Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-973/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-711/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********562000 saylı çıxarışından görünür ki, Cavabdeh3 MMC-nin qanuni təmsilçisi Öksüzçoban Burakdır.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********562000 saylı çıxarışından görünür ki, Cavabdeh3 MMC-nin hazırki qanuni təmsilçisi Cavabdeh1dır.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının Cavabdeh3 MMCdə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətin Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə münasibət bildirilməsi məqsədi ilə xidmət tərəfindən Cavabdeh3 MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2- Q- 32682/2/2023 saylı məktubla (SS864960885AZ) müraciət edilmiş və məktub poçt şöbəsi tərəfindən “ünvan tapılmadı” qeydi ilə geri qayıtmışdır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2023-cü il tarixində təqdim etdiyi izahatında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh3 MMC-də işlədiyini, lakin onunla cəmiyyətin işəgötürəni arasında əmək müqaviləsi bağlanmadığını, şikayət və tələbin əmək haqqının ödənilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Həmçinin izahatda xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh3 MMC-də işləməyi ilə bağlı hər hansı təsdiqedici sənədin olmadığını, həmçinin istifadəsində olan mobil telefonla əlaqə saxlanılarkən Cavabdeh3 MMC-də işləməyi ilə bağlı şahidlərin olmadığını və yalnız cəmiyyətin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, nizamnaməsini, dövriyyələri, asan imza ilə bağlı və sairə sənədləri elektron ünvana göndərə biləcəyini bildirmişdir. Onun elektron ünvana göndərdiyi sənədlərə baxılarkən cəmiyyətdə hər hansı işlərə və ya xidmətlərə cəlb olunmağını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən cəmiyyətin işəgötürəni ilə onun arasında əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə qeyd edilən məsələnin Cavabdeh3 MMC-də yerində araşdırılması mümkün deyildir. Ona qeyd edilənlərələ bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı ödəniş tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC, Cavabdeh1 Orucəli qızı və Cavabdeh2 Ramiz oğlundan müştərək qaydada 1748.15 (bir min yeddi yüz qırx səkkiz manat-15 qəpik) məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 noyabr 2021-ci ildə Tulu MMC-nin həm təsisçisi Cavabdeh2 Ramiz oğlu və həm təsisçisi Burak Öksüzçoban ilə (rəsmi direktor - Cavabdeh1dir) arasında olan danışığa əsasən bir müddət əmək müqaviləsi bağlanmadan maliyyə işlərinin yerinə yetirilməsi razılığına gəlmişdir. Əldə olunmuş razılığa əsasən xx.xx.2022-ci il tarixindən aylıq 250,00 (İki yüz əlli manat 00 qəpik) ödənilməklə maliyyə işlərində kömək etməyi öhdəsinə götürmüşdür. Aylıq ödəniş nağd formada ona ödənilirdi. Lakin işlədiyi dövr ərzində bir necə dəfə maaş gecikdirilərək ödənilmişdir. Belə halların dəfələrlə təkrarlanması və əsassız vədlərin verilməsi uzandığı üçün xx.xx.2023-cü il tarixindən işi dayadırmışdır. İşi dayandırdıqdan sonra dəfələrlə əmək haqqı tələbini bildirsə də ödəniləcəyi deyilirdi. Son xəbərdarlıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Əmək və Əhalinin Sosial müdafiəsi yanında X2 müraciət etmişdir. Qeyd edilən idarələrdən heç bir nəticəli cavab gəlmədi. İki ay keçdikdən sonra X1 məktub gəldi ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar dayandırıldığından yerində araşdırılması mümkün olmamışdır, qeyd edilən məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz var. Cavabı aldıqdan sonra 8 saylı mediyasiya təşkilatına müraciət etmişdir. Müraciətə baxmayaraq qarşı tərəfdən heç kəs hər hansı razılıq üçün təyin olunmuş mediyasiyaya gəlmədi. Bu məsələ ilə bağlı cavabdeh ona aylıq 250 azn ödənişi nəzərə alaraq noyabr 2022 üçün 136,00 (Bir yüz otuz altı) manat, dekabr 2022 üçün 250,00 (İki yüz əlli) manat, 2023 ilin yanvar, fevral, mart, aprel ayları üçün 1000.00 (Bir min) manat, mediyasiya xərci 50.00 (əlli) manat, poçt xərci 10.00 (on) manat və mərkəzi bankın illik infiliyasiya faizi (10%) - 302.15 (üç yüz iki) manat 15 qəpik ödəniş etməlidir. Hal-hazırda MMC-nin rəhbəri Cavabdeh1 Orucəli qızıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-711/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 778, 783.2, 783.3, 785.1, 786.5, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-711/2025 saylı qətnaməsinin tam ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, 25 noyabr 2021-ci il tarixdə Cavabdeh3 MMC-nin təsisçi Burak Öksüzçoban ilə (rəsmi direktor - Rəna Hünərbaridir) aralarında olan danışığa əsasən, bir müddət əmək müqaviləsi bağlanmadan tərəfindən muzd qarşılığında MMC-nin maliyyə işlərinin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin razılığa əsasən, xx.xx.2022-ci il tarixindən MMC-nin maliyyə işlərinin görülməsinə görə sonuncu tərəfindən ona aylıq 250 (İiki yüz əlli) manat məbləğində vəsait ödənilməli idi. Həmin ödənişlər hər ay nağd formada ona ödənilirdi.
10. Lakin işlədiyi dövr ərzində bir neçə dəfə əmək haqqının ödənilməsi MMC, o cümlədən, onun yuxarıda adı çəkilən səlahiyyətli şəxsləri – cavabdehlər tərəfindən gecikdirilmiş və ödənilmiş. O öz növbəsində bu barədə onlara iradını bildirdikdə, sonuncular müvəqqəti çətinliyin olduğunu və ödənişləri edəcəklərini vəd etdilər, bildirdilər ki, onların işlərini tam yerinə yetirsin. Belə halların dəfələrlə təkrarlanması və əsassız vədlərin verilməsi uzandığı üçün, yekunda, xx.xx.2023-cü il tarixindən işi dayandırmaq məcburiyyətində qalmışdır. Cavabdehlər tərəfindən ona 2022-ci ilin noyabr ayı üçün 136 (bir yüz otuz altı) manat, dekabr ayı üçün 250 (iki yüz əlli) manat, 2023 ilin yanvar, fevral, mart, aprel ayları üçün 1000 (bir min) manat, mediyasiya xərci ilə əlaqədar 50 (əlli) manat, poçt xərci üçün 10 (on) manat və Mərkəzi Bankın illik inflyasiya faizi (10% olmaqla) - 302.15 çü) yüz iki) manat, 15 (on beş) qəpik, ümumilikdə 1748,15 (bir min yeddi yüz qırx səkkiz) manat ödəniş edilməlidir. Daha sonra, onlara dəfələrlə qeyd edilən məbləğin ödənilməsinin təmin edilməsini tələb etməyinə baxmayaraq, hər dəfə ödəyəcəkləri barədə vədlər verirdilər. Son xəbərdarlıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etməli oldu. Lakin qeyd edilən dövlət orqanlarına etdiyi müraciətlər nəticəsiz qaldığından bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli oldu. Bildirmək istəyir ki, birinci instansiya məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, nədşi“ görünür ki, iddiaçı tapşırıq müqaviləsi əsasında müəyyən işlər görərək, bunun müqabilində aylıq 250 (iki yüz əlli) manat pul alacağına razılaşmışdır. Lakin həmin müqavilə şifahi bağlanmışdır. İddiaçı oğlu cavabdehlər Cavabdeh3 MMC, Hünərbari Rəna Orucəli qızı və Cavabdeh2 oğlundan görülmüş işlər qarşılığında 1748,15 manat pul tələb etsə də, müqavilənin məhz kiminlə bağlandığını və bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasında Cavabdeh2 oğlu izahatında bildirmişdir ki, iddiaçı ilə müqaviləni Buraq Öksüzçoban bağlamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı oğlunun 1748,15 manat ödəniş barədə hazırki tələbi təmin edilə bilməz”. Bu hissədə nəzərə çatdırmaq istəyir ki, məhkəmə şifahi müqavilə əsasında aralarında müəyyən işlərin görülməsi barədə razılaşmanın olduğu qənaətinə gəlsə də, müqavilənin məhz kiminlə hansı cavabdehlə bağlanıldığına dair tərəfindən sübutların təqdim edilməməsinə görə iddia tələblərinin təmin edilməməsini qət etmişdir. Lakin, qeyd etmək istəyir ki, hüquqi şəxs olan Cavabdeh3 MMC-nin təsisçisi Öksüzçoban Burak və onun MMC-nin müvafiq işlərini həyata keçirilməsi ilə əlaqədar notarial qaydada etibarnamə (etibarnamə apellyasiya şikayətinə əlavə edilir) verdiyi Cavabdeh2 oğlu ilə aralarında yuxarıda qeyd edilən razılaşma əldə edilmiş, bir müddət razılaşma əsasında tərəfindən həmin işlər icra edilmiş, sonradan isə, yeni qanuni təmsilçi Hünərbari Rəna Orucəli qızı təyin edildiyindən, həmdə sonuncunun tapşırıqları əsasında həmin işləri davam etdirmişdir. Əlavə olaraq, Cavabdeh1 sonradan qanuni təmsilçi təyin edilməsinə baxmayaraq, Öksüzçoban Burak yenə də təsisçi olaraq işlərin gedişatına nəzarət etmiş və rəhbərlik etmişdir və nəticə etibarı ilə, belə qənaətə gəlmək olar ki, tərəfindən hüquqi şəxs olan Cavabdeh3 MMC-nin maliyyə işləri həmin şəxslərin tapşırığı əsasında həyata keçirildiyindən sözügedən məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.
11. AR MM-nin 783-cü maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Həmin Məcəllənin 785-ci maddəsinə əsasən,əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 786-cı maddəsinə əsasən, əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.
12. MMC-nin müvafiq işlərini həyata keçirilməsi ilə əlaqədar Öksüzçoban Burak tərəfindən notarial qaydada etibarnamə verilmiş Cavabdeh2 oğlu birinci instansiya məhkəməsində icraat zamanı izahatında etiraf etmişdir ki, onunla onun arasında hər hansı şifahi müqavilə olmamış, onun ona borcu yoxdur, yalnız Öksüzçoban Burakla onun arasında şifahi müqavilə olmuş və doğrudan da tərəfindən sözügedən işlər həmin müddət ərzində icra edilmiş, o cümlədən Cavabdeh3 MMC-nin, dolayısı ilə digər şəxslərin ona təxminən 1350 (bir min üç yüz əlli) manat civarında ödənilməyən məbləğ qalmışdır. Qeyd edilənlər mübahisəli qətnamədə natamam şəkildə qeyd edilmişdir, bununla bağlı məhkəmənin audio yazısına nəzər yetirilməsi zəruridir. Hesab edir ki, MMC-nin idarəetmə işlərinin (o cümlədən, bütün dövlət orqanlarında və məhkəmələrdə) etibarnamə əsasında etibar edildiyi Cavabdeh2 oğlunun bu izahatı bir daha sübut edir ki, iddia tələbləri əsaslıdır və təmin edilməlidir. AR MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
22. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
23. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
24. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
25. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Quliyev X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-711/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
40. Apellyator şikayətin dəlillərində hüquqi və digər xidmətlərin göstərməsini, vergi odəyicisi olmasını, gördüyü işə görə qarşılıqlı razılaşma əsasında cavabdehin ona pulun ödənilməməsini göstərsə də, tapşırıq müqaviləsi əsasında razılaşdırılmış və ona tapşırılmış işin həyata keçirilməsi ilə bağlı öhdəliyin icra edilməsini və cavabdehlərin iddiaçı qarşısında müqavilə üzrə 1748,15 manat məbləğində pul öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia təmin oluna bilməz.
41. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
43. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir.
44. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
45. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
49. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
50. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
51. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-711/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-711/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.