Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1095/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, Hacıqabul Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə ziyanın ödənilməsi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hacıqabul rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5- 10/66 hissədə, X8– 10/66 hissədə, X9– 9/66 hissədə, X10– 6/66 hissədə, X1– 9/66 hissədə, X6– 6/66 hissədə, X2– 6/66 hissədə, Cavabdeh3– 10/66 hissədə paylı mülkiyyətində olan və Hacıqabul rayonunun Birinci Meyniman kəndində yerləşən 11,1305 ha-dan ibarət torpaq sahəsi Cavabdeh2 satılmışdır. Alqı- satqı müqaviləsini satıcıların adından verilmiş müvafiq etibarnamələr əsasında Cavabdeh3 imza etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul notariat ofisində xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-59 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə 3000 manat pulun, ödənilmiş dövlət rüsumu kimi 100 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Hacıqabul rayon notariat ofisindən müştərək qaydada, Hacıqabul notariat ofisinin notariusu Ruslan Səfərovun etdiyi qanunsuz hərəkətlərə görə vurulmuş mənəvi ziyana görə 7000 manat pulun Hacıqabul notariat ofisindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: əvvəllər qohumluq münasibətində olduğu digər mülkiyyətçilərlə birlikdə xx.xx.2020-ci il tarixdə notariat ofisində keçmiş qaynı Cavabdeh3 özünə məxsus əmlakı idarə etməyi, ona sərəncam verməyi və qanunla icazə verilmiş bütün mülki-hüquqi əqdlərin bağlanması hüququnu özündə əks etdirən reyestrdə 7E-1138 nömrəsi ilə qeydə alınmış etibarnamə vermişdir. Yaşar Əmişova etibarnamə verməkdə məqsədi paylı mülkiyyətdə olan torpağın satılması zamanı özünə məxsus olan torpaq payının Y.Əmişov tərəfindən satılmasının həyata keçirilməsi olmuşdur. Lakin bundan sonra keçmiş həyat yoldaşı X16 ona telefonla zəng edərək qardaşı Y.Əmişovun torpağı qeyd etdiyi qiymətdən baha satacağını bildirmiş və bundan sonra o, Y.Əmişova verdiyi etibarnaməni ləğv etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə o, keçmiş baldızı X14 ilə birlikdə Şirvan şəhər 1 saylı notariat ofisində Cavabdeh3 verdikləri etibarnaməni ləğv etmək məqsədilə reyestrdə 8İ-1367 nömrəsi ilə qeydə alınmış ərizə ilə müraciət etmişlər. O, etibarnamənin ləğv edilməsi barədə Cavabdeh3 məlumat vermişdir. Bundan təxminən 3-4 həftə sonra keçmiş həyat yoldaşı Manafov Vidadi onunla telefon əlaqəsi saxlayaraq Cavabdeh3 tərəfindən torpaqların satıldığını bildirmişdir. O, 2020-ci ilin mart ayında Hacıqabul rayon notariart ofisinə gedərək ona məxsus torpaq sahəsinin öz iştirakı olmadan hansı formada satılması barədə maraqlanmış, orada elektron informasiya sistemində olan məlumatlara əsasən ona məxsus torpaq sahəsinin satıldığını və alqı-satqı müqaviləsində onun əvəzinə Cavabdeh3 iştirak etdiyini bildirmişdir. Bundan sonra notariat ofisinin notariusu X3 qəbulunda olarkən sonuncu məsələni araşdıracağını bildirmişdir. Həmin vaxt Cavabdeh2 ona mobil telefonla zəng edərək Hacıqabul rayonuna gələrək torpaq sahəsini ona qaytaracağını bildirmişdir. Ruslan Səfərov bir neçə dəfə onunla telefon əlaqəsi yaradaraq əvvəlcə 500 manat, sonra isə 1500 manat pul verəcəyini ona bildirmişdir. O, R.Səfərova razılaşmayaraq heç bir məbləğdə pulun qəbul etmədiyini, özünə məxsus torpaq sahəsinin ona qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi nəzdində Azərbaycan Toxumçular Assosiasiyasında işləyir. Rəhbərlik tərəfindən üzərinə toxumçuluğu inkişaf etdirmək, yeni və keyfiyyətli toxumların əkilib-becərilməsi vəzifəsi qoyulmuşdur. Buna görə də o, toxumçuluğu inkişaf etdirmək üçün Hacıqabul rayonu Meyniman kəndi ərazisində olan torpaq sahələrini alaraq keyfiyyətli toxumların əkilməsi ilə məşğul olmuşdur. 2019-cu ilin axırlarında Meyniman kəndindən Yaşar adlı şəxs ona telefonla zəng edərək kənd ərazisində ailə üzvlərinə məxsus 11 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin satmaq istədiklərini bildirmişdir. Yaşar onunla danışarkən qardaşının keçmiş arvadı İddiaçı da həmin sahədə 2 hektar torpaq payının olduğunu bildirərək, Sevdanın qızına cehiz almaq üçün pul lazım olduğunu və bu səbəbdən 2 hektar torpaq üçün 4000 manat pulun Sevdaya qabaqcadan ödəməsini ondan xahiş etmişdir. Yaşar ona bildirmişdir ki, hazırda Rusiya Federasiyasının ərazisindədir, Hacıqabul rayonuna qayıtdıqda sonra Sevdadan etibarnamə alaraq torpaq sahəsini ona satacaqdır. O, Yaşarın bu təklifi ilə razılaşmış və İddiaçı ilə görüşərək 4000 manat pulu ona vermişdir. Lakin torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmadığı üçün o, Sevda ilə birlikdə Şirvan şəhər notariat ofisinə gedərək Sevdanın razılığı ilə 4000 manat pulun borc verilməsi ilə əlaqədar borc müqaviləsi bağlamışdır. Bundan bir müddət sonra Yaşar Rusiyadan qayıtmış və xx.xx.2020-ci il tarixdə Hacıqabul rayon notariat ofisində notarius Ruslan Səfərovun iştirakı ilə 11.1305 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini bağlamışlar. Müqavilə bağlandıqdan bir neçə gün sonra ona məlum olmuşdur ki, İddiaçı, Cavabdeh3 verdiyi etibarnaməni ləğv etmiş, notarius R.Səfərov etibarnamənin ləğv edilməsinə diqqət yetirməyərək alqı-satqı müqaviləsini tərtib etmişdir. İddiaçı özünə məxsus 2 ha pay torpağının dəyərini, yəni 4000 manat pulu ondan qabaqcadan almışdır. Lakin sonradan S.Qafarova aldığı 4000 manat pulu mənimsəmək qərarına gəlmiş və məqsədli şəkildə etibarnaməni ləğv edərək yenidən ona torpağın dəyərinin ödənilməsinə nail olmaq istəmişdir. İddiaçı özünə məxsus pay torpağını digər şəxslərin yanında satmağa özü razılıq vermiş, lakin sonradan hüquqlarından sui-istifadə etmişdir. Sevdanın özünə məxsus torpağı satmağa razılıq verməsini Cavabdeh3 və Manafov Vidadi də, təsdiq edə bilər. İddiaçı məqsədyönlü şəkildə borc müqaviləsi bağlandıqdan 3 il sonra özünə məxsus pay torpağının qanunsuz satılması ilə əlaqədar prokurorluğa şikayət etmişdir. İddiaçı onunla bağladığı borc müqaviləsinə görə 3 illik iddia müddətinin keçməsini gözləmişdir. İddiaçı bundan başqa bir neçə dəfə ondan pul istəmiş və o, ümumilikdə İddiaçı əlavə olaraq 500 manat pul vermişdir. İddiaçı hər dəfə onu aldadaraq notariusda ərizə verərək 2 ha pay torpağının onun razılığı ilə satıldığını etiraf edəcəyini bildirmiş, lakin notariusa getməmiş və heç bir razılıq ərizəsi verməmişdir. Digər Cavabdeh3 birinci instansiya məhkəməsində iştirak etmədiyindən mövqeyi bəlli olmamışdır. Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qəbul etmədiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz göndərərək, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın qeydiyyatının qanunauyğun həyata keçirildiyini bildirmişdir. Hacıqabul Rayon Məhkəməsinin (hakim O.Babayev) 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “alqısatqı müqaviləsinin etirbarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə 3000 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, mənəvi ziyana görə 7000 manat pulun isə Cavabdeh1 tutulması” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, X11 xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən qeydə alınmış səs yazısı, X5, Cavabdeh3, X11, Cavabdeh2 və X3 İddiaçı tərəfindən qaynı Yaşara verilmiş etibarnamənin ləğv edilməsini alqı-satqı müqaviləsi bağlandığı günü bildiklərini eləcə də iddiaçının idda ərizəsində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Hacıqabul rayon notariat ofisində X13 tərəfindən ona qarşı hədəqorxu gəlinməsini, razılıq ərizəsinə imza etməyə məcbur edilməsini sübut edir. Həmin səs yazısı xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən qeydə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi çıxdıqdan sonra əldə edilmişdir. Şikayətdə o da qeyd olunur ki, xx.xx.2024-cü il tarixli 505 nömrəli Şirvan şəhər 1 saylı Notariat ofisinin sorğuya dair cavab məktubundan bəlli olur ki, X14 və İddiaçı xx.xx.2020 ci il tarixli 8İ-1367 reyesterlə xx.xx.2020-ci il 7E-1138 verilmiş olan etibarnaməni ləğv etdirmişlər. Birinci instansiya məhkəməsində dindirilmiş X14 yalan ifadə verməklə İddiaçı Cavabdeh3 vermiş olduğu etibarnamənin ləğv olunmasından xəbəri olmadığını bildirmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, torpağını satmaq məqsədi ilə etibarnamə vermiş, sonra etibarnaməsini ləğv etmişdir. Belə ki, keçmiş əri Vidadi ona məlumat vermişdir ki, Yaşar torpağı baha sata bilər. Qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş edir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, (alıcı) Afərin etibarnamənin ləğvindən məlumatı olmuşdur. Afər iddiaçıya əvvəlcə 4000 manat pul verib. Bununla yanaşı, İddiaçı və mülkiyyətçilərdən biri olan Gülnarənin adından verilən etibarnamə ləğv edilmişdir. Etibarnamənin ləğvini Sevda telefonla Yaşara bildirmişdir. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsinin 1.5 sotu Sevdanın adına, qalan hissəsi isə digər payçıların adınadır. Sevdanın qaynı Yaşar onunla danışarkən qardaşının keçmiş arvadı İddiaçı qızına cehiz almaq üçün pul lazım olduğunu demiş və bu səbəbdən 2 hektar torpaq üçün 4000 manat pulun Sevdaya qabaqcadan ödəməsini ondan xahiş etmişdir. Yaşar ona bildirmişdir ki, hazırda Rusiyadadır, Hacıqabul rayonuna qayıtdıqda sonra Sevdadan etibarnamə alaraq torpaq sahəsini ona satacaqdır. O, Yaşarın bu təklifi ilə razılaşmışdır. Bu səbəbdən torpağa dair müqaviləni rəsmiləşdirənək Sevda ilə aralarında borc müqaviləsi bağlamışlar. Sonradan isə Sevda ondan xəbərsiz etibarnaməni ləğv etdirmişdir. İddiaçı özünə məxsus 2 ha pay torpağının dəyərini, yəni 4000 manat pulu ondan qabaqcadan almışdır. Sonradan hüquqlarından sui-istifadə edərək etibarnaməni ləğv eləmişdir. Görünür İddiaçı onunla bağladığı borc müqaviləsinə görə 3 illik iddia müddətinin keçməsini gözləmişdir. İddiaçı bundan başqa, bir neçə dəfə ondan pul istəmiş və o, ümumilikdə İddiaçı 500 manat pul vermişdir. Sevda ona zəng edib 200 manat borc pul istəmişdir. O da həmin pulu borc olaraq vermişdir. Bir həftədən sonra yenə 200 manat borc istəmişdir. Oğlu hərbi xidmətdə olanda da 100 manat pul istəmişdir. İddiaçı hər dəfə onu aldadaraq notariusda ərizə verərək 2 ha pay torpağının onun razılığı ilə satıldığını etiraf edəcəyini bildirmiş, lakin sonra notariusa getməmiş və razılıq ərizəsi verməmişdir. Cavabdeh3, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. Apellyasiya baxışında üçüncü şəxs qismində cəlb edilmiş şəxslər- X14, X17, X18, X19, X15, X12, müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq apellyasiya baxışına gəlməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki hallarından aşağıdakılar müəyyən edilmişdir: Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən 11.1305 ha torpaq sahəsi- X14 –10/66 hissə, X17 – 10/66 hissə, X18 – 9/66 hissə, X19 – 6/66 hissə, X7 – 9/66 hissə, X15 – 6/66 hissə, X12 – 6/66 hissə, Cavabdeh3 – 10/66 hissə olmaqla paylı mülkiyyətdə olmuş, sonradan alqı-satqı yolu ilə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi Hacıqabul rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılarkən alqı- satqı müqaviləsini satıcıların (mülkiyyətçilərin) adından verilmiş müvafiq etibarnamələr əsasında Cavabdeh3 imza etmişdir. İş materiallarından görünür ki, Şirvan şəhər 1 saylı notarial ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamə ilə İddiaçı və digər şəxslər daşınmaz əmlakla bağlı mülki-hüquqi hərəkətlərin edilməsini Cavabdeh3 etibar etmişlər. İddiaçı və X14 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin ləğv edilməsi barədə ərizələri Şirvan şəhər 1 saylı notarial ofisi tərəfindən 8İ-1367 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsinə görə, İddiaçı digər şəxslərlə birlikdə özünə məxsus 1.578 torpaq sahəsini Cavabdeh2 satmışdır. Alqı- satqı zamanı İddiaçı adından müqaviləyə etibarnamə əsasında Cavabdeh3 imza etmişdir. xx.xx.2020-ci il tarixdə 4Ə-59 nömrəli alqı-satqı müqaviləsinin mətnindən görünür ki, hər bir paylı mülkiyyətçilərə paya uyğun ödənişlər, o cümlədən İddiaçı torpaq sahəsindəki 9/66 hissədə (1,5178 ha) payına görə 675 manat qiymət müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənən kredit müqaviləsindən görünür ki, Cavabdeh2, İddiaçı 4000 manat məbləğində pulu borc qismində vermiş, həmin müqavilə reyesrtdə 3M-586 nömrəsi ilə qeyd edilmişdir. Hazırki tələbində iddiaçı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə 3000 manat pulun, ödənilmiş dövlət rüsumu kimi 100 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Hacıqabul rayon notariat ofisindən müştərək qaydada, Hacıqabul notariat ofisinin notariusu Ruslan Səfərovun etdiyi qanunsuz hərəkətlərə görə vurulmuş mənəvi ziyana görə 7000 manat pulun Hacıqabul notariat ofisindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının sonrakı tələbləri- Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə ziyanın ödənilməsi və mənəvi ziyan tələbi, birinci tələb olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin təmin edilməsindən asılıdır. Yəni birinci tələb təmin edildiyi halda sonrakı tələblərə qiymət vermək olar. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə bağlı Kollegiya alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı qismində onun adından iştirak edən Manafov Yaşarın müvafiq səlahiyyəti olmamışdır, çünki torpağın satılması məqsədilə onun adından verilmiş etibarnaməni, o, ləğv etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı özünə məxsus torpaq sahəsini iş üzrə Cavabdeh2 satmaq barədə razılıq vermiş, sonuncu torpaq sahəsinin dəyərini 4000 manat pulu qabaqcadan İddiaçı ödəmiş və onlar arasında formal olaraq (yalan əqd) olaraq kredit müqaviləsi bağlanılmış, İddiaçı xx.xx.2020-ci il tarixdə iş üzrə digər Cavabdeh3 etibarnamə vermiş, xx.xx.2020-ci il tarixdə hüquqdan sui- istifadə edərək buna heç bir əsaslı səbəb olmadan etibarnaməni ləğv etmiş, bu barədə etibar edilmiş şəxs Cavabdeh3 və ya üçüncü şəxs Cavabdeh2 heç bir məlumat verməmiş, Cavabdeh2lə bağladığı borc müqaviləsinə görə iddia müddətinin keçməsini gözləmiş, öz mülki hüquqlarını vicdanla həyata keçirməyərək həmin müddət keçdikdən sonra isə özünə məxsus torpaq sahəsinin qeyri-qanuni şəkildə satıldığını, Hacıqabul rayon notariat ofisində təzyiqlərə məruz qaldığını əsassız olaraq bildirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və mövqeyini aşağıdakı qaydada əsaslandırır. İşin faktiki hallarından görünür ki, İddiaçı müraciəti ilə bağlı prokurorluq orqanlarında da araşdırılma aparılmışdır. Hacıqabul rayon prokurorluğu tərəfindən toplanmış 72c-23 saylı materialdan aşağıdakılar müəyyən edilmişdir: Cavabdeh3 yazılı izahat verərək bildirmişdir ki, İddiaçı onun qardaşı Manafov Vidadinin keçmiş həyat yoldaşıdır. Təxminən 1996-cı ilin ortalarında Hacıqabul rayonu Meyniman kəndi ərazisində dövlət tərəfindən əhaliyə pay torpaqları verilmişdir. Həmin payda Sevdanın, Vidadinin və qızının da adına 1 ha olmaqla ümumilikdə 3 ha pay torpağı olmuşdur. Bundan bir neçə ay sonra Sevdanın qızı vəfat etmiş və onun adına olan 1 ha pay torpağı Vidadi ilə Sevdanın arasında bölüşdürülmüşdür. Sevdanın adına ümumilikdə 1.5 ha pay torpağı olmuşdur. Bundan 10 il sonra Sevda Vidadidən ayrılmış və Şirvan şəhərində anasına məxsus evdə yaşamışdır. 2019-cu ilin axırlarında İddiaçı onunla əlaqə saxlayaraq qızının cehizi üçün ona təcili pul lazım olduğu üçün özünə məxsus torpaq payını satmaq istədiyini bildirmişdir. O, həmin vaxt Rusiya Federasiyasında olmuşdur. Sevda Afər adlı şəxsin torpaq almaq istədiyini ona bildirmişdir. O, Afər adlı şəxslə telefonla danışaraq torpaq sahəsi satmaq istədiklərini bildirmiş, Afərdən Sevdanın qızına cehiz alınması üçün təcili pul lazım olduğunu və bu səbəbdən Sevdanın pulunu qabaqcadan verməsini ondan xahiş etmişdir. Afər onunla razılaşmış və Sevdaya 2 ha pay torpağına görə 4000 manat pul vermişdir. Sevda həmin vaxt özü torpağı Afərə hektarının 2000 manata satmağa razılıq vermişdir. Lakin onlar bunu notariusda borc müqaviləsi kimi rəsmiləşdirmişlər. O, Afərə söz vermişdir ki, Rusiyadan qayıtdıqdan sonra torpağın alqısatqısını rəsmiləşdirəcəkdir. Bundan bir neçə ay sonra o, ölkəyə qayıtmış və torpaqda payı olan şəxslərdən etibarnamə alaraq 11 ha torpağı Cavabdeh2 satmışdır. Alqı-satqıdan bir neçə gün sonra ona məlum olmuşdur ki, İddiaçı etibarnaməni ləğv etmişdir. İddiaçı tərəfindən etibarnamənin ləğv edilməsi notarius Ruslan Səfərovun diqqətindən yayınmışdır. Hacıqabul rayon prokurorluğu tərəfindən toplanmış 72c-23 saylı materialdan görünür ki, prokurorluqda aparılmış araşdırma zamanı X16 yazılı izahat verərək bildirmişdir ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahından bir qız övladları olmuşdur. Təxminən 1996-cı ilin ortalarında Hacıqabul rayonu Meyniman kəndi ərazisində dövlət tərəfindən əhaliyə pay torpaqları verilmişdir. Həmin payda onun, Sevdanın və qızının da, adına 1 ha olmaqla ümumilikdə 3 ha pay torpağı olmuşdur. Bundan bir neçə ay sonra onların qızı vəfat etmiş və onun adına olan 1 ha pay torpağı onunla Sevdanın arasında bölüşdürülmüşdür. Sevdanın adına ümumilikdə 1.5 ha pay torpağı olmuşdur. Bundan 10 il sonra o, Sevdadan ayrılmış və Sevda Şirvan şəhərində anasına məxsus evdə yaşamışdır. 2019-cu ilin axırlarında İddiaçı onun qardaşı Cavabdeh3la əlaqə saxlayaraq qızının cehizi üçün ona təcili pul lazım olduğunu və bu səbəbdən özünə məxsus torpaq payını satmaq istədiyini bildirmişdir. Sevda həmin vaxt torpağı satmaq üçün Afər adlı bir şəxs tapmışdır. Lakin Sevda pay torpağını qardaşı Cavabdeh3 razılığı olmadan sata bilməmişdir. Çünki həmin torpaq sahəsi ataları rəhmətə gedəndən sonra dövlət aktı ilə Cavabdeh3 adına olmuşdur. Cavabdeh3 həmin vaxt Rusiya Federasiyasında olduğu üçün etibarnamə verə bilməmişdir. Sevdanın xahişindən sonra Yaşar Afər adlı şəxslə telefonla danışaraq torpaq sahəsi satmaq istədiklərini bildirmiş, Afərdən Sevdanın qızına cehiz alınması üçün təcili pul lazım olduğunu və bu səbəbdən Sevdanın pulunu qabaqcadan verməsini ondan xahiş etmişdir. Afər onunla razılaşmış və Sevdaya 2 ha pay torpağına görə 4000 manat pul vermişdir. Sevda həmin vaxt özü torpağı Afərə hektarının 2000 manata satmağa razılıq vermişdir. Lakin onlar bunu notariusda borc müqaviləsi kimi rəsmiləşdirmişlər. Yaşar Afərə söz vermişdir ki, Rusiyadan qayıtdıqdan sonra torpağın alqı-satqısını rəsmiləşdirəcəkdir. Bundan bir neçə ay sonra Yaşar ölkəyə qayıtmış və torpaqda payı olan şəxslərdən etibarnamə alaraq 11 ha torpağı Cavabdeh2 satmışdır. Alqı-satqıdan bir neçə gün sonra ona məlum olmuşdur ki, İddiaçı etibarnaməni ləğv etmişdir. İddiaçı tərəfindən etibarnamənin ləğv edilməsi notarius Ruslan Səfərovun diqqətindən yayınmışdır. Kollegiya qeyd edir ki, iddiaçı adından verilmiş etibarnaməni ləğv etsə də işin göstərilən faktiki halları, tərəflərin izahatları, eləcə də şahid ifadələri onu deməyə imkan verir ki, iddiaçı özünə məxsus torpaq sahəsini satmaq niyyətində omuş, bunu öz qaynı Cavabdeh3 bildirmiş, torpaq sahəsini Cavabdeh2 satmaq barədə razılıq vermişdir. Bununla əlaqədar torpaq sahəsinin dəyəri qismində 4000 manat pulu qabaqcadan Cavabdeh2 almışdır. Lakin Cavabdeh2lə aralarında formal olaraq borc müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və xx.xx.2019-cu il tarixli Şirvan şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş kredit müqaviləsi ilə bağlı Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış borc müqaviləsinin formal bağlandığı qənaətinə gəlmişdir; məhkəmə hesab etmişdir ki, borc müqaviləsi üzrə İddiaçı ödənilən 4000 manat məbləğ əslində torpaq sahəsindəki onun payına müvafiq olaraq nəzərdə tutulan məbləğdir. Kollegiya məhkəmənin bu qənaəti ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Torpaq sahəsindəki payının ödənilməsi, Cavabdeh2 məhkəmədə verdiyi izahatından, Cavabdeh3 prokurorluqdakı izahatından başqa, şahid ifadələri ilə təsdiq edilir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş (paylı mülkiyyətçilərdən biri) X14 izahatında bildirmişdir ki, qardaşı Cavabdeh3 2019-cu ilin sonlarında Cavabdeh2 adlı şəxsin onlara məxsus torpaqları almaq istədiyini bildirmişdir. O, özünə məxsus pay torpağının satılmasına öz razılığını vermişdir. Həmin vaxt İddiaçı öz qızına cehiz almaq üçün pula ehtiyacı var idi. Buna görə də Cavabdeh2 ilkin olaraq Sevdaya 4000 manat pul vermişdir. Eyni zamanda, onun özünün də pula ehtiyacı olduğu üçün qardaşı Yaşar, Cavabdeh2 500 manat alaraq ona vermişdir. Bundan sonra özünə məxsus pay torpağının satılmasından əldə edilən gəlirin qardaşları tərəfindən borc məbləği kimi mənimsəniləcəyindən ehtiyat edərək qardaşı Cavabdeh3 verdiyi etibarnaməni ləğv etmişdir. Etibarnaməni ləğv etməkdə məqsədi o olmuşdur ki, alqı- satqıda özü şəxsən iştirak etsin və banka krediti olduğu üçün alacağı pul məbləğini dərhal banka ödəsin. İddiaçı pay torpağının dəyəri isə Cavabdeh2 tərəfindən tam şəkildə ona əvvəlcədən ödənilmişdir. Mübahisəli alqı-satqı müqaviləsinin mətnindən də görünür ki, hər bir paylı mülkiyyətçilərə paya uyğun ödənişlər, o cümlədən İddiaçı torpaq sahəsindəki 9/66 hissədə (1,5178 ha) payına görə 675 manat qiymət müəyyən edilmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsində İddiaçı ödənilməsi nəzərdə tutulan məbləğ ona, Cavabdeh2 tərəfindən əvvəldən verilən pul məbləği ilə artıqlaması ilə əhatə olunur. Beləliklə, torpaq sahəsinin dəyərinin iddiaçıya ödənilməsi müəyyən edilir. Tərəflər öz aralarında formal olaraq borc müqaviləsi imzalasa da əslində bu məbləğ iddiaçının torpağının dəyəri olaraq ona ödənilmişdir. İddiaçının adından verilmiş etibarnamə və onun ləğv edilməsi ilə bağlı Müəyyən edilir ki, sözügedən torpağın alqı-satqısını həyata keçirmək məqsədilə İddiaçı və digər paylı mülkiyyətçilər xx.xx.2020-ci il tarixdə iş üzrə Cavabdeh3 etibarnamə vermiş, alqı-satqı həyata keçirilməsindən bir neçə gün əvvəl isə iddiaçı özünə aid hissədə etibarnaməni ləğv etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının torpağı satmaq niyyətində olması, onu məhz Cavabdeh2 satmaq niyyətində olması, bununla bağlı Cavabdeh3 etibarnamə verməsi faktı mübahisə edilmir. Etibarnaməni ləğv etməsini iddiaçı belə izah etmişdir ki, onu keçmiş əri Vidadi məsləhət görmüş, izah etmişdir ki, Yaşar torpağı baha qiymətə sata bilər. Başqa sözlə, iddiaçı etibarnaməni ləğv etməsini, torpağ sahəsinin Vidadi tərəfindən baha satıla biləcəyi ehtimalı ilə izah etmişdir. İddiaçı tərəfindən verilən etibarnamənin ləğv edilməsi halı ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Doğrudur, Mülki Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Lakin Həmin Məcəllənin 366-cı maddəsinə əsasən: 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. ... 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Araşdırma nəticəsində etibarnaməni ləğv etməsi barədə etibar edilənə (Cavabdeh3) məlumat verməsi müəyyən edilməmişdir. İddiaçı etibarnaməni xx.xx.2020-ci il tarixdə ləğv etsə də hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü ildə, təxminən 4 ildən sonra məhkəməyə (şikayətlə prokurorluğa isə təxminən 2023-cü ilin sentyabrında) müraciət etmişdir. İddiaçı etibarnamənin ləğv edilməsi barədə Cavabdeh3ı məlumatlandırmasını (telefonla bildirməsini) qeyd etsə də bu barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, etibarnaməni ləğv etməsi, eləcə də onun geri qaytarılmasını tələb etməyi barədə etibar edilənə məlumatlandırdığını sübuta yetirmək iddiaçının üzərindədir. Bundan başqa, sözügedən alqı-satqı təsdiq edilərkən (və ya ondan əvvəl) iddiaçının adından verilmiş etibarnamənin qüvvədən düşməsindən alıcının da məlumatlı olması müəyyən edilmir. Hüquqdan sui-istifadə və vicdanlılıq Cavabdeh2 etirazında bildirmişdir ki, iddiaçı etibarnaməni ləğv etdiyini alqı-satqıdan sonra bildirmiş, İddiaçı ondan ayrı-ayrı vaxtlarda- 200 manat, 200 manat və 100 manat olmaqla, bir neçə dəfə əlavə pul almış, sonra yenidən ondan pul istəmiş, hər dəfə torpağın satılmasına yazılı razılığını bildirəcəyini demiş, lakin sonra bundan yayınmışdır. Cavabdehin mövqeyinə görə iddiaçı hüququndan sui-istifadə edərək ona ziyan vurmaq istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kollegiya vicdanlılıq prinsipi, vicdanlı davranışla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də xatırlatmağı zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Kollegiya hesab edir ki, iddiaçı hüquqdan sui- istifadə edərək buna heç bir əsaslı səbəb olmadan öz adından verilmiş etibarnaməni ləğv etmiş, bu barədə etibar edilmiş şəxs Cavabdeh3ı və alıcı Cavabdeh2 əvvəldən məlumatlandırmamış, öz mülki hüquqlarını vicdanla həyata keçirməyərək müəyyən müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, ona məxsus torpaq sahəsinin qeyri-qanuni satıldığını iddia etmişdir. Kollegiya hesab edir ki, belə halda iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Digər iddia tələbləri alqı-satqının etibarsız sayılması tələbindən törəndiyindən digər tələblər də təmin edilməməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnaməni ləğv etmək və iddianı tam və ya qismən təmin etmək üçün üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(071)-300/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1095/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1095/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver