Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-810/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Qusar Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(029)-309/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-309/2012 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavadehlər X2, Cavabdeh3, Cavabdeh4 German oğlu, Cavabdeh1, habelə mərhum X3 arasında Qusar rayonu Hil kəndində yerləşən KOD 30111018 JN-1054 saylı xx.xx.1998-ci il tarixli dövlət aktı üzrə sonunculara məxsus 3,24 ha torpaq sahəsinin 1,29 ha hissəsinə dair bağlanmış 10 aprel 2005-ci il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı, 31 may 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə cavadehlər X2, Cavabdeh3, Cavabdeh4 German oğlu, Cavabdeh1, habelə mərhum X3 arasında KOD 30111018 JN-1054 saylı xx.xx.1998-ci il tarixli dövlət aktı üzrə sonunculara məxsus 3,24 ha torpaq sahəsinin 1,29 ha hissəsinə dair bağlanmış 10 aprel 2005-ci il tarixli alqı-satqı əqdi etibarlı hesab edilmişdir (Adil Vəliyev). İş üzrə Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı, 31 may 2012-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(029)-309/2012 saylı qərardadı ilə Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı, 31 may 2012-ci saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilmişdir (hakim Əli Cəlilov). Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(029)-309/2012 saylı qərardadı ilə Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadının giriş, təsviri əsaslandırıcı və nəticə hissəsində buraxılmış yalnışlıqların aradan qaldırılması, apellyasiya verən şəxsin Cavabdeh2 əvəzinə Cavabdeh1 kimi oxunması qərara alınmışdır. Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)- 309/2012 saylı qərardadından şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh1 tərəfindən Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadından verilmiş şikayətin 2(029)- 309/2012 saylı mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-2359/2023 nömrəli qərardadı ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) şikayətin qismən təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadının ləğv edilməsi, Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı 31 may 2012-ci saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin tərəflərin iştirakı ilə yenidən müzakirə edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 Qusar Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(029)-309/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verib ləğv edilməsini və müddətin bərpasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair çıxarış almaq istəyərkən həmin torpaq sahəsinin artıq özgəninkiləşdirilməsi ona məlum olmuş, 2012-ci il tarixli qətnamədən xəbər tutmuşdur. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmiş və qətnamənin surəti poçt vasitəsilə ona göndərilmiş, qətnaməni xx.xx.2023-cü il tarixdə almış və elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası məhkəmənin müddətin bərpasından imtina barədə gəldiyi nəticəni əsaslı saymamışdır. Lakin apellyasiya məhkəməsinin göstərişlərinə əməl olunmamış, qanunsuz qərardad qəbul edilərək müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-309/2012 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-309/2012 nömrəli qərardadı ləğv edilməli, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxarkən ətraflı araşdırma aparmamış, icra işini tələb edib cavabdehlərin icra mərhələsində işə cəlb edilmələri, bununla da məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olub-olmamalarını yoxlamamışdır. Məhkəmə kollegiyası qərardadla razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən məsələni araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-309/2012 nömrəli qərardadı ləğv edilməli və qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-309/2012 nömrəli qərardadı ləğv edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(029)-309/2012 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh1 tərəfindən verilmiş ərizəyə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-810/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-810/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver