Məhkəmə qərarları › İş №2(105)-904/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-904/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-904/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment bocunun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(012)-333/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı aliment üzrə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(064)-351/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 6360 manat aliment üzrə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırımışdır ki, o Cavabdeh ilə xx.xx.2016-cı ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2017ci il tarixdə X6 doğulmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Bunun nəticəsi olaraq Cavabdeh ona qarşı “aliment tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-351/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və ondan hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin bu qətnamə qəbul edilib qanuni qüvvəyə minəndən təxminən 2 ay sonra onlar yenidən barışaraq birlikdə yaşamağa başlamışlar. Faktiki olaraq 2019-cu ilin iyul ayından 2023-cü ilin may ayının 23-nə kimi onlar bir ailə kimi birlikdə yaşamışlar. Yəni, məhkəmə qətnaməsi ilə ondan alimentin tutulması qət edilsə də, faktiki olaraq o, bu 4 il ərzində Cavabdeh və övladı X6 ilə birlikdə yaşamış və ailənin bütün dolanışıq xərci də onun tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə faktiki yenidən ayrıldıqları üçün Cavabdeh əsassız olaraq həmin 4 il müddətinə hesablanmış alimenti ondan tələb edir. Eyni zamanda bildirmək istəyir ki, bu 4 illik birgə yaşadıqları dövrdən başqa o, aliment üzrə borclardan da mütəmadi olaraq ödəmişdir. Lakin əfsuslar olsun ki, cavabdeh onları da nəzərə almır və əsassız iddialar ilə çıxış edərək ondan həmin dövr üzrə yığılmış aliment üzrə borcu tələb edir. Bir daha qeyd edir ki, onlar faktiki olaraq 4 il bir ailə kimi birlikdə yaşamışlar. Yəni, o, həm Cavabdeh, həm də övladını maddi cəhətdən tam təmin etmişdir. Amma əfsuslar olsun ki, onların birgə bir ailə kimi yaşadıqları dövrə görə də ona aliment üzrə 6360 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin dövr üçün onun barəsində aliment üzrə borcun hesablanması tamamilə əsassız və qanunsuzdur. Qanunvericiliyin normasına görə o, uşağını saxlamadıqda həmin aliment ondan tutula bilər. Lakin qeyd etdiyi kimi, 2019-cu ildən 2023-cü ilin may ayına kimi o, bir valideyn kimi öz vəzifələrini vicdanla yerinə yetirmişdir. Hesab edir ki, bu dövr üçün ona aliment üzrə borcun hesablanması tamamilə qanunsuz və ədalətsizdir. Bu səbəbdən də, onların birgə yaşadıqları həmin dövr üçün hesablanmış 6360 manat məbləğində alimenti ödəməkdən azad edilməsini xahiş etmişdir.

3. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(012)-333/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məhkəmə qətnaməsi ilə aliment müəyyən olunduqdan sonra barışaraq 4 il ərzində birlikdə yaşamalarını qeyd etmiş, bunları notariat qaydada verilmiş ərizələrlə əsaslandırmış, lakin cavabdeh tərəf izahatında iddiaçının uşaqlarına baxmadığını, müəyyən edilmiş xərclərində iştirak etmədiyini bildirmiş, iddiaçı ailəsi ilə birlikdə yaşamasını qeyd etsə də ailəsini, uşaqların saxlanması üçün zəruri xərclərin onun tərəfindən çəkilməsini sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107,112.1, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024cü il tarixli, 2(012)-333/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Nigar adlı qızı doğulmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Bunun nəticəsi olaraq Cavabdeh ona qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-351/2019 saylı qətnaməsi ilə ondan hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin bu qətnamə qəbul edilib qanuni qüvvəyə minəndən təxminən 2 ay sonra onlar yenidən barışaraq birlikdə yaşamağa başlamışlar. Faktiki olaraq 2019-cu ilin iyul ayından 2023-cü ilin may ayının 23-nə kimi onlar bir ailə kimi birlikdə yaşamışlar. Yəni, məhkəmə qətnaməsi ilə ondan alimentin tutulması qət edilsə də faktiki olaraq o, bu 4 il ərzində cavabdeh və övladı Nigar ilə birlikdə yaşamış və ailənin bütün dolanışıq xərci də onun tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə cavabdeh ilə faktiki yenidən ayrıldıqları üçün cavabdeh əsassız olaraq həmin 4 il müddətinə hesablanmış alimenti ondan tələb edir. Bu 4 illik birgə yaşadıqları dövrdən başqa o, aliment üzrə borclardan da mütəmadi olaraq ödəmişdir. Lakin əfsuslar olsun ki, cavabdeh onları da nəzərə almır və əsassız iddialar ilə çıxış edərək ondan həmin dövr üzrə yığılmış aliment üzrə borcu tələb edir. Onlar faktiki olaraq 4 il bir ailə kimi birlikdə yaşamışlar. Yəni, o, həm Cavabdeh, həm də övladını maddi cəhətdən tam təmin etmişdir. Onların birgə bir ailə kimi yaşadıqları dövrə görə də ona aliment üzrə 6360 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin dövr üçün onun barəsində aliment üzrə borcun hesablanması tamamilə əsassız və qanunsuzdur. Həmin borcun silinməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməmiş, göstərdiyi faktlara dair sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Halbuki, cavabdehlə həmin tarixlərdə birgə yaşamaları barədə qonşuluqda yaşayan şəxslərin notarial qaydada ərizələrini əlavə etmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh 4 il müddəti ərzində birgə yaşamalarını etiraf etmişdir. Bundan əlavə Abşeron Rayon Məhkəməinin xx.xx.2023-cü il tarixli, 3(012)- 951/2023 nömrəli qərarı sübut kimi qəbul olunmalıdır. Həmin qərarla İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs ilə cəzalandırılmışdır. Bu da bir daha sübut edir ki, yaşadıqları 4 il müdətində qızını maddi cəhətdən təmin etməsə idi həmin müddət ərzində cavabdeh məhkəməyə və ya icra məmuruna müraciət edərdi. Cavabdeh aliment tələbi ilə yalnız onlar faktiki ayrıldıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən sonra icra məmuruna müraciət etmişdir. Qeyd edilən sübutları məhkəməyə təqdim etsə də məhkəmə cavabdehin ifadəsinə istinad edərək qətnamə qəbul etmişdir. Cavabdeh ilə birgə yaşadığı müddətdə əsassız olaraq xeyli aliment borcu hesablanmış, sonradan ailə münasibətləri pozulan kimi cavabdeh bundan sui-istifadə edərək həmin borcu ondan tələb etmişdir. Faktiki olaraq 4 il ərzində ailə başçısı kimi üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini sübut etsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2019-2023-cü illərdə uşağın saxlanması üçün heç bir xərc çəkməmiş, uşağı ilə maraqlanmamışdır. Uşağın xərcinin çəkməsi ilə bağlı heç bir sübutu da yoxdur. Sadəcə olaraq arada bir öz kefinə görə evə gəlb-getmişdir. Uşağına laqeyd münasibət göstərir, ailəni saxlanması üçün heç bir vəsait xərcləmişdir. Evə də gəlməsi sanki otelə gəlirmiş kimi gəlib-getmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, notarial qaydada təsdiqlənmiş ərizələrdəki Məmmədova Könül iddiaçının birlikdə yaşadığı şəxs, Allahverdiyev Məmmədqulu iddiaçının xalası oğlu, Qaragöz adlı şəxs isə qardaşının yoldaşıdır. 2019-2023-cü illər ərzində iddiaçı heç bir aliment ödənişi həyata keçirməmişdir. Bununla bağlı dəfələrlə Abşeron rayon icra şöbəsinə müraciət etmişdir. Tibb bacısı kimi işləyir və tək ana olduğu üçün sosial yardım alır. Buna görə də apellyasiya şikayətinin təmin olunmaması və Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(012)-333/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul etməyinizi xahiş edir.

11. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə və xx.xx.2024cü il tarixdə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin növbəti dəfə məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-951/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan görünür ki, Füzuli Rayon Məhkəməsinin 15 fevral 2019cu il tarixli 2(064)-351/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

16. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(012)-333/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məhkəmə qətnaməsi ilə aliment müəyyən olunduqdan sonra barışaraq 4 il ərzində birlikdə yaşamalarını qeyd etmiş, bunları notariat qaydada verilmiş ərizələrlə əsaslandırmış, lakin cavabdeh tərəf izahatında iddiaçının uşaqlarına baxmadığını, müəyyən edilmiş xərclərində iştirak etmədiyini bildirmiş, iddiaçı ailəsi ilə birlikdə yaşamasını qeyd etsə də, ailəsini, uşaqların saxlanması üçün zəruri xərclərin onun tərəfindən çəkilməsini sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçı qeyd edilən müddət ərzində cavabdehlə birgə yaşayaraq uşağın maddi təminatını ödəməsini bildirsə də buna dair məhkəməyə hər hansı bir mötəvər sübut təqdim etməmişdir.

20. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X4, X5 və X1 iddiaçı və cavabdehin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində bir ailə kimi birlikdə yaşamalarını təsdiq edən notarial qaydada ərizələrinə münasibətdə qeyd edir ki, həmin ərizələrdəki məlumatların sübut kimi qəbul edilməsi yolverilməz olmuşdur. Belə ki, yuxarıda istinad olunan Mülki Prosessual Məcəllənin 87.2, 104.1 və 194.1-ci maddələrinin tələblərindən göründüyü kimi şahidə bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edilib, vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında iltizam alınması yolu ilə dindirilir ki, yalnız bu yolla əldə edilmiş şahid ifadəsi sübut qismində qiymətləndirilə və qəbul oluna bilər.

21. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-951/2023 saylı qərarından görünür ki, iddiaçı həmin məhkəmə iclasında maddi vəziyyətinin aliment borcunu birdəfəlik ödəməyə imkan vermədiyini, borcunu hissə-hissə olmaqla ödəmək niyyətində olduğunu bildirməklə, həmin icraat çərçivəsində tələbkar olan hazırkı iş üzrə cavabdehə aliment məbləğini ödəməsi və ya 2019-2023-cü illər ərzində uşağın saxlanma xərcini çəkməsi ilə bağlı hər hansı bir izahat da verməmişdir. Həmçinin, həmin qərardan görünür ki, icra sənədi üzrə cavabdehlə qətnamənin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış və ona rəsmi xəbərdarlıqlar edilmişdir. Bununla da Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-951/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh növü tətbiq edilmişdir ki, bu da tələbdə qeyd edilən müddət üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməli olmaması barədə iddiaçının dəlillərini təkzib edir.

22. Məhkəmə kollegiyası qeyd edilən müddət ərzində cavabdehlə birgə yaşamasının cavabdeh tərəfindən etiraf edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının mütəmadi olaraq onunla yaşamadığını, bir həftə evdə yaşayıb, bir neçə həftə evdə olmamasını, uşağının maddi təminatının özü tərəfindən qarşılandığını bildirmişdir ki, bu hal cavabdehin iddianı dolayısı ilə də qəbul etməsi kimi qəbul edilə bilməz.

23. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi halları təsdiq edəcək sübutları təqdim edə bilməmişdir.

24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(012)- 333/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(012)-333/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar