Məhkəmə qərarları › İş №2(105)-983/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-983/2025

03.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-983/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), X17 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1225/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-157/2024 saylı qətnaməsi ilə İddiaçı ilə X5 arasında olan nikah qeydi pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəlludiı X14 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər iddiaçı (anaları) - X1 yanında (himayəsində) qalması, xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 17 iyul 2023-cü tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində aliment xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər saxlanması üçün 40 manat məbləğində aliment (əlavə xərc) tutulub iddiaçı X3 verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(067)-157/2024 saylı qətnaməsi ilə X5 ilə birgə nikahından doğulmuş - xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq ondan hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər saxlanılması üçün 40 manat məbləğində tutulan alimentin miqdarının azaldılması, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin tutularaq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-157/2024 saylı qətnaməsi ilə cavabdeh X5 ilə aralarında xx.xx.2014-cü il tarixdə bağlanılmış nikah qeydinin pozulması, birgə nikahından doğulmuş - xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2017- ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq ondan hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində aliment, xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər saxlanılması üçün 40 manat məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Onun valideynləri (atası və anası) yaşlı olduqlarına görə heç yerdə işləmir. Hətta bacısı həyat yoldaşından ayrılıb, 6 ildir ki, bir azyaşlı uşağı ilə onlarla birlikdə yaşayır. Onun həyat yoldaşından məhkəmə qaydasında bacısınım övladının yetkinlik yaşma çatana qədər saxlanılması üçün aliment pulu ayrılsa da, cavabdeh Rusiya Federasiyasının vətəndaşı olduğundan 6 ildir ki, aliment pulunu ödəmir. Bu tərkibdə ailəninin saxlanılması üçün ailədə yeganə qazanc gətirən şəxs odur. Ailənin isə başqa heç bir yerdən gəlir mənbəyi yoxdur. O, işlədiyi yerdən aylıq 400 manat maaş alsa da, həmin pul ilə həm ailəni dolandırmağa, həm də məhkəmə tərəfindən təyin olunmuş yüksək məbləğdə aliment pulunu ödəməyə çalışır. Bu onun üçün olduqca çətindir.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1225/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Samir Bayramov).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 107.1, 107.2, 112.1, 112.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1225/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-157/24 saylı qətnaməsinə əsasən ondan üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 510 manat alınaraq X4 verilməsi qət edilmişdir. Hesab edir ki, göstərilən qətnamə qanunsuz və əsassızdır. Belə ki, hazırda Xaçmaz toxumçuluq ayırmazavodunda texnik işləyir və aylıq 400 manat əmək haqqı alır. Lakin məhkəmə onun gəlirlərini nəzərə almadan əmək haqqından yüksək aliment təyin etmişdir. Anası rəhmətə getdiyi üçün xəstə atası da onun himayəsindədir və onun müalicə xərclərini ödəyə bilmir. Göründüyü kimi maddi vəziyyəti aşağı olduğu üçün göstərilən məbləğləri heç cür ödəyə bilmir. Onun maddi imkanının aşağı olması bir valideyn kimi məsuliyyətdən azad etməsə də, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki alimenti vaxtlı-vaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşağın maddi tələbatının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Çünki, uşağın saxlanılması, onların maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır. Odur ki, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin 300 manat müəyyən edilməlidir. Hər ay davamlı olaraq 300 manat aliment ödəyir. Lakin yığılan borcu ödəyə bilmədiyi üçün AR İXM-nin 528-ci maddəsinə əsasən iki dəfə inzibati məsuliyyətə cəlb olunaraq inzibati həbs olunmuşdur. Qarşı tərəf yığılan borclardan qisas vasitəsi kimi istifadə edir. O inzibati həbs oluncağı halda işindən də azad olunma ehtimalı yaranır. Belə olacağı halda o hazırda ödədiyi 300 manat alimenti də ödəyə bilməyəcək. Bu da uşaqlarının maraqlarına zidd olacaq. Birinci instansiya məhkəməsi bütün bu göstərilənləri nəzərə almamış, kifayət qədər araşdırma aparmadan formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.

11. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

12. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Konvensiya

15. Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

“Uşaq hüquqları haqqında” Qanun

16. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1225/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

30. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

32. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

33. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

34. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını maddi imkanının aşağı olması və aliment borcuna görə bir neçə də inzibati məsuliyyətə cəlb olunmasına əsaslanmaqla tələb etmişdir.

35. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddiaçıya 2 dəfə AR İXM-nin 528.1,528.1-1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilmişdir.

36. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının əmək haqqısı 345 manat, cavabdehin əmək haqqısı isə 200 manat məbləğindədir.

37. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı əldə edilmiş sübutlar və verilən izahatlarla müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı iki dəfə aliment borcuna görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, həmin hallar isə gələcəkdə iddiaçının iş yerindən azad olunması ilə, uşaqların daha da ağır maddi vəziyyətə düşməsi ilə nəticələnə bilər.

38. Belə ki, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

39. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur.

40. Məhkəmə sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən hesab edir ki, iddiaçının hazırkı maddi vəziyyəti ondan tutulan sabit pul məbləğində müəyyən edilmiş alimentin azaldılması üçün əsas kimi qəbul olunmalıdır.

41. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

42. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

43. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

44. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir

45. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

46. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının aliment verməsinə dair maddi imkanları, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması və uşaqların digər diqqətəlayiq maraqları nəzərə alınmaqla iddiaçıdan tutulan alimentin miqdarı hər ay hər uşağa 140 manat, cəmi 420 manat məbləğində müəyyən edilməlidir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

48. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də iddiaçının aliment verməsinə dair maddi imkanları, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır.

49. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

50. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X18rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1225/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-157/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəlludlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər üşağa 140 (yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində sabit pul şəkilində aliment tutularaq Cavabdeh ödənilməlidir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1225/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-157/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəlludlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər üşağa 140 (yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində sabit pul şəkilində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar