Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-927/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlkin Xəlilov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)-140/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, Cavabdeh xeyrinə tutulan əlavə sabit mələğdə 60 manat hissənin ləğv edilməsi və cavabdehin xeyrinə ondan xx.xx.2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay aldığı əmək haqqının ¼ hissəsi məbləğində, alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edib göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)-140/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ilə nikahları pozulmuş, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün əmək haqqının ¼ hissəsi və əlavə olaraq 60 manat sabit mələğdə aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmçinin, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-4299/2019 saylı qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni xx.xx.2016-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 manat miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməkdədir. Gülalan kənd orta məktəbində müəllim işləyir və aylıq 346,67 manat əmək haqqı alır. Həmin məbləğdən 146,67 manat aliment ödəyir və 167,40 manat məbləğində pul onun kart hesabına oturur. Bu məbləğdən də hər ay 100 manat X2 2 uşağının saxlanılması üçün aliment ödəyir. Ona aldığı əmək haqqından cəmi 67,40 manat qazanc qalır ki, bu pul ilə də gündəlik tələbatlarını ödəyə və özünü saxlaya bilmir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X8 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı hazırki iş üzrə cavabdehlə olan nikahından doğulmuş uşağın saxlanması üçün aliment təyin ediləndən sonra yenidən evlənmiş, həmin nikahından 2 uşağı da olmuşdur. Hazırda həmin iki uşaq üçün də iddiaçıdan aliment tutulur. İddiaçının sabit gəliri var, başqa qazanc yeri yoxdur. Tutulan alimentdən sonra iddiaçıya 67,40 manat məbləğində pul qalır ki. Bununla da iddiaçının tələbatı ödənilə bilməz. Odur ki, apelyasiya şikayətinin təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehməhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı və X1 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Nərgiz və xx.xx.2017-ci il təvəllüdlü Ruhid anadan olmuşlar. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(067)-140/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı nikahları pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı əmək haqqının ¼ hissəsi və əlavə olaraq 60 manat sabit mələğdə alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-4299/2019 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni xx.xx.2016-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 manat miqdarında alimentin tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Xəlilov X5 orta məktəbində müəllim işləyir və aylıq 346,67 manat əmək haqqı alır. Həmin məbləğdən 146,67 manat aliment ödəyir və 167,40 manat məbləğində pul onun kart hesabına oturur. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddianın təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də aşağıda qeyd edilən qnaunvericilik normalarına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə qanunvericilik normalarına düzgün istinad edərək iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Qanunvericilik normalarından göründüyü kimi aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırki işdə isə tərəflər arasında belə bir razılıq mövcud deyidir. Eyni zamanda iddia tələbinin təmin olunması, yəni alimentin miqdarının azaldılması cavabdehin hüquqlarının pozulmasına, onun həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olaraq aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Məhkəmə kollegiyası hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Hazırki işdə iddiaçının aliment məbləğinin azaldılma əsası kimi göstərdiyi hallar alimentin miqdarı müəyyən olunduqdan sonra əmələ gələn hallar deyil və bu səbəbdən də iddiaçının tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin təsiri altına düşmür. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təklif etdiyi bir uşaq üçün əmək haqqının ¼ hissəsi miqdarında aliment məbləği bir uşaq üçün qanunla müəyyən edilmiş yaşayış minimumundan xeyli aşağı olduğuna görə uşağın marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, 346,67 manat məbləğinin 1/4 hissəsi 86,7 manat təşkil edir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının təklif etdiyi əmək haqqının ¼ hissəsi, yəni 86,7 manat məbləğdə aliment bir uşağın bir aylıq qida, geyim və digər zəruri xərclərini ödəmək üçün yetərli sayıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 346,67 manat əmək haqqından savayı, başqa gəlirinin olmaması onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi hallar hazırki işdə mövcud olmadığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən iddiaçının apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2017/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-927/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-927/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver