Məhkəmə qərarları › İş №2(106)-1084/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1084/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1084/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Cavabdeh bir uşağın saxlanması üçün 250 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına çatanadək saxlanması üçün 100 manat məbləğində pulun alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahından xx.xx.2022-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Aralarında olan ər-arvad münasibətləri pozulduğu üçün cavabdehdən ayrılaraq atası evinə qayıtmışdır. Uşaq onun yanında qalır. Cavabdeh uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Ona görə də uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 250 manat sabit pul məbləğində alimentin və uşağın üç yaşına çatanadək saxlanması üçün 100 manat məbləğində pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahından xx.xx.2022-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ər-arvad münasibətləri pozulduğu üçün bir yerdə yaşamırlar. Uşaq anasının yanında qalır. X4 İdarəsində maşinist vəzifəsində işləyir. Aylıq əmək haqqı 323 manat təşkil edir. Uşağın saxlanması üçün hər ay 80 manat aliment ödəməyə imkanı vardır. Odur ki, göstərilən xüsusatların nəzərə alınaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsi ilə (hakim E.Quliyev) iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh 120 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladını saxlamaq onun üçün maddi cəhətdən çox çətindir.Uzun müddətdir ki, övladını böyük çətinliklə saxlayır. İş üzrə cavabdeh və onun yaxınları uzun müddətdir ki, faktiki ayrılıqdan sonra bir dəfə olsun belə uşaqla maraqlanmamışlar. Uşağın saxlanılması üçün təyin edilmiş 120 manat aliment isə bugünkü yaşayış minimumları ilə heç cür uzlaşmır. Bu gün övlad böyüdən hər bir nümunəvi validyn kimi o da uşağını atasızlığı hiss etdirmədən layiqli vətəndaş kimi böyütmək arzusundadır. Lakin hər gün artan yaşayış minimumları ilə uzlaşmayan 120 manat aliment ona bu arzunu yerinə yetirməyə heç cür kömək etmir. Cavabdehin qazancı kifayət qədər yüksəkdir. Kənd təsərrüfatı ilə və bir çox əlavə qazanc gətirən işlərlə məşğuldur. Bundan başqa övladı xəstədir və daimi müalicəyə ehtiyacı vardır. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə cavabdehin real qazancını və ölkə üzrə yaşayış minimumlarını, aliment təyin edilməsi barədə ölkədə formalaşmış məhkəmə təcrübəsinin, uşağın üç yaşına qədər saxlanılması üçün qanunla müəyyən edilmiş qaydada anaya əlavə ödəniş edilməsi məsələsini nəzərə almamışdır. Göstərilənlərə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Apellyasiya məhkəməsində İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)837/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2022-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilərək xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 manat məbləğində aliment alınaraq İddiaçı verilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçı apellyasiya şikayətində Cavabdeh kənd təsərrüftı ilə və bir çox əlavə qazanc gətirən işlərlə məşğul olmasını nəzərə alaraq iddia tələbinin tam təmin olunaraq cavabdehdən onun xeyrinə cəmi 350 manat aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi valedeynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləğinin 120 manat müəyyən edilməsi qənaətinə gələrkən şərh olunan beynəlxalq və milli qanunvericilik aktı normalarının, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərini, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmamış uşağın mənafelərini və onların böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini və İddiaçı azyaşlı uşağının saxlanılması üçün onun daima artan tələbatını təkbaşına ödəyə bilməməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının qənaətincə həmin məbləğ tərəflərin maddi və ailə vəziyətlərinə, işin diqqətəlayiq olan digər hallarına uyğun olmamaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını təmin edə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 170 manat aliment tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki- Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İstinad edilən Məcəllənin 77.1-ci maddsəinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini qətnaməni dəyişdirmək səlahiyyəti vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 manat məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən məbləğ Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh 170 manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Ağcabədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(017)837/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar