Məhkəmə qərarları › İş №2(105)-812/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-812/2025

26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-812/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əlisultanova (Balakişiyeva) Leona Xanbala qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması tələbi) X8 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15 cavabdeh Əlisultanova (Balakişiyeva) Leona Xanbala qızının nümayəndəsi Nümayəndə iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-174/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X9 ilə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 48 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci ildə anadan olmuş X16 anası X3 himayəsində saxlanılması, xx.xx.2011-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 may 2012-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, yəni 86 (səksən altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmişdir.

2. AZ-İN 970859 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X1 ilə 25 avqust 2014-cü ildə rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd aparılmışdır.

3. AZ-İİİN 424368 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2014-cü il tarixdə Qusar şəhərində anadan olub, atası İddiaçı , anası isə X2r.

4. AZ-İİİN 660983 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2015-ci il tarixdə Qusar şəhərində anadan olub, atası İddiaçı , anası isə X2r.

5. Qusar 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasda iştirak etmiş, 60 manat mediasiya xərci ödəmişdir. X9 iclasda iştirak etməmişdir.

6. AZ-İVN 540803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində anadan olub, atası X17, anası isə Cavabdehdır.

7. Yenə iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 iyul 2024-cü il tarixdə, Moskva şəhərində anadan olub, atası X17, anası isə Cavabdehdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-863/2012 saylı, 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə, cavabdehlə birgə nikahlarından 21 dekabr 2011-ci ildə anadan olan qızı - X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X3 xeyrinə tutulması müəyyən edilən alimentin miqdarının azaldılaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh - X9 ilə 02 iyun 2010cu il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahları Qusar rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 48-ci nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından 21 dekabr 2011-ci X16 adlı uşaqları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-863/2012 saylı, 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşaqları X16 anasının himayəsində saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 may 2012-ci il tarixdən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq X4 verilməsi qət edilmişdir. O, hal-hazırda cavabdehə 200 manat aliment ödəyir. O, ikinci dəfə nikaha daxil olmuşdur, 25 avqust 2014-cü il tarixində X5 ilə ailə qurmuşdur. Yeni nikahdan da iki uşaqları - 21 avqust 2014-cü il tarixində X23, 04 noyabr 2015-ci il tarixində X22 anadan olmuşdur. Dörd nəfərdən ibarət ailəni təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 200 manat məbləğində alimenti heç cür ödəyə bilmir. Qanunvericiliklə uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Cavabdeh özü də əmək qabiliyyətlidir. Beləliklə də yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün ondan tutulan alimentin miqdarının azaldılması zəruridir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

10. Cavabdeh X9 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının əsaslandığı Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzəri almaqla aliment ödəməkdən azad edə bilər.” İddiaçı qeyd edir ki, uşağın anası əmək qabiliyyətlidir. Lakin uşağın anasının himayəsində aliment alınan uşaqdan başqa 4 yaşında-xx.xx.2020-ci il təvəllüdlü X12 və 6 aylıq - xx.xx.2024- cü il təvəllüdlü X7 olmaqla 2 kiçik uşağı da vardır. Yəni 6 aylıq körpə uşağı olan ana uşağa qulluğa görə işləyə bilmir və 3 il müddətinə işləyə bilməyəcək. İddiaçının himayəsində 2 uşağı olduğu halda cavabdehin himayəsində 3 uşağı vardır və İddiaçı ayda 994.48 manat xalis əmək haqqı aldığı halda cavabdeh 6 aylıq körpə uşağına görə işləyə bilmir. Ailə Məcəlləsinin 76.2 və 112.1 bəndlərinə əsasən “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik eləcə də diqqətəlayiq olan başqa hallar” - deyildikdə himayəsində 2 uşağı olan və ayda 994.48 manat xalis əmək haqqısı alan iddiaçının vəziyyətinin himayəsində 3 uşağı olan və işləyə bilməyən cavabdehin ailə vəziyyətindən üstün olması kimi izah olunur. İddiaçının hazırki əmək haqqısı alimenti ödədiyi ilk illərin əmək haqqısından 2.9 dəfə çoxdur, lakin o 25% əvəzinə 12% (12C 994.48) aliment ödəmək istəyir və gələcəkdə infilyasiyaya uyğun olaraq əmək haqqı indeksləşdirilərək artacağı halda sabit pul məbləğində -120 manat alimentin əmək haqqına nisbətən faiz dərəcəsi daha da aşağı düşəcəkdir ki, bu da qanunvericiliyə ziddir. Qeyd olunanları nəzərə alaraq cavabdeh qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli, 2(067)-863/2012 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-174/2025 nömrəli qətnaməsi ilə (Ə.Cəlilov) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artmasını, tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, iddiaçının daimi iş yerinin olmasını, iddiaçının stabil hər ay əmək haqqı almasını nəzərə alıb, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılmasının uşağın mənafeyinə zidd olduğundan iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1, 78.2, 78.3, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 8, 13, 19-cu maddələrinə, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarının 8.7-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikаyəti verilmişdir.

15. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə razılaşmır, hesab edir ki, qətnamə qəbul edilərkən iş üçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamışdır. İddia ərizəsində və məhkəmədəki izahatında qeyd etdiyi kimi, o, ikinci dəfə ailə həyatı qurub. Yeni nikahdan iki uşağı vardır. Əmək haqqısı ilə 4 nəfərlik ailəsinə kifayət etmir. Cavabdeh isə uşağa baxmır, yalnız aliment almaq barədə düşünür. O, əmək qabiliyyətlidir, işləyə bilər. Göründüyü kimi onun ailə vəziyyətində dəyişiklik olmuşdur. Yeni nikahdan iki uşağı anadan olub. Ailə üzvlərinin sayı və xərcləri artmışdır. Belə olan halda onun əvvəlki məhkəmə qətnaməsi ilə qət olunan miqdarda alimenti ödəməyi faktiki olaraq qeyri-mümkündür. Qanunun tələbindən göründüyü kimi uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Uşağın saxlanması üçün xərclərin yalnız bir valideynin üzərinə qoyulması düzgün deyildir.Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əlisultanova (Balakişiyeva) Leona Xanbala qızının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İddiaçı şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulduğunu qeyd edib ki, bununla razılaşmır və hesab edir ki, işə baxan məhkəmə mübahisəyə düzgün maddi hüquq normalarını tətbiq etmişdir. Cavabdehin üç uşağı var, birinci uşaq iddiaçı ilə nikahından doğulmuşdur və onun 14 yaşı var. Hazırda aliment həmin uşaq üçün ödənilir. İddiaçı hərbi hissədə MAXE işləyir və N manata yaxın əməkhaqqı alır. İddiaçı alimenti ödəmək iqtidarındadır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. İddiaçı nümayəndəsi və vəkili X13 məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

19. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

22. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir.

24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator İddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-174/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Hazırkı halda tələb daha əvvəl məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması barədədir.

30. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli, 2(067)-863/2012 nömrəli qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə X9 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, xx.xx.2011-ci ildə anadan olmuş X10 anası X3 himayəsində saxlanılması, xx.xx.2011-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 may 2012-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, yəni 86 (səksən altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmişdir.

31. Hazırki işdə iddiaçının aliment məbləğinin azaldılma əsası kimi göstərdiyi hallar alimentin miqdarı müəyyən olunduqdan sonra əmələ gələn hallar olsa da, həmin hallar diqqətəlayiq hallar qismində nəzərə alına bilməz. Daha konkret ifadə edilərsə iddiaçının yeni nikaha girməsi və həmin nikahdan iki övladının olması, hazırkı mülki iş üzrə iddiaçının övladı xx.xx.2011-ci il təvəllüdlü X16 üçün müəyyən edilmiş aliment məbləğinin azaldılması üçün əsas ola bilməz.

32. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə əsasən alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi və ya sabit pul məbləğində tutulması ilə bağlı tələbi irəli sürmək hüququ uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsə məxsusdur.

33. Bundan başqa yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyriərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2025-cü il üçün isə müəyyən edilmiş 246 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır.

34. Qeyd olunan hal və 2025-ci il üçün müəyyən edilmilş 246 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda daha əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 200 manat aliment məbləği əsaslı hesab olunur və bu məbləğin daha aşağı həddə endirilməsi uşağın mənafeyi baxımından yolverilməzdir.

35. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir

36. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-174/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-174/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar