Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1077/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil işitirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-566/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-566/2024 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 185 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödəniməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və iddiaçının mərhum qızı X8 17 dekabr 2004-cü ildə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2083/2022-ci il saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və xx.xx.2007-ci il təvəllüdlü X12 atasının yanında, xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X9 isə anaları X2 yanında saxlanılmışdır. Nikah pozulduqdan 7 ay sonra X8 vəfat etmişdir. Anaları vəfat etdikdən sonra hər iki uşaq babaları İddiaçı himayəsində qalmışdır. Hal-hazırda xx.xx.2005-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatsa da, xx.xx.2011-ci il təvəllüdlü X4 üzərində İmişli RİHB Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli sərəncamı ilə qəyyum təyin edilmişdir və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment cavabdehdən alınaraq ona verilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nuriyeva Minayənin vəfat etməsi ilə uşaqları öz analarını itirdilər, kiçik yaşlarında uşaqların belə bir itki yaşaması onsuz da onlar üçün çox ağır idi. Uşaqlarının həmin vaxt ona ehtiyacı daha da artmışdır. Bir valideynin, bir atanın verdiyi sevginin, qayğının yerini başqa heç kəs əvəz edə bilməz. İddiaçı uşaqların psixologiyasını belə düşünməyib, əksinə uşaqları ondan ayırmağa, öz valideynindən qoparmağa çalışmışdır. Uşağın nənə və babası ona qarşı qərəzli mövqe tutaraq onu incitmək istəyirlər. Bu qərəzli hərəkətlərdən uşaq əziyyət çəkir. Nuriyeva Minayənin vəfatından sonra İddiaçı onun övladlarını ondan icazəsiz İmişli rayonuna aparmışdır. Sonra onlar bütün çirkin yollarla onun uşaqları ilə görüşməyinə, əlaqə saxlamağına belə mane oldular. İlk öncə, azyaşlı qızını oxuduğu Xırdalan şəhərindəki orta məktəbdən ondan icazəsiz çıxardılar və aparıb rayondakı orta məktəbə qoydular. İddiaçı övladı ilə ünsiyyətinin təmin edilməsi, uşağın ona verilməsi üçün məhkəməyə müraciət etməyi barədə məlumatlı olmasına baxmayaraq qəsdən uşağın üzərində qəyyum təyin edilmək üçün onun razılığı olmadan müraciət etmişdir. O uşaqlarına çox bağlıdır. Heç kim övladına ondan yaxşı baxa bilməz. Övladı anası vəfat etdiyinə görə onsuz da anasızlıq hiss edir. Əgər iddiaçı uşaqların mənafeyini bir az da olsa düşünsəydi, uşağını ondan ayrı salmağa çalışmazdı. İddiaçının onun qızı ilə görüşməyinə imkan verməməsi ilə o, həm də atasızlıq iztirabı çəkir. Onun bu mənəvi sarsıntısını heç bir şəkildə qiymətləndirmək mümkün deyil. Bununla belə, hələ İmişli RİHB-nin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə İddiaçı qızının qəyyumu təyin edilmişdir. Övladının atası sağ olaola ona hər bir şəkildə baxmağa, yanında olmağa hazır olan atası ola-ola belə bir qərarın çıxarılması onsuz da əsassızdır. Maddi durumu övladını saxlamağa kifayət edir. Digər bir tərəfdən guya uşaqların maraq və mənafelərini üstün tutmaqla qərar verməli olan orqan uşağın mənafeyini, mənəvi sağlamlığını düşünməyən bir şəxsi qəyyum təyin edib. İddiaçı onunla şəxsi münasibətlərinə uşağını da qarışdırır. Uşağı düşünən onu əbəs yerə atasından ayırıb atasız böyüməsinə səbəb olmaz. Bu şəkildə çirkin yollarla uşağı ilə münasibətlərini pozan, çirkin davranış nümayiş etdirən, azyaşlı bir uşağın öz atası ilə münasibətlərini korlamağa çalışan iddiaçının qəyyum təyin edilməsi belə başlı-başına pozuntudur. Nənə, baba, digər qohumlar heç bir zaman bir valideynin yerini verə bilməz. Hələ ki, azyaşlı bir uşaq üçün. Qızının onun yanında olmağına ehtiyacı var. İddiaçının onun və övladının hüquqlarını pozmağa nə ixtiyarı var? Bir valideyn kimi övladının yanında olmaq, onun tərbiyəsi ilə məşğul olmaq valideyn kimi onun hüququdur. İddiaçı heç bir hüququ olmadığı halda onun övladı ilə ünsiyyətdə olmağına, onunla görüşməyinə mane olmuşdur, bununla da, valideyn kimi öz hüquqlarını həyata keçirməyinə mane olmuşdur. Birinci instansiya məhkəməsi isə valideynlərin digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malik olmasını nəzərə almadan, əsassız və qanunsuz bir qərarla qəyyum təyin edilmiş iddiaçının xeyrinə ondan övladı üçün aliment tutulması barədə qanunsuz qətnamə çıxarmışdır. O yetkinlik yaşına çatmayan 21 aprel 2011-ci il təvəllüdlü övladı X6 qayğı göstərmək, onu tərbiyə etmək hüququna malik olan şəxs olaraq qanunverciliklə üzərinə qoyulan vəzifəni həyata keçirmək, qızının öz atası ilə, yəni onunla yaşamasını təmin etmək üçün xx.xx.2023-cü il tarixdə İmişli Rayon Məhkəməsinə 21 aprel 2011-ci il təvəllüdlü övladı X4 cavabdehlərdən alınaraq ona verilməsinə dair iddia ərizə ilə müraciət etmişdir. Hazırda qeyd olunan tələb üzrə mülki iş İmişli Rayon Məhkəməsində 2(036)-230/2024 nömrəsi ilə qeydiyyata alınaraq baxılmaqdadır. Buna baxmayaraq, İmişli Rayon Məhkəməsinin hakimi qeyd olunanları nəzərə almadan əsassız və qanunsuz 18 mart 2024-cü il tarixli 2(036)-566/2024 saylı qətnamə qəbul etmişdir. Yuxarıda ətraflı şəkildə izah edildiyi kimi, iddiaçının qəyyum təyin edilməsi haqqında qərar qanunsuzdur. İddiaçı qəyyum olaraq təyin edilməsi haqqında sərəncam uşağın valideyninin, yəni onun xəbəri və razılığı olmadan verilmiş, bu prosesdə iştirakı təmin edilməmişdir. Bu da icra hakimiyyəti orqanı tərəfindən birbaşa qanunvericilik normalarının pozuntusuna dəlalət edir. Birinci instansiya məhkəməsi də tələb hüququ olmayan iddiaçının iddiasını təmin etmişdir. İddia ərizəsi İmişli Rayon Məhkəməsinə verilərkən cavabdeh, yəni o Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatında olmuşdur. Bu əsasla da, iddianın baxılmasına görə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, uşağın atası varkən babasının uşağa qəyyum təyin edilməsi məqsədəuyğun deyil. Eləcə də qəyyumluq vaxtı onların iştirakı təmin edilməmişdir. Uşaq anasının yanında qaldığı müddətdə cavabdeh ona maddi yardım göstərmişdir. Hal-hazırda Cəmilənin böyük qardaşları atanın yanındadır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdehin ona qarşı uşaq tələbi üzrə İmişli Rayon Məhkəmsinin qətnaməsi mövcuddur. Uşaq ananın yanında qalanda ona maddi köməklik göstərməmiş, 120 manat müavinəti də özü üçün xərcləmişdir. Böyük uşaq kolleci bitirmiş, mayın sonu atasının yanına getmişdir. Ona aliment pulu da lazım deyil. Sadəcə uşağın onun yanında saxlanılmasını istəyir. Cavabdeh subaydır və hal-hazırda tək yaşayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-566/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İmişli RİHB-nın 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamı ilə İddiaçı nəvəsi X4 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan AZE 12250918 saylı şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X9 xx.xx.2011-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə Nuriyeva Minayə yazılmışdır. İş materiallarında olan İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, İddiaçı 30 iyul 2023-cü il tarixli ərizəsinə əsasən 09 iyun 2023-cü il tarixdə vəfat etmiş X5 münasibətdə vərəsəlik işi açılmış və atası İddiaçı 30 iyul 2023-cü il tarixli, anası X3 31 iyul 2023-cü il tarixli ərizə ilə mirası qəbul etmiş və X2 hüquqi varisləri kimi tanınmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. AM-in 139.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri uşağın babasının yanında saxlanılması və onun uşağa qəyyum təyin edilməsi ilə bağlıdır. Hazırkı iş üzrə iddia uşağın kimin yanında saxlanılması ilə bağlı yox, onun saxlanılması üçün alimentin təyin edilməsi ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri diqqətə çatdırır ki, cavabdehin xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı X9 ilə ünsiyyət hüququnun təmin edilməsi, habelə həmin uşağın ona verilməsi üçün məhkəməyə müraciət etməyi hazırkı iş üzrə icraatın dayandırılmasına əsas vermir və iş üzrə yekun qərara hər hansı təsir göstərmir. Belə ki, təyin edilməsi xahiş edilən məbləğ uşağın saxlanılması üçün lazımdır və uşağın hazırda İddiaçı - babanın yanında qalması hazırkı mülki işin mübahisəsiz halıdır. Habelə nəzərə alınmalıdır ki, uşağın alınması barədə tələbin təmin olunması belə özlüyündə hazırkı aliment tələbinin uşağın faktiki verildiyi vaxta kimi tutulmasına mane olmur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, yuxarıda qeyd edilənlər, eləcə də Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi halı nəzərə alınmaqla mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyinəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-566/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1077/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1077/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver