Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-891/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Adıgözəlova Xuraman Bəhlul qızına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X1 və X oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(028)-10/2023 nömrəli qətnaməsindən cavabdeh Adıgözəlova Xuraman Bəhlul qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin baş təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Adıgözəlova Xuraman Bəhlul qızı Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə eyni ünvanda birlikdə yaşadığı gəlinləri İddiaçı yaşadığı ünvanda saxladığı ona məxsus 7000 manat götürdüyünü aşkar etmişdir. Həmin qərarla oğurluq faktı öz təsdiqini tapmadığından, habelə toplanmış təhqiqat materialında cinayət hadisəsi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış Adıgözəlova Xuraman Bəhlul qızı bildlrmişdir ki, vəfat edən atasının əmək haqqısının müəyyən bir hissəsini toplamış, həmin pulun məbləği 7000 manat olmuşdur.Həmin pulu qardaşı Cavabdeh1 və gəlini İddiaçı yataq otağında taxta dolabın içərisində saxlamışdır. xx.xx.2021-ci il tarixdə pulun öz yerində olmadığını görmüş, bu barədə qardaşı Cavabdeh1 bildirmişdir. Qardaşı bu barədə gəlini İddiaçı soruşmuş, o da pulu görmədiyini demişdir.Bu zaman İddiaçı narahat olduğu üçün və həmin gün evdə tək olduğu üçün ondan şübhələnmişdir. Natavana ondan şübhələndiyini bildirdikdən sonra o, sabahısı gün anası və bacısı ilə birlikdə yaşadığı evdən getmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildlrmişdir ki, vəfat edən atasının əmək haqqısının müəyyən bir hissəsini bacısı Adıgözəlova Xuraman Bəhlul qızı toplamış, həmin pulun məbləği 7000 manat olmuşdur.Həmin pulu eyni ünvanda birlikdə yaşadığı yataq otağında taxta dolabın içərisində saxlamışdır.xx.xx.2021-ci il tarixdə bacısı pulun öz yerində olmadığını görmüş, bu barədə ona bildirmişdir.O, bu barədə həyat yoldaşı İddiaçı soruşmuş, o da pulu görmədiyini demişdir. Bu zaman İddiaçı narahat olduğu üçün və həmin gün evdə tək olduğu üçün ondan şübhələnmişdir. Natavana ondan şübhələndiyini bildirdikdən sonra o, sabahısı gün anası və bacısı ilə birlikdə yaşadığı evdən getmişdir. Həyat yoldaşı əvvələr bacısı, anası, atasının əmək haqqı kartlarında anasının telefonuna kontur göndərmiş, habelə bacısının kreditə götürərək ona telefon alaraq hədiyyə etmişdir.Bu hallara görə də o, bacısından da şübhələnmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2016-cı ildə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Adıgözəlova Xuraman Bəhlul qızı ilə arasında mübahisələr olmuşdur. xx.xx.2021-ci il tarixdə o, məhkəmə prosesi ilə əlaqədar olaraq validenlərinin evinə getmişdir.Həmin gün axşam saatlarında həyat yoldaşı Cavabdeh1 ona mobil telefonuna zəng edərək baldızı Adıgözəlova Xuraman Bəhlul qızının taxta dolabda corabın içərisində saxladığı pulun olmadığını demiş, o, da pulu görmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, evdə olduğu zaman digər baldızı Lalə onun həmin pulu oğurladığından şübhələndiyi üçün ona aid olan taxta dolabda saxladıqları əşyaları dağıtmışdı, lakin heç nə tapmamışdı. Ailə üzvləri hər biri ondan şübhələndiklərini bildirdikləri üçün o, haqsızlığa dözməyərək anasını və bacısını çağırmış və onlarla valideynlərinin evinə getmişdir.O, pulu oğurlamadığı halda həyat yoldaşı, onun bacısı və anası tərəfindən ona oğurluq etdiyini bildirdikləri üçün üzərinə şər atılması səbəbi ilə özü polisə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona dəymiş məvəvi ziyana görə 2500 manat və Adıgözəlova Xuraman Bəhlul qızından ona dəymiş mənəvi ziyana görə 2500 manat məbləğində pulun, məhkəməyə müraciət üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikaha daxıl olduğu vaxtdan qayınanası X4 və baldızı Adıgözəlova Xuraman Bəhlul qızı ilə aralarında mübahisələr olmuşdur. xx.xx.2021-ci il tarixdə o, validenlərinin evinə qonaq getmişdir. Həmin gün axşam saatlarında həyat yoldaşı Cavabdeh1 onun mobil telefonuna zəng edərək baldızı Adıgözəlova Xuraman Bəhlul qızının taxta dolabda corabın içərisində saxladığı pulun olmadığını demiş, o da pulu görmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, evdə olduğu zaman baldızı Adıgözəlova Xuraman onun həmin pulu oğurladığından şübhələndiyi üçün ona aid olan taxta dolabda saxladıqları əşyaları dağıtmışdı, lakin heç nə tapmamışdı. Ailə üzvləri hər biri ondan şübhələndiklərini bildirdikləri üçün o, haqsızlığa dözməyərək anasını və bacısını çağırmış və onlarla valideynlərinin evinə getmişdir. Bu münaqişənin yaranmasının səbəbkarı gəlinləri Tünzalə Ağayevadır. Belə ki, atasının, anasının, onun və bacılarının qardaşının və onun həyat yoldaşı ilə münasibətləri yoxdur. Atası evi ona və bacılarına bağışlayıb. Onlar qardaşını və onun həyat yoldaşının evdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmişlər. Bununla bağlı Abşeron Rayon Məhkəməsi qardaşına və onun həyat yoldaşına 7000 (yeddi min) manat kompensasiya verməklə evdən çıxarılmaları barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı məhkəmədə qardaşının yoldaşı dəfələrlə ona bildirmişdir ki, onu boşatdıracaq. Bundan əvvəl isə bir neçə dəfə yoldaşının gəlinləri ilə telefon danışığının şahidi olmuşdur. 7000 (yeddi min) manat oğurluq məsələsinin gəlinləri Tünzalə Ağayevadan qaynaqlandığı ortadadır. Atasının evinə gəldikdən sonra Tünzalənin telefonunda onun həyat yoldaşı İlyası inandırmağa çalışdığını eşitmişdi ki, guya o, 7000 (yeddi min) manat oğurlayıb atasıgilə gətirmişdir ki, qardaşına kompensasiya versin. xx.xx.2021-ci il tarixdə qayınana və baldızı etiraf etmişlər ki, onları məhz Tünzalə onun 7000 (yeddi min) manat oğurladığını inandırıb. xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında Tünzalə bildirmişdir ki, İlyasla danışıb, İlyas deyib ki, Natavan 7000 (yeddi min) manat oğurlayıb. O, pulu oğurlamadığı halda həyat yoldaşı, onun bacısı və anasının ona şər atmaları səbəbindən polisə müraciət etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə baldızı Adıgözəlova Xuraman Bəhlul qızı Sumqayıt şəhər polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, guya o, baldıza məxsus olan 7000 (yeddi min) manat pulu götürdüyünü bildirmişdir. Sumqayıt şəhər polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Buna baxmayaraq cavabdehlər hər dəfə qohumların, qonşuların, tanışların yanında onu oğurluq cinayətini törətməkdə günahlandırırlar. Cavabdehlərin bu hərəkətləri onun mənəvi sarsıntı keçirməyinə və bununla bağlı səhhətində müəyyən problemlər yaranmasına səbəb olmuşdur.Bundan başqa onun atası ürək xəstəsi idi, iki dəfə infarkt keçirmişdir. Ona bu şərin atılmağı atasının səhhətini daha da pisləşdirdi və o, xx.xx.2022-ci ildə vəfat etdi. Bütün bunlara görə mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qubadlı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(028)-10/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Adıgözəlova Xuraman Bəhlul qızından İddiaçı dəymiş mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun və məhkəməyə müraciət üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddia rədd edilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Adıgözəlova Xuraman Bəhlul qızı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə ünvanlanmış ərizəsində İddiaçı tərəfindən 7000 manatın yataq otağından oğurlanması kimi yalan məlumatı, yəni həqiqətə uyğun olmayan məlumatı yaymışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PBnin baş təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Adıgözəlova Xuraman Bəhlul qızının Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ünvanlandığı ərizə ilə bağlı toplanmış təhqiqat materialında oğurluq faktı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarın 2, 8, 10-cu bəndləri, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarın 3-cü bəndi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Adıgözəlova Xuraman Bəhlul qızı apellyasiya şikayəti verib Qubadlı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(028)-10/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə iclasının gedişində iddiaçı tərəfindən keçirdiyi fiziki və mənəvi sarsıntıları göstərən heç bir sübut təqdim olunmamışdır. Habelə məhkəmə həmin sübutu tələb etməmiş, iş üzrə bütün sübutlar təqdim edilməsinə baxmayaraq, iddianı qismən təmin etmişdir. Cavabdeh Polis Bölməsinə ünvanladığı müraciətində şübhələrini dilə gətirmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Adıgözəlova Xuraman Bəhlul qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında göstərilmişdir ki, qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010- cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. 6-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh Adıgözəlova Xuraman Bəhlul qızı qətnamənin ləğvini xahiş etsə də qətnamənin iddianın təmin olunan hissəsini mübahisələndirir. Bu səbəbdən kollegiya Qubadlı Rayon Məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əvvəla Kollegiya qeyd edir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İşin halları ilə müəyyən edilir ki, Adıgözəlova Xuraman Bəhlul qızı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə ünvanlanmış ərizəsində İddiaçı tərəfindən 7000 manatın yataq otağından oğurlanması kimi yalan məlumatı, yəni həqiqətə uyğun olmayan məlumatı yaymışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin baş təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Adıgözəlova Xuraman Bəhlul qızının Sumqayıt ŞPİ-nin 4cü PB-nə ünvanlandığı ərizə ilə bağlı toplanmış təhqiqat materialında oğurluq faktı öz təsdiqini tapmamışdır Kollegiya hesab edir ki, cavabdehin oğurluq etməsinə dair yalan, həqiqətə uyğun olmayan məlumatı yaymaqdan ibarət hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər yetirilmişdir və buna görə iddiaçı ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbində haqlıdır. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin cavabdeh Xuraman Adıgözəlovaya münasibətdə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(028)- 10/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(028)-10/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-891/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-891/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver