Məhkəmə qərarları › İş №2(106)-1035/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1035/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1035/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Cahid İmanov Fehruz oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə işitirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(071)-232/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(071)-232/2023 saylı qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia qismən təmin edilərək 21 aprel 2014-cü il təvəllüdlü Ağayev Umud Süleyman oğlu və 12 may 2016-cı il təvəllüdlü Ağayev Ramal Süleyman oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 23 yanvar 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 62 (altmış iki) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsində dərhal icra edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2014cü il təvəllüdlü Ağayev Umud Süleyman oğlu və 12 may 2016-cı il təvəllüdlü Ağayev Ramal Süleyman oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 04 iyul 2012-ci ildə tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində 198 nömrə ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Cavabdeh rəsmi əmək müqaviləsi əsasında işləyir və yaxşı qazanc əldə edir. Onunla ailə nikah münasibətləri pozulmuşdur. Bütün bunlardan sonra o məcbur olub gəlin köçdüyü evi uşaqlarını da götürərək tərk edib valideynlərinin evinə getmişdir. Bu günə kimi gəlin getdiyi evə geri qayıtmamışdır. Halhazırda uşaqlar məktəbli olduqları üçün onları təkbaşına saxlamaqda maddi çətinlik çəkir. Bu müddət ərzində cavabdeh uşaqların maddi tələbatı ilə bir dəfə də olsun maraqlanmamış, onlara maddi yardım etməmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən onun əmək haqqısının 535 manat məbləğ olmasına istinad etmişdir. Halbuki, onun aylıq əmək haqqı 450-460 manat aralığındadır. Bəzən isə iş günlərinin sayına görə əmək haqqı daha az olur. 350 manat aliment ödədikdən sonra isə onun bir aylıq dolanışığı üçün cəmi 100-110 manat məbləğdə pul vəsaiti qalır. Əlavə olaraq, yaşlı valideynləri də onun himayəsindədir. O, aliment ödəməkdən yayınmır. İş qrafikinə görə əlavə işdə işləməyi mümkün deyildir. Birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. O, istər məhkəmə iclası vaxtı, istərsə də məhkəmədən kənar iddiaçı ilə barışmağa cəhd etsə də, iddiaçı razılaşmamışdır. İddiaçı nümayəndəsi vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək cavabdehin aylıq əmək haqqının 535 manat olmasına baxmayaraq, onun istifadəsində olan avtomobillə taksi fəlaliyyəti ilə məşğul olduğunu, yetkinlik yaşına çatmayanın yaşayış minumumunun 220 manat olduğunu, iddiaçının himayəsində 2 azyaşlı uşaq olduğundan onun işləmək imkanı olmadığını bildirmişdir. İş üzrə cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İbrahimova İradə Mətləb qızının nikahı 04 iyul 2012-ci il tarixdə Hacıqabul rayon qediyyat şöbəsi tərəfindən bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 198 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Ağayev”, arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 12 may 2016-cı il təvəllüdlü Ağayev Ramal Süleyman oğlu və xx.xx.2014-cü il təvəllüdlü Ağayev Umud Süleyman oğlu doğulmuşdur. Doğum akt qeydində ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Ceyranbatan Su Təchizatı İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixindən hal-hazırki vaxta qədər Ceyranbatan Su Təchizatı İdarəsinin Oğuz-Qəbələ-Bakı Su Təchizatı qurğular kompleksinin 2 saylı xidmət sahəsində su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı peşəsində işləyir. İş materiallarında olan "xxxx" ASC-nin Ceyranbatan Su Təchizatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh əmək haqqı hər ay işlədiyi günlərin sayından asılı olaraq dəyişkəndir. 2022-ci il ərzində hər ay o, orta hesabla 535 manat əmək haqqı almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Umud və Ramal adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldığı üçün iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(071)-232/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair hazırkı iddiası əsaslı olduğundan onun təmin edilməsi barədə birinci instasniya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçının verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(071)-232/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(071)-232/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar