Məhkəmə qərarları › İş №2(105)-791/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-791/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmlak tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-791/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Elçin Muradovun, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, xüsusi qərardad çıxarılması tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada ona dəymiş mənəvi zərərin əvəzində 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi, həmçinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ona dəymiş mənəvi zərərin əvəzində 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun atası Elçin Muradovun anasından Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrə 2172 ünvanında yerləşən ümumi 0,24 ha-dan ibarət bağ torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlakı onun atasının razılığı olmadan atası (Muradov Dadaş Xanbaba oğlu) sağlığında 6 övladlarından Cavabdeh2 adına sənədləşdirmişdir. Sonradan atasının razılığı olmadan həmin miras əmlakın bir hissəsi 26 iyul 2021-ci il tarixli AN-0960397 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 14500 manat məbləğinə vərəsə X9 tərəfindən X1. O və atası sözügedən miras əmlaka (torpağa) 2021-ci ilin oktyabr ayından 2 il ərzində getmişlər. Həmin miras əmlakda atasının payı olduğu barədə qardaşlarına - Cavabdeh1 və Cavabdeh2 bildirdikdən sonra qardaşlarla onun atasının arasında narazılıq yaranmışdır. Atasının anasından miras qalan bağ torpaq sahəsindən atasının vərəsəlik payını vermək istəmədiyinə görə xx.xx.2022-ci il tarixdə Etibar Muradov Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Cavabdeh1 və Muradov Etibar Dadaş oğlu miras qalan bağ torpaq sahəsinin satıldığı hissədə mülkiyyətçi kimi heç kəs olmayan Cavabdeh3 ilə birləşərək atasının və onun barəsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli şikayət ərizələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək atasını və onu tutdurmaq istəmişlər. Belə ki, Cavabdeh1 və Muradov X8 Elşən Ələddin oğlu ilə birlikdə atasını və onu tutdurmaq məqsədi ilə müxtəlif vaxtlarda Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə verdiyi şikayət ərizələrində guya atası ilə onun birlikdə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 məxsus bağ evində tikintisi aparılan hasarı uçurtmuş, bağda olan su qabı və beli aparmış, həmçinin guya atası 2023cü ilin yanvar ayında 2172 nömrəli bağ sahəsinin ətrafına çəkilmiş daş hasara birləşdirilmiş darvazanı hasardan sökərək yerə yıxmış və ətrafda olan otları yandırmış, həmin vaxt alovun darvazanı yandırması səbəbindən Cavabdeh3 1000 manat məbləğində maddi ziyan vurulduğunu və əmlakın qəsdən məhv edildiyini göstərmişdir. Sözügedən bağ sahəsində darvazanın yerdə xx.xx.2023-cü il tarixə qədər olması xx.xx.2023-cü il tarixdə çəkilmiş fotoşəkildə görünən yağan qarın altında qalması ilə sübut olunur. Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə şikayət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cavabdeh3 izahatında bağ sahəsinə 2-3 gündən bir getdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, atası ilə bağ sahəsinə getdikdə darvaza yerə aşmamışdır. Atası və onun bağa xx.xx.2023-cü il tarixdə getdiklərini biləndən sonra darvazanı yerə Cavabdeh3 yıxıb xx.xx.2023-cü ildə 1-ci Polis Bölməsinə şikayət etmişdir. Darvazanın xx.xx.2023-cü il tarixə qədər də yerdə olduğunu fotoşəkildə görmək olar. Atasının bağ miras payını vermək istəməyən, atasını və onu tutdurmaq istəyən Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 ilə birlikdə ağılsızlıqla düşünülmüş belə bir hadisə quraşdırmışlar. Həmin şikayətlər üzrə yalançı şahidlər Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində həqiqətə uyğun olmayan böhtan xarakterli izahat vermiş və izahatında göstərmişdir ki, Cavabdeh3 ərizə və izahatında göstərdiyi xüsusatları təsdiq edir və Elşənin özünə aid olan hissədə mişar daşla tikdiyi hasarı məhz Elçin Muradov və Teymur qəsdən uçurtmuşlar və məhz qəsdən həmin hasarı uçurtmaqla Elşənə maddi ziyan vurmuşlar. Həmin şikayətlər əsasında atasının və onun barəsində üç natamam inzibati material toplanmış və Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovun qəbul etdiyi qərara əsasən, toplanmış materiallarda cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmovun qəbul etdiyi qərara əsasən, toplanmış material üzrə əmlakın qəsdən məhv edilməsi şikayəti ilə bağlı atasının əməlində cinayət tərkibinin olmaması səbəbindən barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Atasının müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli 006-57295M-3222 nömrəli cavab məktubunda qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılmış, Cavabdeh1 barəsində İXM-in 227-ci (xırda talama) maddəsi ilə inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. Amma Cavabdeh1 barədə heç bir tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-2350/2022 saylı qərarı ilə atasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, atasına ziyanın bir misli məbləğində, yəni 2000 manat cərimə tənbeh növü tədbiq olunmuşdur. Atasının həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(105)-578/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)- 2350/2022 nömrəli qanunsuz və əsassız qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-2350/2022 saylı qərardadı ilə atasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN-1368065 nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. Atasının müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli 58-1/2-5466 nömrəli cavab məktubuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir. Toplanmış 3 natamam materialdan birinə Sumqayıt Şəhər Məhkəməsində atasının iştirakı olmadan baxılmış və məhkəmə atasını 2000 manat cərimə etmişdir. Atasının apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı qanunsuz və əsassız sayılaraq ləğv olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində Cavabdeh1 onun atasının onu öldürməklə hədələdiyini və bağın satılan hissəsinə çəkilmiş hasarı Elçinin oğlu Teymurla sökdüyünü bildirmişdir. Üçüncü şikayətdə Cavabdeh3 atasına və ona qarşı evin hasarının söküldüyünü bildirmişdir. Apellyasiya Məhkəməsində Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində yalançı şahid Muradov Etiram atasına və ona qarşı bilə-bilə yalan izahat (ifadə) verərək atasına və ona şər və böhtan atmışdır. 26 iyul 2021-ci il tarixdə bağ sahəsi satılmış, xx.xx.2022-ci il tarixdə atasını və onu bağda görəndən sonra satılan bağa çəkilən hasarı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birlikdə sökərək atasını və onu tutdurmaq üçün əsas kimi göstərmişlər. Bu isə ona və atasına qarşı bilə-bilə yalan izahat-ifadə verməklərini təsdiq edən faktdır. Yalançı zərərçəkmiş Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqatda, Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2022-ci il tarixdə və Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə proseslərində və Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində verdikləri yalan izahatlarla (ifadələrlə) atasına və ona qarşı bilə-bilə şər və böhtan atmışlar. Cavabdeh3 və Cavabdeh1 atasının və onun barəsində bilə-bilə yalan ifadə verməklə atasının və onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumat yaymışlar. Cavabdeh3 Sumqayıt şəhər 1-ci Polis Bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində atasına və ona qarşı bilə-bilə yalan ifadə verməklə etdikləri belə haqsız və qanunsuz hərəkətləri Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Amma yalançı şahid Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməmişdir. Belə fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarında və Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərardadında və xx.xx.2023-cü il tarixli 3(060)-2350/2022 nömrəli məktubunda sübut olunur. Cavabdeh3 adına heç bir bağ sahəsi olmadığı halda və bu bağda fərdi yaşayış evi olmadığı halda “mənim fərdi yaşayış evimin hasarını Elçin Muradov sökmüşdür, Elçin Muradov və oğlu Teymur qohumlarımdır, aramızda mülki mübahisə var” deyərək təhqiqatda və məhkəmələrdə bilə-bilə belə yalan 66 məlumat vermişdir. Sözügedən bağ sahəsində fərdi yaşayış evinin olmadığı ərizəsinə əlavə etdiyi fotolarda sübut olunur. Yalançı şahid Cavabdeh1 "bağa çəkilmiş hasarı X5 birlikdə sökdüklərini bağın qapısının arasından baxaraq 30 may 2022-ci ildə, saat 10-11 radələrində görmüşəm” deyərək biləbilə yalan məlumatlar vermişdir. Cavabdeh1 məxsus nömrə üzrə telefon şəbəkəsi yoxlanılsa 30 may 2022-ci il tarixində saat 10-11 radələrində sözügedən bağda olmadığı, həmçinin harada olduğu sübut olunar. Yalançı iddiaçı Cavabdeh3 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 1-ci Polis bölməsində verdiyi izahatında "X2 tanımışam" göstərməklə "Elçin Muradov və oğlu Teymur qohumumdur" dediyi sözlərin yalan olduğunu sübut etmişdir. Abşeron Rayon Məhkəməsinə yazdığı xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsində “Elçin Muradov mənim tanışımdır” deyə bildirmişdir. xx.xx.2022-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində dindirilən (şahidlik edən) yalançı şahid Cavabdeh1 ifadələri məzmun baxımından öz növbəsində şikayətinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə pretmeti barəsində həlledici qənaət formalaşdırmaq iqtidarında deyildir. Cavabdeh3 şikayəti əsasında Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində yalançı şahid olan Cavabdeh1 şahid qismində dindirilməsi barədə heç bir vəsatət verməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində şahidlik etməsi sonradan düşünülmüş və planlaşdırılmış haldır. Cavabdeh1 əgər şahid olsa idi, əvvəldən şahidlik edərdi. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin 14 sentyabr 2023-cü il tarixli 3(060)-2350/2022 nömrəli məktubunda "Sumqayıt ŞM-nin xx.xx.2022-ci il tarixli 3(060)-2350/2022 nömrəli qərarında zərərçəkmiş şəxs Cavabdeh3 izahatı tam şəkildə öz əksini tapmış, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, izahatı alınmamışdır" göstərilməklə və Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhəri 1-ci polis bölməsində verdikləri izahatlarda Cavabdeh1 şahid olması barədə heç bir məlumat göstərməmişdir və Cavabdeh1 şahid kimi izahat-ifadə verməməyi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində bilə-bilə yalan izahat-ifadə verməsi və yalançı şahid olması faktı belə sübut olunmuşdur. Atasının bağdakı evdə sonradan müxtəlif vaxtlarda saxladığı 15 dəst şalvarlar, köynəklər, ayaqqabılar, bu əşyaları Cavabdeh1 oğurlamışdır. Bağ evində saxladığı 2 vedrə, bir ədəd stol, 15 metr ipin Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə oğurlanması barədə xx.xx.2022-ci il tarixdə atası Sumqayıt şəhər 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və oğurluq faktında xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxs Cavabdeh1 barəsində inzibati təsir tədbirlərinin görülməsi üçün inzibati icraat işi açılmışdır… Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmə hüququ vardır. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Yalançı zərərçəkən Cavabdeh3 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsində və Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 1-ci polis bölməsində atasının və onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymışlar. Yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə və digər sənədlərlə də təsdiq olunur ki, atasına və ona Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2, həmçinin qanunsuz satılmış miras əmlakın bir hissəsində mülkiyyətçi olmayan Cavabdeh3 tərəfindən onların qanunsuz hərəkətləri nəticəsində atası Elçin Muradova və ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmişlər və hər dəfəsində bütün bu böhtan xarakterli şikayətlərə görə nigarançılıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hisləri keçirmişlər. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi məlumatlar yayılması başa düşülür. Atasının və onun barəsində yayılan məlumatlar mənfi, yalan məlumatlardır. Onların atasının və onun barəsində bilə-bilə yaydıqları yalan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Yuxarıda adları çəkilənlər atasına və ona qarşı bilə-bilə yalan ifadələr və izahatlar verərək böhtan atması təhqiqatda və məhkəmə proseslərində artıq 11 nəfərin yanında yayılmışdır. Yalançı zərərçəkmiş Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 belə haqsız və qanunsuz hərəkətləri nəticəsində atası Elçin Muradova və ona maddi və mənəvi zərər vurmuşlar. Nəticədə atasının və onun əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilənlər atasının və onun barəsində verdikləri (yazdıqları) yalan izahatlar və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmişlər və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşlar. İztirab keçirərək sağlamlıqlarının pozulması nəticəsində fiziki əzab çəkirlər. Atasının və onun əsəblərinin pozulmasına görə günlərlə, bu günə qədər evdən bayıra çıxmır, heç kəsin gözünə görünmək istəmirlər. O, heç kimin onunla atasını əsəbi halda və əsəblərinin gərgin pozulması halında görməməsini istəmişdir. Əsəblərinin pozulmasına görə bir neçə dəfə gecələr səhərə qədər yata bilməmiş, ya da narahat halda yatmışlar. Yuxarıda adları çəkilənlər, beləliklə, onun da şərəf və ləyaqətinin ləkələnməsi ilə sağlamlığına zərər yetirmişlər. Atasına və ona zərər vurduqlarına görə, mənəvi sarsıntı nəticəsində yalan və şər atasının və onun mənəviyyatına toxunduğu üçün atası yaradıcı rəssam kimi əsəbi halda hal-hazırda heç bir əsəri lazımi qaydada yarada bilmir. Bu hal atasının yaradıcılığına da mənfi təsir göstərmişdir. Atası rəssam sənətkardır, əsəblərinin gərgin pozulması halında heç bir əsəri lazımi qaydada səhvsiz yaratmaq üçün işləmək qabiliyyətində ola bilməmişdir və onların atasına qarşı etdikləri haqsızlıqlar nəticəsində istədiyi əsərləri lazım olan qaydada yarada bilmir. Atasını belə vəziyyətdə görməsi onun əsəblərinə çox mənfi təsir etmişdir. Yuxarıda adları çəkilənlər atasının və onun şərəf və ləyaqətinin ləkələnməsi barədə bilə-bilə yalan məlumatlar vermişlər və bu məlumatları bilərəkdən yaymışlar. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması deməkdir. Sumqayıt şəhər 1-ci Polis Bölməsində və məhkəmələrdə verilən belə yalan məlumatlar əxlaqi prinsiplər baxımından ayrı-ayrı şəxslər arasında onunla atası barəsində mənfi rəy yaradan, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Belə yalan məlumatlar atasına və ona çox mənfi təsir etmişdir. Onların atasına və ona qarşı etdikləri haqsızlıqlar əsəblərinə və mənəviyyatına dözülməz təsir etdiyinə görə özlərindən asılı olmayaraq əsəbləşərək əsəbi halda münasibətdə olduqlarından xəbərləri olmur. Atasının anasından miras qalan 2172 nömrəli bağ-torpaq sahəsində atasını və onu xx.xx.2022-ci il tarixdə görəndən sonra 102 çağırış xidmətinə şikayət etdikdən sonra atasını və onu Sumqayıt şəhər 1-ci Polis Bölməsinə aparmışlar. 12ci otaqda olan təhqiqatçı Məmmədov Elşad xx.xx.2022 ci il tarixdə 1-ci polis bölməsində atasını heç bir səbəb olmadan 4 saat ayaq üstə saxladıqdan sonra buraxmışdır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmənin diqqətinə çatdırır ki, illərcə davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onun sağlamlığında çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Yuxarıda adları çəkilənlərin ona qarşı etdikləri belə haqsız hərəkətlərdən sonra onun əsəbləri ciddi surətdə pozulmuşdur. Belə halları atasında da müşahidə edir. Hesab edir ki, onun və atasının pozulmuş hüquqlarının bərpası üçün ona dəymiş maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə 97000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.1ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş ziyan üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin o, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 300 manat dövlət rüsumunun da cavabdehlərdən tutularaq ona qaytarılmasını istəyir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq, iş üzrə məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğunu, məhkəmənin sübutları düzgün və obyektiv qiymətləndirmədiyini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını bildirmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Elçin Muradov apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İzahatında bildirdi ki, cavabdehlər özlərinin haqlı və günahsız olduqlarını göstərmək istədikləri üçün və onları (iddiaçını və onu) günahlandırmaq üçün hər bir variantdan istifadə edirlər. Cavabdehlərin təhqiqatda və məhkəmələrdə bilə-bilə yalan ifadə və izahat verdiklərini Cavabdeh3 vəkili də sübut edir. Cavabdeh3 vəkili X7 məhkəmədə “hasarı Elçin Muradovun sökdüyü məhkəməyə verdiyi fotoda görünür, fotonu qonşu çəkib, hasar 4 metr hündürlüyündə idi” deyə hakimə bildirmişdir. Qarşı tərəf Cavabdeh3 məhkəməyə verdiyi fotoda görünən şəxsin o olduğunu sübut etməlidir. Əgər qeyd edilən fotoşəkil həqiqi olsa idi, o fotoşəkili Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqata və Sumqayıt şəhərində keçirilən üç məhkəmə prosesində təqdim edərdilər. Vəkil X7 xx.xx.2022-ci il tarixdə keçirilən Sumqayıt İnzibati Məhkəməsində fotonu məhkəməyə təqdim etməmişdir. Cavabdehlər və vəkil Könül Qədimalıyeva belə haqsız və qanunsuz hərəkətləri ilə ona və oğlu İddiaçı şər-böhtan ataraq məhkəməyə bilə-bilə yalan ifadəizahat vermələrini sübut edirlər. Cavabdeh3 vəkili qarşılıqlı iddia ərizəsində o fotonu əlavə sənəd kimi göstərməmişdir. Hesab edir ki, məhkəmə belə faktları nəzərə almalıdır. Yalançı zərərçəkmiş Cavabdeh3, belə haqsız və qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuş, nəticədə əsəbləri gərgin formada pozulmuşdur. Cavabdehlər onun və oğlu Teymurun barədə verdikləri (yazdıqları) yalan izahatlar (ifadələr) və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş və mənfi psixi reaksiyaya məruz qalmışdır. İztirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. Əsəblərinin pozulmasına görə günlərlə evdən bayıra çıxa bilməmiş, heç kəsin gözünə görünmək istəməmişdir. Beləliklə, yalançı zərərçəkmiş və yalançı şahidlər şərəf və ləyaqətinin ləkələnməsi ilə oğlu Teymurun və onun sağlamlığına zərər yetirmişlər. Ona zərər vurduqlarına görə mənəvi sarsıntı nəticəsində yalan və şər şərəf-ləyaqətinə və mənəviyyatına toxunduğu üçün o, yaradıcı rəssam kimi əsəbi halda heç bir əsəri lazımi qaydada yarada bilmir. Bu hal oğlu Teymurun da əsəblərinə mənfi təsir etmişdir. Onun əsəblərinin pozulması yaradıcılığına mənfi təsir göstərmişdir. O, rəssam sənətkardır, əsəblərinin gərgin pozulması halda heç bir əsəri səhvsiz yaratmaq üçün işləmək qabiliyyətində olmur. Nəticədə əldə edə bilmədiyi gəlirlər (əldən çıxan fayda) şəklində zərər çəkmişdir. Bundan başqa, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə, Sumqayıt Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmiş və hər dəfəsində bütün bu böhtan xarakterli şikayətlərə görə nigaranlıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissləri keçirmişdir. Üç ildir ki, davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onun və oğlu Teymurun sağlamlığında çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Cavabdehlərin ona qarşı etdikləri belə haqsız və qanunsuz hərəkətlərdən sonra onun və oğlu Teymurun əsəbləri ciddi surətdə pozulmuşdur. Hesab edir ki, şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdehlərin onun barəsində bilə-bilə yaydıqları yalan məlumatlar oğlu Teymurun və onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Cavabdehlərin etdikləri belə haqsız və qanunsuz hərəkətlər Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkibini yaratmışdır. Bu səbəbdən o, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 təhqiqatda və vəkil X4 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokurorluğuna göndərilməsini istəyir… Hesab edir ki, Abşeron Rayon Məhkəməsi işə düzgün baxmamış və qanunsuz qətnamə çıxarmışdır. Ona görə də iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, iddiaçının atası ilə əmisi və bibisi olan digər cavabdehlər arasında bağ torpaq sahəsi üstündə mübahisə və narazılıq var. O da həmin torpaq sahəsinin 3 sot hissəsini almışdır. İndi iddiaçı Teymur və atası Elçin onunla da ədavət aparırlar. Cavabdeh1 ona zəng edib İddiaçı atası ilə birlikdə bağı dağıtdıqlarını bildirmiş, bu səbəbdən onlar polisə müraciət etmişlər. O, bağ sahəsində hasar tikmiş, lakin iddiaçı və iddiaçının atası həmin hasarı dağıtmaqla ona ziyan vurmuşlar. Hesab edir ki, Abşeron Rayon Məhkəməsi düzgün qətnamə qəbul etmişdir, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti isə əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı və atası keçmişdən onlara məxsus olan bağın hasarını uçurmuşlar. İddiaçını atası idarə edir. İddiaçı atası ilə birlikdə bağa getmiş, bağdan ona zəng etmiş və demişdir ki, guya bağın sahibi odur. Bundan əlavə, İddiaçı ona telefonda nalayiq sözlər demiş, o da məsələ ilə bağlı sahə rəisinə zəng etmişdir. Həmin vaxt o və sağ olan qardaşı Cavabdeh2 birlikdə polis idarəsinə getmişlər. İdarədə onlardan izahat alınmış, polis onlara bildirmişdir ki, hazırkı iş mülki xarakterli olduğuna görə bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Lakin o, münaqişə yaranmasını istəməmiş, ona görə də məhkəməyə müraciət etməmişdir. İddiaçı və atası qonşu Cavabdeh3 da hasarını uçurmuşlar. Belə ki, onun Əvəz adlı qonşusu iddiaçı ilə atasını görmüş, bu zaman iddiaçı atası ilə qaçıb gizlənmişlər. O, iddianı əsassız hesab edir, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş edir. İddiaçı və Cavabdeh4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi (atası) tərəfindən təmsil olunmuşdur. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə İddiaçı və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmədə sübutların tədqiqatı zamanı iddiaçı tərəf ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlər tərəfindən ona 3000 manat məbləğində maddi ziyan və 97000 manat məbləğində mənəvi zərər vurulması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən isə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir... Lakin, qeyd olunduğu kimi, iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarına tənqidi yanaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və belə nəticəyə gəlməsinin əsasları ilə razılaşır. Belə ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 23.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Hüquq nəzəriyyəsinə görə, iddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfin digər tərəfə qarşı tələb irəli sürməsinə, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməsinə əsas verir. Hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olubolmasının yoxlanılmasından ibarətdir. İddiaçının bildirdiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşan faktiki hallar mötəbər sübutlarla təsdiqləndikdə tələb əsaslı sayılır. Hazırkı işdə isə iddiaçının bildirdiyi faktiki hallar, bir tərəfdən, iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır, digər tərəfdən, iddiaçı həmin faktiki halları təsdiqləyən mötəbər sübutlara istinad etməmişdir. İşin faktiki hallarından belə görünür ki, iddiaçı və onun atası ilə cavabdehlər arasında bağ torpaq sahəsi ilə bağlı mübahisə var. Cavabdehlər iddiaçının əmisi (Cavabdeh1) və bibisi (Cavabdeh4), biri də (Cavabdeh3) onlardan torpaq sahəsi almış şəxsdir (bağ qonşusudur). İddiaçının atasına bağ torpaq sahəsindən miras pay verilmədiyinə görə qardaş-bacıları ilə münasibəti pozulmuşdur. İddiaçı özü iddia ərizəsində təsdiq edir ki, “o və atası sözügedən miras əmlaka (torpağa) 2021-ci ilin oktyabr ayından 2 il ərzində getmişlər”. Eyni zamanda iddiaçı bildirir ki, atasının anasından miras qalan 24 ha bağ torpaq sahəsindən atasına vərəsəlik payı verilməmişdir... Göründüyü kimi, sözügedən bağ sahəsində iddiaçı və atasına aid torpaq sahəsi və tikili yoxdur (mövcud ev və torpaq sahəsindən onlara miras kimi və ya başqa qanuni əsasla pay düşməmişdir). Belə vəziyyətdə onların həmin bağa nə üçün və nə məqsədlə getdikləri başa düşülən deyil. Tərəflərin qarşılıqlı münasibətləri belə deməyə əsas verir ki, iddiaçı və atasının sözügedən bağ sahəsinə getmələri cavabdehlər üçün arzuolunmazdır və təbii ki, orada hər hansı xoşagəlməz hadisənin (hasarın uçurulması, darvazanın sökülüb yerə atılması, otun yandırılması, həyətdəki əşyaların oğurlanması və digər hər hansı formada ziyan vurulması) baş verməsində onlardan şübhələnirlər. Odur ki, cavabdehlər belə hadisələrin baş verməsinə görə iddiaçı və atasından polisə şikayətlər etmişlər. İddiaçı isə onlar barəsində cavabdehlər tərəfindən verilmiş şikayətləri özünün və atasının şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar kimi qəbul edir. İddia edir ki, cavabdehlər ona və atasına şər-böhtan atıb onları tutdurmaq istəyirlər. Polis tərəfindən aparılmış araşdırma zamanı şikayət edilən hadisələri onların törətməsi təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, polis orqanları şikayəti araşdırarkən baş vermiş hadisədə cinayət və ya inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını müəyyənləşdirir. Cavabdehlərin şikayətləri araşdırılarkən tərəflər arasındakı qarşıdurmanın mülki xarakterli səbəblərinin olduğu müəyyən edilmiş və onlara aralarındakı mülki mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdehlər tərəfindən şikayət edilən hadisələrdə iddiaçı və atasının iştirakı, yaxud təqsiri sübut olunmasa da, lakin onların hazırda cavabdehlərə aid olan bağ sahəsinə gedib orada görünmələri cavabdehlərin haqlı etiraz və narazılığına səbəb olur, eyni zamanda tərəflər arasındakı qarşıdurmanı kəskinləşdirir. İddiaçı və atasının sözügedən bağ evi və torpaq sahəsindən pay tələbləri varsa, bunu mülki məhkəmə icraatı qaydasında həll edə bilərlər. İşin faktiki hallarından və tərəflərin qarşılıqlı münasibətlərindən görünür ki, cavabdehlər polisə şikayət edərkən məqsədləri onlara məxsus bağ sahəsinə iddiaçı və atasını qanunsuz müdaxilələrdən çəkindirmək olmuşdur. Polisə şikayət etmək qanun pozuntusuna məruz qalan şəxsin hüququdur və o, bu hüququndan istifadə etməyə görə tənbeh edilə bilməz. Şikayətin açıq-aşkar əsassız və qərəzli olduğu, başqasına qəsdən zərər vurmaq məqsədilə verildiyi müəyyən olunarsa şikayətçi barəsində müvafiq tədbirlər görülə bilər. Hazırkı iş üzrə cavabdehlərin iddiaçı və atası barəsində şikayət, yaxud polisdə və ya məhkəmədə izahat-ifadə verərkən məqsədlərinin onların şərəf və ləyaqətini alçaltmaq, barələrində mənfi fikir formalaşdırmaq, onlara maddi-mənəvi zərər vurmaq olması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddialar üzrə cavabdehin mülki məsuliyyətə səbəb olan təqsirinin müəyyən olunması zəruridir və cavabdehin təqsirinin müəyyən olunmaması onun mülki məsuliyyətini istisna edən haldır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-788/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar