Məhkəmə qərarları › İş №2(105)-911/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-911/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-911/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X3 ibarət tərkibdə, X16 qızının katibliyi ilə, iddiçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(067)-689/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1785/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü ildən başlayaraq İddiaçı hər ay hər uşağa 185 manat olmaqla cəmi 555 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 11 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X2 Səidə Mehman qızının himayəsində saxlanılmışdırlar.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1785/2024 nömrəli qətnaməsi ilə xx.xx.2016cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər uşağa hər ay 185 manat sabit pul məbləğinin azaldılaraq hər ay hər uşağa 100 manat sabit pul məbləğində cəmi 300 manat alimenti müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda xəstədir, Xaçmaz rayon xəstəxanasında nevroloji dispanserdə müalicə alır, böyrəklərindən əziyyət çəkir. Müalicə xərclərini qarşılıya bilmir. Maddi durumu çox çətindir. Atasının təqaüdü hesabına müalicə alır və probasiya şöbəsi alimentin ödənilməsi üçün qanunda nəzərdə tutulan tədbirləri görməlidir.

5. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı səhhəti ilə əlaqədar psixonevroloji müalicə alır. Alimenti sonuncu dəfə anasının pensiyasından mart ayında ödəmişdir, aprel ayında aliment ödənişi etməmişdir. Onda yuxusuzluq, əsəb xəstəliyi var. Narahatlıq hissi yaşadığı üçün işləmək iqtidarında deyil, atasının pensiyası ilə müalicə olunur. Bələdiyyədə işə getmir, yəqin ki, işdən çıxarılmışdır. Atasının adına olan avtomobili idarə edir. 2024-cü ildən müalicə alır. Ona heç olmasa 6 ay möhlət verilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı bələdiyyədə işləyir, sex işlədir, avtomobil idarə edir, fındıq bağı, gilas ağacları var. İddiaçı hər gün sexi açır, işlədir. İddiaçı onun 2000 manat dəyərində olan paltaryuyanını da satıb bildirmişdir ki, aliment borcunu ödəyəcək, lakin ödəməmişdir.

7. İş materiallarında olan Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin xx.xx.2025-ci il tarixli, 478 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən “Nevrasteniya, Qarışıq təşviş və depressiv pozuntu” diaqnozu ilə Quba Rayon PNRM-nin müşahidəsindədir.

8. Xaçmaz Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(067)-689/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 107.1, 112.1, 112.2-ci, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü madələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində xx.xx.2024-cü il tarixdən “nevrasteniya, qarışıq təşviş və depressiv pozuntu” diaqnozu ilə Quba rayon PNRM-nin müşahidəsində olduğunu nəzərə almamışdır. Xəstəliyi ilə bağlı heç yerdə işləyə bilmir. Bu səbəbdən də alimentin azaldılması ilə bağlı məcbur olub məhkəməyə müraciət edərək alimentin azaldılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Cavabdehin ona qarşı etdiyi qərəzli hərəkətlərə görə maddi və mənəvi ziyan çəkmişdir. Ona görə də hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.

16. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Konvensiyası

17. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

19. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

20. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

32. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

33. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

34. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

35. “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Xaçmaz Rayonu Palçıqoba Bələdiyyəsində böyük mütəxəssis (dövlət qulluqçusu) vəzifəsində işləyir, əmək haqqı 345 manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2016-cı il tarixdə, ********** VÖEN ilə muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. O cümlədən, adına **********80 və **********25 reyestr nömrəli torpaq sahələri mövcuddur.

36. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1785/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü ildən başlayaraq İddiaçı hər ay hər uşağa 185 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, aliment institutu, azyaşlı uşağı özündən ayrı yaşayan valideyindən onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin edilməsindən ibarətdir. Cavabdehin qeyd etdiyi dəlillər onu uşaqları saxlamaq, ondan ayrılıqda yaşayan uşaqların minimum dolanacaq xərcləri həddində maddi təminatını ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

39. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(067)-689/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(067)-689/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar