Məhkəmə qərarları › İş №2(106)-1132/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1132/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1132/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(017)-244/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 31000 ABŞ dolları məbləğində borcun və ödənilmiş 248.10 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, Cəfərov X2 şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 31000 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Qeyd edilən hal məhkəmənin hazırlıq iclasında təqdim edəcəyi videoçəkilişdə öz əksini tapmışdır. Belə ki, çəkilişdə çıxış edən Cavabdeh2 etiraf edir ki, iddiaçıya məxsus 31000 ABŞ dolları məbləğində pul onda və qardaşı cavabdeh Kamalda olmuş, həmin pulu şəxsi məqsədləri üçün istifadə etmişlər. İddiaçı cavabdehlərdən dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. İddia ərizəsi onunla əsaslandrılmışdır ki, Cəfərov X2 şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 31000 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. İddiaçı dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılmasını tələb etsə də, hazırkı vaxtadək cavabdehlər tərəfindən heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında cavbdeh Cavabdeh2 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, ehtiyacı olduğu üçün iddiaçıdan 31000 ABŞ dolları məbləğində pulu borc aldığını, sonradan maddi çətinlikləri olduğu üçün borcunu qaytarmadığını, qardaşı Cavabdeh1 hazırda Azərbaycandan kənarda olduğunu, hazırda iddiaçı ilə öz aralarında razılığa gələrək özünə məxsus fərdi yaşayış evini satıb borcunu tam ödəyəcəni və iddianın tam təmin olunmasına etirzaı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(017)-244/2024 saylı qətnaməsi ilə (hakim Sulduz Ləzimov) iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31000 (otuz bir min) ABŞ dolları məbləğində borc pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və dövlət rusumuna görə ödənilmiş 248 manat 10 qəpik məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslandırma hissədə Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad etsə də, qanunvericiliyin tələbləri sadəcə kağız üzərində qalmışdır, bununla da cavabdehin hüquqlarını kobudcasına pozmuşdur. Belə ki, iddiaçıdan borc götürmüş, lakin hədələrə görə etiraf etmişdir. Birinci instansiya məhkəməsi isə videogörüntüyə görə iddianı tam olaraq təmin etmişdir. Birinci instansiya məhkəməsi öz əsaslandırmasını yalnız xırda abzasla “Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı götürdükləri puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclu olduqları pulun qaytarılması ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi pozmaqla onu icra etməmişlər.” ifadə etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən birtərəfli mövqe göstərmişdir. Məhkəmə iclasları zamanı həmin qeyd olunan səs danışıqlarına qulaq aslımamış, qətnamədə formal olaraq qiymət verilmişdir. Qeyd edir ki, onların arasında pul haqq-hesabları əzəldən olmuşdur. Həmin əsnada borcu tam olaraq ödəmişdir. Məhkəmə iclasları zamanı onun həmin borcu tam etiraf etməyi göstərilmişdir. Lakin o iclas zamanı xeyli izahat vermişdi. İzahatı nə protokola, nə qətnaməyə qeyd edilməmişdir. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı Kiyev şəhərində işləyərəkən 45000 ABŞ dolları məbləğində pulu ona və qardaşına saxlamaq üçün vermişdir. İddiaçının ehtiyacı olduqca həmin puldan 14000 ABŞ dolları hissəni almış, lakin onlarda qalan 31000 ABŞ dolları məbləğində pulu isə özlərinin ehtiyacları üçün xərcləmişlər. Həmin 31000 ABŞ dolları məbləğində pul vəsaitini hazırkı vaxta kimi qaytarmamışlar. Özünə məxsus evi və atasının avtomobilini satıb pulun çox hissəsini qaytaracaqlar. Hazırkı apellyasiya şikayətini vaxt qazanmaq üçün vermişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, onlar Kiyev şəhərində işləyərəkən 45000 ABŞ dolları məbləğində pulu cavabdehlərə saxlamaq üçün vermişdir. Ancaq cavabdehlərdə olan pulun bir hissəsini - 14000 ABŞ dolları vəsaiti müxtəlif vaxtlarda özü alıb xərcləmiş, ancaq 31000 ABŞ dolları məbləğində pul cavabdehlərdə qalmış və hazırkı vaxta kimi ona qaytarmamışlar. Həmin pulu cavabdehlərə 2019-2020-ci illərdə vermişdir. Pulun tam şəkildə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(017)-244/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, Cavabdeh2 İddiaçı 31000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən 248 manat 10 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 31000 ABŞ dolları məbləğində vəsaiti aldıqları etiraf edirlər. Cavabdehlər tərəfindən bu günədək iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Cavabdeh2 saxlamaq üçün pul aldıqlarını etiraf edir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı götürdükləri puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclu olduqları pulun qaytarılması ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi pozmaqla onu icra etməmişlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiqedilənhüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. MM-in 824-cü maddəsində göstərilmişdir ki, əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır; Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır; Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. MM-in 826.1-ci maddəsinə əsasən əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. MM-in 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, iş üzrə tərəflərin məhkəmədə verdiyi izahatlarına – işin mübahisəsiz hallarına əsasən iddiaçı Cəfərov X3 Respublikasının paytaxtı Kiyev şəhərində işləyərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 saxlamaq üçün 45000 ABŞ dolları məbləğində pul vermişdir. İddiaçı müxtəlif vaxtlarda həmin vəsaitin 14000 ABŞ dollarını cavabdehlərdən almış, lakin 31000 ABŞ dolları məbləğ sonuncularda qalmış, hazırkı vaxta kimi qaytarılmamışdır. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilənlərə əsasən kollegiya diqqətə çatdırır ki, cavabdehlər iddiaçıdan 45000 ABŞ dolları məbləğində pul vəsaitini saxlamaq üçün qəbul etmişlər. Buna görə də, hazırkı tələbin maddi hüquqi əsasını MM-in saxlama müqaviləsinə dair normaları təşkil edir və mübahisə həmin normalarla tənzimlənməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatları ilə təsdiq edilən işdə olan mötəbər sübutlara əsasən hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(017)-244/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31000 ABŞ dolları məbləğində borc pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və dövlət rusumuna görə ödənilmiş 248 manat 10 qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya hesab edir ki, dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 248 manat 10 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmib təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli e-2(017)-244/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31000 (otuz bir min) ABŞ dolları məbləğində pul vəsaiti icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və dövlət rusumuna görə ödənilmiş 248 (iki yüz qırx səkkiz) manat 10 (on) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar