tələb alimentlə bağlıdır ki, uşağın istənilən yerdəyişməsində bu kimi tələblər irəli sürülə bilər. Aliment tələbi ümumiyyətlə davam edən münasibətlərə aiddir. Cavabdeh də məhkəmə iclasında uşağın 2022-ci ilin avqust ayından atada olmasına dair məlumat verir. Hazırda bu iddia tələbi üzrə icraata xitam verilməsi onun hüquqlarının kobud pozuntusudur. Abşeron Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, e-2(012)-315/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)- 315/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2086/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı aliment tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə iddia tələbini təmin etməyən məhkəmə buna münasibətdə qeyd etmişdir ki, məhkəmə uşağın saxlanılması üçün alimentin tutulması miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla təyin edir ki, göstərilən bu hallar da Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 nömtəli qətnaməsi ilə nəzərə alınaraq alimentin miqdarı 175 manat məbləğində müəyyən edilmişdir. Məlum olduğu kimi, məhkəmə aktı ilə tərəflərin nikahının pozulması tələbinə hüquqi qiymət verərkən məhkəmə tərəflərin birgə nikah münasibətlərindən olan azyaşlının anasının yanında saxlanılması qənaətinə gəlmişdir ki, həmin məhkəmə araşdırması zamanı da uşağın atası, yəni, hazırkı iş üzrə iddiaçı uşağın anasının yanında qalmasına etiraz etməmişdir. Başqa sözlə, məhkəmə uşağın yaşını, anasına bağlılığını, ana qayğısına ehtiyacının olmasını və digər mühüm halları nəzərə alaraq uşağın anasının yanında qalması qərarına gəlmişdir. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin həllinə dair qanuni qüvvəsini almış məhkəmə aktı çıxarılmışdır ki, həmin məhkəmə aktı da icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qanunvericilik uşaqlarından ayrı yaşayan valideynin uşağı ilə ünsiyyətdə olmaq hüququnu istisna etməmişdir. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4284/2021 saylı qətnaməsi ilə iddiaçının azyaşlı uşağı ilə ünsiyyət hüququ qismən təmin edilmişdir. Lakin İddiaçı uşaqla ünsüyyət hüququndan sui-istifadə etməklə ünsüyyət vaxtı uşağı özü ilə aparmış, onu anasına təhvil verməmişdi. X5 Gədəbəy Rayon Məhkəməsinə təqdim etdiyi “uşağın atadan alınaraq anaya verilməsi” tələbinə dair iddia ərizəsinə əsasən isə X1 Rafiq Cəlil oğlunun azyaşlı uşağını görüş məqsədilə götürdüyünü, lakin hazırki vaxtadək ona qaytarmadığını bildirərək uşağın atadan alınaraq anaya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında uşağın ananın yanında qalmasına dair qanuni qüvvəsini almış məhkəmə aktının çıxarılmasına baxmayaraq hazırda, atanın himayəsində qalan uşağın atadan alınaraq anaya geri qaytarılmasına dair məhkəmə mübahisəsi mövcuddur. Məhkəmə qətnaməsi ilə azyaşlı uşağın anasının yanında qalmasının qət edilməsinə baxmayaraq iddiaçı uşaqla görüşdən sonra azyaşlını cavabdehə təhvil verməmiş və məhkəmə qətnaməsinin tələblərinə zidd hərəkət etmişdir ki, bunu da mülki iş materiallarına əlavə olunmuş, cavabdeh tərəfindən Gədəbəy Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi sübuta yetirir. Başqa sözlə, iddiaçı uşağın həqiqətən də, könüllü surətdə onun yanında qalmasına dair sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilən hal iddiaçının 2022-ci ilin avqust ayından etibarən onun himayəsində olan uşağın saxlanılması üçün cavabdehdən alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas deyildir. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə aktları əsasında cavabdehin himayəsində saxlanılması müəyyən edilmiş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması qət edildiyindən, məhkəmə aktını icra etmək həmin icra sənədi üzrə tərəflərin, məhkəmə aktının icrasını həyata keçirmək icra məmurunun və nəhayət, məhkəmə aktının icrasına nəzarəti həyata keçirmək isə həmin aktı qəbul edən orqanın vəzifəsi olduğundan iddia tələbləri əsaslı deyildir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə uşağın anasının yanında qalması qət olunsa da, cavabdeh əsassız olaraq onu aparmış və buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Buna baxmayaraq o yenidən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qeyd edilən qanunvericilik normasının tələbinə əsasən də görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Kollegiya qeyd edir ki, aliment davam edən hüquq münasibətlərinə aid edildiyindən qanunvericilikdə mövcud vəziyyətin dəyişdiyi halda yenidən müraciət nəzərdə tutulsa da, işin hallarından görünür ki, iddiaçının aliment tələbinə dair iddiası azyaşlının əsassız olaraq iddiaçının yanında saxlanıldığından təmin edilməmişdir. Çünki aliment tələbinin hüquqi əsasında uşağın ananın yanında saxlanmasına dair qanuni qüvvəyə minmiş qətnamə dayanır. Hazırki halda həmin əsas dəyişmədiyindən iddiaçının da yenidən həmin iddia ərizəsi ilə müraciət etməsi MPM-in 259.0.1-ci maddəsinə əsasən icraata xitam verilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdı, buna görə də təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, e-2(012)-315/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar