Məhkəmə qərarları › İş №2(106)-1136/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1136/2023

27.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1136/2023 27.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X5 ibarət tərkibdə, katib X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil4 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara Rayon Notariat Ofisinə qarşı "bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə X2 ilə Cavabdeh1 arasında təsdiq edilmiş bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, X2 ilə 1966-cı ildə nikaha daxil olmuş, birgə nikah dövründə onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişlər. 2022ci il tarixə qədər həmin evdə tək özü yaşamışdır. 2022-ci ilin fevral ayında müalicə ilə əlaqədar Flora Həsənovaya məxsus Astara şəhərində yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı müalicəsi bitdikdən sonra evə qayıtmaq istəyən zaman iddiaçının digər qızı hazırkı, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 ona evə daxil olmağa məhdudiyyətlər yaratmışdır. Cavabdeh1 qeyd olunan evin ona məxsus olduğunu və həmin evdə qızı Günelin öz ailəsi ilə yaşayacağını bildirmişdir. Öz sözlərinin təsdiqi kimi cavabdeh iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nişanlı çıxarışı təqdim etmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, mərhum əri ilə birgə nikah ərzində əldə edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda paylı mülkiyyət formasında onun iki övladı Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. Belə ki, ev Cavabdeh1 atası tərəfindən 2012-ci il tarixdə bağlanmış, Cavabdeh1 isə evin bir hissəsini 2022-ci il tarixdə qardaşı Cavabdeh2 bağışlamışdır. İddiaçının qeyd olunan evin onun mərhum əri tərəfindən uşaqlarına bağışlanması haqqında məlumatı olmamış və o, yalnız sonra o, vəkilə müraciət etmiş və Astara Rayon Notariat Ofisinə göndərilmiş vəkil sorğusuna verilmiş 25 noyabr 2022-ci il tarixli cavabdan bəlli olmuşdur ki, sözügedən mülkiyyət 04 may 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə keçmişdir. Lakin 25 noyabr 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş ərizədən bəlli olur ki, 2012-ci il tarixdə bağışlama müqaviləsi bağlanan zaman İddiaçı notarial qaydada razılıq ərizəsi alınmamışdır. Sənədləri əldə edəndən sonra məlum olmuşdur ki, qeyri-qanuni formada bağlanmış əqdin nəticəsində mülkiyyət hüququndan məhrum edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirmişdir ki, bağışlama müqaviləsi İddiaçı və bütün ailə üzvlərinin razılığı ilə baş vermişdir. Sonradan Ofelya könüllü olaraq onun mülkiyyətində olan evin bir hissəsini qardaşı Cavabdeh2 bağışlamışdır. İddiaçı müqavilənin etibarsızlığını əsaslandırmağa çalışmışdır, lakin iddiaçı müqavilənin etibarsızlığını deyil, müqavilənin ləğv olunmasını tələb edir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Astara Rayon Notariat Ofisinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 02 may 2023-cü il tarixli qətnaməsi ilə idida rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəf məhz bağışlama müqaviləsinin etibarsızlığını iddia kimi qoysa da (təqdim edilən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəylə) məhkəmə ləğvi əsas götürərək qətnamə qəbul etmişdir. İ z a ha t l a r Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Astara Rayon Notariat Ofisinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, X2 mülkiyyətində olan, Astara şəhəri, Qum küçəsi ünvanında 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91.4 kv.m ümumi, o cümlədən 53.9 kv. yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında öz qızı Cavabdeh1 bağışlamışdır. Bağışlama aktından sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 92.9 kv.m olan fərdi yaşayış evinin 25.2 kv.m hissəsi Cavabdeh1, 67.7 kv.m hissəsi Cavabdeh2, orada yerləşən ümumi sahəsi 0.06808 hektar torpaq sahəsinin 0.025 hektar hissəsi Cavabdeh1, 0.0431 hektar hissəsi isə Cavabdeh2 xüsusi paylı mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Onların adına xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Hazırda iddiaçı fərdi yaşayış evinin xx.xx.2012-ci il tarixli bağışlama müqavilələrinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı müqavilə üzrə tərəf olmamışdır. Bu baxımdan müqavilənin ləğvi barədə iddianın hüquqi əsası yoxdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikahda qazanılmış əmlak bağışlanarkən onun razılığı olmamışdır. İddiaçının bu arqumenti əsassızdır. Bağışlama müqaviləsi üzrə notariat işindən görünür ki, İddiaçı yazılı ərizə təqdim edərək, X1 Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91.4 kv.m ümumi, o cümlədən 53.9 kv. yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamasına etiraz etməmişdir. İddiaçı apellyasiya şikayətində iddia tələbini bağışlama müqaviləsinin etibarsızlığı kimi qoyduğunu bildirmişdir. Lakin iş materiallarından onun iddianın predmetini dəyişməsi müəyyən edilmir. İddiaçının tələbi ifadə formasına görə müqavilənin ləğvi olsa da mahiyyətcə, o, müqavilənin etibarsızlığını əsaslandırmağa çalışmışdır. Mülki qanunvericiliyə əsasən müqavilələrin ləğvi və etibarsızlığı, əsasları və hüquqi nəticələri baxımından fərqlənirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsində əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri, 421-422-ci maddələri ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir. İddia ərizəsindən, izahatlardan və iddiaçının istinad etdiyi hallardan görünür ki, iddiaçı ərizəsində mahiyyətcə bağışlama müqavilələrinin etibarsızlığını tələb etmişlər. Kollegiya müqavilənin etibarsızlığı tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İddiaçı apellyasiya şikayətində əqdlərin etibarsızlığını nəzərdə tutan müddəalara istina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kollegiya hesab edir ki, mübahisələndirilən bağışlama müqavilələrinin etibarsız sayılması üçün də əsas yoxdur. Belə ki, mübahisələndirilən bağışlama müqavilələri üzrə müqavilənin elementlərinin hər-hansı birinin qüsurlu olması müəyyən edilməmişdir. İddiaçı belə halı əsaslandıra və sübuta yetirə bilməmişdir. Bu cəhətdən iddia əsassızdır, ona görə təmin edilə bilməz. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. İş materiallarından, o cümlədən izahatlardan və bağışlama müqaviləsi üzrə notariat işindən görünür ki, İddiaçı yazılı ərizə təqdim edərək, sözügedən fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamasına etiraz etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(018)-162/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar