Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-812/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı Əzı̇ z oğlunun, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı “iş vaxtından artıq iş saatlarının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(060)-427/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “iş vaxtından artıq iş saatlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq iş saatlarının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, daim əmək fəaliyyətində olmuş və müxtəlif şirkətlərdə işləmişdir. xx.xx.2015-ci il tarixdən "xxxx" MMC-də işləmişdir. xx.xx.2019-cu il tarixdən rəsmi əmək müqaviləsi bağlamaqla şirkətdə 2-ci dərəcəli sürücü (dartıcı) vəzifəsinə qəbul edilmişdir. İşə qəbul edilən zaman müqavilə müddətli əmək müqaviləsi olmuşdur. Əmək müqaviləsi üzrə iş günü 8 saat olmaqla həftəlik 40 saat müəyyənləşdirilmişdir. Müqavilə üzrə artıq hesablanmış iş saatları ödənilməsi nəzərdə tutulmuşdur. İstirahət günləri şənbə və bazar günü olmasına baxmayaraq ənənəvi olaraq həftənin şənbə günləri bəzi hallarda isə bazar günləri eyni zamanda gecə saatlarında işə çağrılmışdır. O, güman etmişdir ki, ona artıq işlədiyi saatlara görə ödənişlər ediləcəkdir. Həqiqətən də 2020-ci ilin avqust ayına qədər qanunla bütün ödənişlər ödənilmişdir. Lakin sonradan ona bildirilmişdir ki, hər hansı bir artıq ödəmədən söhbət gedə bilməz. Çünki maddi problem vardır. Dəfələrlə mübahisələr üzrə hüquqşünasın yanında və eyni zamanda şirkətin direktoru Ruslan Ağabəylinin qəbulunda olmuşdur. Ancaq hər hansı dinlənilmə olmadan uzaqlaşdırılmışdır. Lakin, bir dəfə kadrlar şöbəsinə bir məsələ barədə yaxınlaşdıqda orada bütün işçilərə görə əlavə ödənişlər hesablandığını görmüşdür. Bu barədə soruşduqda bunun başqa şey olduğu bildirilmişdir. Amma o, illərin sürücüsüdür və tabeldən də kifayət qədər anlayışı var. Lakin əməkdaşın bu şəkildə deməsi onda şübhələrin yaranmasına səbəb olmuşdur. Müxtəlif formalarda bəhanələr gətirərək ona struktur yenilənmələri səbəbindən əmək müqaviləsinin başqa şirkətə dəyişdirilməli olması bildirilmişdir. Hamı kimi o, da razılaşmış və əmək müqaviləsi başqa şirkətə dəyişdirilmişdir. Həmin şirkətdən çıxdıqdan sonra son haqq-hesab hesablandığı zaman ona əlavə iş saatlarının da ödənilməli olduğunu bildirmişdir. Lakin bunun daha sonra ödəniləcəyi bildirilmişdir. Onun yeni şirkətdə hər hansı bir probleminin olmaması üçün sakit qalmağa üstünlük vermişdir. Lakin artıq ödənişin çox gecikdiyini görmüş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda cavabdeh ona artıq işlədiyi əlavə iş saatlarına görə ödəniş etməlidir və hesab edir ki, bu onun haqqıdır. Onun tərəfindən hesablanmış iş vaxtından artıq iş saatları və ödənişlər - a) 2020-ci il üçün: avqust - 52 saat, sentyabr - 46 saat, oktyabr - 58 saat, noyabr - 48 saat, dekabr - 20 saat, b) 2021-ci il üçün: yanvar - 12 saat, fevral - 6 saat, mart - 36 saat, aprel - 60 saat, may-20 saat, iyun - 8 saat, sentyabr - 19 saat, oktyabr - 4 saat, noyabr - 10 saat, dekabr - 8 saat, c) 2022-ci il üçün: fevral - 15 saat, mart - 28 saat, aprel - 3 saat olmaqla cəmi 453 saat olmuşdur. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı iş materiallarına sadəcə tabellərin ksero-surətini əlavə etmiş, əlavə etdiyi materialların bir qismini ümumiyyətlə oxumaq mümkün olmasa da, digər qismində isə iş vaxtından artıq iş saatlarına cəlb olunduğu qeyd olunmamışdır. Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşçinin iş vaxtından artıq işlərə cəlb olunması üçün 2 şərt işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı əsasdır. İddiaçının iddia etdiyi kimi 2020-ci ilin avqust ayından 2022-ci ilin may ayına qədər iş vaxtından artıq işlərə cəlb olunma halı baş vermədiyi üçün bu normada qeyd olunan sənədlər də tərtib olunmamışdır. Çünki sözügedən bu sənədlər məhz işçinin iş vaxtından artıq işlərə cəlb olunmasını təsdiq edən birbaşa sənədlərdir. Bu sənədlərdə hər iki tərəfin iradəsi – işəgötürənin işçinin iş vaxtından artıq işlərə cəlb etmək təklifi və işçinin bu təklifə razılığı ifadə olunur. İddiaçı isə məhkəməyə təqdim etdiyi sənədlərdə iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı nə işəgötürənin əmrini (sərəncamı, qərarı), nə də özünün razılığını ifadə edən sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının məhkəməyə təqdim etdiyi heç bir sənəddən onun iş vaxtından artıq işlərə cəlb olunduğu görünmür. İddiaçının iş materiallarına əlavə etdiyi tabellərdə işə gəliş və gediş saatları göstərilməmişdir. Bununla yanaşı tabellərdə onun günün hansı saatlarında iş vaxtından artıq işlərə cəlb olunduğu qeyd olunmamış, habelə həmin tabellərdə nə möhür, nə də imza vardır. Buna görə də, həmin tabelləri iddiaçının iş vaxtından artıq işlərə cəlb olunduğunu göstərən sübut kimi qəbul etmək doğru deyildir. Sözügedən mübahisə ilə bağlı iddiaçı xx.xx.2022-ci il tarixində X11 Xidməti Abşeron Xızı regional şöbəsinə müraciət etmişdir. X11 Xidməti apardığı araşdırma əsasında iddiaçıya xx.xx.2022-ci il tarixli, № **********0 saylı cavab məktubu ünvanlamışdır. X11 Xidmətinin cavab məktubundan da aydın olur ki, iddiaçı cavabdeh tərəfindən yalnız 2020-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq işlərə cəlb olunmuş və həmin dövrlərə görə əmək haqqına əlavənin hesablanması və ödənilməsi təmin olunmuşdur. İddiaçı şikayət məktubunda və iddia ərizəsində qeyd etdiyi müddətlərdə iş vaxtından artıq işlərə cəlb olunmamışdır. Habelə bildirdi ki, iddiaçı "xxxx"-dən öz ərizəsi ilə çıxmış və öz ərizəsi ilə də digər şirkətə daxil olmuşdur. İddiaçının iş vaxtından artıq işlərə cəlb olunmasına dair iddiası hər hansı sübuta və faktlara əsaslanmadığı üçün əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, "xxxx"nin nəqliyyat bölməsində işləmiş, iddiaçı da sürücü olmuşdur. Təxminən 2022-ci ilin avqust ayının 29-da işdən çıxmağa məcbur olduğunu bildirdi. "xxxx"- də nəqliyyatın yanacaq sərfiyyatı üzrə mütəxəssis işləmiş, yanacaq sərfiyyatı üzrə qeydiyyat aparmışdır. Qeyd etdi ki, iddiaçı iş vaxtından artıq saatlarda işləmişdir. Belə ki, iş vaxtı 08:00-dan 17:00-a kimi olmuş, 17:00-dan sonra işləyəndə isə iş vaxtından artıq işləməyə görə əlavə saat hesablanmışdır. Gündüz vaxtı iri həcmli yük maşınlarının şəhərə girişinə qadağa qoyulduğundan, yalnız saat 21:00-dan sonra icazə verildiyindən iddiaçı daha çox axşam vaxtı işləmişdir. "xxxx" təxmini 9 zavodun birləşməsindən ibarətdir və belə ki, iddiaçı gündüz vaxtı zavod daxilində də işləmiş, yük daşımışdır. Bildirdi ki, özü də iş vaxtından artıq saatlarda işləmiş, iş vaxtından artıq saatlarda işləməyi ilə bağlı ona haqq ödənilməmişdir, işdən çıxanda ona 13-cü maaş da verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, o, iddiaçı ilə "xxxx"-də bir yerdə işləmiş, hər ikisi də sürücü olmuşdur. Hər ikisi gecələr iş vaxtından artıq saatlarda işləmiş, amma iş vaxtından artıq saatlarda işləməkləri ilə bağlı onlara əlavə haqq verilməmişdir. İşlədikləri müəssisə tərəfindən onlara, iş vaxtından artıq saatlarda işləməkləri ilə bağlı əlavə haqq verəcəkləri bildirilsə də, həmin haqq verilməmişdir. Habelə qeyd etdi ki, bazar günləri də işləmişlər, amma buna görə də əlavə haqq verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, o "xxxx"-də GPS üzrə mütəxəssis işləmiş, habelə aparıcı dispetçer olmuşdur. Məsələn, Sadıq bəyin yük maşını reysə buraxılanda növbəti gün Təranə xanım yük maşınının nə vaxt işdən çıxması və nə vaxt işə qayıtması barədə məlumatları ondan tələb etmişdir. O, da Təranə xanıma bu barədə məlumatları verəndən sonra Təranə xanım qeyd edərək əmək haqqının verilməsi üçün lazımi bölməyə göndərmişdir. Qeyd etdi ki, Sadıq bəyə və onun kimi işləyən digər işçilərə işin xüsusiyyəti ilə əlaqədar olaraq səhər, günorta saatlarında şəhərə çıxmağa icazə verilmirdi, gecə saatlarında işləyirdilər. Belə ki, Sadıq bəy iş vaxtından artıq saatlarda işləmişdir. Hər yük maşınında GPS olmuş və GPS-dən maşının getdiyi trayektoriya bilinmiş, GPS maşın tərpəndiyi vaxtdan saatı hesablamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(060)-427/2023 nömrəli qətnaməsi ilə İddiaçı onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq iş saatlarının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(060)-427/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirmişdir. İddia tələbinə əlavə etdiyi sənədlərlə bu öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasın ifadə verən şahidlər də bunu təsdiq etmişlər. Lakin nədənsə məhkəmə şahidlərin qeyd etdiklərinə tənqidi yanaşmış, belə nəticəyə gəlmişdir ki, şahidlər müəyyən səbəblərə görə cavabdeh təşkilatdan işdən azad edilmiş şəxslərdi və onların cavabdehə qarşı münasibətlərdə zidiyyətləri vardır. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Hesab edir ki, məhkəmə şahid ifadələrini nəzərə almalı idi. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İddiaçının iddia etdiyi kimi 2020-ci ilin avqust ayından 2022-ci ilin may ayına qədər iş vaxtından artıq işlərə cəlb olunma halı baş vermədiyi üçün, bu normada qeyd olunan sənədlər də tərtib olunmamışdır. Çünki sözügedən bu sənədlər məhz işçinin iş vaxtından artıq işlərə cəlb olunmasını təsdiq edən birbaşa sübutlardır. Bu sənədlərdə hər iki tərəfin iradəsi - işəgötürənin işçini iş vaxtından artıq işlərə cəlb etmək təklifi və işçinin bu təklifə razılığı ifadə olunur. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərdə iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı nə işəgötürənin əmrini (sərəncamı, qərarı) nə də özünün razılığını ifadə edən sübutu təqdim edə bilməmişdir. İddiaçı bu iddiası ilə bağlı iş materiallarına yalnız tabellərin kserosurətini əlavə etmişdir. Belə ki, sənədlərin surətlərinin üzərində sənədlərin "xxxx" MMC-yə aid olması barədə heç bir qeyd yoxdur və "xxxx" MMC tərəfindən rəsmi (möhürlə) təsdiq edilməmişdir. Ümumiyyətlə təqdim edilən sənədlərə baxdıqda, iş vaxtından artıq işə cəlb olunmanı təsdiq edən heç bir fakt yer almır. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron Xızı regional şöbəsinə (bundan sonra X11 Xidməti) müraciət etmişdir. X11 Xidməti apardığı araşdırma əsasında iddiaçıya xx.xx.2022-ci il tarixli, **********0 saylı cavab məktubu ünvanlamışdır. X11 Xidmətinin cavab məktubundan da aydın olur ki, iddiaçı cavabdeh tərəfindən yalnız 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq işlərə cəlb olunmuş və həmin dövrlərə görə əmək haqqına əlavənin hesablanması və ödənilməsi təmin olunmuşdur. Lakin iddiaçı 2020-ci ilin avqust ayından 2022-ci ilin may ayına qədər 453 saat iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı iddiasına dair nə X11 Xidmətinə, nə də birinci instansiya məhkəməyə təsdiqedici sənəd təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti ilə birlikdə məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində iddiaçı yalnız əvvəlki dövrlərdə müəssisədə çalışmış işçilərin şahid qismində verdiyi ifadələrə münasibət bildirmişdir. Qeyd edirlər ki, şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi bütün sübutları eyni dərəcədə qiymətləndirmiş və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı Əzı̇ z oğlu, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə iddiaçının iş vaxtından əlavə iş saatlarına cəlb olunmasının rəsmi sənədlərə əsasən təsdiq olunmadığını bildirərək hazırkı mübahisənin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 12 dekabr 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2019-cu il tarixində (xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək) müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 19 may 2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC-də inzibati idarəetmə departamentinin nəqliyyatın istismarı bölməsində 2-ci dərəcəli sürücü vəzifəsində işləyən İddiaçı ərizə ilə müraciət edərək 19 may 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC üzrə xx.xx.2022-ci il tarixli, 58-İRD/X №-li əmrdən görünür ki, X9 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-cı il tarixli özünün müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan MN ******* saylı, 12 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı işdən çıxdığı sonuncu iş günü xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 83.2-ci maddəsini pozularaq son haqq-hesab ödənilməmiş və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işəgötürən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2019-cu il tarixində (xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək) müddətli əmək müqaviləsi bağlanmış, X1 departamentinin Avtoparkın idarəolunması şöbəsinin Ağır nəqliyyat və texnikalar bölməsinə 2-ci dərəcəli sürücü (dartıcı) peşəsinə işə qəbul olunmuşdur. X9 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli özünün müraciəti əsasında cəmiyyətin xx.xx.2022-ci il tarixli 58- İRD/X saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən (tərəflərdən birinin təşəbbüsü ilə) "xxxx" MMC-nin işəgötürəni tərəfindən xitam verilmişdir. İddiaçı "xxxx" MMC-də işlədiyi dövrlərdə 2020-ci ilin avqust ayından 2022-ci ilin aprel ayının sonuna qədər iş vaxtından artıq işə cəlb olunduğunu və bu işə görə əmək haqqına əlavənin ona tam ödənilmədiyini bildirmişdir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 2020-2022-cı illərin iş vaxtının uçotu tabellərinə, əmək haqqının hesablanması cədvəlinə əsasən yalnız 2020ci ilin yanvar ayından 2020-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq işə cəlb olunduğu və bu dövrlərə görə əmək haqqına əlavənin hesablanaraq ödənilməsinin təmin edildiyi müəyyən olunmuşdur. 2021-2022-ci illərdə iddiaçının işlədiyi dövrlərdə iş vaxtından artıq işə cəlb olunmağı təqdim edilmiş iş vaxtının uçotu tabellərində və əmək haqqının hesablanması cədvəllərində müəyyən edilməmişdir. İddiaçı Abşeron-Xızı Regional şöbəsinə verdiyi izahatında 2020-ci ilin avqust ayından 2022-ci ilin aprel ayına qədər iş vaxtından artıq işə cəlb edildiyini, bu işə görə əmək haqqının ödənilmədiyini, bu ödənişin ödənilməsinə köməklik göstərilməsini bildirmiş, lakin qeyd etdiyi dövrlərdə işləməsi ilə bağlı təqdim etdiyi “işə gediş cədvəlləri” adlı sənədlərin surətində bu sənədlərin "xxxx" MMC-yə aid olmasına dair heç bir qeyd aparılmamış, "xxxx" MMC tərəfindən rəsmi (möhürlə) təsdiq olunmamışdır, habelə İddiaçı tələb etdiyi dövrlərdə işləməyi ilə bağlı əlavə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmçinin "xxxx" MMC-nin direktoru (işəgötürən), İddiaçı işdən çıxdığı sonuncu iş günü xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 83.2-ci maddəsini pozaraq son haqq-hesab ödəməmiş və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, STP” MMC-nin direktoru (işəgötürən) barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə şahidlərin qeyd etdiklərinə tənqidi yanaşmış və qeyd etmişdir ki, şahidlər müəyyən səbəblərə görə cavabdeh təşkilatdan işdən azad edilmiş şəxslərdir və onların cavabdehə qarşı münasibətlərdə ziddiyyətləri vardır. İddia müddətinin tətbiqinə gəldikdə isə, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilən normalara əsasən hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı olan “iş vaxtından artıq iş saatlarının ödənilməsi” tələbinə dair iddiasının sübuta yetirilməməsi səbəbindən təmin etməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2019-cu il tarixində (xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək) müddətli əmək müqaviləsi bağlanmış və X1 departamentinin Avtoparkın idarəolunması şöbəsinin Ağır nəqliyyat və texnikalar bölməsinə 2-ci dərəcəli sürücü (dartıcı) peşəsinə işə qəbul olunmuşdur. X9 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli özünün müraciəti əsasında cəmiyyətin xx.xx.2022-ci il tarixli 58- İRD/X saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən (tərəflərdən birinin təşəbbüsü ilə) "xxxx" MMC-nin işəgötürəni tərəfindən xitam verilmişdir. Bir müddət sonra iddiaçı "xxxx" MMC-də işlədiyi dövrlərdə 2020-ci ilin avqust ayından 2022-ci ilin aprel ayının sonuna qədər iş vaxtından artıq işə cəlb olunduğunu və bu işə görə əmək haqqına əlavənin ona tam ödənilmədiyini bildirərək həmin əmək haqqına əlavənin ödənilməsini tədəb etmiş, "xxxx" MMC isə təqdim olunmuş 2020-2022-cı illərin iş vaxtının uçotu tabellərinə, əmək haqqının hesablanması cədvəlinə əsasən yalnız 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayının sonuna qədər iş vaxtından artıq işə cəlb olunduğu və bu dövrlərə görə əmək haqqına əlavənin hesablanması ödənilməsinin təmin edildiyi, 2021-2022-ci illərdə iddiaçının işlədiyi dövrlərdə iş vaxtından artıq işə cəlb olunmağı təqdim edilmiş iş vaxtının uçotu tabellərində və əmək haqqının hesablanması cədvəllərində qeyd edilən halın müəyyən edilmədiyini bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən normanın tələbindən də görünürdüyü kimi işçinin iş vaxtından artıq işlərə cəlb olunması işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə ifadə olunur. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə onun iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı nə işəgötürənin əmri (sərəncamı, qərarı), nə də özünün razılığına dair ərizə əlavə olunmamışdır. Bundan əlavə iddiaçının iş materiallarına əlavə etdiyi tabellərdə işə gəliş və gediş saatları göstərilməmiş, onun günün hansı saatlarında iş vaxtından artıq işlərə cəlb olunduğu qeyd olunmamış, habelə həmin tabellərdə işəgötürənin ("xxxx" MMC-nin) möhürü və səlahiyətli şəxsinin imzası olmamışdır. Həmçinin iddiaçı sözügedən mübahisə ilə bağlı X11 Xidməti Abşeron Xızı regional şöbəsinə müraciət etmiş və X11 Xidmətinin apardığı araşdırma əsasında "xxxx" MMC-nin direktoru (işəgötürən), İddiaçı işdən çıxdığı sonuncu iş günü xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 83.2-ci maddəsini pozaraq son haqq-hesab ödəmədiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, STP” MMC-nin direktoru (işəgötürən) barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid ifadələrinin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibətdə aşağıdaklıarı qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, X7, X12 və X4 ifadələrində iş vaxtından artıq saatlarda işlədiklərini bildirmələri iddianın əsaslı olmasına dəlalət etmir. Əksinə yuxarıda qeyd edildiyi kimi həmin şəxslər müəyyən səbəblərə görə cavabdeh təşkilatdan işdən azad edilmiş şəxslərdir və onların cavabdehə qarşı münasibətlərdə ziddiyyətləri vardır və bu ifadələr iddianın əsaslı olması üçün mötəbər sübut kimi qəbul edilmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Əzı̇ z oğlunun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 453 saat iş vaxtından artıq müddət ərzində yerinə yetirilən işlərə görə ödənilməsini tələb etdiyi pul məbləğinin miqdarı beş min manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Əzı̇ z oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(060)-427/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-812/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-812/2023
08.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver