Məhkəmə qərarları › İş №2(105)-947/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-947/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-947/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(060)-4436/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26.10.2009-cu il tarixli məhkəmə əmri ilə Cavabdeh qazancının ¼ hissəsinin hər ay tutulub 04.03.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi əmr edilmişdir. Cavabdeh nümayəndəsi Mehdi Cəlalzadə məhkəmə əmrinə etdiyi etiraza əsasən Sumqayıt Şəhər Məhkəməsinin 24.05.2010-cu il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və mülki iş üzrə iddia icraatına keçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22.06.2010-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 06.03.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.06.2020-ci il tarixli qərardadı ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), L.Məmmədova və G.Tağızadə) İddiaçı şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22.06.2010-cu il tarixli, 2(060)-2319/2010 saylı və 06.03.2020-ci il tarixli, 2(060)-2319/2010 saylı qərardadları ləğv olunmuş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4436/2020 saylı, 10 avqust 2020-ci il tarixli qərardadı ilə iddia ərizə baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4436/2020 saylı, 28 avqust 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.10.2020-ci il tarixli qərardadı ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4436/2020 saylı, 10 avqust 2020-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, mülki işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 04.03.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması 06 mart 2020-ci il tarixindən hesablanması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddia tələbi Cavabdeh qazancının ¼ hissəsində alimentin tutulması barədədir. İşdən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2005-ci ildə cavabdehlə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03.05.2010-cu il tarixli, 2(060)-1439/2010 saylı qətnaməsi ilə (sədrlik edən Ə.S.Qəhrəmanov) iddiaçının iddiası təmin edilərək, tərəflər arasındakı 10.12.2005-ci il tarixdə qeydə alınmış nikahın pozulması, 04.03.2007-ci ildə doğulmuş X1 anası cavabdeh İddiaçı himayəsində saxlanılması və iddiaçı Cavabdeh 29.03.2010-cu il tarixdən başlayaraq onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 manat məbləğində alimentin tutularaq cavabdeh İddiaçı verilməsi qət olunmuş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2010-cu il tarixli, 2(105)-813/2010 saylı qətnaməsi ilə (hakimlər N.M.Nəsibov (sədrlik edən və məruzəçi), A.B.Nuriyeva və H.Ü.Həmidov) apellyasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 03.05.2010-cu il tarixli, 2(060)-1439/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəmənin 22 iyul 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2010-cu il tarixli, 2(105)-813/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2010-cu il tarixli, 2(060)- 1439/2010 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh 29.03.2010-cu il tarixdən başlayaraq onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 manat məbləğində alimentin tutularaq cavabdeh İddiaçı verilməsi qət olunmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Mülki Prosessual Məcəllənin 261.0.2. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır. Qeyd etmək lazımdır ki, aliment tələbi davam edən münasibət olsa da, Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həmin sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi mülki mühakimə icraatı qaydasında bir iddia icraatı çərçivəsində müəyyən edə bilər. Qalan hallarda isə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə Ailə Məcəlləsinin 112.1. maddəsinin tələblərinə əsasən alimentin müəyyən olunmuş miqdarını dəyişə və aliment ödəməkdən azad edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı qazancının ¼ hissəsi miqdarında alimentin tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar