Məhkəmə qərarları › İş №2(105)-828/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-828/2023

17.03.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-828/2023 17.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(060)-11965/2015 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11965/2015 nömrəli, 06 noyabr 2015-ci il tarixli əmri ilə xx.xx.1977-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas mill manat ekvivalentində kredit borcu 5415.34 ABŞ dolları, faiz borcu 1088.35 ABŞ dolları və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11965/2015 nömrəli, 06 noyabr 2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11965/2015 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən Borclu tərəfindən verilmiş etiraz ərizəsinin geri qaytarılması qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11965/2015 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcun tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas kredit borcu 5415.34 ABŞ dolları, faiz borcu 1088.35 ABŞ dolları və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə əmrin verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Müddətlə bağlı məhkəmə iclasında dəlillərini bildirmək imkanı olmayıb. Məhkəmə əmri ona təqdim edilməmişdir. Əmrin məzmunu ilə yalnız 29 dekabr 2022-ci il tarixdə aldıqdan sonra tanış olmuşdur. Buna görə də prosessual müddət ötürmədən həmin əmrdən etiraz vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətinin geri qaytarılmasını prosessual müddətin ötürülməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Borclu vermiş olduğu şikayətdə qərardadın ləğv edilməsini, etirazın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, məhkəmə əmri 06 noyabr 2015-ci il tarixdə tərəflərə göndərilmişdir. Məhkəmə əmri üzrə icra işi açılmış, icra işində olan sənədlərə əsasən Borclu xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarla, icra sənədinin könüllü icrasına dair bildirişlə tanış olmuş, lakin borclu tərəfindən məhkəmə əmrinə etiraz xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Qeyd olunmalıdır ki, borclu tərəfindən məhkəmə əmrinə etiraz vermə müddəti ötürülməklə etiraz verildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq etirazın geri qaytarılması qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli və 23 fevral 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar