Məhkəmə qərarları › İş №2(105)-820/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-820/2021

21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-820/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(060)- 4129/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Sumqayıt şəhər məhkəməsinin 2(060)-3482/2019 saylı, 18.04.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 20.07.2019-cu il tarixdən 23.01.2020-ci il tarixədək olan müddətə yaranmış aliment borcunun 800 manat hissəsindən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apelyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3482/2019 saylı 18.04.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş 20.07.2019-cu il tarixdən 23.01.2020-ci il tarixədək olan müddətə yaranmış aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 aprel 2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları var: 27 fevral 2018-ci il təvəllüdlü X7. Sumqayıt şəhər məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan 27 fevral 2018-ci il təvəllüdlü X3 anasının yanında qalması qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-3482/2019 saylı 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə isə Cavabdeh ona qarşı aliment tələbinə dair iddia tələbi təmin edilmiş, birgə nikahdan olan 27 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22.02.2019-cu il tarixdən başlayaraq ondan hər ay əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Onların arasında olan rəsmi nikah pozulsa da, 20.07.2019-cu ildə faktiki olaraq barışmış, bir ailə kimi bir yerdə yaşayıblar. 23.01.2020-ci ildə onların münasibətləri yenidən pisləşmiş, həmin vaxtdan da ayrı yaşayırlar. Ona görə də cavabdeh icra şöbəsinə müraciət edərək alimenti tələb etmişdir. Qeyd etdiyi kimi 20.07.2019-cu ildən 23.01.2020-ci ilə kimi bir ailə kimi bir yerdə yaşayıblar. Bir ailə kimi birgə təsərrüfat idarə ediblər. Həmin müddət ərzində o, ailəsinə maddi cəhətdən köməklik etmiş və ailənin tələbatlarını ödəmişdir. Onlar barışdığı üçün cavabdeh bu günə kimi ondan aliment tələb etməmişdir. Hazırda cavabdehin ondan 20.07.2019-cu ildən 23.01.2020ci ilə kimi alimenti tələb etməsi qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, nəticədə qismən əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə işin bütün faktiki halları aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini birgə yaşadıqları dövrdə İddiaçı cavabdeh İradə Həsənovaya cəmi iki dəfə 200 və 600 manat olmaqla, ümumilikdə 800 manat pul verdiyini etiraf etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermiş, iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq hesab edir ki, hər iki apellyasiya şikayətlərinə birlikdə hüquqi qiymət verilməlidir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdə olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-3482/2019 saylı 18.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, 27.02.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 22.02.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçı Həsənova İradə Əhməd qızına verilməsi qət edilmişdir. İş üzrə 19.06.2020-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan X2, həmin evin 47 saylı mənzilində yaşayan X8, həmin evin 52 saylı mənzilində yaşayan X1 Vüqar Abdulla oğlunun 20.07.2019-cu ildən 23.01.2020-ci il tarixədək ünvan 3 ünvanında yaşadığını imzaları ilə təsdiq etmişlər. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin №6655/16 saylı 21 aprel 2021-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhər məhkəməsi tərəfindən verilmiş 2(060)- 3482/2019 saylı 18.04.2019-cu il tarixli icra sənədinə əsasən 27.02.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 22.02.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçı Həsənova İradə Əhməd qızına verilməlidir. Halhazırda qeyd olunan icra sənədi üzrə borclu İddiaçı aliment borcu yoxdur. İşdən görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə 27.02.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 22.02.2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edildiyini, 20 iyul 2019-cu ildən 23 yanvar 2020-ci il tarixədək cavabdehlə barışaraq bir evdə qaldığını, həmin müddət ərzində o, ailəsinə maddi cəhətdən köməklik etmiş və ailənin tələbatlarını ödəmişdir. Onlar barışdığı üçün cavabdeh bu günə kimi ondan aliment tələb etmədiyini iddia edərək onu aliment borcunu ödəməkdən azad edilməsini xahiş etmiş, iddia tələbi qismən təmin edilmiş, hər iki tərəf bu nəticəni mübahisələndirmişlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (Ailə Məcəlləsinin 107.2. maddəsi). Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Alimentin təyin edilməsi uşağın saxlanılmasına xidmət edir. Aliment üzrə borc dedikdə, tərəflər arasında saziş üzrə müəyyən edilən və yaxud məhkəmə qətnaməsi ilə tutulan, lakin faktiki ödənilməyən borclar başa düşülür. Məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun ona ödənilməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Məhkəmə kollegiyasının fikrincə aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinət olduğundan, həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideynin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Lakin aliment ödəyən valideyinin xəstəliyi və digər üzürlü səbəblərə görə borc əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı hal-hazırda icra sənədi üzrə borcu yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının aliment borcu olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 20 oktyabr 2020-ci il qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbi rədd edilsin. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar