Məhkəmə qərarları › İş №2(106)-1181/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1181/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1181/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə çəkilən xərcin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-2551/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə faktiki nikahda olduqları vaxt öz gəlirləri hesabına tikilmiş Cəlilabad rayonu Bəcrəvan kəndində yerləşən fərdi yaşayış evinə tərəfindən çəkilmiş 16000 manat xərcin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2006-cı ildə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Ailə qurduqdan sonra Cəlilabad rayonunun Bəcrəvan kəndində yerləşən qaynatasına məxsus evə köçmüşdür. Qayınatasına məxsus evdə təxminən 3 il yaşadıqdan sonra hazırda mübahisələndirdiyi evə köçmüşdür. Həmin evə köçən zaman ev yaşayış üçün yararlı olmamışdır. Həmin evə təxminən 35000-45000 manat vəsait xərcləmişlər. Ev 1 mərtəbəli olmaqla üç otaq, eyvan və mətbəxdən ibarətdir. Hazırda həmin evdə cavabdehin qardaşı X5 yaşayır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-2551/2023 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə çəkilən xərcin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiasının əsasız olduğundan təmin edilməməsi, ödənilmiş 76 (yetmiş altı) manat məbləğdə dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh hazırda mübahisələndirilən evdə daimi yaşamaqda davam edir. Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-384/2022 saylı qətnaməsinə istinad edərək, sözügedən evin Nümayəndə məxsus olmasının və həmin evin inşasında onun da əməyinin olmasının artıq həmin məhkəmə qətnaməsi ilə müəyyən edildiyini əsas gətirərək iddianın da məhz Nümayəndə qarşı qaldırılmalı olmasını qeyd etmişdir. Halbuki, elə həmin qətnamə ilə müəyyən olunmuşdur ki, həmin evin Nümayəndə məxsus olmasına dair heç bir sənəd yoxdur. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, o evin bir daşınmaz əmlak kimi bölünməsini yox, həmin evin təmirinə birgə nikah dövründə sərf etdiyi vəsaitin cavabdehdən alınıb ona verilməsini tələb edir. İddia etdiyi evin əsaslı təmirinə sərf olunmuş vəsait keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə nikah dövründə sərf edildiyindən və halhazırda da cavabdeh nikah dövründə olduğu kimi həmin evdə daimi yaşamaqla həmin ev vasitəsilə mənzil ehtiyaclarını təmin etdiyindən onun tərəfindən iddianın ona qarşı verilməsi də tamamilə düzgündür və burada iddianın əsl olmayan cavabdehə qarşı verilməsindən söhbət gedə bilməz. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2006-cı ildə cavabdehlər ailə qurublar. 2007-ci ildə övlad dünyaya gəlib. 3 il qayınata evində yaşayıb və 2009-cu ildə hazırkı evə köçüb. 10 il orda yaşayıb. Evin və onun yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur. Həmin torpaq sahəsi mal-heyvan sahəsidir. Torpaq sahəsi cavabdehin atasının evinə qonşuluqdadır. Mübahisəli ev o, gəlin köçən zamandan da əvvəl tikilmiş, hətta evə dam örtüyü də vurulmuşdur. Həmin vaxtlar ibtidai sinif müəlliməsi kimi işləmiş, qazancından evin təmiri üçün vəsait xərcləmişdir. Məhkəmənin qətnaməsi ilə adıçəkilən evə köçürülmüş, hazırda orada qaynı olduğu üçün həmin evdə yaşamır. Qaynı evin bir otağında onun, digər otağında da özünün yaşamasını təklif etsə də, o bununla razılaşmayıb və orada özü təkbaşına yaşamaq istəyir. Yalnız 35000-40000 manat kompensasiya verildiyi təqdirdə, evdən çıxmağa razı olar. Cavabdehin nümayəndəsinin bildirdiyi və onun hazırda yaşadığını iddia etdiyi ev bacısının evidir və özünün evi yoxdur. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iddiaçı hazırda başqa bir ev alıb və orada yaşayır. İddiaçı ata evinə gəlin köçən zaman evin dam örtüyü tamamlanmış və bütün materiallar alınmışdı. İddiaçının evin tikintisində heç bir maddi köməyi olmamışdır. İddiaçının məhkəmə qətnaməsi ilə evə köçürülməsi təmin edilsə də, özü evdə yaşamaq istəməmişdir. İddiaçı məhkəmə proseslərindən əvvəl evdəki bütün cehizlərini aparmış və hazırda onun mübahisəli evdə heç bir əşyası yoxdur. Yaşadığı kəndin Bələdiyyəsi torpağın sənədlərini itirib və torpaq təsərrüfatbaşına kitabda qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1344/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, İddiaçı 22 iyul 2007-ci il təvəllüdlü X3 ilə birlikdə cehiz əmlakının yerləşdiyi Cəlilabad rayonu Bəcrəvan kəndində yerləşən və Komanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 saylı təsərrüfatbaşına kitabında 1058 şəxsi hesab nömrəsi ilə qeydə alınana fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-384/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1344/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə diqqətə çatdırır ki, Cəlilabad Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(073)-1344/2021 saylı və Şirvan Apelyasiya Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli 2(106)-384/2022 saylı qətnamələrindən (səh. 5 və 11) görünür ki, mübahisəli ev Cəlilabad rayonu Komanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 saylı təsərrüfatbaşına kitabında 1058 nömrə ilə Nümayəndə adına qeydə alınmış və ona məxsusdur. Eyni zamanda, həmin ünvanda hazırda kimlərin yaşaması məhz həmin şəxslərə qarşı iddia qaldırılması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, işin mübahisəsiz hallarına əsasən adıçəkilən mübahisəli ev o, gəlin köçdüyü vaxtdan əvvəl tikilmiş və evə dam örtüyü vurulmuşdur. Məhkəmənin qüvvədə olan qətnaməsi ilə adıçəkilən evə köçürülmüş və hazırda həmin evdə yaşamır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(073)-2551/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 2(073)-2551/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar