Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-818/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(029)-744/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(029)-292/2021 nömrəli qətnaməsi ilə 23 iyul 2014-cü il tarixdə anadan olmuş X8 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 150 manat olmaqla, 2 uşağa görə 300 manat sabit pul məbləğində alimentin miqdarını azaldaraq 23 iyul 2014-cü il tarixdə anadan olmuş X8 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında, eləcə də hər ay sabit pul məbləğində hər uşağa görə 50 manat olmaqla, iki uşağa görə cəmi 100 manat alimentin müəyyən edilməsi, həmçinin əvvəlki aliment borcu olaraq qalmış qalıq məbləğlərinin silinməsi üçün hər ay əlavə olaraq 50 manat pul ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 25 oktyabr 2013-cu il tarixdə nikahlarını Lənkəran rayon qeydiyyat şöbəsində 981 nömrə ilə qeydiyyata aldırmaqla ailə qurub evlənmiş, 2021-ci ilin əvvəllərinə kimi ər-arvad olaraq bir yerdə yaşamışlar. Birgə münasibətlərindən 23 iyul 2014-cü il tarixdə X8 və 26 iyun 2019-cu il tarixdə X4 adlı uşaqları anadan olmuş və uşaqlar sağ-salamat olmaqla anasının himayəsində yaşayırlar. Cavabdehlə xasiyyətləri tutmamış və ayrılmışlar, daha sonra Qusar Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(029)-292/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqların analarının yanında saxlanılması müəyyən edilməklə 23 iyul 2014-cü il tarixdə anadan olmuş X8 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa gorə 150 manat olmaqla, 2 uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, Cavabdeh ayrıldıqdan sonra 2021-ci ilin ortalarından X6 ilə ailə qurmuş və nikahları da 01 aprel 2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 161 sayla rəsmiləşdirilmişdir. Kamalə Məhərrəmova hazırda hamilədir. Sonuncunun birinci nikahından olan 2 uşaqları, yəni 21 fevral 2010-cu il tarixdə anadan olmuş X9 və 27 fevral 2013-cü il tarixdə anadan olmuş X11 da onun himayəsində yaşayırlar. Bundan başqa, o, Cavabdeh ayrıldıqdan sonra bir dəfə də olsun onunla birgə münasibətdən anadan olmuş övladlarını görməmiş və onlarla ünsiyyətdə olmamışdır. Cavabdeh uşaqları da götürüb ondan və valideynlərindən xəbərsiz ailəni tərk etmiş və hazırda yuxarıda göstərdiyi ünvanda yaşayır. Cavabdeh övladlarını könüllü olaraq ona göstərmir. Halbuki o, həmin uşaqların saxlanılmaları üçün aliment ödəyir. Artıq uzun müddətdir ki, o, uşaqlarını görə bilmir. Cavabdeh onun uşaqlarla sərbəst olaraq görüşməyinə mane olur. O, övladları üçün onunla yaşadıqları müddətdə bir atanın övladına verə biləcəyi hər şeyi etmiş, övladlarına atalıq qayğısı göstərmişdir. Hazırda da uşaqların saxlanılmasında, tərbiyəsində və sair qayğılarını çəkməkdə iştirak etmək istəyir, hansı ki, bu onun hüququdur. Lakin cavabdeh buna imkan vermir. Qusar Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(029)-292/2021 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozularkən 23 iyul 2014-cu il tarixdə anadan olmuş X8 və 26 iyun 2019-cu ıl tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, 2 uşağa gorə 300 manat sabit pul məbləğində alıment qət edilmişdir. Müəyyən müddət aliment ödədikdən sonra o, Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr idarəsində texniki təhlükəsizlik üzrə mühəndis kimi işləməyə başlamışdır. Aylıq əmək haqqısı 332 manat təşkil edir. Daha sonra cavabdehlə birgə nikahlarından olan 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 70 faizi miqdarında, yəni aldığı 332 manat əmək haqqından 232 manatı aliment olaraq Cavabdeh xeyrinə tutulur. Yəni aylıq əmək haqqından ona cəmi 99-100 manat pul qalır. O, Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr idarəsində texniki təhlükəsizlik üzrə mühəndis işləməkdən başqa heç bir qazancı, gəliri yoxdur. Himayəsində isə yuxarıda qeyd etdiyi, hamilə vəziyyətdə olan həyat yoldaşı və onun birinci nikahından olan 2 övladı, o cümlədən də xəstə vəziyyətdə, 2 dəfə insult keçirmiş atası və ikinci dərəcəli əlil olan anası vardır. Əlindən də başqa heç bir iş gəlmir, belə çıxır ki, o, hər hansı bir cinayət edib pul əldə edib digər problemlərini, himayəsində olmayan 2 uşağı və himayəsində olan ailə üzvlərini dolandırmalıdır. Uşağa maddi qayğı göstərilməsi təkcə kişinin deyil, həm də qadının üzərinə düşür. Yuxarıda qeyd etdiyi kimi, keçən müddət ərzində o, başqa ailə qurmaqla həmin qadının əvvəlki nikahından olan 2 uşağı da onun himayəsindədir. Həm də nəzərə almaq lazımdır ki, onun konkret iş yeri olmaqla əlavə heç bir gəliri yoxdur. İş yerindən əmək haqqı barədə arayış almaqla aylıq əmək haqqı 323 manat təşkil edir. Bütün bunlar barədə o, öz sübutlarını məhkəməyə təqdim edir. Ona görə də hesab edir ki, Cavabdeh iki uşaq üçün verdiyi alimentin miqdarı azaldılmalı, 23 iyul 2014-cü il tarixdə anadan olmuş X8 və 26 iyun 2019-cu il tarixdə anadan olmuş X4 adlı 2 uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsində aliment tutulması qət edilməlidir. Cavabdehin vəziyyətini nəzərə alaraq həmin məbləğdən əlavə olaraq o, hər uşağa görə 50 manat olmaqla iki uşağa görə cəmi 100 manat sabit pul məbləğində alimentin tutulmasını, eləcə də hər ay əvvəlki tarixlərdən toplanılmış aliment borclarının hər ay 50 manat olmaqla silinməsini xahiş edir. Qanunvericiliyin tələbinə əsasən uşağa maddi qayğı göstərmək vəzifəsi təkcə ona deyil, həm də Cavabdeh aiddir. Qusar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(029)-744/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(029)-744/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh sabit pul məbləğində ödənilməsi təmin edilmiş 300 manat məbləğində alimentin azaldılaraq 250 manat olması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2021-ci il tarixdə ayrıldıqdan sonra, X6 ilə ailə həyatı qurmuş, rəsmi nikahlarını xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat şöbəsində 161 saylı qeydlə rəsmiləşdirmişdir. X6 halhazırda hamilədir. X2 birinci nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013cü il təvəllüdlü X11 adlı iki qız uşaqları da onun himayəsində yaşayırlar. O, xx.xx.2022-ci il tarixdən Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr İdarəsində texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyir. Aylıq əmək haqqı isə 332 manat təşkil edir. Qusar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(029)-744/2022 saylı qətnaməsində qeyd edilmiş cavabdehlə birgə nikahdan olan iki uşaqlarının yetkinlik yaşına qədər saxlanması üçün əmək haqqının hər ay 70 faizi miqdarında yəni aldığı 332 manat əmək haqqının 232 manatı aliment pulu olaraq Cavabdeh xeyrinə tutulur. Bu o deməkdir ki, aldığı əmək haqqından 100 manat pul onun üçün qalır. Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr İdarəsində texniki təhlükəsizlik üzrə mühəndis işləməkdən başqa əlavə olaraq heç bir qazanc gəliri yoxdur. Eyni zamanda onun himayəsində xəstə vəziyyətdə iki dəfə insult keçirmiş atası və ikinci dərəcəli əlil olan anası da vardır. Qətnamə icraata qəbul edildiyi gündən əmək haqqından hər ay 232 manat cavabdehin xeyrinə olaraq tutulur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)- 292/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Nürəddin oğlu ilə Cavabdeh arasında Lənkəran rayon Qeydiyyat şöbəsində 25 oktyabr 2013-cü il tarixli 981 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, 28 iyul 2014-cü il təvəllüdlü X8 və 26 iyun 2019-cu il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yerinin müəyyən edilməsi, İddiaçı Nürəddin oğlundan Cavabdeh xeyrinə 28 iyul 2014-cü il təvəllüdlü X5 və 26 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan Qusar Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriaylı, 387069 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha Qusar rayon Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixində 17 nömrəli akt qeydi ilə xitam verilmişdir. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil İstismarı və Kommunal Müəssisələr İdarəsindən verilmiş 05 iyul 2022-ci il tarixli 229 saylı arayışdan görünür ki, Hüseynov X3 şəhər Mənzil İstismarı və Kommunal Müəssisələr İdarəsində işləyir və aylıq əmək haqqı 383 manat, ələ alacağı məbləğ 332.49 manatdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı alimentin məbləğinin azaldılması üçün özünün maddi vəziyyətinin pisləşməsini sübut edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İşə əlavə olunmuş 28 oktyabr 2019-cu il tarixli LM101900482 saylı Restrukturizasiya müqaviləsini və 28 oktyabr 2019-cu il tarixli LM101900482 saylı Zaminlik müqavilələrini, həmçinin iddiaçının arvadı Kamalə Məhərrəmova hazırda hamilə olmasını, sonuncunun birinci nikahından olan 2 uşaqları, yəni 21 fevral 2010-cu il tarixdə anadan olmuş X9 və 27 fevral 2013-cü il tarixdə anadan olmuş X11 da onun himayəsində yaşamasını məhkəmə iddiaçının maddi vəziyyətinin pisləşməsini təsdiq edən sübut kimi qəbul etmir. Bundan başqa Cavabdeh ayrıldıqdan sonra iddiaçının övladlarını görə bilməməsini aliment miqdarının azaldılması üçün əsas kimi qəbul olunmamışdır. Həmçinin, məhkəmə aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı dəlillərini də qəbul etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi Cavabdeh xx.xx.2021-ci il tarixdə ayrıldıqdan sonra X6 ilə ailə həyatı qurması, X2 hal-hazırda hamilə olması, X2 birinci nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X11 adlı iki qız uşaqları da onun himayəsində olması, onun xx.xx.2022-ci il tarixdən Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr İdarəsində texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyərək aylıq əmək haqqının 332 manat təşkil etməsi, başqa bir qazancının olmaması, eyni zamanda onun himayəsində xəstə vəziyyətdə valideynlərinin olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu dəlilləri onun birinci nikahından olan azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Bu hal onu digər övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Həmin Qərarın 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək iddiaçıdan tutulacaq alimentin miqdarının hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(029)-744/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-818/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-818/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver