Məhkəmə qərarları › İş №2(105)-809/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-809/2023

14.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-809/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, məhkəmə katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(027)-993/2021 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh1 və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı (üçüncü şəxs Cavabdeh3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin Cavabdeh3 mülkiyyətinə Quba rayon Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının iddiaçılara aid olan hissəsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-993/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. (hakim V.Seyidov) İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, X2, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2721/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya baxışı zamanı iş üzrə Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6 və digərləri tərəfindən apellyasiya şikayəti verildiyindən, həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki iş baxışdan çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılmış, Quba Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5 və İddiaçı6 tərəfindən Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilmiş və həmin apellyasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-993/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh3 şikayət verərək, həmin qərardadın ləğv edilməsini, Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6 və digərləri tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin bu iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin prosessual müddətin bərpa edilməsi barədə mövqeyi əsaslandırılmamışdır. İddiaçılar İddiaçı6 və digərləri Quba Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versələr də, artıq Salahova (Xıdırova) Nailə Qəhrəman qızının apellyasiya və kassasiya şikayəti üzrə mülki iş Ali Məhkəmədə baxılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsində maddi və pressual hüquq normalarına əməl edib-edilməməsini bütövlükdə yoxlamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərardadının 41, 42, 46 və 53-cü bəndlərinə görə, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Bundan əlavə iş materiallarından da göründüyü kimi iddiaçılar İddiaçı6 və qeyriləri qətnamədən şikayət vermə müddətini yenidən ötürmüş və müddətin ötürülməsi ilə bağlı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən nəzərdə tutulmuş heç bir üzürlü səbəb təqdim etməmişlər. Ən əsası isə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət iddiaçılar tərəfindən xeyli vaxt keçməklə ötürülmüş və həmin müddətin bərpasına əsas olan heç bir tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçıların məqsədi işin əsassız şəkildə yubadılmasıdır. Cavabdeh3 vicdanlı alıcıdır və torpaq sahəsi üzərində 2014-cü ildən mülkiyyət hüququ vardır. İddiaçıların Cavabdeh1la ailə münasibətləri, aralarında olan ziddiyətlər onun mülkiyyət hüquqlarına xələl gətirməməlidir. O heç bir ciddi əsas olmadan əsassız məhkəmə mübahisələrinə cəlb olunur. Məhkəmə bu kimi vacib halları nəzərə almamış, iddiaçıların qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsini təsdiq edən hal olmadığı halda müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(027)-993/2021 nömrəli qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı6 və digərləri tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatət rədd edilməli və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-993/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qətnaməsi məhkəmənin 09 iyul 2021-ci il tarixli məktubu ilə iş üzrə tərəflərə göndərilmiş, habelə prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət edən tərəflərdən İddiaçı6 14 iyul 2021-ci il tarixdə, İddiaçı5 isə 13 iyul 2021-ci il tarixdə uyğun olaraq poçt xəbərnaməsinə və məhkəmə qəbzinə imza etməklə qətnaməni əldə etrmişlər. Həmin qətnamədən yalnız İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3256/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, X2, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2721/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bundan sonra iddiaçılar İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5 və İddiaçı6 17 noyabr 2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermis, eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin onlar tərəfindən buraxılmasını üzrlü hesab edilməsini xahiş etmişlər və məhkəmə də bu barədə vəsatəti təmin etmişdir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. İddiaçılar vəsatətdə qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsələr də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər, habelə müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Vəsatətdə mübahisələndirilən qətnamənin onlara 10 dekabr 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilməsi ifadəsi qeyd edilmişdir ki, bu hal iş materiallarına əsasən təkzib olunur. Digər tərəfdən vəsatətdə elektron kabinetin həmin vaxtlar yeni tətbiq olunması və bu səbəbdən ondan lazımi qaydada istifadə edə bilməmələri barədə iddiaçıların dəlili müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, qətnamədən onlar tərəfindən verilən apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıların ərizədə göstərdiyi dəlillər onların qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmalarını təsdiq etmir. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(027)-993/2021 nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı3, X4 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməməli və sonuncular tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(027)-993/2021 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı3, X4 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı3, X4 tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar