Məhkəmə qərarları › İş №2(105)-975/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-975/2023

07.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-975/2023 07.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3 qarşı iş üzrə (açar sözlər: çıxarışların etibarsız hesab edilməsi, iş üzrə icraata xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-993/2021 nömrəli qətnaməsindən iddiaçı Xıdırova (Salahova) Nailə Qəhrəman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2 və İddiaçı7 anası X4 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X6 17 noyabr 2005-ci il tarixdə ölmüşdür. Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı2 və ailə üzvləri İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızının, X2, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.32 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Qusar Rayon Məhkəməsinin 2-459a/2006 nömrəli iş üzrə 22 avqust 2006-cı il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - DƏDRX) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı və MH seriyalı, ******* saylı çıxarışlarla Quba rayonu İ Nügədi kəndində 3.45932 ha və 2.103096 ha torpaq sahələri mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmış, 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* və AN-İ ******* nömrəli və 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha, 2,103096 ha və 1,1 ha torpaq sahələrini Cavabdeh3 satmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışlarla Quba rayonu İ Nügədi kəndində 2.7604 ha və 3.9029 ha torpaq sahələri mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır. 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 2,103096 ha torpaq sahəsini 4000 manata Cavabdeh3 satmışdır. 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 və ailə üzvləri mülkiyyətlərində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 1,1 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. Qeyd olunan alqı-satqı müqavilələri əsasında Cavabdeh3 DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli; 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Qusar Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, G(029)-369/2019 nömrəli məktubu ilə bildirilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 tərəf olduğu 22 avqust 2006-cı il tarixli, 2- 459a/2006 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və qeyrilərinin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh3 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən 3,9029 hektar və 2,7604 hektar torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə, həmin qeydiyyatın nəticələrini, yəni 3,9029 hektar torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixi, seriya RX ******* nömrəli, 2,7604 hektar torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsində icraat Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh1 və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı (üçüncü şəxs Cavabdeh3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının iddiaçılara aid olan hissəsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin saxta olması bir daha onunla sübut olunur ki, xx.xx.2006-cı il tarixli qətnamədə cavabdeh qismində göstərilərək məhkəmə iclasında dindirilməsi qeyd olunan X6 17 noyabr 2005-ci il tarixdə, X5 isə 24 yanvar 2006-cı il tarixdə vəfat etmiş, halbuki ölmüş adamların məhkəmə iclasında dindirilməsi qeyri-mümkündür. Digər tərəfdən, Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsində təsvir olunan mübahisənin Qusar rayonuna heç bir aidiyyatı yoxdur. Beləliklə, iddia ərizəsinə əlavə olunan sənədlərlə tam təsdiq edilir ki, saxta məhkəmə qətnaməsi əsasında iddiaçıların mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq hazırkı iş üzrə Cavabdeh1 adına qeydə alınmış, o da öz növbəsində həmin torpaq sahələrini iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. Sonradan iddiaçılardan İddiaçı8 və İddiaçı7 məhkəməyə ayrı-ayrılıqda yazılı ərizələr ünvanlayaraq iddia ərizəsini başa düşmədən imzaladıqlarını bildirmiş və ərizədən (ərizədəki) imzalarından imtina etdiklərini bildirmişlər. Sonradan Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 cavabdehlərə qarşı (üçüncü şəxs Cavabdeh3) əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh1 adına DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların iddiaçılara və valideynləri X4 mülkiyyətinə aid hissəsinin etibarsız hesab edilməsi; Cavabdeh1 adına çıxarılmış saxta çıxarışlarla üçüncü şəxs Cavabdeh3 ilə cavabdeh alqı-satqı etdiyinə görə həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının iddiaçılara və valideynləri X4 mülkiyyətinə aid olan hissəsinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-993/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 iş üzrə iddiaçıları tanımamış, mübahisə olunan torpaq sahələrini 2014-cü il tarixdə Cavabdeh1 alqı-satqı müqavilələrinə əsasən almış, həmin ildə torpaq sahələrini adına rəsmiləşdirərək, müvafiq çıxarışlar əldə etmiş, bundan sonra həmin torpaq sahəsində bağ salaraq, soyuducu anbar tikmiş, kənd təsərrüfatı ilə məşğul olmuş və həmin kənd təsərrüfatını inkişaf etdirmək üçün müvafiq olaraq kreditlər götürmüşdür. Ona görə də Cavabdeh3 mübahisə olunan torpaq sahələrinin vicdanlı alıcısıdır. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasənm vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. İddiaçılar hazırkı iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar – Mülki Məcələ) 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşlər. Belə ki, mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçılar mübahisə olunan torpaq sahələrinin Cavabdeh3 satılmasını 09 aprel 2019-cu il tarixdə bildikləri halda, yalnız 08 aprel 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşlər. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139, 148, 354, 347, 182-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3256/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova). Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələri əsasında DƏDRX-dən cavabdehin adına verilmiş MH seriyalı ******* saylı, MH seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışlardan hansının iddiaçılara və onların valideynlərinə aid hissəsində etibarsızlığı və ya ləğv edilməsi konkret göstərilməmişdir. Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli, 11 oktyabr 2014-cü il tarixli, ANİ ******* nömrəli, 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən hansının və neçə kv.m. torpaq sahəsinə dair hissəsində etibarsız sayılması dəqiq qeyd olunmamış, İddiaçı1 məxsus 0.22 ha torpaq sahəsinin konkret olaraq hansı müqavilə və çıxarışla əhatə olunduğu aşkar deyildir. Bu vəziyyətdə iddianın qismən təmin edilməsi mümkün deyildir, çünki əks halda müqavilələrin hamısının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi cavabdehin mülkiyyət hüququnun tam şəkildə pozulmasına səbəb olardı. Məhkəmə iclasında da iddiaçı tərəf tələbində mövcud olan, aydın olmayan, qarışıq və ziddiyyətli hallara aydınlıq gətirə bilməmişdir. Ona görə də hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız olması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olsa da, məhkəmə Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 139, 148-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat İddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, X3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2721/2022 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apelllyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri nəzərə alınaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 üçüncü şəxs statusundan çıxarılaraq cavabdeh qismində və İddiaçı3 isə İddiaçı2 hüquqi varisi kimi işə cəlb edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı3 (eyni zamanda 16.09.21-ci il tarixdə vəfat etmiş İddiaçı2 hüquq varisi), Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırkı halda kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-993/2021 nömrəli qətnaməsi - iddia ərizəsinin Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların iddiaçılara və valideynləri mərhum X4 mülkiyyətinə aid hissəsinin etibarsız sayılaraq ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” fevral 2020ci il tarixli qərarı nəzərə alınmaqla) 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Plenumun həmin qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab edilir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı və MH seriyalı, ******* saylı çıxarışlarla Quba rayonu İ Nügədi kəndində 3.45932 ha və 2.103096 ha torpaq sahələri mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmış, həmin torpaq sahələrinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. İşdən görünür ki, iddiaçılar Cavabdeh1 3.45932 ha və 2.103096 ha torpaq sahələrinə dair verilmiş çıxarışları (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı) və Torpaq sahəsinin planı və ölçüsü sənədlərini mübahisələndirirlər. Bu sənədi tərtib edən qurum isə inzibati orqan hesab edildiyindən şərh olunan səbəblərdən mübahisəyə inzibati məhkəmədə baxılmalı idi. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Qeyd olunanlarla yanaşı, iddiaçılara izah olunur ki, bu qərardad onların hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-993/2021 nömrəli qətnaməsi - iddia ərizəsinin Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların iddaçılara və valideynləri mərhum X4 mülkiyyətinə aid hissəsinin etibarsız sayılaraq ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-993/2021 nömrəli qətnaməsi iddia ərizəsinin Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların onlara və valideynləri mərhum X4 mülkiyyətinə aid hissəsinin etibarsız sayılaraq ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddia ərizəsinin həmin hissəsinə münasibətdə iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə eyni tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar