Məhkəmə qərarları › İş №2(105)-982/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-982/2025

17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-982/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X5 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(067)-943/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 1 uşağa görə 250 manat alimentin, 60 manat məbləğində mediasiya xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023-cü ildə nikahı bağlamışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X15 anadan olmuşdur. Cavabdeh ailəyə baxmır. Ayrı-ayrı yaşayırlar. Hal- hazırda övladı ilə birgə yaşayır. Maddi cəhətdən çətinlik çəkir. İştirak etdiyi mediasiya sessiyasına 60 manat mediasiya xərcini ödəmişdir. Belə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X2 üçün hər ay 250 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü ildə 226 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikahdan sonra qadına Əhmədova soyadı verilmişdir.

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir.

6. X8 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəflər X8 iştirak etmişlər.

7. Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(067)-943/2025 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin tutulması, cavabdehdən 41.6 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin alimnetə aid hissədə dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi, «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsi, «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipi, həmin Bəyannamənin 4 saylı prinsipi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3.0.4, 75.1, 78.1, 78.2, 110.1 və 110.2-ci maddələri, Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2, 9.1.2 və 9.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 112.1.3, 14.2, 77.1, 217.4, 218.3, 88, 117-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Xaçmaz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(067)-943/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ondan X3 xeyrinə tutulan alimentin miqdarının hər ay 100 manat və İddiaçı iddiasının qismən təmin edilib onun xeyrinə tutulan aliment miqdarının hər ay 100 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, apellyasiya şikayətinin tələb hissəsində texniki səhvə yol verilərək “Xaçmaz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(067)-943/2025 nömrəli qətnaməsini ləğv edərək ondan X3 xeyrinə tutulan alimentin miqdarının hər ay 100 manat və İddiaçı iddiasının qismən təmin edilib onun xeyrinə tutulan alimentin də miqdarının hər ay 100 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsi” qeyd olunmuşdur. Şikayətin tələb hissəsinin İddiaçı iddiasının qismən təmin edilib onun xeyrinə tutulan alimentin miqdarının hər ay 100 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh olaraq iddia tələbini qismən qəbul etməklə izahatında göstərmişdir ki, hazırkı iş üzrə iddiaçı ikinci həyat yoldaşıdır, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)- 239/2025 saylı qətnaməsi ilə birinci həyat yoldaşı olmuş X6 ilə birgə nikahdan olmuş qızı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli miqdarında alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Bu da hazırda ayda 180 manat təşkil edir. Ona görə də o, rəsmi vəsatətlə məhkəməyə müraciət edərək X3 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etməklə həm ona ödənilən alimentin, həm də hazırkı iş üzrə İddiaçı xeyrinə tutulacaq alimentin miqdarının 100 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəməyə rəsmi sənədləri təqdim etmişdir ki, üçüncü qrup əlil olmaqla ayda 150 manat müavinət alır. Başqa heç bir gəlir mənbəyi yoxdur, birinci iş üzrə alimenti də əlilliyi olan atasının pensiyası hesabına ödəyir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onun vəsatətini təmin edərək X3 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul etsə də, onun məhkəmə iclasında iştirakını təmin etməmiş və qətnaməsində ona ödənilən alimentin miqdarının tənzimlənməsi məsələsinə baxmamışdır. Sual olunur, əgər X6 iş üzrə üçüncü şəxs qismində cəlb olunursa, hazırkı iddia üzrə tələbinin ona aidiyyatının olub-olmaması məsələsinə qiymət verilməli idi. İşə baxmış məhkəmə qanunun tələblərini pozaraq bu məsələyə ümumiyyətlə heç bir qiymət verməmişdir. Nəticə etibarı ilə o, ikinci qrup əlil olaraq ayda dövlətdən aldığı 150 manat müavinət hesabına iki icra sənədi üzrə ümumilikdə 360 manat aliment ödəməlidi. Sözsüz ki, o, həmin həddə aliment ödəmək iqtidarında deyil və gələcəkdə alimentin ödənilməməsinə görə məsuliyyətə cəlb oluna bilər. İşə baxmış məhkəmənin qərəzliliyi və qeyri-obyektlivliyi gələcəkdə onun məsuliyyətə cəlb edilməsi üçün zəmin yaradır. Ona görə də məhkəmənin iş üzrə qəbul etdiyi qətnaməni qanunsuz və əsassız hesab edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, İddiaçı xeyrinə tutulan alimentin miqdarının hər ay 100 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. İddiaçı apellyasiya şikayətini qəbul edərək, alimentin 100 (yüz) manat təyin edilməsinə etirazının olmamasını bildirdi.

16. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etdsə də göründüyü kimi şikayətin dəlilləri alimentin miqdarının mübahisələndirilməsi ilə bağlıdır. Odur ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.İV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

19. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

20. “BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktı” 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

22. “Uşaq Hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası: Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə - aliment miqdarının müəyyən olunması hissədə dəyişdirilməlidir.

26. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.

27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 1 uşağa görə 250 manat alimentin, 60 manat məbləğində mediasiya xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin tutulması, cavabdehdən 41.6 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin alimnetə aid hissədə dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

29. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, aliment miqdarının hər ay 100 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

31. Kollegiya ilk əvvəl vurğulayır ki, Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.

32. Lakin o da qeyd olunmalıdır ki, qanunvericiliyin göstərişləri alimentin təyin edilməsində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

33. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valdeynlər birgə məsuliyyət daşıyırlar.

34. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur.

35. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

36. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

37. Qeyd olunmalıdır ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

38. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

39. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh 3-cü qrup əlildir və 150 manat pensiya alır.

40. Kollegiya hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

41. Bundan başqa, İddiaçı məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətini qəbul etdiyini və alimentin 100 (yüz) manat təyin edilməsinə etirazının olmamasını bildirdi.

42. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

43. Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2025-ci il tarixli Sərəncamına əsasən 2025-ci ilin yanvarın 1-dən minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir.

44. Sadalananlara əsasən məhkəmə kollegiyası, azyaşlı uşağın saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu, iddiaçı tərəfindən apellyasiya şikayətinin qəbul edilməsini, cavabdehin əmlak vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissədə dəyişdirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli (400x0,25=100manat) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(067)-943/2025 nömrəli qətnaməsi - xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun - hissədə dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar