Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1170/2024 24.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-756/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni sahibliyində olan ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından ("Orxan” şadlıq sarayı) cavabdehin çıxarılmasına, həmin əmlakın ona (iddiaçıya) təhvil verilməsinə, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunmasına və cavabdehin qanunsuz hərəkətlərinə görə əldən çıxmış fayda kimi 15000 manat pulun cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-756/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə dair qeyd edir ki, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktından cavabdehin apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur. Lakin apellyasiya şikayəti Nümayəndə tərəfindən (vəkil qismində) imzalansa da, Nümayəndə cavabdehin vəkili olaraq apellyasiya şikayətini imzalamaq səlahiyyətinə dair əlavə etdiyi orderdə tapşırığın yerinə yetirildiyi təşkilat kimi Cəlilabad Rayon Məhkəməsi qeyd etmiş, bundan əlavə, iş materiallarından (səh. 68) görünür ki, Nümayəndə birinci instansiya məhkəməsinə işdə cavabdehin vəkili qismində iştirak etməsi üçün təqdim etdiyi xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderi onun apellyasiya şikayətinə əlavə etdiyi orderlə eynidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Bundan əlavə, elektron kabinetə yerləşdirilmiş apellyasiya şikayəti latın qrafikalı Azərbaycan əlifbası ilə deyil, Kiril qrafikalı rus əlifbası ilə tərtib edilmişdir. MPM-in 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli № 33 Qanununa əsasən “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu həmin gündən qüvvədən düşmüş hesab edilmiş və 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunmuşdur. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2002-ci il tarixli 365-İİQ nömrəli Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 11.6-cı maddəsinin tələbinə görə Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Beləliklə, Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-756/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və MPM-in 263-264, 366, 402.2.1-ci və 403-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r a r a a l d ı : Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-756/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin. Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1170/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1170/2024
24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver