Məhkəmə qərarları › İş №2(105)-824/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-824/2023

23.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-824/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-4796/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrə ilə qeydiyyata alınmış evin həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbi həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışa və qeydiyyat vəsiqəsinə qanunsuz olaraq salındığından AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş Seriya RX № ******* saylı çıxarışın və “Qeydiyyat vəsiqəsi” nin qismən, 25 kv.m. torpaq sahəsi hissəsi həcmində ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaqların alqı-satqısına dair 07 mart 2008ci il tarixli akta əsasən, Bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən ona fərdi yaşayış evi tikmək üçün 300 kv.metr torpaq sahəsi satılmış, xx.xx.2008-ci ildə bu barədə müvafiq qeydiyyat aparılmışdır. O, bu sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətində mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmişdir. Bundan sonra ona məxsus yaşayış evinin həyətyanı torpaq sahəsindən 1,5 sot torpaq hissəsini tamamilə başqa adama Xıdır adlı şəxsə qeyri-rəsmi satmış, sonuncu isə satılmış 1,5 sot torpaq sahəsini Cavabdeh1 satmaq üçün göstərmiş və ona satmışdır. Bundan sonra Cavabdeh1 onu həmin 1,5 sot torpaq sahəsində ev tikmək üçün razılıq verməsi adı ilə notariusa gətirmiş və orada alqı-satqı müqaviləsi imzalatmışdır. Cavabdeh onu alqı-satqı müqaviləsini rəsmiləşdirmək zərurəti ilə notariusa aparmışdırsa belə orada 1,5 sot torpaq sahəsini deyil, onu aldadaraq 2 sot torpaq sahəsinin alqı-satqı müqaviləsini qeyd etdirmişdir. Yalnız məhkəmə mübahisələri zamanı o, bu haldan xəbər tutmuş və qarşılıqlı iddia verərək adı çəkilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. O, müqavilənin etibarsızlığı barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hesab edirdi ki, alqı-satqı müqaviləsi məhkəmə tərəfindən hərtərəfli baxılacaqdır. Lakin məhkəmə mübahisəyə mahiyyəti üzrə baxmamışdır. Xıdıra satılan və Xıdır tərəfindən Cavabdeh1 göstərilərək satılan torpaq sahəsi isə yalnız 0,015 ha torpaq sahəsi olmuşdur. Lakin müqavilədə onun (latın qrafikasını bilmədiyinə görə) savadsızlığından sui-istifadə edilərək aldadılmış və ona 0,2 ha torpaq sahəsinə imza atdırılmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-90/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində təyin edilmiş ekspert rəyində onun mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində mövcud olan pilləkənin faktiki olaraq giriş-çıxış üçün nəzərdə tutulduğu və həmin pilləkənin sökülməsi faktiki vəziyyətdə həmin evin tamlığına zərər vuracağı nəticəsinə gəlinmişdir. Eyni zamanda alqı-satqı müqaviləsindən də görünür ki, müqavilənin predmeti ev deyil, torpaq sahəsidir, ev barəsində heç bir qiymətləndirmə hərəkətəri edilməmiş və müqavilənin bu hissəsi ümumiyyətlə texniki səhvdir. Əslində satıcı sənəd üzərində göstərilmiş və onun evinin kəndarını əhatə edən torpaq sahəsini satmaq niyyəti olmamışdır. Ona alqı-satqı müqaviləsində alqı-satqı predmeti olan torpaq sahəsinin 1,5 sot deyil, 2 sot qeyd olunduğu məlum olanda, o, məhkəmədə müqavilənin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia tələbi ilə iddia qaldırmışdır. Lakin məhkəmələr məsələnin obyektiv həlli istiqamətində heç bir qərar qəbul etməmişlər. O, yeni çıxarış alınması üçün DƏDRX müraciət etməmişdir, lakin DƏDRX 4 saylı Ərazi İdarəsinin işçiləri tərəfindən onun ev telefonuna zəng edilərək ona məxsus torpağın Binəqədi inzibati ərazisindən alınaraq Abşeron İnzibati ərazisinə verildiyindən 4 saylı Ərazi idarəsinə yaxınlaşmağını tələb etmişlər. Bu zaman onun çıxarışın dəyişdirilməsindən xəbəri olmamış, çıxarışda torpaq sahəsində olan dəyişiklik barədə məlumat verilməmiş və o, da çıxarışı latın dilində oxuya bilmədiyindən bundan xəbərsiz olmuşdur. Həmçinin, o heç vaxt sahəsi 125 kv.m. təşkil edən evin altında yerləşən torpaq sahəsini sata bilməzdi, yüklü olduğu üçün həmin torpaq sahəsi satış predmeti ola bilməzdi. O, alqı-satqıda iştirak etməmiş, danışıqların və müqavilənin məzmunundan xəbəri olmamışdır. Torpaq sahəsi onun mülkiyyətində olduğundan alqı-satqını formal olaraq o, imzalamışdır. Sonradan məlum olmuşdur ki, alqısatqıdan sonra Cavabdeh1 öz adına aldığı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda onun evinin bir hissəsi də plan-cizgiyə salınmışdır. Halbuki, alqı-satqı bağlanarkən onun mülkiyyətində olan torpaq sahəsinin düz xətt boyu sərhədləri müəyyən olunmuş, onun evi sağ tərəfdə yerləşməklə sol tərəfdəki boş sahə satılmağa təqdim olunmuş, həmin sahənin ölçüləri barədə hər hansı danışıq olmamışdır. Onun Abşeron rayonu, Xırdalan şəhəri, döngə 1 ünvanda mülkiyyətində olan torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin tikili sahəsinin evin divarlarının yerləşdiyi ölçüsü 125 kv.metr təşkil edir. Bu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş “tikintilərin mərtəbələr üzrə planı”nda da təsdiqini tapmışdır. Qeyd olunan planda evin tikinti altında olan sahəsi 125 kv.m. təşkil edir. Belə olan halda evin tikintisi altında olduğu sahə necə satış obyekti ola bilər. Belə ki, ev 2010-cu ildə hazır olmuş, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 2013-cü ildə bağlanmış, cavabdeh isə evi 2015-ci ildə tikmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci tarixli ekspert rəyinin 3-cü səhifəsində göstərilir ki, onun yaşayış evinin faktiki sahəsi 125 kv.m. təşkil edir. Yəni evin sahəsi 125 kv.m. olduğu halda onun torpaq sahəsi 0,01 ola bilməzdi, yəni 125 kv.m. olan ev 100 kv.m. sahədə yerləşə bilməzdi. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-4796/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına verilmiş seriya RX № ******* saylı çıxarışa və qeydiyyat vəsiqəsinə qanunsuz olaraq salındığından AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş Seriya RX № ******* saylı çıxarışın və qeydiyyat vəsiqəsinin qismən, 25 kv.m. torpaq sahəsi hissəsi həcmində ləğv olunması barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-4796/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 birbaşa torpaq satmadığı kimi, həmin torpaq sahəsinin əvəzi olaraq pul da almamışdır. Bu fakt məhkəmə prosesində iştirak edən bütün şəxslər tərəfindən təsdiq edilmişdir. Onun tərəfindən evinə sərbəst giriş-çıxış üçün özünə zəruri torpaq sahəsinin saxlamaması ağlabatan mühakiməyə sığışmır. Digər tərəfdən xx.xx.2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinə göstərilir ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş 6773 №-li arayışa əsasən 5 otaqlı, ümumi sahəsi 132 kv.m. olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1 ünvanında mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,02 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Yəni evin sahəsi 132 kv.m. olduğu halda, İddiaçı torpaq sahəsi 0,01 ha-dan ibarət ola bilməzdi, yəni 132 kv.m. olan ev 100 kv.m. sahədə yerləşə bilməzdi. Cavabdeh1 onun yaşlı, savadsız, xəstə, köməksiz, öhdəsində iki xəstə uşağının olmasından sui-istifadə edərək onu aldatmış, eyni zamanda torpaq sahəsinin planı, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən qanunun tələblərinə riayət etmədən, torpaq sahəsinin planı, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını torpaq sahəsində olmadan, düzgün ölçülər aparmadan həyata keçirilmiş və yerdə yoxlama aparmamış, sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Bütün qanunla tələb olunan prosedurlar qanunsuz olmaqla formal icra olunmuşdur. Belə ki, AN-İ № ******* saylı, 13 iyul 2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndində satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş 6773 №-li arayışa əsasən 5 otaqlı, ümumi sahəsi 132 kv.m. olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1 ünvanında mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,02 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir kimi göstərildiyinə, 0,01 ha-dan ibarət torpaq sahəsində 132 kv.m. sahədən ibarət fərdi yaşayış evinin yerləşə bilmədiyinə qətnamə qəbul edərkən hakim tərəfindən hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh Abşeron Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(012)-161/2017 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı qarşı qanunsuz tikiləlrin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə qaytarılması barədə ilk iddiası tələbi təmin edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş 48 kv.metr hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0 x 2,5 metr ölçüdə mişar daşdan pilləkanın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qeyri-qanuni sahibliyindən alınıb iddiaçı Cavabdeh1 qanuni sahibliyinə verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, iş üzrə ekspertiza xərci olan 100 manat pulun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssisin yerinə yetirdiyi işlərin dəyəri üçün 300 manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq, "xxxx" MMC-nin hesabına keçirilməsi, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir (hakim İlham Kərimli). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2017-ci il tarixli, 2(105)-2052/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-161/2017 saylı, 29 mart 2017-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh1 İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin onun sahibliyinə qaytarılması” barədə iddiasının təmin olunmaması, İddiaçı Cavabdeh1 qarşı “0,02 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab olunması” barədə iddiasının qismən təmin olunması, tərəflər arasında imzalanmış 13 iyul 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsi və Cavabdeh1 adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın 52 kv.metr torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi, iddia ərizəsinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid olunması, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq ona qaytarılması, iş üzrə ekspertiza xərci olan 100 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə mütəxəssisin yerinə yetirdiyi işlərin dəyəri üçün 300 manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir (sədrlik edən hakim Şəmsəddin Abbasov, hakimlər Aqil Abbasov və Telman Məmmədov). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2(102)-8718/2017 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2017-ci il tarixli, 2(105)-2052/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim Ələsgər Əliyev, hakimlər Aslan Kalbalıyev və Vəfaddin İbayev). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2019-cu il tarixli, 2(105)-113/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, cavabdeh X3 ekspertiza tədiqatının dəyəri 100 manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən hakim Səyyad Qafari, hakimlər Fuad Məmmədov və Lətifə Məmmədova). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6415/2019 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2019-cu il tarixli, 2(105)-113/2019 nömrəli qətnaməsinin qismən – 3,0 x 2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv olunması və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən hakim Akif İsgəndərov, hakimlər Əhməd Əhmədov və Əhməd Nurməmmədov). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-90/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(012)-161/2017 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən hakim Telman Quliyev, hakimlər Gülnarə Tağızadə və Elman Rəhimov). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3736/2021 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-90/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən hakim Gündüz Quliyev, hakimlər İlqar Xələfov və Zaur Əliyev). Məhkəmə kollegiyasının araşdırması zamanı iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edildi ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,02 ha hissəsini Cavabdeh1 satmış və bu müqavilə Abşeron Rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilərək 4Ə/-2906 reyestr nömrəli qeydiyyat aprılmışdır. Hazırda iddiaçı satılan torpaq sahəsinin 0,02 ha deyil, əslində 0,015 ha hissəsinin satılması barədə razılığa gəldiklərini, onun aldadılaraq notariusa aparıldığını, sözügedən alqı-satqı müqaviləsində onun xəbəri olmadan torpaq sahəsinin 0,02 ha hissəsinin satıldığını, qeyd edilən halın ona sonradan məlum olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı göstərdiyi bu xüsusatlara və digər sübutlara Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(012)-161/2017 nömrəli qətnaməsi ilə qiymət verilmiş, həmin qətnamə İddiaçı tərəfindən mübahisələndirilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-90/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(012)-161/2017 nömrəli qətnaməsi, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3736/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-90/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı və Cavabdeh1) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, eləcə də yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(012)-161/2017 nömrəli qətnaməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələlərə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-4796/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar