Məhkəmə qərarları › İş №2(106)-1024/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1024/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1024/2025 07.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbi) aliment borcunun məbləğinin azaldılması, aliment öhdəliyinin götürülməsi və birgə nikahdan olan uşaqların atanın himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(071)-46/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsilə xx.xx.2013cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan tutulmalı olan və xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmış aliment borcunun 9000 manat hissəsində azaldılması, İddiaçı Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2013cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ödəməli olduğu aliment öhdəliklərindən azad edilməsi və uşaqların yetkinlik yaşına çatana kimi atası İddiaçı himayəsinə verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsilə Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci tarixdə Hacıqabul rayon qeydiyyat şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və tərəflərin nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X1 Əfsanə Mahir qızının yanında saxlanılması, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir. Qətnamədən görünür ki, uşaqların hər üçü hazırda Bakı şəhərində yerləşən 8 saylı internat məktəbində oxuyurlar. Hazırkı vəziyyətdə uşaqlar faktiki olaraq ata-ana qayğısından məhrumdurlar. Cavabdeh isə uşaqlarına baxa biləcəyini bildirir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qətnaməsilə tərəflərin nikahından doğulmuş uşaqların Cavabdeh yanında saxlanılması və İddiaçı onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilsə də, uşaqlar faktiki olaraq internat məktəbində olmuş, uşaqların bütün ehtiyacları internat məktəbi tərəfindən qarşılanmışdır. Hazırda cavabdeh yenidən nikaha girmiş və bu baxımdan yeni ailəsi ilə birlikdə yaşayır, uşaqlarına şənbə və bazar günləri uşaqların ana nənəsi və babası baxır. Uşaqlar həftənin şənbə və bazar günləri nənə və babaları ilə qalsa da, uşaqların bir çox ehtiyacları atası İddiaçı tərəfindən qarşılanmışdır. Bu müddət ərzində Cavabdeh uşaqlara laqeyd münasibət göstərmiş, uşaqlar faktiki olaraq ana qayğısından məhrum olmuşdur. Həmçinin icra sənədində aliment ödənilməsinin başlandığı tarixdən, bu günə kimi 15 ay ərzində yığılmış ümumi aliment borcu 9000 manat məbləğ təşkil edir. Uşaqlar faktiki olaraq cavabdehin himayəsində deyil, ünvan 1 ünvanında 8 nömrəli sanatoriya tipli internat məktəbində təhsil alırlar və cavabdeh tərəfindən onlaraq hər hansı qayğı göstərilmir. Bu baxımdan, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsilə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçıdan tutulmalı olan və xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmış, toplam 9000 manat məbləğdə aliment borcunun silinməsi zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixdən 01 noyabr 2024-cü il tarixidək olan dövr üzrə uşaqlarının saxlanması məqsədi ilə aliment tələb etməsi iddiaçını ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(071)-46/2025 saylı qətnaməsi ilə (hakim Orxan Bayramov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun uşaqları xəstə deyildir. Onların valideyn himayəsində böyümək hüquqları var. Lakin bu gün onlar hər iki valideynin himayəsindən məhrum halda internatda böyüyürlər və uşaqlarını tərbiyə edib böyütmək istəyi nəzərə alınmır. Övladları ailə tərbiyəsindən məhrum olmaqla onların bu hüquqları pozulur. Bu gün qərəzli formada cavabdeh onu uşaqlarından ayrı tutur. Bu məsələdə ona internat məktəbinin rəhbərliyi köməklik edir. Övladları internat məktəbinə yerləşdirildiyi üçün artıq onlar dövlətin himayəsindədir. Məhkəmə ən azından tutulacaq alimentin həmin müəssisənin hesabına köçürülməsi məsələsini həll etmək əvəzinə alimentin cavabdehə ödənilməsini qət etməklə həm dövləti uşaqlar üçün xərclənmiş və bundan sonra xərclənəcək pul məbləği yükündə qoymaqla cavabdehin əsassız varlanmasına şərait yaratmışdır. İddia tələbinin biri də uşaqlarının atanın himayəsinə verilməsi tələbidir ki, məhkəmə işə baxıb qətnamə çıxararkən bu məsələyə dair müvafiq rəyin alınması üçün işi qəyyumluq və himayəçilik komissiyasına göndərməmiş, sadəcə övladının birinin yazısı olduğunu güman etdiyi bir məktuba əsaslanmışdır. Halbuki, uşaqların hansı valideynə bağlılığı, onlara kənar psixoloji təsirin olub-olmaması suallarını dəqiqləşdirmək məqsədilə psixoloji ekspertizasının keçirilməsi labüd idi. Qətnaməni qəbul edərkən hakim uşaqların sanatoriya tipli internat məktəbində 2024-cü ilin yay tətilində olub-olmamalarını dəqiqləşdirməmiş, məlumatları sadəcə 2024-cü ilin noyabr-dekabr ayı üçün tələb etmiş və ananın uşaqlarla görüşünü dəqiqləşdirmişdir. Hansı ki, bu mobil nömrə uşaqların xalasına məxsusdur və tədqiq zamanı dəqiqləşmiş ünvan da şübhəlidir. Onda olan məlumatlara görə uşaqların xalası Buzovna qəsəbəsində yaşayır, həmin ünvan da onun ya yaşayış ya da iş yeridir. Məhkəmə bu məsələni tam araşdırmadan qətnamə qəbul etmiş nəticədə uşaqların saxlanılması xərcləri dövlət tərəfindən qarşılanmış və bununla yanaşı cavabdehə ödənilən pul məbləği də onun əsassız varlanmasına xidmət edəcəkdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia tələbi 9000 manat aliment məbləğinin azaldılmasını və uşaqların ataya verilməsi ilə bağlıdır. Ana uşaqlara qayğı və nəvaziş göstərmir. Ana başqa şəxslə nikahdadı. O, etiraf edib ki, yenidən ailə qurduğuna görə uşaqlara diqqət göstərə və baxa bilmir. 8 saylı sanatoriya tipli məktəbnin məktubundan aydın olur ki, uşaqlar yalnız şənbə və bazar günü baba və nənəyə verilir. Digər hallarda isə tamamilə ana qayğısından məhrumdurlar. Ona görə də, baba və nənənin yaşadığı şəraitə baxış keçirilməli, qəyyumluq və himayəçilik komissiyası tərəfindən bu hallara aydınlıq gətirilməlidir. Uşaqların mənafeyi üstün tutulmalıdır. Ata uşaqlara baxmaq istədiyini bildirir. Uşaqlara ana tərəfindən deyil, dövlət tərəfindən baxıldığı üçün aliment məbləği silinməlidir. Məktəb tərəfindən verilən məktubdakılar həqiqəti əks etdirmir. Həmçinin məktubda uşaqların tam dövlət qayğısı ilə təmin olunmaması barədə qeyd onlara ana tərəfindən qismən qayğı göstərildiyini təsdiqləyir. Uşaqlar şənbə və bazar günləri ana tərəfindən məktəbdən götürülmür. Əfsanə xanımın harada olması və uşaqlara diqqət, qayğı göstərməsi faktı dəqiqləşdirilməlidir. Hazırkı iddianın qaldırılmasına əsas məhkəmədən sonra ananın uşaqlara baxmaması və 8 saylı sanatoriya tipli məktəbə yerləşdirməsidir. İddia tələbi təmin olunacağı təqdirdə, ata uşaqlara daha çox qayğı göstərəcəkdir. Əks halda, qətnamə dəyişdirilmədən saxlanılarsa, uşaqlar həm ata, həm də ana qayğısından məhrum olmuş olur. İddiaçı məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək nümayəndəsinin izahatı ilə razı olduğnu bildirdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdeh boşanmadan öncə övladlarını aparıb internat məktəbinə yerləşdirib. Ona arvadının başqa şəxslə ailə qurması barədə məlumat veriləndən sonra rəsmi qaydada boşanmışdır. Hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayır və həmin ünvanda usta kimi fəaliyyət göstərir. Anası ilə birlikdə yaşayır. Özü internat məktəbinə gedə bilmir, çünki keçmiş qaynatası ona maneəçilik törədir və onu polisə şikayət etməklə hədələyir. Ona görə də, uşaqları ilə ünsiyyətdə ola da bilmir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 məhkəmədə apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərdi ki, qarşı tərəf alimentdən yayınmaq üçün uşaqları anadan almaq istəyir. Nikahın pozulması ilə bağlı məhkəmədə uşaqlar dindirilib və həmin vaxt uşaqların internat məktəbinə yerləşdirilməsi faktı hər kəsə məlum idi. Uşaqlar üçün heç vaxt aliment ödəniş edilməyib. Məktəbdən uşaqları anası götürür. Cavabdeh yeni ailə qurmayıb. Uşaqların qidalanması məktəb tərəfindən, lakin geyim barədə tələbatları isə anası tərəfindən ödənilir. Ana uşaqlarını məktəbdən götürüb Xəzər rayonunda yaşayan anasıgilə aparır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 372-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İŞİNHALLARİ: Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-35/2024 saylı qətnaməsilə Cavabdeh İddiaçı qarşı iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci tarixdə Hacıqabul rayon qeydiyyat şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin nikahından doğulmuş xx.xx.2013cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X1 Əfsanə Mahir qızının yanında saxlanılması və İddiaçı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat sabit pul məbləğində aliment inalınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-35/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayət vermiş, qətnamənin alimentlə bağlı hissədə ləğv edilməsini və azyaşlı övladlarının onun himayəmdə saxlanılmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-688/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, adıçəkilən qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-688/2024 saylı qətnaməsində Cavabdeh izahatından görünür ki, məhkəmə tərəfindən barışmaq üçün vaxt verilmiş müddət ərzində tərəflər arasında barışıq olmamış, uşaqlar hazırda onun himayəsində yaşayırlar. Birgə nikahda olduqları dövrdə cavabdeh uşaqları təhsildən yayındırmışdır. Bu səbəbdən uşaqların hər biri hazırda Bakı şəhərində internat məktəbində oxuyurlar. Cavabdeh maddi cəhətdən köməklik göstərmədiyi üçün uşaqları internat məktəbinə qoymuşdur. Cavabdehdən aliment aldıqdan sonra uşaqları daimi olaraq yanında saxlayacaqdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli Sanatoriya tipli internat məktəbinin xx.xx.2024-cü il tarixli 122 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixində 85 nömrəli əmrə əsasən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin 1-ci sinifinə daxil olmuşdurlar. Uşaqlar tətil günlərində anaları Cavabdeh tərəfindən məktəbə gətirilərək qeydiyyat olunmuşdur. Uşaqlar tətil günlərində anaları Cavabdeh və yaxud bəzi vaxtlarda ana nənə və babasına təhvil verilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-1196/2024 saylı sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli Sanatoriya tipli internat məktəbinin xx.xx.2025-ci il tarixli 11 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixində 85 nömrəli əmrə əsasən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin 1-ci sinfinə daxil olmuşlar. Hal-hazırda 2-ci sinifdə təhsil alırlar. 3 vərəqdən ibarət olmaqla, sonunda “imza Zəhra” sözləri yazılan və xx.xx.2015-ci il təvəllüdlü X11 tərəfindən yazılması ehtimal edilən mətnin məzmunundan görünür ki, azyaşlı Zəhra Həmzəyeva qəti surətdə atasının, yəni İddiaçı himayəsində qalmaq istəmir. Belə ki, o, atası və anası arasında olan, eyni zamanda hazırkı mülki iş üzrə iddiaçının övladlarına qarşı olan kəskin münasibətləri barəsində ətraflı məlumat verdiyi müşahidə olunur. 4 vərəqdən ibarət olmaqla birinci vərəqində “mən Zəhra” və “İmza Əfsanə”, üçüncü vərəqində “Mən Zəhra” və dördüncü vərəqində “İmza Əfsanə” sözləri yazılan və xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və Cavabdeh Mələk qızı tərəfindən yazılması ehtimal edilən mətnin məzmunundan görünür ki, Zəhra Həmzəyeva və Mələk Həmzəyeva qəti surətdə atasının, yəni İddiaçı himayəsində qalmaq istəmir. Belə ki, onlar atası və anası arasında olan, eyni zamanda hazırkı mülki iş üzrə iddiaçının övladlarına qarşı olan kəskin münasibətləri barəsində ətraflı məlumat verdiyi müşahidə olunur. Həmçinin həmin mətnin məzmunundan görünür ki, Cavabdeh İddiaçı tərəfindən şiddətə məruz qalması barəsində ətraflı məlumat verdiyi görünür. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə İddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması növündə cəza tədbiri seçilmişdir. Məlumatlardan görünür ki, İddiaçı əvvəl başqa əməl üzrə cinayət məsuliyyətinə cəlb edilmiş, bir halda zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad edilmiş, digər halda isə barəsində azadlıqdan məhrumetmə növündə cəzanın şərti olaraq icra edilməsi müəyyən edilmişdir. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki Həmzəyev X6 Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmişdir. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı aliment öhdəliklərini icra etmədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli Sanatoriya tipli internat məktəbinin 02 oktyabr 2025-ci il tarixli 163 nömrəli məktubu ilə müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixində 85 nömrəli əmrə əsasən 8 nömrəli Sanatoriya tipli internat məktəbinin 1-ci sinfinə daxil olmuşlar. Hal-hazırda 3-cü sinifdə təhsil alır. Məhkəmə tərkibi iş materiallarına və tərəflərin izahatlarına uyğun olaraq işin faktiki halları üzrə ilk öncə diqqətə çatdırır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 2(071)-35/2024 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, azyaşlı uşaqların Cavabdeh verilməsi barədə iddia tələbi qismən təmin edilmiş və eyni zamanda iddiaçıdan cavabdehin xeyrinə aliment ödənilməsi müəyyən olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Beləliklə, iş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası tərəfindən azyaşlı uşaqların analarının yanında saxlanılması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit edilmişdir. Lakin bundan təqribən 6 ay sonra İddiaçı yenidən iddia qaldırmış, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-35/2024 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ödəməli olduğu aliment öhdəliklərindən azad edilməsi və uşaqların yetkinlik yaşına çatana kimi atası İddiaçı himayəsinə verilməsini xahiş etmişdir. İşdən açıq-aydın görünür ki, hazırkı iddianın xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi atası İddiaçı himayəsinə verilməsi hissəsində təmin edilməsi üçün yeni əsaslar yoxdur. Belə ki, məhkəmə tərkibi hesab edir ki, uşaqların hal-hazırda faktiki olaraq atalarına getmək istəməmələri, məhkəmə qətnaməsinin icrasının çətinliyi yeni əsas hesab edilərək işə mahiyyəti üzrə baxılması və müvafiq qətnamə çıxarılması üçün əsas sayıla bilməz. Qeyd edilməlidir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)- 688/2024 saylı qərarından təqribən 6 ay sonra İddiaçı yenidən iddia qaldıraraq irəli sürdüyü dəlillər hazırkı tələb üzrə işə yenidən baxılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə baxarkən iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları nəzərə alınmamış və yuxarıda sadalanan məhkəmə aktlarında müəyyən edilmiş işin halları ilə hazırkı mülki işin müəyyən edilmiş faktiki halları müqayisəli şəkildə təhlil edilməmiş və qərar qəbul edilərkən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi eyni mübahisə ilə bağlı sonuncu məhkəmə aktının çıxarılmasından ötən qısa müddət ərzində uşağın ataya verilib-verilməməsini zəruri edən hər hansı yeni əsasın mövcudluğunu araşdırmamışdır. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 688/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən aşkar olur ki, uşaqların hər üçü hazırda Bakı şəhərində yerləşən 8 saylı internat məktəbində oxuyurlar. Hazırkı vəziyyətdə uşaqlar faktiki olaraq ata-ana qayğısından məhrumdurlar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbinin məktublarından müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixində 85 nömrəli əmrə əsasən məktəbinin 1-ci sinfinə daxil olmuşlar. Uşaqlar tətil günlərində anaları Cavabdeh tərəfindən məktəbə gətirilərək qeydiyyat olunmuşdur. Uşaqlar tətil günlərində anaları Cavabdeh və yaxud bəzi vaxtlarda ana nənə və babasına təhvil verilmişdir. Bu baxımdan, uşaqların hələ xx.xx.2023-cü il tarixdə, yəni Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-35/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-688/2024 saylı qətnamələrindən əvvəl Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbində təhsil alması tərəflərə bəlli idi. Hətta bu fakt Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsində - cavabdehin izahatında əksini tapmışdır. Beləliklə, işdən də göründüyü kimi, müəyyən edilmiş hallar yeni əsasın mövcudluğunu aşkara çıxarmamışdır. Bundan başqa, iddiaçı tərəfindən qaldırılmış digər tələb – aliment məbləğinin azaldılması məsələsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı halda iddiaçı bu tələbini uşaqların ananın himayəsində olmadıqları və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbində qalmaları ilə əsaslandırmışdır. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 02 oktyabr 2025-ci il tarixli 163 nömrəli məktuba görə uşaqlar tam dövlət təminatında olmamaqla həftənin şənbə, bazar, tətil və bayram günlərində anası Cavabdeh tərəfindən evə aparılır. İddia ərizəsindən və iş materiallarından açıq-aydın görünür ki, aliment borcunun azaldılması tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb uşaqların 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbində qaldıqları üçün alimentin xx.xx.2023-cü il tarixdən hesablanan 9000 manat hissədə azaldılması ilə bağlıdır. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı uşaqların internat tipli sanator ümumtəhsil məktəbində olmalarını və təminatlarının məhz orada qarşılanmasını əsas gətirərək borcun azaldılması ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər İddiaçı icra məmurunun müvafiq qərarı ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunda məhz bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. İddia tələbi təhlil edildikdə müəyyən edilir ki, hazırkı iddianın əsasını Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(071)-35/2024 saylı icra sənədinin icrası üzrə icra məmurunun hərəkəti ilə bağlıdır. Nəzərə çatdırılmalıdır ki, icra məmurunun qərarından verilən şikayətə baxılmasının hansı məhkəmənin səlahiyyətinə aid olması ilə bağlı qeyd edilir ki, “İcra haqqında” Qanunun 8.5, 16.3, 20.5, 21.4, 21.6, 23.7, 27.9, 29.1, 42.6, 46.6, 70.4, 81.4, 84.3-cü maddələrində icra məmurunun müxtəlif qərar və hərəkətlərindən (hərəkətsizliyindən) icra icraatında iştirak edən şəxslərin şikayət verməsi imkanı nəzərdə tutulmuşdur. Həmin Qanunun 87.1-ci maddəsində isə göstərilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Qanunun müxtəlif maddələrinin (8.5, 16.3, 42.6 və s.) məzmunundan elə nəticəyə gəlmək olur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun bütün qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati məhkəməyə şikayət verilməsi qanunvericiliyin məqsədinə uyğun deyildir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun bəzi qərarlarından inzibati məhkəməyə deyil, icra sənədini vermiş məhkəməyə şikayət verilməlidir. Bundan əlavə, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında göstərilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə rəğmən qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da eyni mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““İcra haqqında” Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Mülki Prosessual Məcəllənin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinin şərh edilməsinə dair” 04 aprel 2012-ci il tarixli qərarında müəyyən olunmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəasının icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanununa əsasən “İcra haqqında” Qanunun 87.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. İcra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.” Həmin Qanunun 87.2-ci maddəsi ləğv edilmiş, 87.3-cü maddəsindəki “(və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi)” sözləri çıxarılmış və “87.1- ci və 87.2-ci maddələrində” sözləri “87.1-ci maddəsində” sözləri ilə əvəz edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici Konstitusiya norma və prinsiplərinə riayət etmək şərtilə məhkəmə qərarlarının icrası sahəsində istənilən modeli müəyyən etməkdə sərbəstdir. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Qeyd olunanlara əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq inzibati icraat qaydasında məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Qanunun qeyd olunan müddəaları və Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqe nəzərə alınaraq, icra məmurunun icra sənədinin icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə hansı məhkəmə tərəfindən baxılmalı olması barədə hazırda formalaşmış məhkəmə təcrübəsinə görə belə şikayətlərin və məhkəmə icraatlarının aşağıdakı 5 növü mövcüddür: 1. Ümumi və ya kommersiya məhkəmələri tərəfindən verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu şikayətlərə müvafiq məhkəmənin birinci instansiyası (yəni kommersiya məhkəməsinin verdiyi icra sənədinin icrası ilə bağlı şikayətlərə kommersiya, ümumi məhkəmənin verdiyi icra sənədi üzrə ümumi məhkəmənin birinci instansiya məhkəməsi) tərəfindən baxılmalı və şikayət icra qurumunun yerləşdiyi ərazi üzrə məhkəməyə verilməlidir. 2. İnzibati məhkəmə tərəfindən verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu şikayətlərə inzibati məhkəmə tərəfindən baxılmalı və şikayət icra sənədini icra edən icra qurumunun yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə verilməlidir. 3. Notariusun icra qeydi əsasında verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu növ şikayətlərə icra qurumunun yerləşdiyi ərazi üzrə birinci instansiya məhkəməsinə verilməli və həmin məhkəmə tərəfindən baxılmalıdır. 4. İnzibati orqanın qərarı əsasında verilmiş icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər. Bu növ şikayətlərə icra qurumunun yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə verilməli və həmin məhkəmə tərəfindən baxılmalıdır. 5. İstənilən icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və ya digər qanunsuz hərəkətlərlə bağlı işlərə iddia icraatı qaydasında inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd edilməlidir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə” 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Həmin Məhkəməsinin digər – “Vasilesku Rumıniyaya qarşı iş üzrə” 22 may 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. MPM-in 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı iş” üzrə 29 iyun 2000-ci il tarixli, “Annoni di Gussola və digərləri Fransaya qarşı iş” üzrə 14 fevral 2001-ci il tarixli və digər qərarlarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətləri apellyasiya və ya kassasiya məhkəmələrini təsis etməyə məcbur etmir. Bununla belə, əgər həmin məhkəmələr yaradılıbsa, bu instansiyalarda proses 6-cı maddədə nəzərdə tutulmuş təminatları ehtiva etməli, həmçinin mübahisə edənlərə onların mülki hüquq və vəzifələrinə aid olan qərarlar üzrə məhkəməyə müraciət hüququ səmərəli dərəcədə təmin olunmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 405-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli 2(071)-46/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, o, icra icraatı çərçivəsində Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-35/2024 saylı icra sənədi üzrə aliment borcunun məbləğinin azaldılması barədə icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) həmin icra qurumunun yerləşdiyi ərazi üzrə ümumi məhkəməyə şikayət verə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar