Məhkəmə qərarları › İş №2(105)-880/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-880/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-880/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(074)-238/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında olan nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin avqust ayının 31-i günündə 116 nömrə ilə qeyd edilmişdir. Cavabdeh hazırda rəsmi işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır.

3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-727/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

5. Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(074)-238/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(074)-727/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin tutulma qaydasının dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi uşağın saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, hazırda işləməməsini və onun aylıq gəlirinin dəyişkən olmasını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq, iddianı qismən təmin etmişdir.

7. Birinci instansiya məhkəməsi mübahisənin həllində Ailə Məcəllənin 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

8. Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(074)-238/2024 nömrəli qətnaməsinin qismən ləğv edərək uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladını saxlamaqdan imtina etmir. Lakin uşaqları saxlamaq ata və ananın birgə borcudur. İşləmir, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq haqqında elektron arayışından da görmək olar. Özü müxtəlif vaxtlarda və bu gündə daxil olmaqla Bakı şəhərində müalicə alır. İşsiz ola-ola alimentin bu qədər yüksək məbləğdə kəsilməsi yaşamaq hüququnu məhdudlaşdırır. Uşağına ayda 100 manat alimentin ödənilməsinə razıdır. Bu çətin də olsa gücü çatar. Məhkəmə məsələyə təktərəfli yanaşmamalıdır. Hər iki tərəfin mənafeyini, maddi və sosial şəraitini nəzərə almalıdır. Hüquqların bərabərliyinin qorunduğu Azərbaycan Respublikasında qadın və kişinin eyni hüquq və azadlıqları olduğu kimi uşaqları saxlamaqda qadın və kişinin birgə borcudur. Qadını bu sosial xərclərdən kənarda qoymaq bütün xərcləri maddi vəziyyəti hədsiz çətin olan, işsiz, qayğı və sosial problemlərini zorla çatdıran, həkimlərdə müalicə alan kişiyə kobud desək (yükləmək) insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Qanunun da tələblərindən bəlli olur ki uşağı saxlamaq tək atanın vəzifəsi deyil hər iki valideyinin valideyinlik borcudur. Övladına aliment ödəməkdən boyun qaçırmır, sadəcə işsizdir, işləmir, ailəsinı ondan baqa qazanc gətirən yoxdur. Bu çətin şəraitdə yenə borc xərc edib övladının alimentin yayındımamışdır. Lakin alimentin miqdarının artırılması onu hədsiz dərəcədə çətin maddi vəziyyətə salacaqdır. Belə olan halda problemsiz vaxtlı-vaxtında ödəyi aliment borclarında gecikmələr yaranacaq, hətta ümumiyyətlə həmin məbləği ödəyə bilməyəcəkdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ana və atası ilə yaşayır, anasının 70, atasının 65 yaşı var, atası 3 dəfə infarkt keçirmiş, anası təqaüdçüdür. Atası təqaüd almır, anası 340 manat təqaüd alır. Kənd sakinin təsərrüfatına baxır, aylıq 200 manat qazancı olur. Evin tək oğludur, valideynlərini tək qoyub başqa yerə işləməyə gedə bilmir. Nikahdan olan uşaq əvvəl onun himayəsində olmuş, 2023-cü ilin sentyabr ayında uşağı iddiaçıya qaytarmışdır. Əvvəl mühafizə polisində işləyib, 562 manat qazancı olub, iddiaçının şikayətlərindən sonra işdən çıxıb. Başqa qazancı yoxdur. Hər ay 100 manat aliment ödəyə bilər. İddiaçı özü də işləyir. Ailəsi ilə barışmasını da istəyir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

16. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(074)-238/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni aliment məbləği hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasındakı nikahdan xx.xx.2019-cu il təvəllüdlü Gözəl adlı uşaq doğulmuş, tərəflrə arasındakı nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 116 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Ömərov”, arvada “Cəbrayılova” soyadı verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(074)-727/2021 saylı qətnaməsi ilə 30 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir.

23. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan isə görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Cavabdeh alınaraq X2 himayəsinə verilmişdir. Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi üçün borclunun gəlirinə yönəldilməsi mümkün olmamışdır. Belə ki, borclu xx.xx.2022-ci il tarixli əmr ilə xidmətdən xaric edilmişdir. Buna görə də iddiaçı cavabdehin gəlirlərinin dəyişkən olmasını əsas gətirərək, müəyyən edilmiş aliment məbləğinin sabit pul məbləğində ödənilməsini xahiş etmişdir.

24. Məhkəmə uşağın saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, cavabdehin hazırda işləməməsini və onun aylıq gəlirinin dəyişkən olmasını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq iddianı qismən təmin etmişdir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə alimenti sabit məbləğdə müəyyən edərkən düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olması, maddi vəziyyətinin aşağı olması, qazancının az olması, valideynlərinə baxması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2024-cü il üçün isə müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin qanunvericiliklə 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləğinə münasibətdə 180 manat müəyyən edilməsi iddiaçının uşağın saxlanmasında iştirak etməməsi ilə bağlı cavabdehin dolayı dəlilinin əsassız olmasını təsdiq etməkdədir. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(074)- 238/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(074)-238/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar