Məhkəmə qərarları › İş №2(105)-987/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-987/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-987/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-263/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6913 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin yay ayında oğlu X6 üçün el adəti ilə toy edib X7 ilə nikaha daxil olmaları üçün hər bir şərait qurulmuşdur. Xaçmaz rayonu Çarxı kəndində Qənbər Aydəmirova məxsus evin həyətyanı sahəsində toy mağarı qurulmuş, toy günü oğlan evinin adamları, yəni onun ailə üzvləri və yaxın qohumları toya gələrək toy məclisinə qonaq kimi iştirak etmişlər. Saat təxminən 16-17 radələrində sözü gedən məclisdə söz-söhbət çıxmış və söz-söhbət davaya səbəb olmuşdur. Onu və yaxınlarını, kürəkənini, hətta bəylik kürsüsündə əyləşən oğlunu da döyərək və gəldikləri avtonəqliyyat vasitəsinə ciddi ziyan vuraraq onları toy məclisindən uzaqlaşdırmışlar. Toy məclisində və toydan qabaq Alsu Aydəmirovaya xərclənən siyahı aşağıdakılardır: kiçik nişanda xərc 400 manat, toy məclisində xərc 3500 manat, gəlinlikbəzənmək 200 manat, kiçik nişanda salon, paltar üç dəst paltar 70 manat, 65 manat, 50 manat, iki cüt ayaqqabı 40 manat, 25 manat. Böyük nişanda tort, kiçik nişanda tort, gəlinlik gülü, yeni ildə paltar, sevgililər günündə paltar, 8 martda köynək, ətir, gül, 20 martda kosmetik xonça, kiçik nişanda və böyük nişanda çamadan, güzgü, şam, kəllə qənd, qol sumkaları, iki ədəd şirniyyat xonçaları, kurtka cins, pencək qolsuz, gecə dəsti ümumi sürtkən xonçası, orucluqda ümumi 6913 manat. Toy məclisində və toydan qabaq Alsu Aydəmirovaya verilən və xərclənən pulları dəfələrlə Qənbər Aydəmirovdan könüllü olaraq qaytarmasını xahiş etsə də, Qənbər Aydəmirov və onun arvadı Cavabdeh2 müxtəlif bəhanələr edərək pulu verməkdən yayınırlar. Bu barədə Xaçmaz rayon prokurorluğuna da şikayət etmişlər.

3. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməyərək göstərmişlər ki, qızıl əşyalarıını və avadanlığı qaytarmağa etiraz etmirlər. Əlavə olaraq bildirmişlər ki, iddiaçı el adəti üzrə onlara cəmi 2200 manat xərc verib, iddiaçı tərəfdən 60 nəfər toyda iştirak edib, yeyib-içib sonra da toy məclisini dağıdıblar. Onlar özləri də 8000 manat xərc çəkiblər.

4. Məhkəmə iclasında şahid qismində ifadə verən Ağasiyeva (Hacıyeva) Əminə Çingiz qızı ifadəsində göstərmişdir ki, iddiaçının qızıdır. Cavabdehlərin evinə bazarlıq edib aparmışlar. 200 manat dəyərində gəlinlik, makiyaj olunub, kosmetika və şirniyyatlar aparılıb. Xərcləri 1000 manatdan çox olub. Böyük nişanda 2000 manatdan çox xərc vermişlər.

5. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, İddiaçı tərəfindən prokurorluğa şikayət olunmuşdur. Prokurorluqdan ona bildirilmişdir ki, qaytarılan əmlakları təhvil-təslim etməyə köməklik etsin. O da əmlakları cavabdeh tərəfdən qəbul etmişdir. İddiaçı isə yalnız qızılları qəbul edib götürmüş, qalan əmlaklar isə hazırda da onun otağında saxlanılır.

6. İş materiallarında olan Cavabdeh2, Cavabdeh1, Ceyhun Süleymanovun və Nizami Hüseynovun iştirakı ilə tərtib olunmuş akdan müəyyən olunur ki, toy (nişan) məclisində oğlan evi tərəfindən gətirilən geyim və bəzək əşyalarını və əlavə olaraq qızılzinət əşyalarını Xaçmaz şəhəri A.Ələskər küçəsində yerləşən hüquq məsləhətxanasının hüquqşünası Nizami Hüseynova təhvil verilib.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-263/2023 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia qismən təmin ediləərk, Cavabdeh2 və X2 2200 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 30 manatının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 60 manatın isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf əmlakların dəyəri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia tələbi 2200 manatlıq hissədə əsaslı olduğundan və sübuta yetirildiyindən təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 385, 427, 442, 448.1, 739.1, 739.2-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

10. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya zərər vurmamışdırlar, əksinə onun özü və özü ilə gətirdiyi qonaqlardan bəziləri tərəflərindən göstərilmiş yüksək səviyyədə qulluq qarşılığında sərxoş olaraq məclisdə dava salmış, məclisdə iştirak etmiş digər şəxslərlə qarşılıqlı dava salaraq məclisi pozmuşlar. İddiaçının gətirdiyi 60 nəfər qonaq günorta vaxtlarından axşama kimi həyətlərində qurulmuş mağarda yeyibiçmişdirlər. Menyuda müxtəlif kabablardan tutmuş, başqa çeşiddə müxtəlif yeməklər olmuş, spirtli və spirtsiz içkilər olmuşdur. Xaçmaz rayonunda 60 nəfərin həmin səviyyədə yemək-içməklə bağlı istənilən restoranda (kafedə) xərci 2500-3000 manat civarında olacaqdır. 2200 manat pul iddiaçı tərəfindən onlara xərc kimi verilmişdir, yəni el adəti ilə oğlan evi həmin pulu qız evinə verir ki, toy və nişan vaxtı öz qonaqları ilə qız evinə gəldikdə onlar yemək-içmək versinlər. İddiaçı və özü ilə gətirdiyi 60 nəfər qonaq qarşısında hər-hansı şifahi və ya yazılı öhdəlikləri olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 2200 manat onlara başlıq pulu kimi verilmişdir və nişan-toy mərasimlərində iddiaçı tərəfin özü ilə gətirdiyi qonaqların yemək-içməyinə sərf edilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddiaçı tərəfin dava salmağına görə məclis dağılmış və 8000 manat xərcə düşmüşdürlər. İddiaçı 8000 manatı qaytararsa 2200 manatı qaytara bilərlər. İddiaçıya borcları yoxdur.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı toy mərasimində cavabdeh tərəfin qohumları oğlunu təhqir edib döydükləri üçün o da onları döymüşdür. Cavabdehlərə verdiyi pulu geri tələb edir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

20. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsasında cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsələr də, apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, tərəflər iddia tələbinin təmin edilən hissəsini mübahisələndirirlər. İddia tələbinin təmin edilməyən hissəsi mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

22. Mübahisənin düzgün və qanuni həlli üçün ilk növbədə qanunun mübahisəli hüquq münasibətini tənzimləyən norması müəyyən olunmalı və qərar həmin normanın tələblərinə uyğun əsaslandırılmalıdır.

23. İddiaçı tələbinin hüquqi əsasını Mülki Məcəllənin 739.1 və 740-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Həmin Məcəllənini 740-cı maddəsinə əsasən, 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

26. Birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin edərkən, Mülki Məcəllənin öhdəlik və borc müqaviləsi haqqında normalarına istinad etmişdir. Halbuki, həmin normalar mübahisəli hüquq münasibətini tənzimləyən norma kimi qəbul edilə bilməz.

27. Tərəflərin izahatları ilə müəyyən olunur ki, adət-ənənəyə əsasən 2200 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehlərə toy etmək məqsədilə verilmişdir.

28. Bu tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinə əsaslanmır və həmin pulu verən tərəf geri almaq məqsədilə vermir.

29. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Hazırkı iş üzrə tərəflər arasında isə qeyd edilən məzmunda münasibətlər olmamışdır, iddiaçı cavabdehlərə pulu verərkən onların üzərinə hər hansı vəzifə qoymamışdır.

30. Digər tərəfdən, iş materiallarında olan Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi Rəşad Babayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 17 iyul 2021-ci il tarixdə saat 23 radələrində Xaçmaz rayonu Çarxı kəndində X3 və digərlərinin arasında baş vermiş mübahisə faktı ilə bağlı toplanmış HK-1/1809, HK-1/1821 və HK-1/1822 material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şabran rayonu, Söhbətli kəndində yaşayan X8 və X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə, Xaçmaz rayonu Çarxı kəndində yaşayan X1 barəsində isə həmin məcəllənin 232-1-ci maddəsi inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Xaçmaz RPŞ-nə İTB-nə göndərilməsi qərara alınmışdır.

31. Qərardan həmçinin görünür ki, araşdırma zamanı X8 izahatında həmçinin göstərmişdir ki, Xaçmaz rayonu Çarxı kəndində onun qohumları yaşayır, o da qohumu Qəmbər adlı şəxsin qızını oğluna nişanlamaq istəmişdir. Buna görə xx.xx.2021-ci il tarixdə ailə üzvlərilə və qohumlarıyla birlikdə Qəmbərin qızına nişan üzüyü taxmağa getmişlər və Qəmbərgilin həyətində nişan məclisi qurulmuşdur. Günorta saatlarında üzüktaxma olmuş və qohumlarla birlikdə yeyib-içmişlər. Nişan məclisində Cavanşir adlı şəxs və 4 oğlu sərxoş olaraq məclisdə özlərini apara bilməmişlər. Həmçinin İmran, Qəhrəman və Fərman qardaşları da məclisdə özlərini apara bilməmişlər. Lakin məclisdə dava-dalaş olmamışdır, məclisi yekunlaşdırıb onlar yaşadıqları Şabran rayonu Söhbətli kəndinə qayıtmışlar...

32. Göründüyü kimi adətlərinə uyğun olaraq həmin məclisin keçiriləcəyinə görə iddiaçı tərəfindən pul vəsaiti verilmiş, məclis cavabdehlər tərəfindən təşkil olunmuş və baş tutmuşdur.

33. Birinci instansiya məhkəməsinin istinad etdiyi borc müqaviləsi ilə bağlı maddi hüquq normalarına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, borc müqaviləsi müqavilədən yaranan öhdəliklərin növlərindən biridir. Hazırkı iş üzrə tərəflər arasında borc müqaviləsi olmamış, iddiaçı cavabdehlərə pul verməyi, cavabdehlər isə həmin pulu qaytarmağı öhdələrinə götürməmişdirlər.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunun tətbiqində səhvə yol verilmiş, mübahisə tərəflər arasında münasibəti tənzimləyən norma düzgün müəyyən olunmadan həll edilmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

36. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarıldığından MPM-in 385.1.1-ci maddəsinə əsasən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edildiyindən və həmin hissədə iddia rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun cavabdehlərə aid edilmiş 30 manat hissəsi də iddiaçının özünə aid edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-263/2023 nömrəli qətnaməsi mübahisələndirilən - Cavabdeh2 və X2 2200 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilmiş 30 (otuz) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar