Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-127/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Lənkəran Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(049)-2908/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 fevral 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 1569 (bir min beş yüz altmış doqquz) manat pul vəsaitinin və 35,69 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 12 avqust 2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh göndərilməsinə və sonuncu tərəfindən 16 avqust 2022-ci il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(049)-2908/2022 saylı qətnaməsi ilə (Hakim R.Məmmədov) iddianın təmin edilməsi, 1569 manat borc və 35.69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 936.1, 936.2, 1097 və 1108-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(049)-2908/2022 saylı qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayəti üzrə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətlərinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(049)- 2908/2022 saylı qətnaməsininin qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbini təmin edərkən cavabdehin təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərarın olması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, xx.xx.2016-cı il tarixli AE809918 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Hyundai minik markalı ** MC ***dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində ** DX *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsinə ilə xx.xx.2017-ci il tarixli protokol yazılmışdır. Mercedes Benz markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 1569 (bir min beş yüz altmış doqquz) manat ödənişi verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ASC-nin iddiası qeyd olunan maddi hüquq normaları baxımından baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişi edildiyindən həmin tələb hüququ subroqasiya qaydasında tələb etmək hüququna malik olmuş və bu baxımından tələb hüququ yaranmışdır. Lakin həmin hüququn əsasında cavabdehə qarşı yönəldilmiş iddia tələbinin yol verilən olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə icraatı zamanı iddiaçı təşkilat İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi yeganə sübut Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın olmasıdır. Həmin qərar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və inzibati xəta üzrə icraata xitam verilmişdir. Halbuki təqsirlilik yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir ki, bunun üçün isə iddiaçı təşkilat ilk öncə cavabdeh üçün mülki hüquq məsuliyyətinin yaranması yəni əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması zəruriliyini sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir.Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən edilir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Lakin Cavabdeh xx.xx.2016-cı il tarixli AE809918 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Hyundai minik markalı ** MC ***dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində ** DX *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobili ilə toqquşması nəticəsində təqsiri müəyyən edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(049)-2908/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 1569 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(049)-2908/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı 1569 (min beş yüz altımış doqquz) manat pul vəsaitinin və 35,69 manat dövlət rusumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-127/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-127/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver