Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1108/2025 02.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması və pul tələbinə dair müki işə Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)- 563/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 500 manat məbləğində pulun, qızıl-zinət əşyalarının, onlar olmadıqda dəyərinin və ödənilmiş məhkəmə xərclərinin cavabdehdən alınaraq verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirmədən 2017-ci ildə ailə qurmuşlar. Yaşadıqları müddət ərzində övladları olmamışdır. Bir müddət yaşadıqdan sonra cavabdehin ona qarşı hərəkətləri nəticəsində münasibətləri pozulmuş, sonradan cavabdeh onunla ailə qurmaq niyyətini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində olanda cavabdeh onu kirayədə yaşadığı kirayə evə dəvət edərək əxlaqsız hərəkətləri nəticəsində mübahisə etmiş, çantasında olan 500 manat pul vəsaitini və istifadəsində olan qızıl-zinət əşyalarını götürməklə mənimsəmişdir. Cavabdeh tərəfindən ona qarşı əxlaqsız hərəkətlərinin verdiyi işgəncələr nəticəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh ona nikahlarını rəsmi qeyd etdirməklə ailə quracağına vəd verərək şikayətindən imtina etməsini bildirdi və Şirvan şəhərinə dəvət etdi. O cavabdehdən dəfələrlə pulunu və qızıllarını tələb etsə də, cavabdeh əmlakın qaytarılmasından imtina edir. Qızıl qadın üzükləri - 02 ədəd, 583 əyyarlı, ümumi 8 qram olmaqla 680 manat, qızıl qadın üzüyü ağ qaşlı- 01 ədəd, 585 əyyarlı, 7 qram 520 manat Qızıl-zinət əmlakımın dəyəri 1200 manat təşkil edir. İddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq Cavabdeh dəyəri 680 manat olan 2 ədəd 8 qram çəkidə 583 əyarlı üzükləri, dəyəri 520 manat olan 1 ədəd 7 qram 585 əyarlı ağ qaşlı üzüyü, olmadıqda 1200 manat qızıl-zinət əşyalarının dəyərini, 500 manat pulun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-563/2025 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun əğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: 23 oktyabr 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, Bakı şəhəri Nizami rayonunda yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Ramil adlı şəxsin onunla ailə quracağın deyərək Şirvan şəhərinə gətizdirdiyini, daha sonra iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh öz istəkləri ilə cinsi əlaqədə olmuş və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən İddiaçı ilə zorla cinsi əlaqədə olması faktı öz izahatından başqa bir sübut növü ilə öz təsdiqini tapmamış, ona görə də, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. “Şirvan Ticarət Mərkəzi”nin zərgəri X1 arayışından görünür ki, 2 ədəd 8 qram çəkidə 583 əyarlı üzüklər 680 manat, 1 ədəd 7 qram 585 əyarlı ağ qaşlı üzük 520 manat bazar dəyərində qiymətləndirilir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş fotoşəkillərə baxış keçirilməsi zamanı müəyyən olunmuşdu ki, şəkildə təsvir olunan əldə tutulmuş iki ədəd çəhrayı rəngə oxşayan uzunsov formalı üzüklər və ağ rəngli üzüyə oxşar əşyalar kimə məxsus olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş iki ədəd disk yazılarına baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, disklərin birində tərəflərin arasında olan şəxsi münasibətləri əks etdirən səs yazılarından və digər diskdə isə instaqram sosial şəbəkəsindən çıxarış edilmiş yazışmalar və səs yazılarından ibarət olması müəyyən edilmiş, iddia tələbi ilə əlaqədar, yəni qızıl-zinət və pul məbləği ilə bağlı heç bir danışıq və fotoşəkil müəyyən edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları rəsmi qeyd etdirmədən 2017-ci ildə ailə qurmuşlar, lakin övladları olmamışdır. Bir müddət yaşadıqdan sonra cavabdehin ona qarşı hərəkətləri nəticəsində münasibətləri pozulmuş, sonradan cavabdeh onunla ailə qurmaq niyyətini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində olanda cavabdeh onu kirayədə yaşadığı evə dəvət edərək əxlaqsız hərəkətləri nəticəsində mübahisə etmiş, çantasında olan 500 manat pul vəsaitini və istifadəsində olan qızıl-zinət əşyalarını götürməklə mənimsəmişdir. Cavabdeh tərəfindən ona qarşı əxlaqsız hərəkətləri, verdiyi işgəncələr nəticəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Araşdırma aparılarkən cavabdeh aralarında olan nikahı rəsmi qeyd etdirməklə ailə quracağına vəd verərək şikayətdən imtina etməsini bildirmiş və iddiaçını Şirvan şəhərinə dəvət etmişdir. Cavabdehdən dəfələrlə pulunu və qızllarını tələb etsə də cavabdeh əmlakın qaytarılmasından imtina edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, Bakı şəhərində yaşayır. Şirvana Ramildən şikayət etmək üçün gəlmişdi. Lakin Ramil ona hədə-qorxu gələrək kirayə tutduğu evə getməyə məcbur etdi. Həmin evdə qızıllarını oğurlamış və onu döymüşdür. Həmin hadisə 12 sentyabr 2024-cü il tarixdə baş vermişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının və pulun cavabdeh tərəfindən aparılmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddianın predmeti olan qızıl-zinət əşyalarının və pul məbləğinin cavabdeh tərəfindən götürülməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə tərkibi qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin onun 500 manat pul vəsaitini və istifadəsində olan qızıl-zinət əşyalarını mənimsədiyini, dəfələrlə əmlakının dəyərini və götürdüyü 500 manat pul vəsaitini qaytaracağı barədə vədlər verdiyini bildirmişdir. Ancaq birinci instansiya məhkəməsinin qətnaməsində adıçəkilən dəlillərin əsassız olması işin müəyyən edilmiş faktiki halları ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Habelə tərkib mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-563/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1108/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1108/2025
02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver