Məhkəmə qərarları › İş №2(106)-1112/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1112/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1112/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyana görə kompensasiya tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(050)-488/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ləyaqətlərini alçaldan təhqiramiz ifadələrin həqiqətə uyğun olmaması barədə yazılı formada təkzib edilməsi və bu ifadələrlə görə onlardan üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən hər birinə dəymiş mənəvi zərərə görə 4000 manat, cəmi 8000 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(050)-488/2024 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddianın qismən təmin edilməsi və Cavabdeh İddiaçı2 500 manat, İddiaçı1 500 manat ləyaqətin müdafiəsi ilə bağlı mənəvi ziyanın tutularaq ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onların ləyaqətini alçaltmışdır. İddiaçı2 Cavabdeh ilə ailə quraraq rəsmi nikah bağlamış və həmin nikahdan 07 iyul 2011ci il təvəllüdlü X6 və 28 avqust 2013-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə bir müddət xoşbəxt yaşasalar da, sonradan münasibətləri korlanmışdır. Bunun nəticəsi olaraq ayrılmağa qərar vermiş və Masallı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Buna baxmayaraq, o, uşaqlar üçün təyin olunmuş alimenti vaxtında ödəyərək ata kimi daim uşaqların qayğısına qalmışdır. Bundan sonra o, cavabdeh X1 qarşı uşağın atanın himayəsinə verilməsi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Buna səbəb isə qızı X3 anası Könülün yanında yaşamaq istəməməsi olmuşdur. Bundan sonra cavabdeh onun ləyaqətini alçaldan sözlərlə onu “Whatsapp” şəbəkəsində təhqir etmişdir. Bundan əlavə, onun İddiaçı1 ilə rəsmi nikaha daxil olaraq mehriban şəkildə yaşamaları cavabdeh tərəfindən hiddətlə qarşılanmış və qızı Zeynəbin onun yanında yaşamaq istəməməsindən sonra cavabdehin onlara qarşı qərəzli münasibəti üzə çıxmışdır. Cavabdehə dəfələlərlə ləyaqəti alçaldan hərəkətlərə son qoymağı barədə haqlı irad bildirsələr də, heç bir nəticəsi olmamışdır. Bundan sonra belə qərara gəlmişdir ki, cavabdehin alçaldıcı hərəkətlərinin qarşısının alınmasını, ləyaqətlərini təhqir etdiyi sözlərə görə onlardan üzr istəməsi, təkzib etməsi və onlara dəyən mənəvi ziyanın ödənilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı2 cavabdehin keçmiş əri, İddiaçı1 isə onun yeni arvadıdır. Cavabdeh onları heç vaxt təhqir etməmiş, məhkəmə “Whatsapp” yazışmalarına istinad edib, lakin həmin yazışmaların hansı nömrədən nömrəyə olması göstərilməmişdir. Bəlkə mesajları Nuranə özü qəsdən yazıb başqa nömrəyə və ona böhtan atır. Məhkəmədə həmin mesajların onun tərəfindən yazılması barədə heç bir sübut yoxdur. Nə də onun adına olan nömrədən Nuranə və Vüqara mesaj yazılmışdır. Məhkəmə araşdırması hərtərəfli və ədalətli aparılmamışdır. Məhkəmə mənəvi ziyanın kim tərəfindən vurulmasını əvvəlcə müəyyən etməli, sonra mənəvi ziyanın mövcud olub-olmamasını müəyyənləşdirilməlidir. Hazırda məhkəməyə iddiaçılar “Whatsapp” proqramında yazışmalar təqdim etmişlər və məhkəmədə həmin yazışmalara əsasən ondan pul tutulmasını qət etmişdir. Lakin məhkəmə necə müəyyən etmişdir ki, həmin yazışmaları o yazmışdır? İşdə həmin yazışmaların onun tərəfindən yazılması barədə heç bir sübut yoxdur. İddiaçılar ona böhtan atırlar. Bəlkədə həmin yazışmaları iddiaçılar özləri qəsdən başqa nömrədən digər nömrəyə yazmışlar və ondan pul tələb edirlər. Qətnamədən görünür ki, hakim heç nömrənin kimə məxsus olmasını, hansı nömrədən mesaj yazılmasını və mesaj yazılan nömrənin kimin adına olmasını müəyyən etməmişdir. Məhkəmə ilk öncə ziyan vuran şəxsi müəyyən etməlidir. Nə mesaj yazılan nömrə ona məxsusdur, nə də o, həmin mesajları yazmışdır. Bəs məhkəmə necə müəyyən etmişdir ki, həmin mesajları o yazmışdır? Məhkəmə sübutlarla işə baxmalı və qərar qəbul etməlidir. Lakin hazırkı işdə heç bir sübut olmadan məhkəmə qətnamə qəbul etmişdir. Həmin yazışmların ona məxsus olması barədə heç bir sübut yoxdur. Məhkəmə linqvistik ekspertizası keçirməmişdir. Məhkəmə sübut olmadığı halda həmin mesajların cavabdeh tərəfindən yazılması qənaətinə gəlmişdir. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2010-cu ildə cavabdehlə ailə qurmuşdur və iki övladı var. 2 ildir ki, İddiaçı1 ilə ailə həyatı qurmuşdur. Sözügedən nömrə cavabdehin anasının nömrəsidir və o, həmişə həmin nömrə ilə uşaqları ilə əlaqə saxlamışdır. Birinci instansiya məhkəməsi zamanı cavabdeh iştirak etməmişdir. Uşaqlardan biri hazırda onda, biri cavabdehdədir. Qısqanclıq üstündə cavabdehlə ayrılmışdır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı2 ilə 2 ildir ki, rəsmi nikaha daxil olmuşlar. Vüqar cavabdehdən boşandıqdan sonra onunla münasibət qurmuşdur. Onlar birlikdə Bakı şəhərində müğənnilik fəaliyyəti ilə məşğul olurlar. Cavabdeh onları təhqir etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçıların izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(050)-488/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə edilmiş yazışmalardan müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı2 qarşı “şərəfsiz”, “əxlaqsız”, iddiaçılara qarşı “narkomanlar”, İddiaçı1 ünvanına “pozğun, neçəsinin ........çıxmış səviyyəsiz”, “əxlaqsız” və s. nalayiq ifadələr işlədilmişdir. İşdə olan nikah haqqında şəhadətnaməsən görünür ki, İddiaçı2 ilə X5 arasında xx.xx.2022-ci il tarixdə 2011№-li akt qeydi ilə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi ləyaqətin müdafiəsi, vurulmuş mənəvi ziyana görə kompensasiya tələbinin rədd edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçılara qarşı qeyri-etik ifadələri “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə edilmiş yazışmalarda ifadə etmişdir. Məhkəmə hazırkı işin hallarını edir ki, iddiaçılar onların ləyaqətini alçaldan ifadələrin işlədilməsi ilə bağlı fiziki və mənəvi sarsıntı keçirmiş və cavabdehin hərəkətləri ilə iddiaçıların mənəvi sarsıntı keçirməsi arasında səbəbli əlaqə vardır. Göründüyü kimi, Cavabdeh yazışmalarında istifadə etdiyi yalan qeyri-etik ifadələr onların arasında ünsiyyət saxlama üçün istifadə olunan “Whatsapp” mesajlaşma tətbiqində istifadə edilmişdir. Kollegiya diqqətə çatdırır ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində “Whatsapp” yazışmalarının onun tərəfindən həyata keçirilməsinin məhkəmə tərəfindən sübuta yetirilmədiyini göstərmişdir. Ancaq mənəvi ziyanın tutulması ilə nəticələnmiş “Whatsapp” yazışmaları haqqında hazırkı dəlili cavabdeh birinci instansiya məhkəməsində bildirməmiş, həmçinin həmin dəlilini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, qeyd edilən yazışmaların mətninə nəzər saldıqda onların həqiqətən də tərəflər arasında baş tutduğu aşkar görünür. Məhkəmə kollegiya birinci instansiya məhkəməsi tərəfindən linqvistik ekspertizasının təyin edilməməsi barədə apellyasiya şikayətinin dəlili üzrə nəzərə çatdırır ki, adıçəkilən “Whatsapp” yazışmalarında istifadə edilmiş ifadələrin “şərəfsiz”, “əxlaqsız”, “narkomanlar”, “pozğun, neçəsinin ........çıxmış səviyyəsiz”, “əxlaqsız” və s. kimi söz və ifadələr xüsusi bilik tələb etməyən və hazırkı işdə aşkar şəkildə şəxsin (iddiaçıların) ləyaqətini alçaldan ifadələr sayıl bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hazırkı iş üzrə qətnamə ilə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə mənəvi ziyana görə hər birinə 500 manat məbləğində pulun tutulması üzrə müəyyən edilmiş mənəvi zərərin həcminin müəyyən edilməsinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ ağlabatan və adekvatdır. Kollegiya qeyd edir ki, mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Nəzərə alınmalıdır ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Habelə mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və azadlıqları haqqında” Konvensiyanın 41-ci maddəsinə və digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsi təcrübəsinə dair qərarlarından olan “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Bundan başqa, “Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı qətnamənin ləğv və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, 11 mart 2024-cü il tarixli 2(050)-488/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(050)-488/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar