Məhkəmə qərarları › İş №2(105)-992/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-992/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-992/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızına qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızına qarşı aliment tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(029)-146/2023 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə X4 arasında 22 sentyabr 2010-cu il tarixdə Qusar RİHB-nın Hil kənd İƏ nümayəndəliyində 45 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ələskərova soyadı verilmişdir.

2. Tərəflərin birgə nikahından 30 noyabr 2011-ci il təvəllüdlü X5 doğulmuşdur.

3. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-231/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 22 sentyabr 2010-cu il tarixdə Qusar RİHB-nın Hil kənd İƏ üzrə nümayəndəliyində 45 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları 30 noyabr 2011-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması, 16 iyul 2020-ci il tarixdən başlayaraq 30 noyabr 2011-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

4. İddiaçı ilə X2 nikahları xx.xx.2020-cil il tarixində Qusar rayon qeydiyyat şöbəsində 104 nömrəli akt qeydi pozulmuşdur. Bundan sonra cavabdeh “Yardumova” soyadını qəbul etmişdir.

5. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-770/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş 30 noyabr 2011-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günləri saat 10:00-dan saat 19:00-dək görüş vaxtının təyin edilməsi və görüş yeri kimi iddiaçının yaşadığı Qusar rayonu Hil kəndindəki fərdi yaşayış evinin müəyyən olunması qət edilmişdir.

6. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-471/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh nikahlarından doğulmuş 30 noyabr 2011-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilməsi və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2011-ci il tarixində doğulmuş X1 üçün ayda 195 manat alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, maddi cəhətdən imkanları məhdud olduğu üçün uşağın saxlanılması üçün aliment tələbi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(029)-146/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilərək, cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızından 30 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının 29 noyabr 2022-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, Ələskərova (Yardumova) Nuranə Dair qızından 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

11. Birinci instansiya məhkəməai gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızı iddiaçı ilə birgə nikahlarından anadan olmuş Vüsal adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində hər ay iddiaçının tələb etdiyi kimi 195 (yüz doxsan beş) manat deyil, 50 (əlli) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda İddiaçı Nuranə Ələskərovanın (Yardumovanın) iş yeri və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdehin tələb olunan miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında tam təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı özünün işləməməsi barədə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir.

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin miqdarını 50 manat müəyyən edərkən “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün uşağın saxlanılması üçün 220 manat müəyyən edilməsi, heç bir yerdə işləməməyini, uşağının 3-cü sinifdə oxumasını, uşağının böyüdüb başa çatdırılması üçün məhkəmənin müəyyən etdyi alimentin kifayət etməməsini və “Uşaq hüquqları haqqında” Qanunda nəzərdə tutulmuş hüquqların pozulması kimi faktlara münasibət bildirməli idi. Uşağın əvvəlki təminat səviyyəsinin araşdırılması zamanı məhkəmə “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalı idi. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməs 28 mart 2016-cı il tarixli Plenumunun qərarının 8.13-cü maddəsinin mənasına görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 50 manat məbləğində alimentlə uşağı yetkinlik yaşına çatanadək saxlamaq halhazırkı dövrdə qeyri-mümkündür. Belə çıxır ki, uşağını təhsildən yayındırsın.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Ələskərova (Yardumova) Nuranə Dair qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən həmin hissədə müzakirə edilməlidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

23. İddiaçı cavabdehin gəlirləri, eləcə də öz gəlirləri barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdehin işləməsi, hər ay 195 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında olması, uşağın əvvəlki təminatında cavabdehin maddi dəstəyinin hansı miqdarda olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

26. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(029)-146/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar