Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-994/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının nümayəndə və vəkili Vəkil Museyib oğlunun, Cavabdeh, onun vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(060)-917/2022 nömrəli qətnaməsindən iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(060)-917/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 01.09.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 13.12.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində maddi yardımın tutulub iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(060)- 917/2022 nömrəli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 01.09.2021-ci il tarixdən başlayaraq 01.09.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə 200 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatana kimi 100 manat maddi yardım, hamiləlik və doğuş zamanı çəkdiyi 2445.33 manat məbləğin yarısı, yəni 1223 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 14.01.2022-ci il tarixdə iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh 01.09.2021ci il tarixdən başlayaraq 01.09.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə 200 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatana kimi 100 manat maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının nümayəndə və vəkili Vəkil Museyib oğlu apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamənin alimentin tutulma vaxtı, alimentin və maddi yardımın məbləği hissəsindən narazıdırlar. Belə ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya şurasına müraciət etmiş, bundan sonra məhkəməyə müracitə etmişdir. Məhkəmə isə iddia ərizəsinin verildiyi tarixdən, 13.12.2021-ci il tarixdən alimentin tutulmasını müəyyən edib. Halbuki, daha əvvəl 12.11.2021-ci il tarixdə mediasiya şurasına müraciət edib. Məhkəmə alimentin tutulma vaxtını mediasiya şurasına müraciət edilən vaxtdan tutmursa, o zaman qətnamənin qəbul edilmə vaxtının yaşayış minimumuna uyğun 193 manat tutmalı idi. Həmçinin uşağın 3 yaşına qədərə tutulan alimentin miqdarı da azdır. Məhkəmə 2022-ci il üçün yaşayış münimumuna uyğun alimenti təyin etməli idi. Uşaq körpədir, iddiaçı heç bir yerdə işləyə bilmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmə qətnaməsi ilə təyin edilən alimenti cəmi, yəni 225 manat təmsil etdiyi şəxsin aldığı əmək qazancının ¼ hissəsindən artıqdır. Cavabdehin aylıq qazancı 595 manatdır. Həmin məbləğin ¼ hissəsi müəyyən edilən məbləğdən azdır. Həmçinin alimentin tutulması vaxtının iddia ərizəsinin verildiyi tarixdən tutulması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qanunvericiliyə əsasən alimentin tutulması iddia ərizəsinin verildiyi vaxtdan müəyyən edilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər 20 avqust 2020-ci il tarixdə nikaha girmiş, birgə nikahdan 01.09.2021-ci il təvəllüdlü Banu adlı uşaq doğulmuşdur. İş materiallarında olan 27.11.2021-ci il tarixli №2021-008043 nömrəli ilkin medddiasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 27.11.2021-ci il tarixdə 12:00-dan 12:35-ə kimi keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. İş materiallarında olan 19.01.2022-ci il tarixli, 37/39-004 nömrəli arayışdan görünür ki, Cavabdeh AR FHN DYMX Sumqayıt şəhər X3 İdarəsinin 24 nömrəli X2 yanğınsöndürəni vəzifəsində xidmət edir və aylıq əmək haqqı 525.39 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəflərin rəsmi nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, cavabdehin aldığı əmək haqqının məbləğini, maddi vəziyyətlərini nəzərə alaraq məhkəmə hesab etmildir ki, 01.09.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment və 50 manat maddi yardım tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X4” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə ki, iş materiallarından və tərəflərin izahatından görünür ki, cavabdehin aylıq qazancı 595 manat təşkil edir. İddiaçı cavabdehdən 200 manat sabit məbləğdə alimentin və uşaq 3 yaşına çatana kimi 100 manat maddi yardımın tutulmasını xahiş etmiş, lakin cavabdehin qeyd edilən məbləğdə pulu ödəmək imkanının olmasına dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə haqlı olaraq alimentin 2021-ci il üçün uşaqların yaşayış minimumuna əsasən 175 manat müəyyən etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin tutulma vaxtının 13.12.2021-ci il tarixdən müəyyən edilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, qanunvericilikdə alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan tutulması birmənalı olaraq göstərilmişdir. Bundan başqa iddia tələbinin uşaq 3 yaşına çatana kimi 50 manat maddi yardımın tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bu nəticədə də haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad ərindən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarına əsasən uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticədə də haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərəjk hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirilməsi üçün əsaslı hesab edilməməlidir. Belə ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə iddianı yuxarıda göstərilən qaydada təmin etməklə, uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment, eləcə də uşağın 3 yaşı tamam olana qədər hər ay 50 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(060)-917/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(060)-917/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Hüseynova (Abdullazadə) Yeganə Dilqəm qızının apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-994/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-994/2022
12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver