Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-840/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(060)- 162/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə övladı xx.xx.2021ci il təvəllüdlü X4 oğlunun ünsiyyətdə olma hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu ilə atası Cavabdeh uşağın anası İddiaçı iştirakı ilə hər ayın ilk bazar günü saat 11:00-dan 13:00dək uşağın yaşayış yeri üzrə mənzil şəraitində ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış rəsmi nikaha Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu onun himayəsində saxlanılmışdır. Daha sonra cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu ilə ünsiyyətdə olmaq tələbi ilə bağlı Bakı şəhər Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və Binəqədi Rayon Məhkəməsinin 2(001)-4824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X4 oğlunun 3 (üç) yaşına çatanadək onun iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan saat 14:00-dək mənzil şəraitindən kənar, övladı 3 (üç) yaşına çatandan sonra isə sərbəst şəkildə, Cavabdeh özünün müəyyən edəcəyi məkanda, onun iştirakı olmadan hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. O da bilir ki, uşağın atası ilə ünsiyyət hüququ vardır. Lakin, cavabdeh azyaşlı, südəmər övladı ilə görüş zamanı səsini qaldırır, qapını möhkəm çırpır, özünü normal şəkildə idarə edə bilmir. Buna görə də südəmər, körpə uşaqda qorxu, stres, həyəcan hissi və diksinmələrin yaranmasına səbəb olur. Cavabdehlə ünsiyyətdə olmaq südəmər, körpə uşağın psixologiyasına mənfi təsir göstərir. Cavabdeh çox aqressiv, əsəbidir. Cavabdehin psixi durumu normal deyildir. Cavabdeh hətta uşağı qaçıracağını və ona göstərməyəcəyini dəfələrlə bildirmişdir. Bu səbəbdən övladı üçün, uşağın sağlamlığı, gələcəyi üçün olduqca narahatdır. Azyaşlı, körpə uşağın o cür ata ilə ünsiyyətə cəlb olunması, atanın bu davranışları uşağın tərbiyəsinə, mənafeyinə tamamilə ziddir. Hesab edir ki, Cavabdeh uşağın psixi inkişafına mənfi təsir edir və buna görə də uşaqla ünsiyyətinə müvəqqəti məhdudiyyət qoyulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(060)-162/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(060)-162/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı iddia ərizəsinə uyğun apellyasiya şikayəti verərək həmçinin qeyd etmişdir ki, cavabdeh 1990-cı il təvəllüdlüdür, Sumqayıt qeydiyyatındadır. Uşaq hər dəfə cavabdeh ilə görüşdürüləndə ağlayır, cavabdehlə getmək istəmir. Cavabdehlə görüş uşağın psixologiyasına çox pis təsir edir. Uşağın cəmi 2 yaşı var. Hesab edir ki, cavabdeh uşağın psixi inkişafına mənfi təsir edir və ona görə də onun uşaqla ünsiyyəti müvəqqəti məhdudlaşdırılmalıdır. Uşaq cavabdehlə ünsiyyət zamanı dayanmadan ağlayır, ata ilə görüş uşağa pis təsir edir, cavabdeh uşağa oyuncağı göstərib vermir, tutub əlindən alır, uşağın psixologiyasını pozur, belə olduğu halda uşağının normal böyüməsi onu qayğılandırır. Cavabdeh görüş hüququnu onunla prinsip aparmaq, uşağı bəhanə edib arada gərginlik yaratmaq üçün istifadə edir. Odur ki, uşaqla cavabdehin görüş hüququ məhdudlaşdırılmalıdır. Cavabdeh uşağın qayğısına qalmır, sadəcə onları incitmək, prinsip aparmaq üçün görüş hüququndan sui-istifadə edir. Cavabdehin alimenti vaxtında ödəməsi hələ görüş hüququ üçün təməl əsas hesab edilə bilməz. Məhkəmə yanlış qənaətə gəlmişdir. Qətnamədə əsassız mülahizələr sadalanmış və işə aidiyyatı olmayan məsələlərə toxunulmuşdur. Məhkəmə qətnamədə ayrı-ayrı normalara istinad etsə də, uşaqla cavabdehin görüşünün məqsədəuyğunluğunu əsaslandıra bilməmiş, qəyyumluğun rəyini əsas tutub mülahizələr əsasında qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə yazır ki, iddiaçı cavabdehin uşağa ziyan vurmasını sübut edə bilməmişdir. Lakin bildirir ki, psixi sağlamlığın pozulmasının fəsadları zamanla ortaya çıxır, uşağın psixologiyasının pozulması həmin dəqiqə deyil, uşaq böyüdükcə tədricən hiss olunur. Bu da uşağın natamam inkişafına səbəb olur. Məhkəmənin qənaətinə görə, hökmən fəsad indi baş verməlidir ki, atanın görüş hüququ məhdudlaşdırılsın. Hesab edir ki, belə yanaşma ədalətli deyil. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkmə iclasının təxirə salınmasını xahiş etmişdir.Lakin bunula əlaqədar məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu adlı övladları vardır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-565/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X4 oğlunun ananın yanında qalması və Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə qədər tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən başlayaraq isə 193 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh övladı - xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu ilə uşaq 3 (üç) yaşına çatanadək ananın iştirakı ilə hər həftənin bazar günü saat 11:00-dan saat 14:00-dək mənzil şəraitindən kənar, xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu 3 (üç) yaşına çatandan sonra isə sərbəst şəkildə, Cavabdeh özünün müəyyən edəcəyi məkanda, ananın iştirakı olmadan hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq (görüş) hüququ verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 488 №-li, xx.xx.2023-cü il tarixli rəyi ilə göndərilən müayinə aktından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. Mənzildə Cavabdeh ilə birgə anası – 1960-cı il təvəllüdlü X2, qardaşları – 1982-ci il təvəllüdlü X1 və 1986-cı il təvəllüdlü X6 yaşayır. Mənzildə yaşayan şəxslər uşağın onlarla ünsiyyətinə etirazı olmadıqlarını, onu çox sevdiklərini bildirmişlər. Ailə səmimi, mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 488 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Komissiya Cavabdeh övladı xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu ilə ünsiyyət müddətinin azaldılmasını məqsədəuyğun hesab etmir. Birinci instansiya məhkəməsi qətnaməsində onu da qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki,cavabdeh atalıq hüququndan məhrum edilməmiş, onun övladı üzərində atalıq hüququnu həyata keçirmək hüququ vardır. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin konstitusion hüquqları müdafiə edilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən valideynlərin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas məqsədi valideynlərin uşaqların böyüdülməsində, sosial mühitə adoptasiyasında, cəmiyyətə fiziki, psixi sağlam fərd kimi inteqrasiyasında, onun əxlaqi inkişafına zərər yetirən hər hansı bir cəhətdən uzaqlaşdırılmasında, mənəvi təlabatlarının ödənilməsindəki rolunun ön plana çıxarılmasıdır. Qeyd edilən məqsədlərin realizasiyasında hər iki valideynin iştirakı vacib olmaqla yanaşı, həm də mütləqdir. Bu baxımdan da iddiaçının övladlarına münasibətdə valideynlik borclarının yerinə yetirilməsində, eləcə də valideynlik hüquqlarının həyata keçirilməsində iştirak etmək istəyi, tələbi haqlı olmaqla yanaşı, həm də təbiidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi cavabdehlə görüşün uşağın psixologiyasına çox pis təsir etməsi kimi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı buna dair sübutları məhkəməyə təqdim etməmişdir, həmçinin iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 488 №-li, xx.xx.2023-cü il tarixli rəyindən də görünür ki, uşaqla ünsiyyətdə olmaq cavabdehin qanunvericiliklə tanınan hüququdur və onun övladı ilə ünsiyyətdə olmasına mane törədən hal Komissiya tərəfindən aşkarlanmamışdır. Bundan əlavə Komissiya Cavabdeh övladı xx.xx.2021-ci il təvəllüdlü X4 oğlu ilə ünsiyyət müddətinin azaldılmasını məqsədəuyğun hesab etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(060)-162/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-840/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-840/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver