Məhkəmə qərarları › İş №2(105)-843/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-843/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-843/2024 16.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit məbləğdə tutulması və sair” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(067)-598/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 17 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay 300 manat olmaqla, X3 müalicəsi üçün əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 24 noyabr 2018-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 17 avqust 2019 cu ildə X6 anadan olmuşdur. Birgə yaşadıqları ilk vaxtlarda mehriban yaşamışlar. Lakin sonralar cavabdeh ona qarşı fiziki zor və şiddət tətbiq etməyə başlamışdır. Bununla əlaqədar Xaçmaz rayon polis idarəsində araşdırma aparılmışdır. Artıq 6 aya yaxındır azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında qalır. Cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilmir. Səlist danışlar, nitq və Psixologiya Akademiyasının xx.xx.2023-cü il tarixli, 44 №li arayışından görünür ki, uşaq orada müalicə olunur və hər ay 1000 manat vəsait tələb olunur. Ona görə də hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən tutulmalıdır. İş üzrə İddiaçı vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 17 avqust 2019 cu il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması və X3 müalicəsi üçün hər ay 500 manat, cəmi 800 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(067)-598/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 17 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 dekabr 2023-cü ildən başlayaraq Cavabdeh hər ay 190 manat məbləğdə sabit alimentin tutularaq İddiaçı ödənilməsi, həmçinin Cavabdeh X3 müalicəsi üçün hər ay 250 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, cavabdehdən 42,80 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin alimentə aid hissəsinin dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Əliyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(067)-598/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda Hərbi vətənpərvərlik və mütəxəsis hazırlğı mərkəzinin Şabran rayon filialında direktor müavini vəzifəsində çalışır və aylıq əmək haqqı 370 manat təşkil edir. Aliment məbləği əmək haqqına uyğun təyin edilməmiş və onun maddi vəziyyəti nəzərə alınmamışdır. Qanunvericiliyin tələbinə əsasən bir uşağa görə alimentin məbləği əmək haqqının ¼ hissəsi müəyyən edilsə də, o, könüllü olaraq 120 manat ödəmək iqtidarındadır. Hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Qanunvericiliyin tələbinə əsasən əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. İddiaçı övladlarının saxlanılması üçün alimentin təyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi hər ay bir uşaq üçün 190 manat aliment, 250 manat müalicə pulu tutulması qənaətinə gəlmişdir. Hazırda maddi vəziyyəti aşağı olduğu üçün göstərilən məbləğləri heç cür ödəyə bilmər. Onun maddi imkanının aşağı olması bir valideyn kimi məsuliyyətdən azad etməsə də, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki alimenti vaxtlı-vaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşağın maddi tələbatının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Çünki, uşağın saxlanılması, onların maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır. Odur ki, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləği 120 manat müəyyən edilməli, müalicə pulu isə ümumiyyətlə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi oktyabr ayında özəl baxçadan alınmış arayışla, övladının xəstə olmasını və müalicə almasını müəyyən etmişdir. Bu isə absurddur. Çünki insanın xəstəliyi yalnız həkim komissiyası tərəfindən qoyulmuş diaqnoz əsasında müəyyən edilə bilər. Hazırda dövlətimizdə kifayət qədər dövlət hesabına baxçalar mövcuddur və övladının özəl baxçada olması zərurəti yoxdur. Həmçinin alimentin və müalicə pulunun alınması ilə bağlı qarşı tərəf məcburi mediasiya sessiyasından keçməmişdir. Birinci instansiya məhkəməsi bütün bu göstərilənlər nəzərə almamış, kifayət qədər araşdırma aparmadan formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etmişdir İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə teleqram ünvanlayaraq övladının səhhəti ilə əlaqədar ona baxdığından məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməlidir. İş materiallarında olan AZ-İV 336155 nömrəli Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 17 avqust 2019 cu il təvəllüdlü X6 anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan “X8 və Psixologiya Akademiyası”nın xx.xx.2023-cü il tarixli 44 nömrəli arayışından müəyyən olunur ki, X6 4 sentyabr 2023-cü il tarixdən “Səlist Danışıq” psixologiya və nitq mərkəzində təşkil edilən reabilitasiya dərslərində iştirak edir. Dərlərə nitq terapiyası, sosial, ünsiyyət və öyrənmə bacarıqlarını inkişaf etdirən müxtəlif məşğələlər daxildir. Məşğələlər zamanı digər autizmli uşaqlar kimi, Əlipaşayev Renat da gündəlik özünəbaxım (məsələn paltarları geyinib-soyunmaq, müstəqil şəkildə nahar etmək, ayaqyoluna getmək və s.) vərdişlərinə yiyələnir. Renatda nitqin olmaması və müxtəlif davranış pozuntularının yaratdığı çətinliklərə baxmayaraq o, həftənin beş günü mərkəzdəki dərslərdə iştirak edir. Hal-hazırda da dərslər davam edir. İş materiallarında olan 2 oktyabr 2023-cü il tarixli, ƏİA/5 seriyalı, 747516 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Renat Əlipaşayevə edilən xidmətlərə (psixoloq, loqoped, duyusal terapiya) görə 1000 manat pul köçürülmüşdür. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli 001 nömrəli arayışdan görünür ki, 17 avqust 2019-cu il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin baş psixoloqu Ülviyyə Əlifxanova tərəfindən konsultasiya olunub. xx.xx.2021-ci il tarixindən psixopedaqoq Jalə Məmmədovanın yanında terapiya keçib. Bir müddət fasilədən sonra xx.xx.2023-cü il tarixindən etibarən yenidən psixoloq Nuranə Abdullayeva və psixopedaqoq Jalə Məmmədovanın yanında terapiya keçməyə başlayıb. X3 uzunmüddətli terapiyalara davam etməsi tövsiyə olunur. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli 001 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “X9 Mərkəzi”ində loqoped seanslarında olmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən ümumilikdə hansı səbəbdən alimentin 190 manat və X3 müalicəsi üçün isə cavabdehdən hər ay 250 manat tutulmaslı olmasının müəyyən olunmasını, cavabdehin maddi və sosial vəziyyətini tam aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini, cavabdehin maddi vəziyyətini, elektron informasiya sistemindən alınmış məlumata əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “direktor müavini” vəzifəsində işləməklə aylıq əmək haqqının 370.0 manat olmasını nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməli, iddia qismən təmin edilməli, Cavabdeh X3 müalicəsi üçün hər ay 200 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qətnamə digər hissədə dəyişdirilmdən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin 12-ci vərəqində olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışda “boşanma və aliment tələbi” ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 18:00-19:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh beş gün əvvəl xəbərdar olunmasına baxmayaraq iştirak etmədiyi göstərilmişdir. Bundan əlavə həmçinin iddiaçı tərəfindən məhkəmə kollegiyasına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəlii X2 xx.xx.2024-cü il tarixli, 1/1316 №-li rəyi göndərilmiş və həmin rəyə əsasən xx.xx.2019-cu il təvəllüdlü X4 “Uşaq autizmi. Kanner sindromu. Davranış pozuntuları” diaqnozu qoyulmuşdur. Bununla əlaqədar həmçinin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin İddiaçı ünvanladığı 18-1/2-7-12xx-xx-3911/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sizin övladınızın müayinə və müalicəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2024-cü il tarixli və 3/Ə/511 nömrəli məktuba “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, loqoped və psixoloq xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməmişdir. Övladınızın digər xəstəliklərinin müalicəsi ilə bağlı Xidmətlər Zərfinə daxil edilmiş tibbi xidmətlərdən yararlanması üçün qeydiyyatda olduğunuz tibb müəssisəsinə müraciət edə bilərsiniz. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlər TƏBİB tabeliyindəki tibb müəssisələrində ödənişli əsaslarla həyata keçirilir. Ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri ilə bağlı ətraflı məlumatla its.gov.az rəsmi saytının "Qanunvericilik" hissəsinin “Tibbi xidmətlərin siyahısı və tarifləri" bölməsində tanış ola bilərsiniz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(067)-598/2024 nömrəli qətnaməsi “Cavabdeh X3 müalicəsi üçün hər ay 250 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh X3 müalicə aldığı dövrdə müalicəsi üçün hər ay 200 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar