Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1121/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq və aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-113/2023 saylı, 17 aprel 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli nikahın pozulması, həmin nikahdan xx.xx.2019-cu il tarixdə doğulmuş X1 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, xx.xx.2019cu il tarixdə doğulmuş X1 və xx.xx.2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən bir uşağın saxlanılması üçün 193 manat olmaqla, iki uşağın saxlanılması üçün hər ay 386 manat alimentin və xx.xx.2022-ci il tarixdə doğulmuş oğlu X7 3 yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıya 100 manat müavinətin cavabdehdən alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahını rəsmi şəkildə 10 sentyabr 2018-ci il tarixdə qeyd etdirməklə ailə qurmuşdur. Cavabdehlə ailə qurarkən cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən ata evinə gəlin getmişdir. Hələ cavabdehlə ailə qurmamışdan əvvəl də aralarında narazılıqlar yaranmışdır, lakin iddiaçının valideynləri ailə quracaqları təqdirdə aralarında söz-söhbətin olmayacağını demişlər. Lakin cavabdehlə ailə qurduqdan sonra da xasiyyətləri uyğun gəlməmişdir. İddiaçı fikirləşmişdir ki, bəlkə, uşağı doğulduqdan sonra cavabdeh ona qarşı öz pis xasiyyətlərindən əl çəkər. xx.xx.2019-cu il tarixdə X8 adlı uşağı doğulduqdan sonra cavabdehin rəftarı dəyişməmişdir. Üstəlik, cavabdehin valideynlərinin onların ailə işlərinə müdaxilə etməsi nəticəsində ailə münasibətləri pozulmaq dərəcəsinə çatmış, iddiaçı xx.xx.2022-ci il tarixdə hamilə vəziyyətində evdən qovulmuşdur. Belə ki, həmin gün cavabdehlə aralarında mübahisə olmuşdur. Çünki iddiaçının telefonuna bir nəfər tanımadığı qadından mesaj gəlmişdir ki, “yoldaşın Ərəstun mənim yanıma gəlir”. Mübahisə nəticəsində cavabdeh iddiaçını və həmin vaxt onlarda olan iddiaçının bacısı Aidəni evdə qovmuşdur. Evdən qovularkən 3 yaşlı oğlu Cəlalı da əlindən almışlar. İddiaçıya imkan verməmişlər ki, evdən nəsə götürsün, ev paltarında evdən çıxmışdır. Nə qızıl-zinət əşyalarını, nə şəxsiyyət vəsiqəsini, nə də ki nikah və doğum haqqında şəhadətnaməni ona verməmişlər. Qızıl-zinət əşyaları da cavabdehdə qalmış, hətta həmin vaxt evdən geyinib gəldiyi paltarları da sonradan cavabdehin xalası Xalidə Gülmalıyeva gəlib aparmışdır. Həmin vaxtdan iddiaçı körpə uşağını da görmür, hamilə vəziyyəti və ilkin mediasiya təşkilatına müraciət etməsi ilə əlaqədar, daha sonra isə ata evində xx.xx.2022-ci il tarixdə X10 adlı 2-ci uşağının doğulması ilə əlaqədar iddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını, xx.xx.2019-cu il təvəllüdlü X1 cavabdehdən alınaraq ona verilməsini, həm Cəlalın, həm də Ümidin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən alimentin tutulub iddiaçıya verilməsini və xx.xx.2022-ci il təvəllüdlü Ümidin 3 yaşına çatanadək saxlanılması üçün iddiaçıya müavinət ödənilməsini istəyir. İddiaçı bir ana kimi hesab edir ki, azyaşlı uşaqlarının cavabdeh olan atalarından çox bir ana kimi onun qayğısına ehtiyacları var. Cavabdeh 3 yaşlı uşağını iddiaçıya verməməklə onu isti ana nəvazişindən, ana qayğısından uzaqda saxlayır. Belə yaşda uşaqların anaya daha çox ehtiyacı var. Bu səbəbdən də iddiaçı azyaşlı oğlu Cəlalın da cavabdehdən alınaraq onun himayəsinə verilməsi, onun körpə qardaşı ilə bir yerdə böyüməsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci ildə bir uşaq üçün yaşayış minimumu 193 manat təşkil edir. Hacıqabul Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(071)-113/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zaur Hüseynov) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 08 noyabr 2018-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində 339 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 15 iyun 2019-cu il təvəllüdlü X8 və 02 oktyabr 2022-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması, 15 iyun 2019-cu il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 15 iyun 2019-cu il təvəllüdlü X8 və 02 oktyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, alimentin hesablanmasının 02 oktyabr 2022-ci il təvəllüdlü X6 münasibətdə 24 noyabr 2022-ci il tarixdən, 15 iyun 2019-cu il təvəllüdlü X4 münasibətdə isə onun Cavabdeh alınaraq İddiaçı verildiyi vaxtdan hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsinin (X6 aid hissədə) dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Hacıqabul Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(071)-113/2023 saylı qətnaməsinin qismən ləğv edilərək, 15 iyun 2019-cu il təvəllüdlü X1 cavabdehin himayəsində saxlanılması və aliment məbləğinin tutulmasının ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən əsassız hesab edir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. İşin faktiki halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına razılığını Hacıqabul Rayon Məhkəməsində bildirmişdir. Bunun müəyyən səbəblərinin olmasını, iddiaçının əxlaqsız hərəkətləri nəticəsində ailənin dağılmasını, iddiaçının hərəkətləri barədə sübutlarının olmasını hakimə bildirsə də, ona təqdim edilmiş Hacıqabul Rayon Məhkəməsinin qətnaməsində verdiyi izahatı qısa, lakonik fikir bildirməklə cəmi 5 cümlə qeyd etmişdir. O, məhkəməyə verdiyi yazılı müraciətində iddiaçının ailəsinə verdiyi dəyər nəticəsində müxtəlif vaxtlarda ona xəyanət etməsi nəticəsində yaşadığı evdən getməsi barədə məlumat vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Hacıqabul RPŞyə ərizə ilə müraciət edərək, həmin tarixdə arvadı İddiaçı yaşadığı evdən çıxaraq naməlum istiqamətə getdiyini və geri qayıtmamasını, onun tapılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Müraciəti əsasında HK-1-597 saylı material açılaraq araşdırılması üçün Hacıqabul RPŞ-nin təhqiqatçısı, polis kapitanı X5 icraatına verilmişdir. Cavabdeh müraciətində iddiaçının onun həyat yoldaşı olmasını, 2018-ci ildə ailə həyatı qurduqlarını, bu nikahdan bir övladının olmasını və hal-hazırda həyat yoldaşının hamilə olmasını, onunla münasibətlərinin normal olmasını, xx.xx.2022-ci il tarixdə “İnstagram”da ona mesaj yazdığını və həmin mesajda cavabdehə xəyanət elədiyini həyat yoldaşı Leylaya dediklərini, iddiaçının belə bir halın olmasını və həmin mesajın ailəni dağıtmaq üçün yazdıqlarını, həmin vaxt sözlə mübahisələrinin olmasını və iddiaçının ondan küsməsini, buna görə də danışmadıqlarını, mübahisə edən zaman özünü öldürmək istədiyini və yaşamaq istəmədiyini deməsini, bundan əlavə olaraq ailə üzvləri ata və anasını sildiyini deməsini, xx.xx.2022-ci il tarixdə hamilə olduğu halda övladını istəmədiyini və götüzdürmək istədiyini deməsini, iddiaçının özünəqapanıq və mənasız şeylərə görə küsən biri olmasını, özünün ADY QSC-də mühafizəçi işlədiyini, xx.xx.2022-ci il tarixdə 24 saatlıq işə getdiyini, xx.xx.2022-ci ildə saat 09 radələrində işdən çıxıb evə gəldiyini, evə gələn zaman atası İbrəhimin ona həyat yoldaşı Leylanın evi tərk etdiyini deməsini, Leylanın atasıgillə əlaqə saxlamasını və onların da məlumatının olmadığını, Leylanın hazırda ***-***-**-** saylı telefon nömrəsini “Redmi Note 9” markalı telefonun üzərində işlətdiyini, mobil nömrəsinin aktiv olmasını, lakin zənglərə cavab vermədiyini, evdən çıxan zaman Leylanın üzərində qara rəngli çiyin çantasının, vişnə rəngli uzun don və krem rəngli köynəyi olmasını, Leylanın arıq bədən quruluşlu, 170 sm boyunda, qaraşın saçları çiynindən bir qədər uzun və qara rəngli olmasını bildirmişdir. Araşdırma zamanı İddiaçı evi boşanmaq məqsədilə könüllü olaraq tərk etdiyini bildirmişdir. Bu səbəbdən Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən 20 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh özü Vətən müharibəsi iştirakçısı olmaqla, Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə cənab İlham Əliyev tərəfindən medallar ilə təltif edilmişdir. Hesab edir ki, əxlaqsız hərəkətləri nəticəsində ailənin dağılmasına səbəb olan şəxsə uşaq əmanət etmək haqsızlıqdır. Cavabdehin hazırda işləməsini, uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, yaşayış şəraiti və digər halları nəzərə alaraq övladlarının onun himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilə bilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş böyük oğlu 15 iyun 2019-cu il təvəllüdlü X8 hazırda onun (cavabdehin) himayəsində yaşayır. Lakin birinci instansiya məhkəməsi tərəfindən onun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. O bildirir ki, 15 iyun 2019-cu il təvəllüdlü Cəlal Şərifov anası olan iddiaçının yanına getmək istəmir və bununla bağlı video-görüntülər təqdim edə bilər. O bildirdi ki, iddiaçı ona xəyanət etmişdir, bu səbəbdən də Cəlal Şərifovun anasının himayəsinə verilməsi düzgün deyil. O, iddiaçının xəyanətinin nədən ibarət olmasına dair verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçı öz şəkillərini başqa adamlara göndərmişdir. O, 4 yaşlı Cəlal Şərifovun onun himayəsinə veriləcəyi təqdirdə, ona necə baxacağı ilə bağlı suala cavab olaraq bildirdi ki, tezliklə evlənməyi düşünür və evlənəcəyi qadın onun 4 yaşlı oğlu Cəlal Şərifova da baxacaqdır. Cavabdeh apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, 15 iyun 2019-cu il təvəllüdlü oğlu Cəlal Şərifovun onun himayəsində saxlanılmasını və ona aid hissədə aliment tələbinin rədd edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 bildirdi ki, 15 iyun 2019-cu il təvəllüdlü nəvəsi X8 atası Cavabdeh bağlıdır. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh tərəf 15 iyun 2019-cu il təvəllüdlü Cəlal Şərifovu nəzarətsiz qoyur. Cavabdeh özü işdə olur, uşaq isə küçələrdə gəzir. O özü bir neçə dəfə uşağı küçədən evə gətirmişdir. Bildirdi ki, o, heç vaxt xəyanət etməmişdir, cavabdehin bu barədə bildirdikləri yalandır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunidir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində və apellyasiya məhkəməsinin iclasında birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən qismən narazı qaldığını bildirərək qətnamənin qismən – 15 iyun 2019-cu il təvəllüdlü oğlu Cəlal Şərifovun ondan alınaraq iddiaçıya verilməsi və həmin uşağa görə alimentin tutulmasına dair hissələrdə ləğv edilməsini, 15 iyun 2019-cu il təvəllüdlü oğlu Cəlal Şərifovun cavabdehin himayəsində saxlanılmasını və ona aid hissədə aliment tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, tərəfləri dinləyib işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(071)- 113/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli, 256/05-70 saylı arayışdan görünür ki, Cavabdeh və X2 nikahı haqqında xx.xx.2018ci il tarixdə 339 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. İşdəki AZ-İİ 289804 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. İşdəki AZ-İV 303166 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 iyun 2019-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki AZ-İV 773531 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 oktyabr 2022-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki Hacıqabul RİHB-nin Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 23 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Komissiya azyaşlıların mənafeyi baxımından yəni, onların normal yaşayışının təmin edilməsi, müalicəsi, sağlam mühitdə normal tərbiyə edilməsi kimi məsələləri hər iki valideynin imkanı daxilindədir və valideynlər arasında münasibətlərin pozulması hələ ki sərt qarşıdurmalara, intriqalara gətirib çıxarmadığı üçün azyaşlıların hansı valideynin yanında qalacağı məsələsinin məhz valideynlərin özlərinin razılığına və azyaşlının hansı valideynə çox bağlı olmasına əsasən həll edilməsini məhkəmənin mülahizəsinə buraxılmasını məqsədəmüvafiq hesab edir. Hacıqabul Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(071)-113/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, ekspert qarşısında 15 iyun 2019-cu il təvəllüdlü X1 valideynləri ilə nə kimi psixoloji bağlılığının olması və valideynlərdən hansı ilə daha üstün münasibətlərinin mövcud olması barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 11/127 saylı məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat verilmişdir. Məlumatda qeyd edilmişdir ki, müayinə olunacaq şəxs X8 xx.xx.2019-cu il təvəllüdlü olmaqla, beş yaşı tamam olmadığından onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün deyil. Xüsusi elmi-psixoloji ədəbiyyatın təhlili və ekspert təcrübəsi göstərir ki, beş yaşına qədər uşaq emosional cəhətdən böyüklərdən asılı və onların təsiri altında olur. Bu yaş dövründə uşaq onunla əlaqədar baş verən hadisələrin səbəbləri və nəticələri haqqında məhdud məlumata sahib olur. Bu mənada uşağın hadisələrin gedişinə olan reaksiyası məntiqi təfəkkürün məhsulu olmayıb, şəraitin ayrı-ayrı fraqmentlərinə uyğun emosional münasibəti ilə şərtlənir. Psixikanın inkişaf mərhələlərinə uyğun olaraq dörd yaşına qədər uşağın bütün əsas psixi prosesləri (diqqət, yaddaş, təfəkkür) qeyri-ixtiyari xarakter daşıyır. Bu yaş dövründə uşaq ixtiyari olaraq fikrini bir yerə cəmləyə və nəyisə yadda saxlaya bilmir. Uşaq bu xüsusiyyətlərinə görə hər hansı bir şəxs ilə bağlı baş verən hadisələrin bütün detallarını, gedişatını dərk edə və yadda saxlaya bilmir. Hadisələrin məzmunu uşaq üçün cəlbedici olan məqamlarda, fraqmentar olaraq yadda qalır, buna müvafiq olaraq yaddaşda buraxdığı izlər də dəyişkən olur. İş materiallarının 65-66-cı vərəqlərində olan sosial arayışdan görünür ki, Cavabdeh hazırda "xxxx" QSC-də “atıcı” işləyir və onun aylıq əmək haqqı 424 manat təşkil edir. İş materiallarının 67-ci vərəqində olan sosial arayışdan görünür ki, Cavabdeh 80 manat məbləğində müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Məhkəmə kollegiyası bildirir ki, hazırda tərəflər arasında 15 iyun 2019-cu il təvəllüdlü X8 ilə bağlı yaranmış hüquq münasibətləri valideynlərin razılığı olmadıqda onun yaşayış yerinin məhkəmə qaydasında müəyyən olunması ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların aşağıdakıları müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu iddia tələbinin hüquqi əsasını təşkil edən əsas hüquq norması Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 60.1-ci və 60.2-ci, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası “Uşaq hüquqları haqqında” Bəyannamənin 2-ci maddəsindən, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırkı işin hallarından görünür ki, tərəflərin birgə nikahından 2 uşaqları vardır: 15 iyun 2019-cu il təvəllüdlü X8 və 02 oktyabr 2022-ci il təvəllüdlü X10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini uşaqlardan yalnız 15 iyun 2019-cu il təvəllüdlü X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində mübahisələndirmişdir. Digər uşağı 02 oktyabr 2022-ci il təvəllüdlü Ümid Şərifovun iddiaçının himayəsində qalmasına etiraz etməmişdir. İş materialları ilə müəyyən edilir ki, 15 iyun 2019-cu il təvəllüdlü X8 hal-hazırda cavabdehin himayəsindədir. Cavabdeh video-disk təqdim edərək, Cəlal Şərifovun anasının yanına getmək istəmədiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, Cəlal Şərifovun hazırda 4 yaşı tamam olmuşdur və o, fikrinin dinlənilməsi və nəzərə alınması üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası ekspertin 06 mart 2023-cü il tarixli məlumatında qeyd edilənləri əsaslı hesab edir. Belə ki, beş yaşına qədər uşaq emosional cəhətdən böyüklərdən asılı və onların təsiri altında olur. Bu yaş dövründə uşaq onunla əlaqədar baş verən hadisələrin səbəbləri və nəticələri haqqında məhdud məlumata sahib olur. Bu mənada uşağın hadisələrin gedişinə olan reaksiyası məntiqi təfəkkürün məhsulu olmayıb, şəraitin ayrı-ayrı fraqmentlərinə uyğun emosional münasibəti ilə şərtlənir. Psixikanın inkişaf mərhələlərinə uyğun olaraq dörd yaşına qədər uşağın bütün əsas psixi prosesləri (diqqət, yaddaş, təfəkkür) qeyriixtiyari xarakter daşıyır. Bu yaş dövründə uşaq ixtiyari olaraq fikrini bir yerə cəmləyə və nəyisə yadda saxlaya bilmir. Uşaq bu xüsusiyyətlərinə görə hər hansı bir şəxs ilə bağlı baş verən hadisələrin bütün detallarını, gedişatını dərk edə və yadda saxlaya bilmir. Hadisələrin məzmunu uşaq üçün cəlbedici olan məqamlarda, fraqmentar olaraq yadda qalır, buna müvafiq olaraq yaddaşda buraxdığı izlər də dəyişkən olur. Bu səbəbdən də məhkəmə kollegiyası 15 iyun 2019-cu il təvəllüdlü Cəlal Şərifovun anasının yanına getmək istəməməsi ilə bağlı video-görüntüləri hazırkı mübahisənin həllində əsas hesab etmir və anası ilə görüşmək istəməməsinin Cəlal Şərifovun mənafeyinə uyğun olmadığını bildirir. Həmçinin nəzərə alınmalıdır ki, 02 oktyabr 2022-ci il təvəllüdlü X10 iddiaçının himayəsində saxlanıldığından 15 iyun 2019-cu il təvəllüdlü X1 da iddiaçının himayəsinə verilməsi onun qardaşı ilə qarşılıqlı ünsiyyətdə olması və birlikdə böyümələri baxımından psixoloji və mənəvi inkişafına müsbət təsir edəcəkdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq bildirir ki, X1 15 iyun 2019-cu il təvəllüdlü olması nəzərə alındıqda onun ana qayğısına daha çox ehtiyacının olması müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi 15 iyun 2019-cu il təvəllüdlü X8 iddiaçının yanında saxlanılması və onun cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının ona xəyanət etməsi faktına istinad edərək Cəlal Şərifovun onun himayəsinə verilməsini düzgün hesab etmədiyini qeyd etsə də, iddiaçının xəyanət etməsi faktı ilə bağlı mötəbər sübutlar təqdim edilməmiş, iş materiallarına isə sadəcə bir sıra fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdən isə iddiaçının cavabdehə xəyanət etməsi nəticəsinə gəlmək mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, X1 yaşının az olması onun ana nəvazişi və qayğısına daha çox ehtiyacı olduğunu təsdiq edir. Bundan başqa, cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ondan 150 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi hissəsində də məhkəmə qətnaməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası bildirir ki, 15 iyun 2019-cu il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması və onun cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, həmin uşağın saxlanılması üçün cavabdehdən 150 manat məbləğində alimentin tutulması da əsaslı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, uşaqlarını saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin hər ikisinə aid olduğundan və uşağın himayəsinə veriləcəyi iddiaçının üzərinə daha çox yük düşəcəyindən minimum dolanacaq xərclərinə yaxın məbləğin – 150 manatın sabit pul məbləğində aliment kimi cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli və düzgün olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(071)-113/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(071)-113/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1121/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1121/2023
19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver