Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-990/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Etibarov X4 iştirakı ilə, iddiaçı Etibarov X4 cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-320/2020 saylı, 12 noyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı Etibarov X7 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-320/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Etibarov X4 cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim G.N.Tanrıverdiyeva). Qətnamədən narazı qalan iddiaçı Etibarov X7 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-320/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Etibarov X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “017 CARS Sumqayıt" Avtosalonu tərəfindən avtomobilin qusurlu olması səbəbindən geri qaytarılması zamanı ona vurulmuş 7380 (yeddi min üç yüz səksən) AZN məbləğində pulun cavabdehdən tam tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Etibarov X7 apelyasiya şikayətini müdafiə edərək göstərid ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsini əsassız hesab edir. 6 ay davam edən məhkəmə işi üzrə 02 iyun 2020-ci il tarixli ilk iclas qeydiyyata alınmamış və məhkəmə sistemində son 3 iclas qeyd olunmuşdur “Avtosalonun ünvanda mövcud olmadığı” haqda poçt tərəfindən təqdim olunan məktuba əsasən işin baxılmasının mümkün olmadığı vurğulandıqda, hakimə iradını bildirmiş və yerləşdiyi ünvan haqda izahat vermişdir. Sonrakı iclasda hakim Yol Polisinə müraciət olunduğunu bildirdikdə, avtomobilin avtosalondan alındığı və qaytarıldığı anda alqı-satqı müqaviləsinin Quliyev Pərviz ilə imzalandığını bildirmiş və 01.10.2019-cu il N 793357 Hesab-arayışın surətini hakimə təqdim etmişdir. Belə ki, BDYPİ tərəfindən verilmiş cavab məhkəmə tərəfindən təhrif edilmiş, avtomobilin Quliyev Pərvizdən alındığı və ona qaytarıldığı faktı aydın olsa belə, bunu düzgün qiymətləndirməmiş və yanlış qərar qəbul etmişdir. Son məhkəmə iclasında cavabdehin “etirazının” təqdim olunmasını xahiş etmişdir. Yazıları oxuna biləcək surətin təqdim olunmasını və ona münasibət bildirməyinə imkan yaradılması xahişi isə rədd olunmuşdur. Belə ki, məhkəmədən sonra 18.11.2020 tarixli məktubla cavabdehin nisbətən oxuna bilən “möhürsüz etirazının” surətini almışdır. Cavabdehin 11.11.2020 tarixli “etirazı” məhkəmə tərəfindən bir gün əvvəlki 10.11.2020 tarixi ilə qeydiyyata alınmışdır. Bununla da ilk instansiya məhkəməsi tərəfindən MPM-nin 47.2; 153.1; 172.1 və “Kargüzarlıq haqda Qanunun” 107-ci maddələri pozulmuşdur. Avtomobilin mühərrik həcminin yanlış və onun zədəli olması haqda 2-ci gün, 8-ci gün və daha sonra 6- 7 dəfə avtosalona gələrək məlumat vermiş və onun geri qaytarılmasını tələb etmişdir. Avtomobilin 4000 AZN aşağı qiymətlə əvəz olunması təklif olunsa belə, razılıq verməmiş və sonda avtomobili avtosalona geri qaytarmışdır. Cavabdeh “etirazında” 5 dəfə “Wotksvagen Passat CC 2.0” avtomobili qeyd edir. Məhkəmə bunu təkrar edərək “Wolksvagen Passat CC 2.0” avtomobilin ona satıldığını təsdiq edir və inkar etmir. BDYPİ tərəfindən təqdim olunmuş avtomobilin qeydiyyat şəhadənaməsində isə mühərrik həcmi MİH-1800 sm3 qeyd olunmuşdur. Bununla da, cavabdeh ilə məhkəmə Passat CC 2.0 (200a.g.) əvəzinə modelə, izaha, çeşidə, elana, təsvirə uyğun olmayan Passat CC 1.8 (160a.g.) avtomobilinin satdıqlarını təsdiq etmiş olurlar. Avtomobilin modelinin yanlış təqdim olması isə cavabdehin təqsirli hərəkətidir. Bunun məhkəmə tərəfindən qiymətləndirilməməsi və formal dəlil adlandırılması səhvdir. Vəkil sorğusuna cavab olaraq, “Digital Classifieds”, “Turbo.Az” saytı 11.01.2021-ci il tarixli DG-001/Ö1/21 nömrəli cavab məktubu ilə adı gedən avtomobilin alınmamışdan əvvəlki 27 sentyabr 2019-cu il tarixli ******* nömrəli və avtomobil qaytarıldıqdan sonrakı 15 yanvar 2020-ci il tarixli ******* nömrəli elanların təsdiq olunmuş surətləri təqdim olunmuşdur. Avtomobil başqa adama satılmışdırsa, o avtosalona necə qayıtmışdır. “Turbo.Az” saytının cavabı ilə "017 Cars Sumqayıt" avtosalonunun yerləşdirdiyi elanlarında adı gedən “Wolksvagen Passat CC” avtomobilinin təsvir olunduğunu, lakin müxtəlif tarix, müxtəlif mühərrik həcmi ilə (2.0 və 1.8) və müxtəlif qiymətlərlə göstərildiyi təsdiq olunur. “Turbo. Az” saytında bu elanları yerləşdirməklə “017 Cars Sumqayıt” avtosalonu avtomobili idarə etmək üçün bütün lazımı hüquqlara, lisenziyalara, icazələrə malik olduğunu birbaşa təsdiqləyir və razılaşır. Daha sonra “2.9. NV ilə elanı yerləşdirərək istifadəçi təsdiq edir ki, o elanda göstərilmiş hərəkətlərin belə NV barəsində həyata keçirmək hüququna malikdir. Passat 2.0(200 a.gJ158kW) avtomobili ilə Passat 1.8(160a.gJ118kW) avtomobillərinin texniki parametrləri arasında “fərqi bilməyən” və ya “bilərəkdən gizlədən”, bunu “məntiqsiz” hallandıran cavabdeh və ilk instansiya məhkəməsi əsassızdır. Mühərrik həcmindən asılı olaraq avtomobillərin gücü, sürəti və 5000 AZN-dək qiymət fərqinin olmasını cavabdehin bilməməsi gülüncdür və o məhkəməyə yanlış məlumat vermişdir Bir daha qeyd edir ki, avtosalona avtomobil üçün 25900 manat tam ödənilmişdir. Turbo.Az saytının cavabından gürünür ki, avtomobil avtosalona qaytarıldıqdan sonra 28.12.2019-cu il tarixdən 24900 AZN qiymətlə satışa çıxarılmış, sonda qiymət 1000 AZN aşağı salınaraq proses başlamamış “təcili” satılmış və 28.05.2020-ci il tarixində saytdan silinmişdir. Belə ki, sonradan cavabdeh 1000 azn endirim edərək, avtomobili sonradan təkrar olaraq 24000 manat qiymətinə kimə satdığı aydın görünür. Cavabdeh avtomobili satan zaman “mühərrikin zədəli olması” olması barədə “etirazında” heç bir aydınlıq gətirilməmiş və bu məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bununla ilk instansiya məhkəməsi cavabdehin ona zədəli və keyfiyyətsiz avtomobil satdığını təsdiqləyir və etiraz etmir. Nəticə olaraq, məhkəmə tərəfindən Mülki Məcəllənin 581, 587, 588, 589-cu maddələri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun nəzərə alınmamışdır. Əgər malın təklifdən çeşidə, növə, formaya və keyfiyyətə uyğun olmadığı ağlabatan müddətdə satıcıya bildirilmişsə, satıcı həmin malı təklif etdiyi çeşidə, növə, formaya və keyfiyyətə uyğun malla əvəzləşdirməyə və o, mümkün olmadıqda ödədiyi pulu geri verməyə borcludur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-320/2020 saylı, 12 noyabr 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Etibarov X4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, iddiaçı ona mübahisəli avtomaşının satılması barədə 01.10.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş, sonradan 2019-cu ilin dekabr ayında 3 aya yaxın müddət keçdikdən sonra həmin avtomaşını öz iradəsinə uyğun olaraq, qiyməti tərəflərin iradəsinə uyğun olaraq qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən başqa bir şəxsə satmışdır. Lakin məhkəmənin diqqətinə çatdırmaq işəyir ki, cavabdeh "017 CARS Sumqayıt" məhkəməyə etirazla müraciət edərək, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatları, yəni Etibarov X4 "Wolksvagen Passat CC 2.0" markalı avtomobili 900 manat endirim etməklə, 24000 manata satın almasını təsdiq etmişdir. Lakin sonradan həmin avtomobili Pərviz Quliyev adlı şəxsə satmış və Pərviz Quliyev "017 CARS Sumqayıt" Avtosalonunun işçisi olmaması və həmin şəxsə avtosalon adından hərəkət etmək üçün qanuna müvafiq qaydada hər hansı səlahiyyət verilmədiyini bildirmişdir. Bununla bağlı, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş kompyuter çıxarışından aydın olaraq görünür ki, mübahisəli "Wolksvagen Passat CC " markalı avtomobil cavabdeh "017 Cars Sumqayıt" avtosalonunda satışa qoyulduğu vaxt yəni, 23.08.2019-cu il tarixdən 24.08.2020-ci il tarixədək etibarnamə əsasında X5 adlı şəxsin sahibliyində olmuş, 01.10.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən məhz X5 ilə Etibarov X7 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılmış, daha sonnra 24.12.2019-cu il tarixdə yenidən Etibarov X7 ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında "017 CARS Sumqayıt" Avtosalonuna geri qaytarılmışdır. Cavabdeh etirazında Pərviz Quliyevin "017 CARS Sumqayıt" Avtosalonunun işçisi olmaması və həmin şəxsə avtosalon adından hərəkət etmək üçün qanuna müvafiq qaydada hər hansı səlahiyyət verilmədiyini bildirsə də, iddiaçı Etibarov X4 Wolksvagen Passat CC" markalı avtomobili 24000 manata "017 CARS Sumqayıt" Avtosalonundan almasını etiraf etdiyindən, X3 avtosalonun işçisi olub-olmaması, avtosalon adından hər hansı səlahiyyət verilib-verilməməsi ilə bağlı halları sübut etmə yükü artıq cavabdehin üzərinə düşsə də, sonuncu məhkəmə tədqiqi zamanı göstərdikləri halları sübuta yetirəcək mötəbər dəlillər gətirməmiş və belə bir imkandan da istifadə etməmişdir. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçıya Avtosalon tərəfindən keyfiyyətsiz avtomobil satılması səbəbindən avtomobil salondan alındığı qaydada eyni şəxsə alqı-satqı müqaviləsi əsasında geri qaytarılması öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi, avtomobilin alqı-satqısı ilə bağlı DİN BDYPİ-tərəfindən çıxarışı alsa da, Etibarov X4 avtomobili məhz X2 alması xüsusatına ümumiyyətlə qiymət verməmiş, müdafiə mövqeyini üzərinə götürərək, cavabdehin xeyrinə olan sübutları tədqiq etmiş, Etibarov X4 24.12.2019-cu il tarixdə avtomobili guya öz iradəsi əsasında başqa bir şəxsə, X5 adlı şəxsə alqı-satqı müqvailəsi əsasında satması kimi yalnış nəticəyə gəlməklə, sübutlara qərəzli, qeyri-obyektiv qiymət vermişdir. Bundan başqa, məhkəmənin daha bir qənaətində qeyd edilmişdir ki, avtomobilin Etibarov X7 tərəfindən 25900 manata alınıb 19500 manata satılması barədə sübutlar təqdim olunsa da, avtomaşının baha alınıb ucuz satılmasına cavabdeh "017 CARS Sumqayıt" Avtosalonunun təqsirli hərəkətlərinin səbəb olması barədə iş materiallarında hər hansı sübut olmadığı bildirilmişdir. Lakin iş materiallarında olan, avtomoblin "017 CARS Sumqayıt" Avtosalonundan alındığı vaxtdan 01.10.2019-cu il tarixdən 24.12.2019-cu il tarixədək davam edən müddət ərzində avtomobildə qüsurların aşkar olunması barədə qüsur aktları, servis arayışları məhkəməyə təqdim edilmiş, eyni zamanda avtomaşının məhz qüsurlu olması səbəbilə avtosalon tərəfindən satıldığı qaydada, satıldığı şəxsə geri alqı-satqı müqaviləsi əsasında geri qaytarılması avtomobilin daha ucuz qiymətə yəni, 6400 manat daha ucuz satılmasına məhz cavabdehin təqsirli hərəkətlərinin səbəb olmasını bilavasitə təsdiq edir. Eyni zamanda, avtomobildə yaranmış qüsurların məhz iddiaçının təqsiri ucbatından yaranmasına dair faktları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdehin nümayəndəsi isə məhkəməyə bu barədə mötəbər sübut təqdim edə bilmədiyindən iddiaçının iddiası əsaslı hesab edilməli və təmin edilməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz? əsassız və işin faktiki hallarına uyğun olmayan, yalnız cavabdehin etirazında qeyd etdiklərinə istinad etməklə gəlinmiş bir nəticədir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-320/2020 saylı, 12 noyabr 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə clasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayənmdəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə iddiaçı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan «Euro Style LTD» tərəfindən verilmiş 00013242-1 saylı, 02.10.2019-cu il tarixli təmir kartından görünür ki, «Passat» markalı ** RM *** nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehtiyyat hissələri və materialların dəyəri 530 manat təşkil etmişdir. «Euro Style LTD» tərəfindən verilmiş 00013242-1 saylı, 01.11.2019-cu il tarixli təmir kartından görünür ki, «Passat» markalı ** RM *** nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehtiyyat hissələri və materialların dəyəri 182 manat təşkil etmişdir. İş materiallarında olan «Opel Servis» tərəfindən verilmiş 08.10.2019-cu il tarixli, ********* saylı arayışa əsasən ** RM *** nömrəli avtomaşının təmirinə Etibarov X7 tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin sorğusu əsasında AR DİN Baş Dövlət Yol Polisiİdarəsi tərəfindən 10.10.2020-ci il tarixli 92708- 1220 saylı məktubla məhkəməyə ünvanlanmış “Wolksvagen Passat CC” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə komputer çıxarışından görünür ki, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil 01.10.2019-cu il tarixdə Etibarov X4 adına dövlət qeydiyyatına alınmış, avtomobilə ** RM *** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin avtomobil 24.12.2019-cu il tarixdə Etibarov X4 adından dövlət qeydiyyatından çıxarılmış, ** VE *** dövlət qeydiyyat nişanı ilə X3 adına qeydə alınmışdır. Hal-hazırda da onun adına qeydiyyatdadır. İşdə olan 01.10.2019-cu il tarixli ərizədən görünür ki, Etibarov X7 ** HN *** dövlət qeydiyyat nişanlı “Wolksvagen Passat CC MİNİK” markalı avtomaşının onun adına qeydiyyata alınması barədə ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir. İşdə olan AC 244712 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Wolksvagen Passat CC minik” markalı, 2013-cü il buraxılışlı mühərrikinin həcmi 1800 sm3 olan ** HN *** dövlət qeydiyyat nişanlı avtomaşın 04.07.2014-cü il tarixdə X6 adına qeydə alınmışdır. Müəyyən edilmişdir ki, iddiaçı ona “Volksvagen Passat CC minik” markalı 2013-cü il buraxılışlı avtomaşının satılması zamanı cavabdeh tərəfindən aldadıldığını, bununla bağlı ona 7380 AZN məbləğində ziyan dəydiyini bildirərək məhkəməyə müraciət etmişdir. İddiaçı həmin ziyanı sözügedən avtomaşının onun tərəfindən 25900 manata alındığı halda, 19500 manata satılması ilə, o cümlədən aldığı avtomobilin təmirinə əlavə olaraq 982 manat xərc çəkməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı haqqında ümumi müddəaları nəzərdə tutan normalarına görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (mad. 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (mad. 568.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Qanunvericiliyin tələblərinə görə mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə haqdlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ona mübahisəli avtomaşının satılması barədə 01.10.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş, sonradan 2019-cu ilin dekabr ayında 3 aya yaxın müddət keçdikdən sonra həmin avtomaşını öz iradəsinə uyğun olaraq, qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən müəyyənləşdirilməklə başqa bir şəxsə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Bundan başqa iddiaçı avtomaşını satarkən ona zorakılıq və ya hədə-qorxu gəlindiyini bildirməmiş, bu əsasla da sözügedən müqaviləni mübahisələndirməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından görünür ki, iddiaçı E.Bəxtiyarov sözügedən avtomaşını alarkən avtomaşın X6 mülkiyyətində olmuş, avtomaşın satılarkən isə X5 adlı başqa bir şəxsə satılmışdır. Eyni zamanda iddiaçı Etibarov X7 mübahisəli avtomaşını 25900 manata alıb 19500 manata satdığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı Etibarov X7 tərəfindən məhkəməyə mübahisəli avtomaşının 25900 manata alınıb 19500 manata satıldığı barədə sübutlar təqdim olunsa belə bu hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, avtomaşının baha alınıb ucuz satılmasına cavabdeh “017 Cars Sumqayıt” Avtosalonunun təqsirli hərəkətlərinin səbəb olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərə əsasən dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərər mövcud olmalıdır; zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; zərər vuran şəxs təqsirli olmalıdır. Müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə qeyd edilən əsasların heç biri mövcud deyil. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsini sübuta yetirə bilmədiyi üçün onun cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onların hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onun hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Qanuni qətnamə isə formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-320/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Etibarov X4 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-990/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-990/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver