Məhkəmə qərarları › İş №2(105)-843/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-843/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-843/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcu ödəməkdən azad edilmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-463/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcu ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, aliment təyin olunduğu xx.xx.2021-ci il tarixdən bu günədək yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü qızı X1 ilə bağlı bütün xərcləri şəxsən özü çəkdiyinə görə Cavabdeh olan 1600 manat aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5317/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat məbləğində alimentin ondan tutularaq X5 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3131/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sevinc Cavadova ilə nikahda olduqları dövrdə 5 uşağı anadan olmuşdur. xx.xx.1997-ci il təvəllüdlü qızı Mələk Cavadova 2021-ci ildə ailə qurub əri ilə Ceyranbatan qəsəbəsində yaşayır. xx.xx.2001-ci il təvəllüdlü oğlu Mühəmməd Cavadov 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, 2021-i ilin iyun ayında müddətli həqiqi hərbi xidmətdən qayıtmışdır. xx.xx.2004-cü il təvəllüdlü qızı Fatimə Cavadova 2022-ci ildə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 40 saylı tam orta məktəbi bitirmişdir. 2022-ci ilin iyun ayının 27-də cavabdeh Sevinc Cavadova iki azyaşlı qızları Rüqəyyə və Rübabı götürüb evdən çıxıb getmişdir. Bildirir ki, o, ailə qurduqları xx.xx.1996-cı ildən evdən çıxıb getdiyi xx.xx.2022-ci il il tarixədək heç bir yerdə işləməmişdir. Bu müddətdə 5 uşağın bütün saxlanması xərclərini o özü çəkmişdir. Boşanma barədə məhkəməyə müraciət etdikdən sonra Fatimə adlı övladına o özü baxır, onun bütün ehtiyaclarını ödəyir. Oğlu Mühəmməd və xx.xx.2004cü il təvəllüdlü qızı Fatimə bu gün də onunla birlikdə yaşayır. Ailə münasibətlərinin pozulmasının başlıca səbəbi cavabdehin bir ər kimi onu saymaması, qızlara qarşı kobud davranması və onları döyməsi olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-863/2022 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X9 xx.xx.2022ci il tarixdə təxminən saat 23:10 radələrində X4 qolundan 2-3 dəfə vurmuş və daha sonra dırnağı ilə hər iki əlinin üst nahiyyəsindən sıxaraq ona ağrı vermiş, onun haqqında xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, zərərçəkənlə barışdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzbati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh Sevinc Cavadovaya iki azyaşlı qızına görə aliment göndərsə də, Fatiməyə görə ona aliment göndərməmişdir. Cavabdehin məhkəməyə müraciət etdiyi gündən əvvəl və ondan sonra da azyaşlı uşaqlarla evdən çıxıb getdiyi xx.xx.2022-ci il tarixədək evə bütün ərzaq məhsullarını aldığını və uşaqların bütün digər ehtiyaclarını ödəməyini məhkəmədə oğlu Mühəmməd və qızı Fatimə təsdiq edəcəkdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 196547 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X7 aid hissədə X3 1600 manat aliment borcu vardır. Qızı Fatimənin və oğlu Mühəmmədin hazırda onunla yaşaması qonşular tərəfindən tərtib olunmuş MİS tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli arayışıla təsdiq olunur. Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-463/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2004-cü il təvəllüdlü qızı X1 ilə bağlı bütün xərcləri şəxsən özü çəkdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə Cavabdeh olan 1600 manat aliment borcunu ödəməkdən azad edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-463/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə dindirilmiş hər iki şahid ona qarşı qərəzli mövqedədir. Hətta şahid X11 ilə onun arasında məhkəmədə İXMnin 157-ci maddəsi ilə inzibati iş olmuşdur. Onların iddiaçının xeyrinə ifadə verməsi gözləniləndir. Ona görə də hesab edir ki, şahid ifadələri mötəbər sübut kimi qəbul oluna bilməz. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin İddiaçı tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə gedişatında müəyyən olundu ki, o, xx.xx.2022-ci ildə yaşadığı mənzili tərk etmişdir. Həmin müddətə kimi tərəflər bir mənzildə yaşayıblar. Məhkəmə iki nəfər qərəzli şahidin ifadəsinə əsasən qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə ən yaxşı halda xx.xx.2022-ci il tarixdən sonra yaranmış aliment borcunu silə bilərdi. Lakin məhkəmə iddia tələbini əsassız olaraq tam təmin etmişdir. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin İddiaçı tutularaq X5 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-863/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Fatimə Cavadova zərərçəkmiş şəxs olmuş, o Sevinc Cavadova ilə barışdığı üçün icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 196547/07 saylı arayışdan görünür ki, borclu İddiaçı tələbkar Cavabdeh ümumilikdə 2870 manat aliment pulu ödəmiş, onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək X7 aid hissədə 1600 manat, digər iki uşağa aid hissədə idə 330 manat aliment borcu vardır. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016- cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin İddiaçı tutularaq X5 verilməsi qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. 2022-ci ilin iyun ayında Cavabdeh Rüqəyya və Rübab adlı övladları ilə birlikdə yaşadıqları evdən çıxıb getmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə yetkinlik yaşına çatmayan Fatimənin saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, Fatimə atasının yanında qalmış, onun bütün xərclərini atası qarşıladığı üçün iddiaçı tərəfindən həmin uşağın saxlanılması üçün ödəməli olduğu alimenti ödəməmişdir. İddiaçı Cavabdeh ümumilikdə 2870 manat aliment pulu ödəmiş, onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək X7 aid hissədə 1600 manat, digər iki uşağa aid hissədə idə 330 manat aliment borcu yaranmışdır. Birinci instansiya məhkəməsi İddiaçı aliment təyin olunduğu xx.xx.2021-ci il tarixdən bu günədək xx.xx.2004-cü il təvəllüdlü qızı X1 ilə bağlı bütün xərcləri şəxsən özü çəkdiyinə görə Cavabdeh olan 1600 manat aliment borcunu ödəməkdən azad edilməli olmasını qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrindən də göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016- cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin İddiaçı tutularaq X5 verilməsi qət edilmiş, 2022-ci ilin iyun ayında Cavabdeh Rüqəyya və Rübab adlı övladları ilə birlikdə yaşadıqları evdən çıxıb getmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə yetkinlik yaşına çatmayan Fatimənin saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, Fatimə atasının yanında qalmış, onun bütün xərclərini atası qarşılamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə birgə yaşağı evi xx.xx.2022-ci ildə tərk etdiyini, həmin müddətə kimi onların bir mənzildə yaşadıqlarını, məhkəmənin ən yaxşı halda xx.xx.2022-ci il tarixdən sonra yaranmış aliment borcunu silməli olduğunu bildirmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 02 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016- cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin İddiaçı tutularaq X5 verilməsi qət edilsə də, tərəflər xx.xx.2022-ci il tarixə kimi bir mənzildə yaşamışlar, xx.xx.2022-ci il tarixdə cavabdeh Rüqəyya və Rübab adlı övladlarını da götürürək iddiaçı ilə birgə yaşadığı evi tərk edərək getmişdir. Göründüyü kimi tərəflər xx.xx.2022-ci il tarixə kimi bir yerdə mənzildə yaşadıqlarından iddiaçı həmin müddətədək X4 bütün xərclərini də qarşılamışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-463/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar