Məhkəmə qərarları › İş №2(105)-928/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-928/2025

05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-928/2025 05.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə Cavabdeh qarşı uşağın anadan alınaraq atanın himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-147/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə Cavabdeh qarşı uşağın anadan alınaraq atanın himayəsinə verilməsi tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı uşağın anadan alınaraq atanın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 oğlunun Cavabdeh himayəsindən alınaraq iddiaçının İddiaçı himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2932/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü övladı X4 oğlu anasının himayəsində saxlanılmışdır. Oğlu artıq 10 yaşını tamam edib və məhkəmə qətnaməsi ilə ananın himayəsində saxlanılmasına baxmayaraq, faktiki olaraq iddiaçı ilə yaşayır və iddiaçı tərəfindən ona valideyn kimi diqqət və qayğı göstərilir. Eyni zamanda cavabdeh ikinci dəfə rəsmi olaraq ailə həyatı qurmuş və cavabdehin digər ailəsinin olması onun ailə qayğılarının və ailə məsuliyyətinin artması ilə nəticələnmişdir ki, birgə nikahdan anadan olmuş övladı xx.xx.2014-cü il təvəllüdlü X4 oğlunun ananın himayəsindən alınıb iddiaçının himayəsinə verilməsi üçün əsaslardan biridir. Belə ki, övladının ögey ata yox, öz atası tərəfindən tərbiyə edilməsi qənaətindədir və bir ata kimi övladına qayğı göstərmək borcu olduğu qədər, onunla vaxt keçirmək və yanında saxlamaq da hüququdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına nəzər saldıqda aydın olur ki, məhkəmə iclası zamanı fikri öyrənilmiş xx.xx.2014-cü il təvəllüdlü X4 oğlu (11 yaşı var) Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normasına əsasən məhkəmə iclasında dindirilmiş, onun fikri dinlənilmiş və o bildirmişdir ki, atası ilə qalmaq istəyir. Hazırda anası, nənəsi və anasının həyat yoldaşı birlikdə qalır. Anasının yeni həyat yoldaşı ona qarşı yaxşı davranmır. Atasının yanında olduqda atası ona daha çox qayğı göstərir. Uşaq fikrində bildirmişdir ki, anası ona yaxşı baxmır, eyni zamanda anasının ikinci həyat yoldaşı ilə birlikdə yox, öz atası ilə birlikdə yaşamaq istəyir. Uşaqların hansı valideyninə daha çox bağlı olması, onun atasının, yaxud anasının yanında qalmaq istəyinə kənar psixoloji təsirin olub-olmaması, habelə uşağın yaşı və hazırkı psixoloji vəziyyəti nəzərə alınmaqla, atasının və ya anasının yanında qaldığı halda, bunun onun psixoloji vəziyyətinə necə təsir edəcəyinin müəyyən edilməsi və bu xüsusatların araşdırılması üçün xüsusi bilik tələb edən sahədə xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən və həm də xüsusi tədqiq etmə metodları ilə uşağın üstün mənafeləri araşdırılmış və atasına bağlılığı atanın yanında qalacağı halda psixoloji inkişafına və şəxsi həyatına daha müsbət təsir göstərəcəyi barədə kifayət qədər sübutlar olmasına baxmayaraq, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə Qəyyumluq və himayəçilik komissiyasının rəyi, psixoloji ekspertizanın rəyi və uşağın fikirləri ilə hansı səbəbdən razılaşmadığını qətnaməsində qeyd etməmiş və bu halları hansı əsasla nəzərə almadığını əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar və dəllillər tərəflərin qarşılıqlı münasibəti əsasında qiymətləndirilmədiyindən və işin faktiki halları tam araşdırılmadığı üçün nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətləri tam şəkildə araşdırmadığı üçün qətnamədə qeyd etdiyi nəticə işin halları ilə uyğun gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən X4 oğlu izahatında 11 yaşı olmaqla məktəbin 6-cı sinifinə getdiyini və dərslərini normal oxuduğunu, polis olmaq istədiyini, dərsləri ilə anasının məşğul olduğunu, məktəbə onu anasının apardığını bildirmişdir. O həmçinin hər iki valideyni ilə birlikdə qalmaq istədiyini, atası ilə qalarkən atasının ona çox yaxşı baxdığını, orda bibisi və bibisinin uşaqları ilə yaxşı vaxt keçirdiyini, atasının onu hər gün gəzdirdiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini X4 oğlunun azyaşlı olmaqla ana qayğısına və nəvazişinə ehtiyac olan bir yaş dövründə olması, ana qayğısına ehtiyacı olan bir dövrdə X4 oğlunun anasının himayəsindən uzaq vərdiş etdiyi şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından ananın himayəsindən alınması onun psixoloji vəziyyətinə mənfi təsir edilməsini istisna etməməsi, İddiaçı övladı Muradın cavabdehin (anasının) yanında saxlanılmasını istisna edən hər hansı qanuni halın mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması və onların bu nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X4 oğlunun anası Nisə Əhədovanın himayəsinə verilməklə İddiaçı uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi uşağın himayəyə verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 60.4-cü maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1, 58.1, 58.2-ci maddələrinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18 və 27-ci maddələrinə görə bu məsuliyyət hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyətinin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmadığından asılıdır. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosila inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (Ailə Məcəlləsinin 60.1, 60.4-cü maddələri). Nəzərə alınmalıdır ki, qeyd edilən maddi hüquq normalarında ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı nəzərdə tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafeylərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5 və 19-cu maddələrinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı qərarına əsasən valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır yaxud” qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya baxışı zamanı dindirilən Murad Əhədov valideynlərinin hər ikisinin yanında qalmaq istəməsini, atası ilə qalarkən atasının ona yaxşı baxmasını bildirsə də, bu onun anasının himayəsindən alınıb atasının himayəsinə verilməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, uşaqların himayə verilməsi məsələlərində uşaqların valideynlərindən hansına daha çox bağlı olması, onların hansının uşaqların tərbiyəsi, təhsili və inkişafında daha böyük rola malik olması, ər-arvadın faktiki ailə münasibətləri pozulana qədər mövcud olan münasibətlər əsasında müəyyən edilməlidir. Çünki uşaqlar öz fiziki, əqli, psixoloji keyfiyyətlərinə görə öz valideynləri, yaxın qohumları, onları əhatə edən insanlar, o cümlədən ətraf aləm barədə bir sıra hallarda müstəqil mühakimə yürütmək və baş verən hadisələrə tam və obyektiv qiymət vermək imkanına malik olmurlar. Eyni zamanda qeyd olunmalıdır ki, uşaqların inam və məhəbbət bəslədiyi şəxslərin onların yanında qeyd edilən məsələlər barədə aşıladığı fikirlər olduqda, bu hal onların fikir və düşüncələrinə daha qabarıq şəkildə təsir edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, uşağın atası ilə qalmaq istəyinin anasının onun təhsil və təlim-tərbiyəsi ilə daha ciddi şəkildə məşğul olması, uşağın isə bundan narahatlanaraq daha rahat yaşamaq arzusu ilə atası ilə yaşamasına daha çox üstünlük verməsi, həmçinin hər iki valideynin uşağa münasibətdə bərabər hüquq və vəzifələr daşısa da, azyaşlı uşağın anaya daha çox bağlılığı, onların gündəlik məişət qayğılarının, təmizlik və sağlamlıqlarının qorunması və təmin edilməsində ananın ataya münasibətddə üstün təbii rolunun mütləq nəzərə alınmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası uşağın yaşını, cinsini nəzərə alaraq hesab edir ki, uşağın mənəvi tələbatının ödənilməsində qadın olan ananın rolu danılmazdır. Bu isə onun atanın yanında qalmasını istisna edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar