Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1104/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X4 ibarət tərkibdə, katib X2, iş üzrə tərəflərin və cavabdehin vəkili X5 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Salyan Rayon Məhkəməsinin (hakim Ə.Məmmədli) 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün, o, yetkinlik yaşına çatanadək Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(106)2406/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 39.20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı 11 oktyabr 2013-cü ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 1 uşaq- 26 iyul 2014-cü il təvəllüdlü Cavid doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-1470/2016 saylı, 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, onların birgə nikahından doğulmuş 26 iyul 2014-cü il təvəllüdlü Cavidin anası Əliyeva (Həsənova) Aygün Fəxrət qızının yanında saxlanılmış, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində pul vəsaitinin Cavabdeh alınaraq X7 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin 22 avqust 2016-ci il tarixli qətnaməsi alimentə dair hissədə dəyişdirilmiş, alimentin miqdarı 100 manat müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş aliment uşağın təlabatını ödəmir. Hazırda işləmir. Uşağı saxlamaqda maddi çəhətdən çətinlik çəkir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, uşaqla görüş tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi olmasına baxmayaraq, iddiaçı uşaqla ünsiyyətdə olmasına maneəçilik yaradır. Alimentin artırılmasına razı deyil, belə ki, ikinci dəfə ailə qurmuşdur və həmin nikahından 2 azyaşlı uşağı vardır. Həyat yoldaşı Əfsanə Cabbarova bel yırtığından əziyyət çəkir, onun daimi müalicəyə ehtiyacı var. Atası vəfat etmişdir. Anası yataq xəstəsidir və onun himayəsindədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3, 13, 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdeh ayrı yaşadıqları müddət ərzində övladı ilə ümumiyyətlə maraqlanmamış və uşağın saxlanılması üçün ona heç bir zəruri maddi yardım göstərməmişdir. Əvvəl təyin edilən alimentin miqdarı uşağın tələbatı üçün bügünkü həyat şəraiti, uşağın saxlanılması, müalicəsi, qidalanması, geyim və ləvazimatlarının alınması ilə uyğunlaşmır. İddiaçı hazırda işləmir və müntəzəm gəlir yeri yoxdur. Uşağın saxlanılmasında maddi çətinlik çəkir. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında uşağın hazırlığa getdiyini, xərclərinin artdığını, özünün çatdıra bilmədiyini qeyd etmişdir. Cavabdeh və onun vəkili X8 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh izahatında yeni ailə qurduğunu, ikinci nikahdan 2 uşağının olduğunu, uşaqlardan başqa, xəstə anasının və arvadının da onun öhdəsində olduğunu qeyd etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflərin nikahından 1 uşaq- 26 iyul 2014-cü il təvəllüdlü Cavid doğulmuşdur. Əvvəllər tərəflər arasında alimentə dair mübahisə olmuş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə əvvəl müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, alimentin miqdarı 100 manat müəyyən edilmişdir. İddiaçı hazırkı tələbində əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, ayda 220 manat müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2023-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən uşağın mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini, yaşayış minimumunun da artdığını nəzərə almışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. İddiaçı apellyasiya şikayətində iddianın tam təmin edilməsini, alimentin miqdarının 220 manat müəyyən edilməsini tələb etmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin öhdəsində ikinci nikahdan daha iki azyaşlı uşağı vardır. Onun arvadının müalicəyə ehtiyacı vardır, öhdəsində ahıl yaşda anası vardır. Kollegiya hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan miqdarda müəyyən etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(057)-368/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1104/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1104/2023
27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver