Məhkəmə qərarları › İş №2(106)-1013/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1013/2024

17.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1013/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(049)-572/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010 – xx.xx.2022-ci il iş dövrü üçün Cəlilabad rayonu, Sarxanlı kənd orta məktəbinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində (111 ay müddət üçün təxmini 72.000 manat) ödənilməyən əmək haqqının cavabdehdən tutularaq, ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(049)-572/2024 saylı qətnaməsi (hakim Anar Pənahov) ilə, iddia tələbinin qismən təmin edilməsi, Bəşirov X1 rayonu Sərxanlı kənd orta məktəbinin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyi 01 oktyabr 2022-ci il tarixdən – 07 dekabr 2022-ci il tarixədək dövr üçün həmin məktəbin dil-ədəbiyyat müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq hesablanaraq əmək haqqı kimi ona ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Lənkəran – Astara Regional Təhsil İdarəsinə tapşırılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 10 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1013/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 17 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(049)- 572/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən edir ki, apellyasiya şikayəti elektron qaydada verilmişdir. İş materiallarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə İddiaçı adından apelyasiya şikayəti vermiş və həmin apelyasiya şikayətini elektron qaydada imzalamışdır. Lakin iş materiallarına nəzər yetirdikdə isə görünür ki, Qanuni nümayəndə vəkil kimi orderi olsa da iddiaçının adından apelyasiya şikayəti verilməsi üçün notarial qaydada təsdiq edilmiş etibarnamə mövcud deyildir. İş materiallarında İddiaçı tərəfindən vəkil Qanuni nümayəndə verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə mövcud olsa da, həmin etibarnamə üzrə vəkilə verilən səlahiyyətlər CPM-nin 102.9 və 105-ci maddəsinin tələbləri baxımından şahidin nümayəndəsi qismində onun təmsil edilməsi ilə bağlı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, qanunla nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən onun adından vəkil Qanuni nümayəndə nəinki apelyasiya şikayəti verilməsi üçün, ümumiyyətlə mülki iş üzrə icraatda iştirak etmək səlahiyyəti verilməmiş və bu barədə etibarnamə iş materiallarında mövcud deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunanları müzakirə etmədən apellyasiya şikayətini qəbul edərək apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(049)-572/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar