Məhkəmə qərarları › İş №2(105)-911/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-911/2021

14.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-911/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)-1889/2020 saylı qətnaməsindən cavabdehlər "xxxx" MMC və "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilənin ləğv edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, 5-30-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM - 0228 saylı mənzilin alqı-satqısı müqaviləsi əsasında İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 13901,47 (on üç min doqquz yüz bir manat, qırx yeddi qəpik) manat, 2400 (iki min dörd yüz) manat faiz borcu olmaqla, cəmi 16301,47 (on altı min üç yüz bir manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı geri qaytarılması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehlər "xxxx" MMC və "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında 24 mart 2015-ci il tarixdə bağlanmış ABB YM-0228 nömrəli (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) alqısatqı müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən iddiaçının xeyrinə 19000 manat əsas borcun, 3800 manat məbləğində illik 5 % olmaqla, cəmi 22800 manat məbləğində pulun geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla cavabdeh arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0228 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləninin və 5-30-03-2015-XS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsini, tərəfindən ödənilmiş 19000 manat əsas borcun, 3800 manat məbləğində illik 5 % olmaqla, cəmi 22800 manat məbləğində pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 24 mart 2015-ci il tarixli mənzilin alqı-satqısına dair müqaviləyə əsasən tərəfindən ümumilikdə 29.640 manat məbləğində pul ödənilərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 28 saylı küçədə inşa edilən 5 saylı binada, ümumi sahəsi 31.2 kv.metr olan 1 otaqlı 96 saylı mənzili satın alınmışdır. Mənzilin satın alınması ilə əlaqədar olaraq 10000 manat məbləğində ilkin ödəniş edilmiş, geridə qalan məbləğin ödənilməsi üçün isə "xxxx" ASC-dən 19640 manat məbləğində kredit götürülmüşdür. Hazırda "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək binanın tikintisini dayandırmış və iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Bank tərəfindən isə kredit öhdəliklərinin ödənilməsi tələb olunur, lakin "xxxx" MMC-nin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən ödənişlərin edilməsi də iddiaçı tərəfindən dayandırılmışdır. Artıq müqavilənin bağlanmasından 5 il müddət keçməsinə baxmayaraq tikinti başa çatmamış və "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçının pulunu özündə saxlamaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən "xxxx" MMC-yə 13 iyun 2018-ci il tarixdə rəsmi olaraq müraciət edilmiş, ödənilmiş vəsaitin iddiaçıya geri qaytarılması xahiş olunmuş, lakin cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. 2019-cu ilin oktyabr ayında rəsmi olaraq yenidən müraciət olunmuş, yenə də onun müraciətinə cavab verilməmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilərsə müəyyən etmək mümkündür ki, həqiqətən də cavabdeh müəssisə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən bugünədək 19000 manat məbləğində pul ödənildiyindən və cavabdeh həmin pul məbləğini özündə qeyri-qanuni saxladığından əlavə olaraq hər il 5% məbləğində pul ödəməlidir. Hazırda o, ailəsi ilə birlikdə kirayədə yaşayır, cavabdeh isə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmiş olsaydı, iddiaçı öz mənzilinə köçmüş olardı. Beləliklə də, əlavə kirayə haqqı ödəmək məcburiyyətində qalmazdı. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" MMC Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh "xxxx" ASC Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. Maddi və hüquq normaları səhv tətbiq və təfsir edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 389.1, 405.1, 567, 600.1, 646, 421.1, 421.2, 421.3, 421.4., 445.7, 447.1. maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdehlər vermiş olduğu apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İşdən görünür ki, iddiaçı cavabdeh "xxxx" MMC 24 mart 2015-ci ildə mənzilin alqısatqısına dair müqavilə bağladığını, müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 28 saylı küçədə inşa edilən 5 nömrəli binanın, 31.2 kv.m 1 otaqlı 96 saylı mənzili ona verməyi öhdəsinə götürdüyünü, mənzilin hər bir kv.m. qiyməti 650 manata hesablanaraq təmirsiz qiyməti 20.280 manat, cəmiyyət tərəfindən təmir edilməsi və mebellə təchiz olunması nəzərə alınmaqla isə ümumi dəyəri 29640 manat müəyyən edilmiş, ilkin ödəniş kimi 10000 manat ödədiyini, qalan hissəsini banklada kredit götürdüyünü, cavabdeh tikintini dayandırdığından, banka ödənişlərdə onun tərəfindən dayandırıldığını, lakin müqavilənin bağlanmasından 5 il müddət keçməsinə baxmayaraq binanin tam tikilib mənzilin ona təhvil verilmədiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının tələbi alqı-satqı və təminatlı kredit müqavilələrinin ləğvi, müqaviləyə əsasən ödənilmiş 19000 manat pulun və gecikdirilmiş vaxt üçün illik beş faiz əvəzi olaraq 3800 manat pulun tutulması barədədir. Baxılan iş üzrə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421 və 445.7-ci maddələri təşkil edir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 389.1. və 390.1. maddələri). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə, yaxud müqavilədə nəzərdə tutulduğu hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddədə müqavilənin əhəmiyyətli dərəcədə pozulmasının anlayışı da verilmişdir. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurduğu zərər müqavilə bağlayarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərin yaranma əsaslarından biri müqavilədir. Müqavilə iki tərəfin iradə ifadəsi ilə şərtləri müəyyən edilən və hər iki tərəfin iradə ifadəsini əks etdirən əqddir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf (satıcı) digər tərəfə (alıcıya) mülkiyyətində olan əmlakı verir, alıcı isə həmin əmlakın dəyərini ödəməklə həmin əmlak üzərində mülkiyyət hüququ əldə edir. Tərəflərin iradə ifadəsi ilə bağlanan müqavilədə hər hansı bir qeyd şərt müəyyən edilə bilər. Bu zaman müqavilə şərtlə bağlanmış müqavilə hesab olunur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" MMC mənzilin hər bir kv.m qiyməti 650 manata hesablanaraq təmirsiz qiyməti 20.280 manat, cəmiyyət tərəfindən təmir edilməsi və mebellə təchiz olunması nəzərə alınmaqla isə ümumi dəyəri 29640 manat müəyyən edilməklə həmin məbləğin 10000 manatı iddiaçının şəxsi vəsaiti qalan 19640 manatı isə Bankla bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilməklə, mənzilin iddiaçıya təhvil verilməsini öhdəsinə götürmüş, lakin iddiaçı öhdəliyi yerinə yetirmiş olsa da, ötən beş ildə "xxxx" MMC mənzili tikib iddiaçıya təhvil verməmişdir. İddiaçının da qeyd etdiyi kimi tikinti işləri dayandırılmışdır. Bununla bağlı məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi tikintinin davam etdirilməsi barədə növbəti məhkəmə iclasında sübutlar təqdim edəcəyi barədə vəsatətini nəzərə alaraq məhkəmə baxışı təxirə salınsa da, lakin cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və buna dair heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 9.1., 9.3. və 14.2.-ci maddələrinə əsasən hakim bütün hallarda prosessin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəfin çəkişməli prosessdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirak onun özü üçün neqativ nəticələrə səbəb olur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədən 5 ildən çox müddət keçməsinə baxmayaraq, mənzil iddiaçıya təhvil verilməmiş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum omuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, İddiaçılə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməlidir. İddia tələbinin müqaviləyə görə cavabdeh "xxxx" MMC-yə ödədiyi 19000 manatın alınıb ona qaytarılması hissəsinə gəldikdə isə qeyd edir ki, mənzillə bağlı ilk ödəniş kimi 10000 manat iddiaçının şəxsi vəsaiti hesabına, qalan məbləğ bankla iddiaçı arasında bağlanmış təminatlı kredit müqaviləsi əsasında aylıq ödəniş şəklində 3,901.47 manat əsas məbləğ kimi iddiaçı tərəfindən banka ödənildiyindən, həmin məbləğ (10000+3,901.47=13,901.47) cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin 3800 manat məbləğində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsinə dair hissəsinə gəldikdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan maddədə pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Lakin bu müddəa kreditoru hər hansı digər əsaslar üzrə borcludan daha böyuk məbləğ tələb etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin 3800 manat məbləğində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır (Mülki Prosessual Məcəllənin 119.1. və 124.2. maddələri). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binanın, 12ci mərtəbədə sahəsi 31.2 kv.m olan 1 otaqlı 96 nömrəli mənzilə dair bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0228 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binanın, 12-ci mərtəbədə sahəsi 31.2 kv.m olan 1 otaqlı 96 nömrəli mənzilə görə cavabdeh "xxxx" MMC-yə ödənilmiş 13.901 (on üç min doqquz yüz bir) manat 47 (qırx yeddi) qəpik və 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia tələbi 3800 manat məbləğində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar