Məhkəmə qərarları › İş №2(105)-864/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-864/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-864/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(012)-4001/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(012)-4001/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə 529 nömrə ilə Cəlilabad rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, birgə nikahdan anadan olmuş 26 oktyabr 2011-ci il təvəllüdlü X3 və 15 fevral 2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 26 oktyabr 2011-ci il təvəllüdlü X3 və 15 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə verildiyi-04 iyun 2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən aparılmış cəmi 27751.41 manat ödəniş məbləğində tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməklə, həmin hissəyə uyğun 13875,70 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 29 noyabr 2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat Şöbəsində 529 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların onun yanında qalması, birgə nikahdan 26 oktyabr 2011-ci il tarixdə doğulmuş X3 və 15 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq Cavabdeh hər bir uşaq üçün, hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, 10 saylı mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilin 1/3 hissəsinə onun mülkiyyət hüququnun tanınması (payın müəyyən edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 noyabr 2010-cu il tarixdə nikaha daxil olmuş və nikahları Cəlilabad rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Rəsmi nikahları bağlandıqdan sonra cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından 26 oktyabr 2011-ci il tarixdə X6 və 15 fevral 2014-cü il tarixdə X5 anadan olmuşlar. Ailə münasibətləri bir müddət yaxşı olsa da, sonralar cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Onlar faktiki olaraq bir ailə kimi yaşamırlar. Hazırda cavabdehlə ailə münasibətlərini bərpa etmək qeyrimümkündür, aralarında olan nikah formal xarakter daşıyır, ailə münasibətlərinin bərpa edilməsi və ər-arvad kimi birgə yaşamaları mümkün deyildir. Birgə nikahları dövründə cavabdehin adına Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8 ünvanında yerləşən 10 saylı mənzil əldə edilmişdir. Həmin mənzildə ailə münasibətləri pozulanadək bir yerdə yaşamışlar. Belə olduqda birgə mülkiyyətlərində olan Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, 10 saylı mənzilə onun və uşaqlarının mənafeyi nəzərə alınmaqla payı 1/3 hissə kimi müəyyən edilməlidir. İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat Şöbəsində 529 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların İddiaçı yanında qalması, birgə nikahdan 26 oktyabr 2011-ci il tarixdə doğulmuş X3 və 15 fevral 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq Cavabdeh hər bir uşaq üçün, hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, 10 saylı mənzilinə dair birgə nikah dövründə, birgə təsərrüfat hesabına ödənilmiş 27751,41 manat pul vəsaitinin ½ hissəsi olan 13875,70 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutlara obyektiv hüquqi qiymət verməmiş və təqdim olunan sübutları qəbul etməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İşdə onun aylıq qazancının 400 manat təşkil etməsi barədə sübut, yəni əmək müqaviləsi bildirişi olsa da, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsininin 76.2-ci maddəsinin tələblərini pozmuş və əsassız olaraq onun qazancının miqdarını nəzərə almadan alimentin sabit pul məbləğində tutulmalı olması qənaətinə gəlmiş və gəldiyi bu nəticəni qətnamədə əsaslandırmamış, onun maddi vəziyyətini nəzərə almadan hər bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment təyin etmiş və iş üçün əhəmiyyətli olan qeyd edilən hal məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə birgə nikah dövründə əldə olunmuş mənzillə bağlı ödənilmiş kredit məbləğinin miqdarını düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə onun nikahdan əvvəl "xxxx"da depozit hesabında olan 15.750,70 ABŞ dolları məbləğində pulu 2012-ci ilin oktyabr ayında çıxarmağı və həmin puldan xx.xx.2013-cü il tarixdə 9.688,88 manat əsas borc, 231,98 faiz borcu olmaqla, cəmi 9.820,86 manat miqdarında kredit ödənişi etməyini təsdiq edən sübutları nəzərə almamış və nəticədə birgə nikah dövründə əldə olunmuş mənzillə bağlı ödənilən kredit məbləğində payların tərəflər arasında bölüşdürülməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Yəni birgə nikah dövründə ödənilən ümumi kredit məbləğindən onun nikahdan əvvəl depozit hesabına qoyduğu və nikah dövründə depozit hesabdan çıxararaq ödədiyi 9.820.86 manat ümumi ödənilmiş 27.751,41 manatdan çıxılmaqla, qalan 17.930,55 manat ödənilmiş kredit məbləği tərəflər arasında bölünməli idi. Lakin məhkəmə qeyd olunan faktlarla bağlı məhkəməyə təqdim etdiyi sübutları əsassız olaraq nəzərə almamış və bununla bağlı sübutlara, ümumiyyətlə, qətnamədə hüquqi qiymət verilməmişdir. Məhkəmənin həm alimentin miqdarının müəyyən edilməsi və nikah dövründə əldə olunmuş əmlaka görə ödənilmiş kredit məbləğinin tərəflər arasında bölünməsi barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmənin təyin etdiyi alimentin miqdarı nə aylıq qazancına, nə də real vəziyyət nəzərə alınmaqla sabit pul məbləğinə uyğun deyildir. Onun nikah dövründən əvvəl "xxxx"ın depozit hesabında 15.750,70 ABŞ dolları pulunun olması və həmin vəsaiti xx.xx.2012-ci ildə hesabdan çıxarmağı, həmin vəsaitdən faiz borcu ilə birlikdə ümumilikdə 9.820,86 manat kredit ödəməyi konkret faktlar və sübutlarla təsdiq edilir. Belə ki, nikah dövründə əldə olunmuş əmlakla bağlı kredit ödənişləri üzrə cədvələ də baxdıqda, yalnız həmin dövrdə onun yüksək məbləğdə kredit ödənişi etdiyi təsdiq olunur. Lakin məhkəmə bu halı nəzərə almamış, bununla da ədalətli məhkəmə araşdırılmasını təmin etməmiş, sübutlara birtərəfli, qeyri-obyektiv hüquqi qiymət verməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin alimentin miqdarının müəyyən edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlaka görə ödənilmiş kredit məbləğinin tərəflər arasında bölünməsi ilə bağlı hissədə dəyişdirilərək, alimentin aylıq qazancının 1/3 hissəsinə uyğun müəyyən edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka görə ödənilmiş kredit məbləğinin 17.930,55 manat müəyyən edilməklə, həmin məbləğin tərəflər arasında bərabər bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalı, qətnamə mənzilin alınmasına sərf olunmuş vəsaitin birgə nikah dövründə ödənilmiş kredit məbləğinin bölünməsinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin alimentə və birgə nikah dövründə əldə olunmuş əmlaka görə ödənilmiş kredit məbləğinin tərəflər arasında bölünməsinə aid hissədə dəyişiklik edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Həsənova (Zeynalova) Afaq Cəfərqulu qızı arasında olan nikah xx.xx.2010-cu il tarixdə Cəlilabad rayon Qeydiyyat Şöbəsində bağlanılaraq 529 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 26 oktyabr 2011-ci il tarixdə X6 və 15 fevral 2014-cü il tarixdə X5 anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Zeynəlabdin Tağıyev küçəsi, 8 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1142 nömrəli reyestr kitabının 103520 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh ünvanlanmış məktubdan görünür ki, onun ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil üzərində adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, 4Ə- 01-31 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə **********99 05101 093003 reyestr nömrəsi ilə qeydiyyata alınmış və həmin mənzil "xxxx" ASC-nin “Həyat” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, xx.xx.2012-ci il tarixdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi üçün Siz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və Abşeron rayonu Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, mənzil 10 (əvvəlki ünvanı ünvan 4l 10) ünvanında yerləşən həmin mənzil üzərində onun adına xx.xx.2012-ci il tarixli, **********17 05101-093007 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzil "xxxx" ASC-nin "Həyat" filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və hazırda girovdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, 8 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh fiziki şəxs olan X4 tərəfindən xx.xx.2021-ci il tarixdə 1 il müddətinə mühasib vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 400 manat müəyyən edilmişdir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 36500 manat kredit verilmişdir. xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri Vəkil1 prospekti, ev 8, mənzil 10 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək 16557.91 manat əsas, 11.193.50 manat faiz məbləği ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh xx.xx.2021-ci il tarixdə 1 il müddətinə mühasib vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 400 manat müəyyən edilmişdir. Digər tərəfdən, tərəflərin nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olması, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət, təhsil qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə isə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində alimentin aylıq qazancının 1/3 hissəsinə uyğun tutulmasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbi alimentin sabit pul məbləğində tutulması barədə olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi miqdarda, yəni hər ay alimentin aylıq qazancının 1/3 hissəsinə uyğun tutulması uşaqların mənafeyinə uyğun deyildir, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli sayıla bilməz və yuxarıda qeyd edilən qanunların tələblərinə ziddir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələblərindən biri də Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, 10 saylı mənzilinə dair birgə nikah dövründə ödənilmiş 27751,41 manat pul vəsaitinin ½ hissəsi olan 13875,70 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər 29 noyabr 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş, birgə nikahlarından 26 oktyabr 2011-ci il tarixdə X6 və 15 fevral 2014-cü il tarixdə doğulmuş X5 anadan olmuş, Cavabdeh nikaha daxil olmazdan əvvəl "xxxx" ASC-nin “Həyat” filialından götürülmüş kredit hesabına xx.xx.2010-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Vəkil1 prospekti, 8 saylı evin 10 saylı mənzilini almışdır. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikahda olduqları müddətdə, xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək 16557.91 manat əsas, 11193.50 manat faiz məbləği olmaqla, cəmisi 27751,41 manat ödəniş aparılmasını müəyyən edərək həmin məbləğin ½ hissəsi olan 13875,70 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş hesabdan çıxarışlardan görünür ki, nikaha daxil olmazdan əvvəl Cavabdeh depozit hesabında 15.750,70 ABŞ dolları məbləğində pul vəsaiti olmuş, Cavabdeh xx.xx.2013-cü il tarixdə həmin depozit hesabından 9875 manat çıxarmış və xx.xx.2013-cü il tarixdə kredit üzrə 9688,02 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, tərəflər birgə nikahda olduqları müddətdə ödənilmiş 9688,02 manat kredit məbləği onların birgə nikahda olduqları müddətdə qazanılmış vəsait olmadığından həmin məbləğ tərəflər arasında bərabər şəkildə bölünə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi mənzilin alınmasına sərf olunmuş vəsaitin birgə nikah dövründə ödənilmiş kredit məbləğinin bölünməsinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflərin birgə nikahda olduqları müddətdə, xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək 16557.91 manat əsas, 11193.50 manat faiz məbləği olmaqla, cəmi 27751,41 manat ödəniş aparıldığından, həmin məbləğin 9688,02 manatı onların birgə nikahda olduqları müddətdə qazanılmış vəsait olmadığından bu məbləğ 27751,41 manatdan çıxılaraq qalan məbləğin ½ hissəsi, yəni 9031,69 (27751,41 manat - 9688,02 manat) : 2) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalı, qətnamə mənzilin alınmasına sərf olunmuş vəsaitin birgə nikah dövründə ödənilmiş kredit məbləğinin bölünməsinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(012)-4001/2021 saylı qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə mənzilin alınmasına sərf olunmuş vəsaitin birgə nikah dövründə ödənilmiş kredit məbləğinin bölünməsinə aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi bu hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9031,69 (doqquz min otuz bir manat 69 qəpik) manat tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar