Məhkəmə qərarları › İş №2(106)-1255/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1255/2023

26.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1255/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(018)21/2023 saylı qərardadından cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin sədri X2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı «əmək haqqı, istifadə edilməmiş məzuniyyət və son haqq-hesabın ödənilməsi» tələbi barədə iddiası qismən təmin edilmişdir. İş üzrə cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Astara Rayon Məhkəməsinin 2(018)21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qətnaməsindən cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)684/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə, Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 2(018)21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Astara Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qətnaməsindən cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin sədri X2 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 şikayət vermişdir. Astara Rayon Məhkəməsinin 2(018)21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin sədri X1 Astara Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(018)-21/2023 saylı qərardadından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsi, 7 gün müddətində işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, iş üçün əhəmiyyəti olan halların sübüt edilməməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirilməmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması yaxud iddia tələbinə hüquqi əsas kimi hansı maddi hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs qəbul olunmuş qətnamənin həm maddi, həmdə prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməməsini, gəlinən nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. Həmçinin apellyasiya şikayəti iş üzrə tərəf Astara rayon Ərçivan Bələdiyyəsinin adından verilməli, apellyasiya şikayətinə Bələdiyyənin rekvizitləri əlavə olunmalı olduğu halda, Bələdiyyənin sədri X2 apellyasiya şikayətini öz adından vermiş, apellyasiya şikayətinə öz məlumatlarını əlavə etmişdir. Bu isə onu göstərir ki, cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi üçün əsaslar mövcud olmamışdır. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Apellyasiya şikayətindən müəyyən olunur ki, apellyasiya şikayətini verən şəxs apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş şikayət 2 saylı Əlavədə müəyyən olunmuş lazımı məzmunda tərtib edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edərkən apellyasiya instansiya məhkəməsinin göstərişlərini yerinə yetirmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)684/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadından görünür ki, apellyasiya şikayəti geri qaytarılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin göstərişləri birinci instansiya məhkəməsi üçün məcburidir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiya məhkəməsi qərardad qəbul edərkən, həmin qərardaddan şikayət verilməsi hüququnu cavabdehə təmin etmişdir. Lakin cavabdeh qanunvericiliyin ona verdiyi imkanlardan istifadə etməyərək, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı kassasiya qaydasında mübahisələndirməmişdir. Bu isə ona dəlalət edir ki, cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış lakin sonradan yuxarı instansiya məhkəməsinin göstərişlərini yerinə yetirən birinci instansiya məhkəməsinin qərardadından şikayət verərək mülki iş üzrə əsassız məhkəmə çəkişməsinə yol vermişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. Bundan sonra cavabdehin bu hüququndan düzgün istifadə edə bilməsi üçün o, apellyasiya şikayətinin MPM-in tələblərinə uyğun tərtib edərək və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməlidir. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edə bilər. Bundan sonra apellyasiya şikayəti üzrə digər prosessual hərəkətlər yerinə yetirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarını və cavabdehin şikayətinin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Astara Rayon Məhkəməsinin 2(018)-21/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası 361-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin forma və məzmunu ilə bağlı göstərilən tələblərə riayət etmədiyi, həmçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ləğv edilməsini və ərizənun rədd edilməsini xahiş etsə də, şikayətinin konkret əsaslarını, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları apellyasiya şikayətində göstərməməsi eləcə də, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını konkret olaraq göstərmədiyi üçün apellyasiya şikayətinin geri qaytarılması barədə qəbul edilmiş qərardadı prosessual normalar baxımından düzgün tətbiq və təfsir edildiyindən, həmçinin apellyasiya instansiya məhkəməsinin göstərişlərini yerinə yetirdiyindən şikayət təmin edilməməli gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Astara Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(018)21/2023 saylı qərardadı faktlar nöqteyi nəzərdən qanuni və əsaslı olduğundan və şikayət formal mülahizələrdən ibarət olduğundan təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(018)21/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar