Məhkəmə qərarları › İş №2(106)-1132/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1132/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1132/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili olan Vəkil mülki işə baxan məhkəmə sədrinə edilmiş etirazına yazılı icraat qaydasında bаxаrаq, məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili olan Vəkil elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə etiraz göndərərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı keçmiş həyat yoldaşı İddiaçı aliment tələbinə dair iddia qaldırmışdır. Mülki iş hal-hazırda sizin icraatınızda olmaqla, xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Cavabdeh əvvəllər də onunla əlaqəli olan iki işə baxdığınızı, həmin mülki işdə qərəzli olduğunuzu, həmin işə ədalətli baxmadığınızı, onun mənafeyinə zidd olaraq qətnamə qəbul etmənizi bildirərək, eyni zamanda, iddiaçının yaşadıqları ərazidə “nə etsəm belə heç nə edə bilməyəcəyini, işini həll etdiyini, iddialarının təmin olunacağını” danışmaqla özünün məhkəmənin hakiminə yaxın bir münasibətdə olmasını açıq-aşkar nümayiş etdirmişdir. İddiaçı maddi cəhətdən imkanlı olmaqla, istənilən formada məhkəmə qərarına təsir etmək imkanına malikdir. İddiaçı əvvəlki mülki işlərin onun xeyrinə çıxarılmasını və eyni zamanda, cavabdehin yaşadığı ərazidə “işini həll etməsini” danışması artıq Cavabdeh halhazırki mülki işdə onun ziyanına qərar qəbul ediləcəyinə şübhə yaratmışdır. Bu halda cavabdehin haqlı şübhələrini nəzərə alaraq, sizin tərəfinizdən işə baxılmasına etiraz edir və işin başqa məhkəmədə baxılmasını istəyirlər. İşin tam, obyektiv, qərəzli baxılmasını və yekunda ədalətli və qanuni qərar qəbul edilməsi üşün etiraz təmin edilməlidir. Ona görə də etiraz məsələsinin həll edilməsi üçün mülki işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-141/2025 nömrəli qərаrdаdı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Xocavənd Rayon Məhkəməsinin sədri X6 tərəfindən baxılmasına iddiaçı Cavabdeh nümayəndəsi və vəkili olan Vəkil tərəfindən verilmiş etirazın mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Məhkəmə tərkibi qeyd edilən etirazla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi insanların pozulmuş hüquq və azadlıqlarının məhkəmə təminatını təsbit edir. “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə məhkəmələrin müstəqilliyi və qərəzsizliyi insanların ədalətli məhkəmə araşdırması hüququnda ehtiva olunan əsas elementlərdən biridir. Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə və fidyələrə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Müəyyən hallarda hakimin prosesin gedişindəki zahiri davranışı belə, məhkəmənin qərəzsizliyini şübhə altına alan hal kimi Avropa Məhkəməsinin araşdırma predmeti və istinad nöqtəsi olur. Hakimin bir tərəfin müraciətlərinə təbəssümlə yanaşması, digər tərəflə fərqli rəftar, bir tərəflə mülayim davranıb, digər tərəfə aqressivlik göstərməsi belə Avropa dəyərləri baxımından hakimin qərəzsizliyini şübhə altında qoyan ciddi faktlar sayılır. “Kraska İsveçrəyə qarşı” işdə (19 aprel 1993-cü il) Avropa Məhkəməsi 6-cı maddənin 1-ci bəndinin pozulması barədə nəticəyə gəlməyə çox yaxın idi. Həmin işdə hakimlərdən biri prosesin gedişində öz davranışı ilə tərəflərdən birinə əks mövqedə dayandığını açıqaydın büruzə verirdi. Yalnız işə 5 nəfər hakimdən ibarət tərkibdə baxılması və bu zaman digər 4 hakimin tərəfsizliyi bu işdə İsveçrə Məhkəməsini qərəzli hesab edilməkdən qurtardı. Məhkəmənin müstəqilliyi və qərəzsizliyi çox həssas məsələdir və hətta hakimin gündəlik iş şəraitinin necə təşkil və təmin olunmasından da asılı ola bilər. Bəzən sadəcə zahiri əlamətlərə görə bu dəyərlər şübhə altına alına bilər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının həmin aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (22 iyun 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. Beləliklə, məhkəmə tərkibi göstərilənləri cavabdehin ədalətli məhkəmə araşdırmasına olan inamının sarsılması kimi qiymətləndirir və iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməmişdən öncədən bu pozuntunun qarşısını almaq istəyir. İş üzrə çıxarılacaq yekun nəticədə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul etmələrinə və ya qəbul edilə biləcək məhkəmə aktına iddiaçıda şübhə yaradacağından hazırkı etiraz təmin edilməli, iş cavabdehin qeydiyyatda olduğu rayon məhkəməsinin yox, işdə iştirak edən şəxslərin iştirakının asanlaşdırılması baxımından coğrafi cəhətdən yaxın olan (hakimin iş yükü də nəzərə alınmaqla) digər rayon (şəhər) məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. MPM-in 22.5 və 22.6-cı maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. MPM-in 23.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə tərkibi mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, tərəflərin gələcəkdə qəbul olunacaq qətnamənin qanuniliyi və əsaslılığına şübhə yaranmaması üçün İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili olan Vəkil tərəfindən edilmiş etiraz təmin olunmalı, mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə - Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tərkibi qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(069)-141/2025 nömrəli mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin sədri X5 Cavabdeh nümayəndəsi və vəkili olan Vəkil tərəfindən verilmiş etiraz təmin edilsin. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar