Məhkəmə qərarları › İş №2(106)-1218/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1218/2024

12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1218/2024 12.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X4 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında qalması və aliment tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - Cavabdeh qarşı “uşaqların ananın yanında qalması və aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 onun yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh X1, X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat alimentin, himayəsində olan xəstə uşaqları X2 və X3 müalicə və müayinəsi üçün hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində əlavə xərclərin, xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanması üçün hər ay ona 200 manat maddi cəhətdən yardım verilməsi, ümumilikdə 1305 (bir min üç yüz beş) manat məbləğində alimentin, mediasiya xərcinin əvəzi 45 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 55 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə el adəti ilə toy edərək faktiki ailə qurmuşlar. O, cavabdehə məxsus olan Sabirabad rayonu, Məmişlər kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin nikahdan xx.xx.2018-ci il tarixdə X5, xx.xx.2020-ci il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Onlar nikahlarının ilk vaxtlarında mehriban olsalar da, sonradan aralarında olan münasibət kəskin şəkildə pozulmuşdur. Cavabdehin zorakılıq hərəkətləri nəticəsində o, məcbur olaraq cavabdehdən ayrılaraq uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evə gəlmişdir. Hazırda valideynləri ilə birlikdə yaşayırlar. Himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X2 gözündə çəplik olduğu üçün müalicə olunur, ama buna baxmayaraq əməliyyata ehtiyacı var və davamlı olaraq o, uşağını müalicələrə aparır. Bundan başqa xx.xx.2022-ci il təvəllüdlü X8 isə anadan gəlmə böyrəyinin biri yoxdur, yerimir. Buna səbəb isə uşağının hər iki ombasının çanaqdan çıxmasıdır. Buna görə Nəfəs adlı uşaq təcili əməliyyat olunmalıdır. Hər üç uşaq inkişafdan qalmışdır. Onların mütəmadi olaraq müalicələrə, əlavə xərclərin çəkilməsinə ehtiyacları vardır. Cavabdeh uşaqlarının xəstə olmağından, onların müalicəyə ehtiyacı olmasından xəbərdar olsa da, qəsdən uşaqlara mütamadi diqqət və qayğı göstərmir, eyni zamanda onların tələbatları, həmçinin müalicə ilə bağlı xərclərini ödəmir. Bu barədə cavabdehə şifahi bildirsə də, cavabdeh tərəfindən heç bir maddi köməklik göstərilmir. Uşaqların tələbatları günü-gündən artmaqda davam edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı uşaqların ananın yanında qalmalarının müəyyən edilməsi hissəsində qəbul etdiyini, lakin cavabdeh tərəfindən tələb olunan alimentin həcminin yüksək olduğunu, hazırda maddi vəziyyətinin yaxşı olmadığını və hər ay hər uşaq üçün daha az məbləğdə aliment ödəmək imkanı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Nurəddin Bağırov), iddia qismən təmin edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə iki uşaq üçün 100 manat əlavə xərc formasında pul vəsaitinin Cavabdeh tutulub İddiaçı verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 55 AZN dövlət rüsumunun 30 AZN hissəsinin, mediasiya xərcinin 20 AZN hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, qətnamənin “alimentin tutulması” hissəsində dərhal icraya yönəldilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə etiraz göndərərək, kasıb və yoxsul olduğunu, işsizliyini, heç bir yerdən gəlirinin olmadığını, son dərəcədə ağır maddi vəziyyətdə olduğunun nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikəyinin dəlillərinə uyğun izahat verərək izahatında apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikəyinin dəlillərinə uyğun izahat verərək izahatında apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikəyinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsini İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağının müəyyən edilməsidir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə alimentin müəyyən edilməsi hissəsində işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Sabirabad Regional “Asan xidmət” X7 tərəfindən verilmiş AZ-T seriyalı 180258 №-li, AZ-T seriyalı 180259 №-li və AZ-T seriyalı 180257 №-li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X5, xx.xx.2020-ci il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X8 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X6 “kosoqleriya/çəplik bucağı 15-30 dərəcə olmaqla, çəpgözlük” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə, əməliyyata və daimi müalicəyə ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X8 “anadangəlmə ikitərəfli ombanın çanaqdan çıxması” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə daimi əməliyyata və müalicəyə ehtiyacı vardır. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək müəyyən edir ki, İddiaçı Cavabdeh ilə el adəti ilə toy edərək faktiki ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra uzun müddət mehriban yaşasalar da sonradan ailə münasibətləri tamamilə pozulmuş və hazırda azyaşlı uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. İddiaçı iddia tələbində xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 onun yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh X1, X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 705 manat alimentin, himayəsində olan xəstə uşaqları X2 və X3 müalicə və müayinəsi üçün hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində əlavə xərclərin, xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanması üçün hər ay ona 200 manat maddi cəhətdən yardım verilməsi, ümumilikdə 1305 (bir min üç yüz beş) manat məbləğində alimentin, mediasiya xərcinin əvəzi 45 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 55 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı hər uşağa görə 100 manat olmaqla ümumilikdə 300 manat müəyyən edilmiş, bundan başqa xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə iki uşaq üçün 100 manat əlavə xərc müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı isə bundan narazı qalaraq apelyasiya şikayəti vermiş, iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Kollegiya həmçinin qeyd edir ki, uşaqların ananın yanında qalması işin mübahisəsiz halını təşkil edir. Mübahisənin əsas predmetini iddiaçıya təyin edilmiş aliment məbləğinin miqdarı təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyinin təmin edilməsi üçün kifayət hesab edilmir. Çünki alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməlidir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməməklə uşaqların mənafeyini nəzərə almamışdır. Düzdür aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideyinin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Həmçinin, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində uşaqların mənafeyinə uyğun olmadığından dəyişdirilərək, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 mütəmadi müalicəyə ehtiyacı olmasının işdə olan tibbi sənədlərlə təsdiq olunduğu, eyni zamanda cavabdehin maddi vəziyyətini nəzərə alıb, iddia tələbinin cavabdehin əlavə xərclərə cəlb olunması hissəsində qismən təmin edilməsini, yəni xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 müalicəsi üçün tələb olunan məbləğin 400 manat deyil, məhz hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla ümumilikdə iki uşaq üçün 100 manat müəyyən edilməsi barədə mövqeyi ilə razılaşraq hesab edir ki, uşaqların müəlicəsi ilə bağlı iddiaçının tələb etdiyi məbləğ həddindən artıq çox olmaqla hazırkı vəziyyətdə təyin edilmiş aliment miqdarı ilə də uzlaşmır. Ona görə də kollegiya hesab edir ki, hər uşağa görə 50 manat olmaqla, ümumilikdə 100 manat məbləğində təyin edilmiş əlavə xərclərin məbləği cavabdehin də maddi vəziyyətinə uyğundur. Lakin təyin edilmiş bu məbləğ gələcəkdə uşaqların müalicəsi ilə bağlı yaranacaq yeni xərclərlə bağlı iddiaçının həmin xərclərin cavabdehdən tələb etməsi hüququnu da məhdudlaşdırmır. Kollegiya izah edir ki, gələcəkdə uşaqların müalicəsi ilə bağlı yeni xərclər yaranarsa iddiaçı məhkəmə qaydasında həmin xərcləri cavabdehdən tələb edə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 5000 manatdan yuxarı olsa da, cavabdeh tərəfindən 150x12=1800 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Ona görə də qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-617/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində uşaqların mənafeyinə uyğun olmadığından dəyişdirilərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar