Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1057/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələblərinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(018)- 292/2024 saylı qətnaməsindən (hakim İ.Məmmədov) iddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cü il tarixli 2(018)- 617/2023 saylı qətnaməsi ilə ondan tutulması qət edilmiş 110 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 80 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 1 mart 2016-ci il tarixli 2(018)-272/2016 saylı qətnaməsinə əsasən 8 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra ailədə və maddi vəziyyətdə heç bir dəyişiklik olmamasına baxmayaraq, cavabdeh yenidən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(018)-617/2019 saylı qətnaməsilə alimentin məbləği artırılaraq hər ay 110 manat müəyyən edilmişdir. Beləliklə heç bir yerdə işləməsə də, atanın pensiyası ilə hər iki qətnamə üzrə hər ay 310 manat vəsaiti vaxtı-vaxtında ödənilir. Hazırda həm onun, həmdə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, Cavabdeh başqa şəxsə ərə getmiş və Bakı şəhəri Masazır qəsəbəsində yaşayır. Özü isə X16 ilə faktiki 2018-ci ildə ailə həyatı qurmuş, nikahlarını isə 25 aprel 2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 28 aprel 2023-cü il tariuxdə X5 adında uşaqları olmuşdur. İş axtaran kimi X6 X1 Filialında qeydiyyatdadır. Bu səbəbdən işləmir. Belə bir vəziyyətdə ailəni maddi vəziyyətinin təmin edilməsi və məhkəmənin müəyyən etdiyi alimenti ödəməyi qeyri mümkündür. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından 18 iyun 2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından 18 iyun 2011-ci ildə doğulmuş X3 onun yanında qalması müəyyən edilmiş, eyni zamanda yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 110 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Bu məbləğ hazırki çətin iqtisadi şəraitdə uşağın aylıq normal həyat tələbatlarını təmin etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10 ilk iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, qarşılıqlı iddianı qəbul etməyərək, əsassız olduğunu bildirib rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi X11 qarşılıqlı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, ilk iddianı qəbul etməyərək, əsassız olduğunu bildirib rədd edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(018)-292/2024 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissədə ləğv olunaraq, 18 iyun 2011-ci il təvəllüdlü Kamal adlı uşağın saxlanılması üçün əvvəllər təyin edilmiş alimentin miqdarının artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-292/2024 nömrəli 3 aprel 2024-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə 18 iyun 2011-ci il təvəllüdlü Kamal adlı uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə 110 manat məbləğində alimentin tutulması qət edilmişdir. 18 iyun 2011-ci il təvəllüdlü Kamal adlı uşaq qavranma, nitq, intellektual geriliyi və autizm xəstəliyindən əziyyət çəkir, daimi qulluq və müalicəyə ehtiyacı vardır. Buna görə də, Cavabdeh heç bir yerdə işəmir, uşağının qulluğu ilə məşğuldur. 2024-cü il tarixdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilsə də, Astara Rayon Məhkəməsinin 2(018)-292/2024 nömrəli 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə heç bir əsaslı səbəb gətirmədən qarşılıqlı iddia rədd edilmişdir. Belə ki, 2019-cu il tarixdən ərzaqların və malların qiymətləri xeyri bahalaşmış, uşağın böyüməsi ilə əlaqədar olaraq sonuncunun tələbatları da artmışdır. Cavabdeh İddiaçı isə alimentin ödənilməsindən boyun qaçırır, uşağın maddi tələbatlarını təmin etmir, özü isə uşağa qulluq etdiyinə görə heç bir yerdə işləmir və uşağın saxlanılmasında böyük çətinliklər çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qətnamə çıxarılarkən qarşılıqlı iddia üzrə iddiaçının maddi vəziyyəti, uşağın xəstəliyi ilə əlaqədar olaraq ona lazım olmalı maddi təminatı və uşaqlar üçün təyin edilmiş yaşayış minimumu nəzərə alınmamışdır. Apellyasiya şikayətinə əlavə edilmiş arayışlardan görünür ki, 18 iyun 2011-ci il təvəllüdlü Kamal adlı uşaq qavranma, nitq, intellektual geriliyi və autizm xəstəliyindən əziyyət çəkir, daimi qulluq və müalicəyə ehtiyacı vardır. Hazırda respublikada uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edildiyindən, uşağın saxlanılması üçün alimenti 110 manatməbləğində dəyişdirilmədən saxlanılması ağlabatan deyil. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmişlər, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qərşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv olunaraq, qarşılıqlı iddianın təmin edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən qarşılıqlı iddianın təmin olunmaması hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş 26 iyul 2011-ci ildə Astara rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, 8 iyun 2011-ci ildə Astara rayonunda doğulmuş X3 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs üzrə məlumatlarından müəyyən olunur ki, 8 iyun 2011-ci il təvəllüdlü X7 “uşaq autizmi, Kanner sindromu (İQ-32) diaqnozu ilə orqanizmin funksiyalarının 80% pozulması əsası ilə 2-ci qrup müddətsiz əlil hesab edilmişdir. İş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi əlavə xərclərdən və icra sənədi üzrə yaranmış borclardan azad edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 9 iyun 2021-ci il tarixli 2(106)-1557/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi əlavə xərclərdən və icra sənədi üzrə yaranmış borclardan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(018)-795/2016 saylı qətnaməsi ilə 08 iyun 2011-ci il tarixində doğulmuş X3 müalicəsi ilə bağlı hər ay 200 (iki yüz) manat pulun alınıb Cavabdeh verilməsi və həmin qətnamə üzrə yaranmış borcların ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 2(018)-542/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 9 iyun 2021-ci il tarixli 2(106)-1557/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamə ilə işin müəyyən olunan faktiki halları aşağıdakılardan ibarət olmuşdur: Astara Rayon Məhkəməsinin 3 iyun 2015-ci il tarixli 2(018)-641/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı ilə birgə nikahından 08 iyun 2011-ci il tarixində doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 may 2015-ci il tarixindən başlayaraq Cavabdeh xeyrinə İddiaçı hər ay 85 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Həmin qətnamə Cavabdeh nümayəndəsi X11 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2015-ci il tarixli 2(106)- 1184/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 3 iyun 2015-ci il tarixli 2(018)-641/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Astara Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli 2(018)-680/2015 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı “uşaqla ünsiyyətdə olma və uşağın tərəfindən mütəmadi müayinə və müalicə olunmaqdan ötrü Prim Autizm və İnkişaf mərkəzinə aparılmasına şərait yaradılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ata kimi valideynlik hüquqlarını həyata keçirməkdən ötrü hər ayın hər həftəsinin bazar günləri, saat 10:00-dan 18:00-dək övladı ilə ünsiyyətdə olmaq üçün vaxt müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(018)-617/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin olunaraq, Astara Rayon Məhkəməsinin 1 mart 2016-cı il tarixli 2(018)-272/2016 saylı qətnaməsi ilə təyin olunan 100 manat alimentin miqdarı artırılaraq hər ay 110 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 25 aprel 2023-cü ildə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunan surətindən görünür ki, İddiaçı ilə X16 arasında nikah, 25 aprel 2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 389 nömrə ilə qeyd edilməklə bağlanılmış, nikah bağlanandan sonra ərə İbrahimov, arvada Əzimova soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 1 may 2023-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunan surətindən görünür ki, 28 aprel 2023-cü ildə Bakı şəhərində doğulmuş X2 atası İddiaçı, anası isə X12r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST mərkəzinin arayışının surətindən görünür ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum qərarları və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Baş vermiş dəyişikliklər isə ondan ibarətdir ki, keçən müddət ərzində ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımlar baş vermiş, yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manata yüksəlmişdir. Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(018)-617/2019 saylı qətnaməsi ilə hər ay 110 manat aliment təyin olunan zaman ölkədə uşaqlar üçün qanunla müəyyən olunan yaşayış minimumu 160 manat təşkil edirdi ki, həmin məbləğ həmin dövr üçün yaşayış minimumunun 68.75% hissəsinə bərabər idi. Hazırda 2024-cü ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu 235 manat təşkil edir və həmin məbləğin 68.75% hissəsi 161.5 manata bərabərdir. Alimentin məbləğlərinin artım tempinin zamanında qüvvədə olan yaşayış minimumlarına münasibətdə dəyişdiyini nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(018)-617/2019 saylı qətnaməsi ilə müəyyən olunan 110 manat alimentin məbləği artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti (170-110=60; 60X12=720) 720 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(018)-292/2024 saylı qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 15 iyul 2019-cü il tarixli 2(018)-617/2019 saylı qətnaməsi ilə 8 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunan 110 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1057/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1057/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver